Bu günlərdə Azərbaycan Vətən müharibəsinin başlamasının birinci ildönümünü qeyd edir. Sentyabrın 27-də ölkəmizdə Anım Günü keçirildi. Azərbaycanın möhtəşəm zəfəri ilə bitən və Qarabağın işğalına son qoyan Vətən müharibəsi noyabrın 10-da başa çatdı. Həmin tarixə qədər isə ölkəmizdə müxtəlif tədbrlər davam edəcək. Bu bizim Anım, həm də qürur, şərəf günümüzdür. Azərbaycan nəhayət ki, 30 il işğalda qalan torpaqlarını düşmən tapdağından azad etdi. Hər zaman sülh, əməkdaşlıq, sabitlik tərəfdarı olan ölkəmiz bu gün də regional əlaqələrin qurulması, sülh sazişinin imzalanması üçün öz niyyətini ortaya qoyub, konkret təkliflərini irəli sürüb.
Prezident İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə verdiyi son müsahibədə həm müharibə, həm Qarabağdakı bərpa-quruculuq işləri, eyni zamanda regional əlaqələrin qurulması, qonşu dövlətlərlə münasibətlərlə bağlı ətraflı danışıb. Dövlət başçısı bundan əvvəl qeyd edilən məsələləri BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı, "Naüionalğnaə Oborona" jurnalına müsahibəsində də toxunub. Prezident bir daha Qarabağ münaqişəsinin keçmişdə qaldığını, Azərbaycanın regionda sülhün, sabitliyin, əməkdaşlığın inkişafında maraqlı olduğunu bəyan edib:
"Biz istəyirik ki, bütün bölgədə sülh olsun. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi 3+3 platforması hesab edirəm ki, bunun ən gözəl yolu ola bilər. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. İndi bu, Türkiyə Prezidenti tərəfindən səslənir, Ermənistana şans verilir. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır. Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Əgər normallaşdırmaq istəyirsənsə, sən, ilk növbədə, bu təklifə müsbət cavab ver. Əks təqdirdə, burada yenə təzad yaranır, yəni, anlaşılmazlıq yaranır".
Dövlət başçısı dəhlizlərin açılmasına da diqqət çəkib, xatırladıb ki, üçtərəfli bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır.
Bu arada Ermənistanda yenə də gərgin, acınacaqlı, ümidsiz vəziyyət hökm sürür. Müharibənin birinci ildönümü bu ölkədə məhz depressiya, çaşqınlıq şəraitində keçir. Azərbaycan xalqı, dövlət başçısı şəhidlərin ruhunu necə əziz tutduğu sentyabrın 27-də ölkədə keçirilən Anım tədbirlərində bir daha aydın göründü. Prezident və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə şəhidlərin portretləri ilə paytaxtda keçirilən yürüş-şəhidlərin ruhuna ehtiram, onların yerinin hər zaman başımızın üzərində olduğunu göstərdi. Erməni cəmiyyətində isə məyusluq davam edir, bu gündən sabaha ümid yoxdur, ölkədə etiraz aksiyaları keçirilir. Ölkədə ziyalılar, politoloqlar, media nümayəndələri Ermənistanın ağır məğlubiyyətində əsas günahkarın baş nazir Nikol Paşinyan olduğunu düşünürlər/ Məsələn, hüquq müdafiəçisi Ruben Melikyan 44 günlük müharibənin hələ də onların dövlətini çökdürməkdə davam etdiyini söyləyib: "Hamımız başa düşürük ki, "27 sentyabr" çöküşü davam edir... Ölkəmiz hələ də məhvə doğru gedir, çökməkdədir və biz bir komanda olaraq bu prosesi dayandıra bilən ideoloji, proqramlı və kadrlı "xətti" tapmırıq".
Tanınmış erməni blogger, hərbi məsələləri araşdıran Aram Gevorqyan məğlubiyyətlərini xalqın rüsvayçılığı kimi qiymətləndirib:
"Düz bir il əvvəl bu gün xaos başladı. Döyüş 44 gün davam etdi, amma biz hələ də müharibə vəziyyətindəyik. Vətəndaşsızlığa, əsgərlərin xatirəsini inkar edənlərə, qohumlarının qanını satanlara, qanı pul ilə yuyanlara qarşı mübarizə davam edir. Bu xaos deyil bəs nədir? Yaxşı ki, oğlanlarımız niyə öldüklərini anlamırlar. Düz bir il əvvəl erməni xalqının tarixində utancverici bir səhifə açıldı. Ermənistan tarixində ilk dəfə olaraq xalq döyüşlərdə öldürülən oğullarından imtina etdi. Tariximizdə ilk dəfə olaraq xalq Qarabağdan da imtina etdi... Düz bir il əvvəl, bu gün erməni xalqının rüsvayçılığı başladı".
Ermənistanın baş naziri vəzifəsinə namizəd olmuş Vazgen Manukyanın mətbuat katibi Ani Qasparyan da xalqın rəzil duruma düşməsindən gileylənib. O, müharibənin xalqa baha başa gəldiyini, hələ də dəhşət içində olduqlarını gizlətməyib: "Düz bir il əvvəl tariximizin ən faciəli və utancverici səhifələrindən biri olan Ermənistanın və erməni xalqının tənəzzülü başladı. Müharibənin başlanmasından bir il sonra bu faciə və rüsvayçılıqda günahkar bilinənlər nəinki cəzalandırılır, hətta onları seçkilərlə "təmizə" çıxarır, dövləti, xalqı məğlubiyyət dairəsində saxlamağa davam edirlər. Xalqımız bu biabırçılığı qəbul etməyəcək. Öz avtoritetinizi dövlətin və xalqın boynuna dolamayın. Və unutmayın ki, siz müvəqqəti olaraq dövlət sükanı arxasındasınız. Tarixə əbədi olaraq erməni xalqının milli ləyaqətini tapdalayan və Ermənistanı böyük tənəzzülə uğradan "zarafatcıl" biri kimi düşdünüz".
Ermənistanın bir çıxış yolu var - Azərbaycanla sülh sazişi imzalamaq, bölgə ölkələri ilə əməkdaşlıq, kommunikasiyaları açmaq. Prezident öz müsahibəsində bildirdi ki, biz strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşırıq: "Çünki mən istəyirəm ki, bir daha müharibə olmasın. Hər halda biz müharibə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa".
Azərbaycanın mövqeyi aydındır və hər kəsə məlumdur, Ermənistan üçün isə real addımlar atmağın vaxtı çatıb. Verilmiş şansdan necə istifadə edəcəyini isə zaman göstərəcək.
PƏRVANƏ
çap et