525.Az

İkinci soyuq müharibə - Xaqani Cəfərlinin siyasi şərhi


 

İkinci soyuq müharibə -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Çinin Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri, eləcə də BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini olmuş Şa Tszukan rəsmi Pekini nüvə silahından birinci istifadə etməyə hazır olmağa çağırması gündəmə bomba kimi düşdü. Çünki Şa Tszukan sıradan bir diplomat olmadığı kimi, emosional gənc siyasətçi də deyil. Peşəkar diplomat və 74 yaşlı Şa Tszukanın ABŞ-ın formalaşdırdığı ittifaqları, o cümlədən, AUKUS-u dayandırmaq üçün nüvə silahından istifadə etməyə hazır olmağa çağırması əslində, Pekinə yönəlmiş xəbərdarlıq deyil. Məlum olduğu kimi, Çində totalitar siyasi sistem mövcuddur və Pekinin siyasətinin əsasları açıq bəyanatlar əsasında formalaşmır. Bütün bu amillər Şa Tszukanın açıqlamasının əsasən Vaşinqtona, qismən də Londona ünvanlandığını göstərir. Təcrübəli diplomatın açıqlaması münasibətlərin son həddə qədər gərilməsi ilə bağlı xəbərdarlıqdır.

Şa Tszukanın bu xəbərdarlığından əvvəl də Vaşinqtonla Pekin arasında münasibətlərin son həddə qədər gərginləşdiyini göstərən məlumatlar vardı. Nüfuzlu "Vaşinqton post" qəzetinin məlumatına görə, ABŞ-ın Birləşmiş Qərargah Rəislərinin sədri, general Mark Alexander Milli iki dəfə gizli şəkildə Çin Mərkəzi Hərbi Şurasının üzvü, general Li Tszoçenə zəng edib. Bu telefon danışıqları zamanı amerikalı general çinli həmkarını ölkəsinin Çinə hücum etməyəcəyinə inandırıb.

General Millini bu addıma vadar edən kəşfiyyat məlumatları olub. Hərbi kəşfiyyatın məlumatına görə, Çin rəhbərliyində belə qənaət yaranıbmış ki, prezident Donald Tramp seçki ərəfəsində müharibəyə başlayacaq. General Milli isə Pekinin bu məlumatlar əsasında qabaqlayıcı zərbə endirmək niyyətinə düşəcəyindən ehtiyat etdiyi üçün çinli həmkarı ilə gizli danışıqlar aparmağa üstünlük verib.

Qeyd edək ki, ötən il ABŞ-da keçirilən seçkilər ərəfəsində prezident Donald Trampın seçkini təxirə salmaq üçün müharibəyə başlaya biləcəyi ilə bağlı qorxunc fikirlər yayılırdı. İddia olunurdu ki, seçkilərdə məğlub olacağını bilən Donald Tramp böyük dövlətlərdən birinə qarşı müharibəyə başlayacaq. Trampın hədəfləri arasında isə İran və Çinin adları çəkilirdi. İranın qabaqlayıcı zərbə endirmək imkanlarının, xüsusilə də nüvə silahının olmaması ABŞ hərbçilərini narahat etməyib. Ancaq Çinin nüvə dövləti və ABŞ-a zərbə endirmək imkanlarına malik olması general Millini narahat etdiyi üçün Tramp administarsiyasından gizli çinli həmkarı ilə danışıqlar aparmasına səbəb olub. 

Bütün bu olaylar dünyanın iki ən böyük dövləti arasında münasibətlərin nə qədər gərgin olduğunu göstərir. Politoqlar bu vəziyyəti ikinci soyuq müharibə kimi dəyərləndirirlər. Əgər birinci soyuq müharibə ABŞ-la Sovet İttifaqı arasında yaşanmışdısa, ikinci soyuq müharibə ABŞ-la Çin arasında yaşanır. Ekspertlərə görə, bu vəziyyət iqtisadi gücə çevrilən Çinin geosiyasi ambisiyalarının yaranması ilə bağlıdır. Çinin Sakit okean hövzəsində əsas söz sahibinə çevrilmək siyasəti, əsl adı Çin Respublikası olan Tayvanı nəzarət altına almaq planları Vaşinqtonu narahat edir. ABŞ və Böyük Britaniyanın Avstraliya ilə birlikdə AUKUS adlı yeni hərbi ittifaq yaratması da Çinin Sakit okeanda əsas söz sahibinə çevrilmək niyyətinin qarşısını almağa yönəlib. Bu isə Pekini ciddi narahat edir.

ABŞ prezidenti Co Baydenin 9-10 dekabr tarixində Vaşinqtonda Demokratiya Sammiti keçirmək niyyəti də Çini narahat edir. Qeyd edək ki, Demokratiya Sammiti keçirmək Co Baydenin seçki vədlərindən biri idi. İndi isə ABŞ prezidenti bu sammiti keçirməyə hazırlaşır. Vaşinqtondan yayılan məlumatlara görə, prezident Co Bayden bu sammiti keçirməklə demokratik dəyərləri bölüşən ölkələrin birlik platformasını yaratmaq niyyətindədir. Bu platformanın da ilk növbədə Çinə qarşı yönələcəyi gözlənilir. Qeyd edək ki, prezident Co Bayden ardıcıl olaraq dünyanı iki yerə - demokratik və qeyri-demokratik ölkələrə bölür. Ən son olaraq prezident Co Bayden bununla bağlı fikirlərini BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı səsləndirmişdi. Çin və Rusiyanın hakim dairələri Demokratiya Sammitinin məhz onlara qarşı yönələcəyi düşünürlər.
Çini narahat edən başqa bir məsələ ABŞ-ın Yaponiya, Hindistan və Avstraliya ilə birlikdə təsis etdiyi Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) yeni hərbi ittifaqa çevrilmək ehtimalıdır. Belə fikirlər mövcuddur ki, Yaponiya, Hindistan və Avstraliya liderləri ABŞ-a dəvət olunublar. İstisna deyil ki, bu ölkələrin liderlərinin Vaşinqtona səfəri zamanı yeni hərbi ittifaqın yaradılması ilə bağlı müqavilə imzalanacaq.

Göründüyü kimi, Vaşinqtonun son təşəbbüslərinin hamısı Çinə qarşı yönəlib. Bu da politoloqlara ABŞ-la Çin arasında münasibətləri ikinci soyuq müharibə kimi dəyərləndirməyə imkan verir. Narahatlıq doğuran əsas məqamlardan biri də ikinci soyuq müharibənin nüvə silahının yayılmasına səbəb olacağıdır. Bu narahatlıq isə əbəs deyil. ABŞ Böyük Britaniya ilə birlikdə hərbi ittifaq yaratdığı Avstraliyanı atom sualtı qayıqları ilə təchiz edəcək. Bu, Avstraliyanın nüvə texnologiyasına sahib olmasına səbəb olacaq. Nüvə texnologiyasına malik dövlətin atom bombası istehsal etməsi isə bundan sonra texniki və zaman məsələsinə çevriləcək. Ekspertlər bildirirlər ki, ABŞ və Hindistanın yardımı ilə Yaponiya da ən qısa zamanda nüvə dövlətinə çevrilə bilər.

Çinin nüvə dövlətinə çevrilməsi birinci soyuq müharibənin nəticələrindən biridir. Çinin səbəb olduğu ikinci soyuq müharibə də nüvə silahının yayılması ilə nəticələnəcək. Bu isə bəşəriyyət üçün təhlükəni daha da artıracaq. Nüvə dövlətlərindən birinin rəqibinə qarşı atom bombasını atması cavab zərbələrini doğuracaq. Çünki heç bir dövlət rəqibinin nüvə arsenalını tamamilə məhv etmək imkanlarına malik deyil. Çinli diplomat Şa Tszukanın ölkəsini nüvə silahından birinci istifadə etməyə hazır olmağa çağırması isə siyasətçilərin və diplomatların qiyaməti yaxınlaşdırmaqdan çəkinmədiklərini göstərir. 

 





29.09.2021    çap et  çap et