525.Az

“Sənə, Bəşəriyyət!" - "Bir rəsmin dedikləri" rubrikası


 

“Sənə, Bəşəriyyət!" -<b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, sənətşünas Sevinc Əliyevadır. Sevinc xanımla Tahir Salahovun "Sənə, Bəşəriyyət" əsəri haqqında danışmışıq.

***

- Bu il Tahir Salahov kimi böyük bir rəssamı itirdik. Onun yaradıcılığının mahiyyətini bir sualla ifadə etmək çətindir, bilirəm. Amma mən yenə də soruşmalıyam. Nə idi bir rəssam kimi onun fərqi?

- Böyük fransız rəssamı Matiss "Rəssamın qeydləri" əsərində yazırdı ki, predmetlərin təsvirinin iki üsulu var. Birinci üsul onları sadəcə olaraq görmək, ikinci isə onlara valeh olmaqdır. Bu tərif sanki Salahovun təsviri sənətə münasibətini izah edir - qadın, doğma torpaq, nur içində üzən qladioluslar, yaxud üzü qatranlı zəhmətkeş neftçi olmasından asılı olmayaraq təsvir edilənə heyranlıq. Bu, Tahir Salahovun özünəməxsusluğu, fərdi üslubudur. Tahir Salahov Avropa təsviri sənətinin tərz və üslubi düşüncəsini məharətlə mənimsəsə də, əsl azərbaycanlı ziyalı kimi vətəninə, millətinə bağlı rəssam idi. Deyilənə görə, hər respublika sərgisindən öncə qəribə bir "sakitlik" müşahidə edilirdi - "Maraqlıdır, görəsən, Salahov bu dəfə nə çəkib?" Onun işlərini intizarla gözləyirdilər. Onun ardıcılları yarandı - hər kəs geniş, sərbəst "sərt" əsərlər çəkməyə başladı - amma heç biri ikinci Tahir Salahov ola bilmədi. 

Onun qəhrəmanı Zaman idi. O, özünü zamanın insanı kimi hiss edirdi. Məhz buna görə Salahovun əsərləri müasirdir - rəssamın yaradıcılığı gənclik enerjisi və yüksək üslub duyumu ilə diqqət mərkəzində olub hər zaman.

Rəssam haqqında daha maraqlı bir fakt qeyd etmək istərdim. Məlum olduğu kimi, həmin dövrdə rəssamlar müharibə mövzusunda əsərlər yaradır və çox zaman bununla tanınırdılar. Tahir Salahov isə demək olar ki, heç vaxt bu mövzuya müraciət etməyib.

Haqqında danışacağım "Sənə, Bəşəriyyət!" adlı nəhəng, qeyri-adi əsərə gəldikdə isə, havada uçan nəhəng çılpaq yarıilahi-yarıinsanlar rəssam tərəfindən onun özünün etiraf etdiyi kimi, "qeyri-şüuri" olaraq yaradılıb.

- Tahir Salahov yaradıcılığına xas xüsusiyyətlər bu əsərdə özünü necə göstərir?

- Əsər haqqında rəssamın özünün belə bir qeydi var. İnsanın kosmosa uçuşundan 2 il əvvəl mən gecənin bir vaxtı yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan antik çöhrəli kişi və qadın eskizi çəkdim. Az sonra mən həmin eskizi kətan üzərinə köçürdüm və məhz ilk kosmonavt Yuri Qaqarinin kosmosa uçduğu gün sərgidə nümayiş etdirdim.

- Rəssam fantaziyasının gücü bu olsa gərək.

- Elədir ki, var. Əsər insanın kosmosa uçuşundan bir il əvvəl - 1960-cı ildə tamamlanıb. Həmin tablo monumental əsərdir. Ölçüləri 580-180 santimetrdir. Belə iriölçülü əsəri yaratmaq o qədər də asan deyil. Əsər emalatxanaya sığışmadığından Tahir Salahov onu yaxınlıqdakı məktəbin dəhlizində işləyib. Konfiqurasiyası orqan tonallığının qarşısıalınmaz gurluğu, uçuşun reaktivliyi -  bütün bunlar əsəri qeyri-adi məcraya yönəldir. Burada "sosializm realizmi"ndən əsər-əlamət yoxdur. Əsər ilk dəfə 1961-ci il aprelin 12-də nümayiş etdirilib.

- Rəsmin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Əsərin kolorit həllində soyuq göy rəng üstündür. Tablodakı rənglər qaraya çalan tünd göydən ağa qədər dəyişir. Bu əsərdə rəssam ümumiyyətlə, isti rəng tonlarından istifadə etməyib. Əsərin kolorit həlli yalnız soyuq, əsasən göy rəng üzərində qurulub. Kompozisiyanın sol hissəsi daha tünd rəngdə verilib və hər iki surət məhz bu tərəfə yönəlir. Onların əllərindəki nur saçan kürələr qaranlığı yararaq yolu işıqlandırır. Rəssam bununla insan zəkasının qaranlıqlara nur saçdığını əks etdirmək istəyib.

- Əsər hazırda harda saxlanılır?

- Tablo hazırda Bakıda, Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Kompozisiya etibarilə fantastik xarakter daşıyan bu əsər insana sanki onun gücündən, öz məqsədinə çatmaq qətiyyətindən, polad iradəsindən söz açır. Bu tablo insanlara səbirli, dözümlü olmağı, gələcəyə inamı təlqin edir. Əsər sanki insanla danışır, onu daha yüksək zirvələri fəth etməyə səsləyir. Bu, xüsusilə gənc nəsil üçün vacib bir çağırışdır. Buradakı sanki ilahi təbiətli qadın və kişi fiquru həm də rəmzi məna kəsb edir və bəşəriyyətin inkişafını, onun keçmişdən gələcəyə istiqamətlənməsini məcazi formada ifadə edir.

Aytac SAHƏD
 

 





29.09.2021    çap et  çap et