525.Az

Sözdən tutub yüksəlirəm: - Ya şeirim! - Nübar Eldarqızının şeirləri


 

Sözdən tutub yüksəlirəm: - Ya şeirim! -<b style="color:red"> Nübar Eldarqızının şeirləri</b>

Geri say

Qəlbim lap uşaqdı, özüm bilirəm,
Bəzən bu uşaqlıq "başımı yeyir".
İçində öküz tək oturub biri:
"Ayıbdır yaşından-başından" - deyir!

Şeirlər yazıram, yaşıma görə,
Fikirlər çəkirəm, başıma görə.
Bir bina başladım - daşıma görə,
Bir kitab yazıram - Allahdan xeyir!

Bu, arıdı, güldü, baldı - yazmadım,
Qələmin ucuna gəldi, yazmadım.
İmaməsin taxdım, doldu, yazmadım...
Muncuqlar düzürəm təsbehə bir-bir!

Hara getdiyimi hələ bilmirəm,
Necə alım bəxti ələ, bilmirəm,
Görsən öz xoşumla ölə bilmirəm,
Zəhər ver, geri say: 4,3,2,1!

Bir qul azad oldu, qəbri qazılan!
...Mütləq yaşanacaq, nəysə, yazılan!
Durmadan dərd çəkdim, bəlkə azala,
Sonda baxdım, çəki - həmin çəkidir!

sentyabr, 2021

***

Ya Allah! Ya şeir!..

Min yol haqq ol, sevilməzsən sərt isən,
Tərifsənsə, bəxtəvərsən, a şeirim!
Yaşamaqçın yaltaq olmaq şərt isə,
Vurun bizi... Ha mən ölüm, ha şeirim...

Altun, almaz, gövhər, inci, dürr - şeir!
Qorxmaz olsun, azad olsun, hürr - şeir!
Xiridarı yaxşı sözə bal deyir,
Alıcın da yoxdu balcan ta, şeirim...

Kainatın sirrindən var bir agah!
O bir bilər nə gətirər hər sabah,
İş başlayan hər kəs deyir: - Ya Allah!
Sözdən tutub yüksəlirəm: - Ya şeirim!

avqust, 2021

***

Fağır vaxtımız

Evimizin atası,
Tez sağal, qeyrət elə!
Oğlanlar - başıpozuq,
Dur gəl nəzarət elə!

Hər gün soruş ki, evin
nəyi çatır, nəyi yox,
Evdə iki oğul var,
Amma kişi iyi yox!..

Böyüyüb, yolun azıb,
Üzümlər sözə baxmır.
Biz nə qədər baxsaq da,
Bu işlər bizə baxmır...

Hansı qonşusa alıb
aparıb nərdivanı.
Küçəni tikan basıb,
Yerin yiyəsi hanı?

Bişirdiyim yeməklər
boyatlaşıb atılır.
Sən bu gün soruşursan:
- Sütlaşa su qatılır?

Nənə, baba olmuşuq,
Ağır vaxtlarımızdı.
Nə dava, nə qısqanclıq...
Fağır vaxtlarımızdı!

Deyirsən ki, qürbətdə
xəstə olmaq iş deyil...
- Oxayy... canıma minnət,
Qədrimi bax belə bil!!!

P.S. Yaşlı kişi tək - yetim,
Qadınsa tək - urvatsız!
Yaxşı qız tapan kimi
Evlənin
... zarafatsız!

iyul, 2021
 

 





29.09.2021    çap et  çap et