525.Az

Şuşa Aslanı - Kəmalə Xəlilqızı yazır


 

POLKOVNİK-LEYTENANT RƏŞAD ASLANOV: "ŞUŞADA BAYRAĞIMIZI UCALTMAQ ARZUMU ALİ BAŞ KOMANDANIN "DƏMİR YUMRUĞU" SAYƏSİNDƏ GERÇƏKLƏŞDİRDİM"

Şuşa Aslanı -<b style="color:red"> Kəmalə Xəlilqızı yazır</b>

Səmada saysız-hesabsız bürclər mövcuddur. Lakin onlardan ikisini, demək olar ki, hamı tanıyır - Böyük Ayı bürcü və Kiçik Ayı bürcü. Bu bürclərin hər birində 7 ulduz var. Böyük Ayı bürcünün bütün ulduzları təxminən eyni parlaqlığa malikdir. Mən nədənsə, ölkəmizdəki hərbçiləri Böyük Ayı bürcünün ulduzlarına bənzədirəm.

Kiçik Ayı bürcünün xüsusiyyətlərindən biri odur ki, onun bir ulduzu (Qütb ulduzu) parlaqlığı ilə başqalarından fərqlənir. Qütb ulduzu yol göstərəndir, istiqamətvericidir. Mən də bu ulduzların içindən Qütb ulduzunu seçmək fikrinə düşdüm. Mənim Qütb ulduzum polkovnik-leytenant Rəşad Aslanovdur. 

44 günlük Vətən müharibəsi Azərbaycanın yüzlərcə igid oğullarını dünyaya tanıtdırdı. Onların bəziləri şəhid oldu, bəziləri isə sağ qalaraq yaşayan qəhrəmanlarımıza çevrildi. Rəşad Aslanov da yaşayan qəhrəmanımızdır. Əmirbəy müəllim oğlunun adını qoyanda yəqin hiss edib ki, Rəşad adının mənası kimi ağıllı, dərrakəli, doğru yolda, haqq yolda gedən, soyadının mənası kimi isə aslan olub düşmənləri məhv edəcək.

Rəşad Əmirbəy oğlu Aslanov 1979-cu ilin may ayının 2-də Qusar şəhərində ziyalı ailəsində anadan olub. Təhsilini 8-ci sinfə kimi Qusar şəhərində 6 nömrəli tam orta məktəbdə aldıqdan sonra, Bakı Türk Liseyində davam etdirib. 1997-ci ildə 687 bal toplayaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Eyni zamanda, Türkiyənin YÖS imtahanlarına da qatılıb və Türkiyənin ən nüfuzlu ali məktəblərindən birinə - Orta Şərq Texniki Universitetinə qəbul olunub. Lakin igidimiz orada oxumaqdan imtina edərək, vətənində qalıb hərbi təhsil alıb.

R.Aslanov təhsil aldığı müddətdə yüksək göstəricilərə görə mükafat və medallara layiq görülüb, Prezident təqaüdü alıb.

2001-ci ildə Ali Hərbi Məktəbdə 600 müdavim arasında Rəşad Aslanov Qırmızı diploma layiq görülüb. Diplomu ona Ali Baş Komandan Heydər Əliyev təqdim edib. Ali Hərbi Məktəbi motoatıcı ixtisası üzrə bitirib.

2014-cü ildə Rəşad Aslanov Silahlı Qüvvələrin Hərbi Akademiyasında magistraturaya daxil olub. Xidməti müddətində həm ölkə daxili, həm də bəzi xarici ölkələrdə öz ixtisasına uyğun müxtəlif kurs və beynəlxalq təlimlərdə iştirak edib.

Orta və Ali Hərbi Məktəb illərində daima fəal idmanla məşğul olub. Cüdo üzrə respublika, keçmiş ittifaq və beynəlxalq miqyaslı yarışların qalibi olub, həmçinin, idman ustası dərəcəsini alıb.

Gənc yaşlarından həyatda özünün mövqeyi, sözü olub, haqqını tələb etməyi bacarıb. İntellekt səviyyəsi, düşünmə qabiliyyəti, fiziki hazırlığı, fərdi-psixoloji və digər keyfiyyətləri nəticəsində Rəşad Aslanov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kəşfiyyat ixtisası üzrə zabit ixtisas kursunu da müvəffəqiyyətlə başa vurub. 2002-ci ildə xidmətini davam etdirmək üçün təyinatla Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəyə göndərilən zabit bu günə kimi öz ixtisasına uyğun yüksələn karyera ilə müxtəlif vəzifələrdə xidmət edib və hazırda xidmətini Əlahiddə Ümumqoşun Ordusunda davam etdirir.

R.Aslanov hər zaman igidliyi, fədakarlığı, ünsiyyətcilliyi, mərhəməti ilə əsgər və zabitlərin rəğbətini qazanıb.

Xidmət etdiyi müddətdə Rəşad Aslanov 1, 2 və 3-cü dərəcəli "Qüsursuz xidmətlərinə görə", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqləndiyinə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və 100 illik "Yubiley" medalları və "Qarabağ" ordeni ilə təltif olunub. Xidməti müddətində R.Aslanov bir neçə fəxri fərman alıb, sertifikat, qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıb.

İkinci Qarabağ müharibəsi başlayanda igidimiz Naxçıvanda idi. Oktyabr ayının 11-də Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Naxçıvan Xüsusi Təyinatlıları Vətən müharibəsinə cəlb edildi. Yola düşməzdən əvvəl Naxçıvanda döyüş qərargahı yaradıldı və polkovnik Tehran Mənsimov rəhbər təyin olundu. R.Aslanov Naxçıvandan yola düşən bir hərbi hissənin komandiri idi.

İki həftə idi ki, səbirsizliklə döyüş meydanına atılmağı gözləyən igidlər üçün müharibəyə getmək toy-bayrama çevrilmişdi. R.Aslanovun rəhbərlik etdiyi xüsusi təyinatlı bölmə düşmənə böyük itkilər verərək, bir çox əraziləri işğaldan azad edir. Şuşa uğrunda döyüşlərdə böyük şücaətlər göstərir. 
İgidlik, mərdlik, cəsurluq nümayiş etdirən R.Aslanov Azərbaycan əsgər və zabitinin qəhrəmanlıq nümunəsidir. Döyüşdə ağır yaralansa da, verilən tapşırığı layiqincə yerinə yetirib. 

Vətən müharibəsində qələbə Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, Vətən sevgisi hesabına əldə edilib. İllərdir həsrətində olduğumuz torpaqlara bayrağımızı sancmaq hər kəsin arzusu olub. Qarabağın döyünən ürəyi olan Şuşaya ilk daxil olanlardan biri də polkovnik-leytenant Rəşad Aslanovdur. Şuşa qalasının giriş qapısına Azərbaycan bayrağını sancmış R.Aslanovun şəkil və video görüntüləri internet şəbəkələrində geniş yayılıb. 

Naxçıvandan müharibəyə gələndə özü ilə bayrağımızı götürüb və bütün dost-tanışına, ailəsinə söz verib ki, "bu bayrağı Şuşada dalğalandıracağam". İgidimiz arzusuna çatıb. Şuşa qalasının giriş qapısına ermənicə yazılan "Şuşa" sözünün üstündən üçrəngli bayrağı asıb.
İgidimiz liseydə təhsil aldığı dövrdə tədbir keçirilir və orada "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirilir. Mahnıda olan "Qafqazlardan aşacağıq, Türklüyə şan qatacağıq, Azərbaycan bayrağını Qarabağdan asacağıq..." misraları yeniyetmənin ürəyinə, beyninə, dilinə həkk olunur. İllər sonra Şuşa qalasının üzərində yenicə asdığı bayrağa baxaraq "Azərbaycan bayrağını Qarabağda, Şuşada asdıq..." səsi, avazı gəldikcə qürurla hayqırırdı.

Polkovnik-leytenant Rəşad Aslanovun qəhrəmanlığından, şücaətindən yazmaqla bitməz. Sadəcə buna sevinirəm ki, Qütb ulduzum illərdir həsrətini çəkdiyi arzusuna qovuşub: "Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəhbər bacarığı Vətən müharibəsini qələbə ilə sonlandırdı və məni də həyatdakı ən böyük arzuma çatdırdı. Döyüşlər boyu hər zaman ürəyimin üstündə gəzdirdiyim müqəddəs üçrəngli bayrağımızı Şuşa qalasında dalğalandırmaq nəsibim oldu. Mən bundan böyük xoşbəxtlik təsəvvür edə bilmirəm... 

Azərbaycan Ordusu Ali Baş Komandanın əmr etdiyi istənilən yerdə Azərbaycan bayrağını sancmağa hazırdır".

İgidimiz ailəlidir, iki gül balası var. İnşallah, bu gül balalar bir gün mütləq atalarının düşməndən təmizlədiyi torpaqlara gəzməyə gedəcəklər.
 

 





29.09.2021    çap et  çap et