525.Az

“Deyirlər ki, toy olacaq...”


 

“Deyirlər ki, toy olacaq...”<b style="color:red"></b>

Deyirlər ki, həyatda bir tez evlənən, bir də vaxtında boşanan qazanar. Əli qazanmamışdı. Çünki tez evlənməmişdi. Səbəbi də o idi ki, gözləyirdi evi olsun, elmi dərəcə alsın, imkanları artsın. Lakin yaxınları bu işdən çox narazı idilər, evlənməsi üçün onu hər tərəfdən sıxışdırırdılar. Xüsusilə Əlinin bacısı, dayısı, anası çox canfəşanlıq göstərirdilər, tanınmış ailələrin qızlarından söz açırdılar, Əliyə göstərirdilər. Amma Əli yaxınlarının xətrinə dəymək istəmir, həmin ailələrlə üzdən tanış olur, qızlara aralıdan tamaşa etməyə razılıq verir, heç bir qərara gəlmirdi. Bəzi hallarda vəziyyət çox ciddiləşirdi. Əlinin dayısı onu bir dəfə evə çağırdı: – Əli, bilirsən ki, mən səni bacıoğlanlarımın içində həmişə fərqləndirmişəm, səni hamıdan çox istəyirəm. İstəyirəm ki, sən xoşbəxt olasan, firavan yaşayasan. Sənə yaraşan bir qız tapmışam, dərs dediyim universiteti bu il bitirir. Ərə getmək vaxtıdır.

Sənin də evlənməyinin vaxtı lap çoxdan çatıb. Tanıdığım ailədəndir. Qızın atası, qardaşları yüksək vəzifəli, imkanlı adamlardır. Bunlardan yaxşısını haradan tapacağıq. Nə vaxt istəyirsən, sənin üçün şərait yaradım, qızı gör.  Əli dayısının xətrinə dəyməmək üçün qıza baxmağa razılıq verdi (amma qızın kimliyindən asılı olmayaraq evlənmək fikri yox idi). Qızı həm dərsdə, həm də dərsdən sonra rəfiqələrinin əhatəsində görmüşdü. Doğrusu, qız çox yaraşıqlı idi. Amma özünü çox sərbəst aparırdı, tələbə oğlan yoldaşlarına söz atırdı, qəhqəhəsi auditoriyanı başına götürürdü. Əli belə qızları xoşlamırdı. Əgər fikri olsaydı da, bu qızı bəyənməzdi. Dayısı Əlinin fikrini öyrənmək üçün onunla görüşdü. Əli: – Dayı, qız çox yaraşıqlıdır, amma mənə uyğun deyil, bilirsən, belə qızlara “boyevaya devuşka” deyirlər. Mən belə qızları xoşlamıram. Mən abırlı, həyalı, ciddi qızlara üstünlük verirəm. Odur ki, bağışla, mən bu işə razılıq verə bilmərəm. Qəribə də olsa, Əlinin dayısı etiraz etmədi: – Nə deyirəm, məsləhət sənindir. İndi başqa qız axtararıq. Etiraf elə ki, artıq evlənmək vaxtın çoxdan çatıb. Niyə gizlədim, aylarla başqa millətlərin arasında olursan, səyahət edirsən, qorxuram ki, səni “ilişdirələr”. – Ay dayı, mənim ağlım başımdadır, heç kim məni “ilişdirə” bilməz. Buna əmin ola bilərsən. Söhbət bununla da bitmişdi. Aradan heç bir ay keçməmişdi ki, Əlinin rayonda yaşayan bacısı zəng etdi: – Ay Əli, niyə görünmürsən, sənin üçün yaman darıxmışıq. Həm də rayonun çox gözəl vaxtıdır, uzatma, tez gəl. Əli bacısının sözündən heç vaxt çıxmazdı. Odur ki, zəngdən bir neçə gün sonra rayona yola düşdü. Əlbəttə, Əlinin bacısı onun üçün çox darıxmışdı. Amma Əlini çağırmaqda əsas məqsədi onun üçün tapdığı qızı ona göstərmək idi. Bu barədə söhbəti bacısı Əli rayona gələn günün ertəsi açmışdı. Əlini bu söhbətə hazırlamaq lazım idi. – Ay qardaş, vallah, camaata cavab verə bilmirik, hey soruşurlar ki, bu Əlini niyə evləndirmirsiniz? Qardaş, sənin üçün bir qız tapmışam, tayı-bərabəri yoxdur. Qızın anası ilə bir məktəbdə işləyirəm. Atası da rayonda ikinci katibdir. Çox imkanlı ailədir. Qız da savadlı, ağıllı, kamallı, yaraşıqlı bir qızdır. Daha nə istəyirsən. Qızın anası ilə də razılaşmışıq. Atasına da söz çatıb. – Ay bacı, bəs məndən xəbərsiz niyə belə iş görürsən? – Ə, nəyi soruşum, hərəyə bir quş qoyursan. Fikirləşdim ki, bundan artıq qızı haradan tapacağıq. Odur ki, qıza baxmaq istəyirsənsə, anasına deyərəm təşkil eləyər. İşin belə ciddiləşməsi Əlini çox narahat etmişdi. Rayon yerində adlı-sanlı bir ailənin qızının adının çəkilməsi, sonradan isə fikrin dəyişməsi yaxşı iş deyildi. Əlinin bacısı qardaşı ilə məsləhətləşməmiş, ailənin adı-sanını, qızın yaraşığını, qabiliyyətini üstün tutaraq onun razılaşacağına əmin imiş. Qardaşının etirazı isə bütün planları alt-üst edirdi. Ailələr arasına nifaq düşə bilərdi. İndi Əlinin bacısı qızın anasına nə deyəcəyini bilmirdi. Əli bacısının yersiz hərəkətindən inciyib Bakıya qayıtmışdı. Bu hadisədən heç bir ay keçməmiş yeni namizədlər, yeni təkliflər ortaya çıxdı. Raykoopittifaqın sədrinin qızı, maarif müdirinin qızı, xalq nəzarəti idarəsi sədrinin qızı və başqa namizədlər. Maraqlı burası idi ki, hamı elə bilirdi ki, Əli kimin qızını istəsə, ona etiraz eləyən olmaz. Odur ki, hamı qarşı tərəfin razılaşacağına əmin olduğu üçün yalnız Əlinin razılığını almağa çalışırdı. Əli isə bu cür şöhrətli, imkanlı, sanballı ailələrdən olan gözəl-göyçək, ağıllı, ismətli qızlara reaksiya vermirdi. Bilmək olmurdu ki, Əli nə istəyir, kimin qızını seçəcək. Qohum-əqrəba həyəcan içində Əlinin seçimini gözləyirdi. Çünki Əli ultimatum vermişdi ki, heç kəs onun üçün qız axtarmasın. Qızı özü seçəcək.  Nəhayət, günlərin bir günü Əli zəngsiz-zadsız rayona gəldi.

Bacısı daha evlənməkdən danışmırdı. Əlinin rayona gəlməkdə məqsədi vardı. O, evlənməyə qərar vermişdi. Çünki gözləmək üçün bəhanə qalmamışdı: ev şəraiti yaxşılaşmış, elmlər namizədi elmi dərəcəsini almış (o, elmlər doktoru olmağı şərt kimi qoymamışdı), məvacibi, vəzifəsi yüksəlmişdi. Əli heç kimdə şübhə yaratmamaq üçün bütün qohum-əqrəbanın görüşünə gedirdi. Ancaq əsas məqsədi bir neçə il öncə gördüyü, Bakıda təhsil alan qohumlardan birinin qızını görmək idi. O zaman qız hər cəhətdən onun xoşuna gəlmişdi, ancaq hələlik evlənmək fikri olmadığından qıza bir söz deməmişdi. İndi qızı görüb ürəyini açmaq idi məqsədi. Əlinin dayısı qızları da potensial rəqiblərdən idi. Lakin Əli artıq seçimini etmişdi. Odur ki, vaxt itirmədən, hamıdan xəbərsiz həmin qızgilə getdi. Qohumları onu çox mehriban qarşıladılar. Yemək-içmək tədarükünə başladılar. Onların yaxşı bağları vardı. Bağa baxmaq istədiyini bildirdi Əli, qızdan onu müşayiət etməyi xahiş etdi. Qız həvəslə razılaşdı və özünün becərdiyi əkin yerinə də baxmağı məsləhət bildi. Bağ-bostanla tanışlıqdan sonra onlar bağdakı skamyada oturdular. İlk olaraq qız Əlini sorğu-suala tutdu: – Ay Əli, indi nəyi gözləyirsən, eşitmişəm ki, müdafiə eləmisən, elmi dərəcə almısan, vəzifən böyüyüb, xeyrin görəsən, at də bu subaylığın daşını. Allaha şükür qızlar əsir olub sənin əlindən, kimə bir işarə eləsən düşər ayağına. – Sən də ağ eləmə, məni çox da tərifləmə. Amma desəm ki, seçimimi artıq etmişəm, qızın xəbəri yoxdur, inanarsan? – Sən Allah, düz deyirsən? – Vallah, düz deyirəm. – Əli, dillən görüm, kimdir o bəxtəvər, rayondandır? – Rayondandır. Özü də evləri lap yaxınlıqdadır, sən onu çox yaxşı tanıyırsan. Qız sanballı, vəzifəli adamların qızlarının adlarını sadaladıqca Əli “yox” deyirdi. – Sən Allah, heç olmasa, qızın adının baş hərfini de. – Baş hərfi “Ş”-dır. – Şərqiyə, Şölə – imkanlı adamların qızlarının adlarını sadalandı və “yox” cavabı alındı. – Bir az aşağı en, bilirsən ki, vəzifə, var-dövlət məni maraqlandırmır. Mənim seçdiyim qız sadə ailədəndir. – Boy-buxunu, xarici görünüşü necədir qızın? – Elə boy-buxunu da, xarici görünüşü də sənə oxşayır. Qız bu sözlərdən diksindi, amma üstünü vurmadı, yenə sorğu-suala keçmək istədi. – Yaxşı, qızın adını tam desəm, tanıyarsan?  – Əlbəttə, mən rayondakı təhsilli qızların hamısını tanıyıram.  – Mən seçdiyim qızın adı... Şəfəqdir, tanıyırsan? Əli cavab gözləməmiş qızın əllərindən tutdu: – Mən səni seçmişəm. Qız haldan-hala düşdü, nə deyəcəyini bilmədi, çünki bu, inanılmaz bir xəbər idi, rayonda heç kim bu xəbərə inanmazdı. Onların gözləmələri başqa yerdən idi. Onlar üçün bu xəbər ağlasığmaz bir iş idi, Əli üçünsə yeganə seçim. Əli qızla razılaşdı ki, bu xəbər hələlik öz aralarında qalsın. Öncə Əli bacısını xəbərdar etməli, sonra qızın ailəsinə və Bakıdakılara xəbər verməyi qərara almışdı. Qohumları Əliyə yaxşı süfrə açmışdılar. Yeməkdən sonra Əli bacısıgilə qayıtdı. Bacısı Əli Bakıdan gələndən evlənmək haqqında söz açmamışdı. – Bacı, xeyir ola, heç evlənmək barədə danışmırsan – Əli sükutu pozdu. – Ağzımın üstündən elə vurmamısan ki, bir də bu haqda danışa bilək. Əli bacısının boynunu qucaqlayıb: – Deyirlər ki, toy olacaq, Əli müəllim qız alacaq – lap Məşədi İbad operettasındakı kimi oxumağa başladı. – Harda idi Əli müəllimdə o kəramət – bacı istehza ilə güldü. – Bacı, məndə kəramət var, artıq evlənməyə qərar vermişəm, qızı da seçmişəm. – Son aylara qədər katibin ailəsi səndən xəbər gözləyirdi, indi xəbərim yoxdur, gərək qızın anasından soruşum qızı başqa istəyən ortaya çıxmayıb ki? – Bacı, mən başqa qızı seçmişəm. – O qız yəni, katibin qızından artıqdır? – Mənim üçün, hə. – Kimdir sənin ağlını başından alan bu gözəlçə – bacı istehzasını gizlətmədi. – Bacı, otur kresloya, qızın adını deyəndə yıxıla bilərsən. – Yəni, bir belə qorxulu adamdır? – Qorxulu deyil, sadəcə sənin üçün tamamilə gözlənilməz bir xəbərdir. Əlinin bacısı qeyri-ixtiyari kresloya oturdu. – Bacı, seçdiyim qız Şəfəqdir. Bacı bir neçə dəqiqə danışa bilmədi, sonra ayağa qalxıb qardaşının boynunu qucaqladı: – Gözün aydın, mübarək olsun, ay qardaş, nə yaxşı iş tutmusan, lap ürəyimcə oldu. – Çox sağ ol, ay bacı, sənin xeyir-duan mənim üçün ata-anamın xeyir-duası qədər qiymətlidir. – Ay qardaş, bəs sən həmişə qohumların evlənməsinin əleyhinə olmusan, bəs necə oldu ki, belə bir seçim etdin? – Düz deyirsən, bacı, əslində, mən indi də bu fikirdəyəm, amma qəribədir ki, Şəfəqə qohum gözü ilə baxmıram, elə bil yad bir ailənin qızıdır. Yəqin bu ondan irəli gəlir ki, biz az görüşmüşük, hətta, Bakıda təhsil alanda da cəmi iki-üç dəfə görüşmüşdük. – Ay qardaş, qızın bu işdən xəbəri var? – Bəli, yalnız qız bu işdən xəbərdardır. – Ondan gedim qızın anasına xəbər verim, gözləməyin nə mənası var. Əli Bakıya qayıtdı. Təzə xəbəri ata-anasına çatdırdı, onların xeyir-duasını aldı. Əli üçün qəribə burası idi ki, bütün ailə üzvləri, yaxın qohum-əqrəba bu seçimi ürəkdən bəyənirdilər. Əlbəttə, potensial namizədlərdən bu izdivaca lağ eləyənlər də vardı. “Gözünü elə bil Allah bağladı, gör kimi seçdi” – deyənlər də tapıldı. Ancaq Əli üçün öz fikri, ailə üzvlərinin fikri daha vacib idi. El qaydası ilə elçi gedildi. Ancaq Əlinin bir xahişi vardı: nə qədər mümkünsə tez nişan qoyulsun. Çünki Əlinin fikri nişanlısını özü ilə səyahətə, sonra da istirahətə aparmaq idi. Yay tətillərində Əli Bakıda qalmırdı. Bu dəfə isə tək getmək istəmirdi. Odur ki, tezliklə nişan da qoyuldu. Səyahətin vaxtı yaxınlaşırdı. Ona görə də nişanlısını özü ilə aparmaq qərarını qızın ailəsinə çatdırmalı idi. Qızın ailəsi etiraz etmədi, lakin şərt qoydu ki, mütləq kəbin kəsilməlidir. Toyu da istirahətdən sonraya saxladılar. Əli həmişə əvvəlcə Moskvaya gedir, bir müddət orada qalandan sonra istirahət üçün Yaltanı, Pribaltika respublikalarını, Şimali Qafqaz kurortlarını seçərdi. Odur ki, nişanlısı ilə əvvəlcə Moskvaya, orda da Yaltaya getməyə qərar verdi. Əli Moskvadakı tanışlarına xəbər verdi ki, bu il tək getməyəcək, həyat yoldaşını da gətirəcək. Moskvada Əligili səmimi qarşıladılar. Əlinin tanışları akademik Korolyovun konstruktor bürosunda işləyirdilər, yüksək məvacib alırdılar. Təminatla bağlı xüsusi güzəştləri vardı. Odur ki, evlərində nə desən tapılardı. Süfrədə xüsusi sifariş edilmiş yeməklərlə yanaşı, cürbəcür kolbasalar, konservlər vardı. Şəfəq neçə illər Bakıda təhsil alsa da, kolbasalara, sosiskalara, konservlərə öyrəşə bilməmişdi, onları nəinki yeyir, heç iyini də götürə bilmirdi.

İndi də kolbasaların, konservlərin, silyodkaların iyi otağı başına bürümüşdü. Əli hiss edirdi ki, Şəfəqin nəinki yemək, heç süfrə arxasında oturmağa halı yoxdur. Axır ki: – Əli, mən burda otura bilmirəm, bir bəhanə fikirləş, mən keçim başqa otağa – dilləndi. – Heç olmasa, bir az qurdalan, pomidor, xiyar, pendir ye. Şəfəq bir az pendir-çörək yeyəndən sonra Əli: – Bağışlayın, həyat yoldaşım görünür çox yorulub, istirahət etmək istəyir. Mənə baxmayın, mən öyrəncəliyəm.  – Otağınızı göstərim, bəlkə duş qəbul etmək istəyirsiniz? – ailənin böyük qızı Larisa Şəfəqin əlindən tutub apardı. Əlinin tanışları haqqında məlumat vermək yerinə düşər. Ailənin başçısı istefaya çıxmış polkovnik, çox sakit, mehriban adam idi. Onun həyat yoldaşı ərindən tam fərqlənirdi. Ailədə lider o, idi. İş yerində ona “Korolyovun sağ əli” deyirdilər. Ailədə iki qız vardı, ikisi də ərə getmişdi. Qızlar da, kürəkənlər də məşhur “FİZTEX”i bitirmişdilər, kosmos sahəsində işləyirdilər. Bir sözlə, ailə üzvləri yüksək ixtisas, intellekt sahibləri idilər. Çox yüksək vəzifəli, tanınmış adamlar ailənin tez-tez qonağı olardılar. Onlar əsasən, “ley-pey” üçün gəlirdilər. Ailə üzvləri həmin yüksək rütbəli adamlarla şənbə, bazar günləri Moskva ətrafına yeyib-içməyə istirahətə gedərdilər. “RAF” maşınını spirtli, spirtsiz içkilərlə, hazır xörəklərlə, qəlyanaltılarla doldurardılar. Bir dəfə Əlini də dəvət etmişdilər, “RAF”da bir toyun arağı, konyakı, çaxırı, pivəsi vardı. Soruşanda ki, bir belə içkini iki gündə kim içəcək, gülüb dedilər ki, yəqin, yaxındakı kənd mağazasından bir yeşik əlavə araq almalı olacağıq. Doğrudan da elə oldu. Bu ziyalı ailənin ruslara xas olan bir eybi vardı – ailə üzvlərinin hamısı içki həvəskarı idi. Xüsusilə şənbə, bazar günləri yıxılana qədər içirdilər. Fikirləşmək olardı ki, belə insanlar Korolyov kimi ciddi, vahiməli bir rəhbərin yanında uzun illər necə işləyiblər. Deməli, onlar isə tam normal vəziyyətdə gəlirlərmiş. Bunu onlar necə bacarırdılar, bu da sirrdir, bu da rusa xas olan bir xüsusiyyətdir. Qayıdaq qonaqlığa. Əli hər dəfə Moskvaya tanışlarıgilə gələndə, onlar üçün 5-6 butılka tut, ya da zoğal arağı gətirərdi. Əli çantasını açanda, hamı yığışardı onun başına. Əlinin gəlişi toy-bayrama çevrilərdi. Çünki bilirdilər ki, Əli mütləq tut arağı gətirəcək.  Şəfəq duş qəbul edib, onlara ayrılmış otağa keçdi. Əli çantanı açmağa getdi. Həmişəki kimi, hamı onun başına yığışdı. Çantanı açanda məlum oldu ki, butılkalardan biri sınıb, çantanı isladıb. Ağır bir hadisə baş vermiş kimi, kürəkənlər heyfislənirdilər. Əli başa saldı ki, beş butılka salamatdır. O, butılkaları kürəkənlərə verdi, çantanı bağladı. Kürəkənlər butılkaların beşini də qaynanalarının qarşısına qoydular. Qaynana butılkalardan ikisini süfrəyə qoydu, üçünü qapalı bir yerə qoyub açarla bağladı – yəni, bunlardan gözünüzü çəkin. O, butılkalardan birini açıb əvvəlcə özünə stəkan (ailənin bir eybəcərliyi də bu idi, kiçik qədəhlər onları qane etmirdi, stəkanda içirdilər) dolana qədər, kürəkənlərə isə stəkanın yarısına qədər süzdü, öz ərinə, qızlara süzməyi məsləhət bilmədi. Onlar mağaza arağı içirdilər. Ailənin xanımı sağlıq deyib stəkanı başına çəkdi. Eyni qayda ilə kürəkənlər də stəkanları bir-birinə vurub içdilər. Kürəkənlərdən ən cavanı (deyilənə görə ən istedadlısı, Korolyovun “lyubimçiki”) stəkanı stolun üstünə qoyub: – Vot eto da! – deyib yerə sərələndi. Görünür o, bundan qabaq çox içibmiş. Odur ki, tünd tut arağına tab gətirməmişdi. Maraqlı burası idi ki, bir stəkanı birbaşa başına çəkən qaynananın heç halı da dəyişməmişdi. Böyük kürəkən kiçik kürəkəni nə qədər sillələdisə də, o, özünə gəlmədi. Axırda məcbur olub kürəkən və arvadı onu sürüyə-sürüyə yataq otağına apardılar. Bu səhnədən pərt olmuş kiçik qız: – Görürsən də Əli, mənim günümü, başqaları da mənə qibtə edir, deyirlər ki, ərin Korolyovun yanında işləyir. Daha bilmirlər ki, mən nələr çəkirəm. Əli, boşana da bilmirəm, boşanım, tək necə yaşayım. Heç olmasa evə məvacib gətirir, evdə kişi səsi gəlir. Dözməkdən başqa əlacım yoxdur. Kiçik kürəkənin yerə sərilməsi, sürüyə-sürüyə aparılması hamının kefinə təsir etsə də, atmosfer çox tez düzəldi. Yenə də yeyib-içmək davam etdirildi. Görünür, ailə belə səhnələrə alışmışdı. Beş-altı gün Moskvanı gəzib-dolanandan sonra Əligil istirahət etmək üçün Yaltaya yola düşdülər. Şəfəq Yaltadan dayısı qızlarına, qonşu qızlara, tələbə yoldaşlarına gördükləri, eşitdikləri, istirahətləri barədə tez-tez məktub yazırdı. Qızlardan cavablar gəlirdi. Bəziləri onun yaxşı gəzməsinə, istirahət etməsinə sevindiklərini bildirirdilər. Lakin ona qibtə edən, onun paxıllığını çəkənlər də vardı. Bu, bəzi məktublardan görünürdü. Dayısı qızlarından biri yazmışdı ki, “Ağcabədinin istisindən, ağcaqanadından bilmirik başımızı hara götürək qaçaq, biz burda qurbağaların qurultusuna qulaq asırıq, sən də, bəxtəvər başına, parklarda, meşələrdə bülbüllərin cəh-cəhinə qulaq asırsan”. Razılaşdırdıqları kimi, istirahətdən sonra toy oldu, Şəfəq Əlinin evinə gəlin köçdü. O vaxtdan uzun illər keçib. Bu illər ərzində Əli professor, elmlər doktoru olub, yüksək vəzifələr tutub. Həmişə gözlərini ondan çəkməyən qızların, qadınların əhatəsində olub. Amma öz seçdiyi həyat yoldaşına xəyanət etməyib, ona sədaqətli ər olub. Həyat yoldaşı ona eyni istəklə cavab verib, qayğısına qalıb, onun yaradıcılığı üçün hər cür şərait yaradıb, ona gözəl övladlar bəxş edib. Övladların atalarının analarını vaxtilə necə seçməsindən xəbərləri yoxdur. Dərc olunandan sonra bu hekayəni onlara göstərəcəyəm, qoy ata-anaları onların gözündə daha da ucalsın.  

 





19.10.2012    çap et  çap et