525.Az

"Təkliyim bir körpüdür, nifrət çayından keçirir məni" - Tural Cəfərlinin şeirləri


 

"Təkliyim bir körpüdür, nifrət çayından keçirir məni" -<b style="color:red"> Tural Cəfərlinin şeirləri</b>

Tural Cəfərli

Qaranlığın işığında
                 Səlim Babullaoğluna

Axar çayı iki dəfə,
Düz iki dəfə
Keçə bildim...
Necə?..
Düşündüm ki, axar sular
Bulanmaz və beləcə
Ürəyimdə dinclik tapdım...
Taleyin sualları varsa,
Cavabları da var.
Cavab yoxdursa,
Demək, tale deyil,
Ömürdü sadəcə...
Sükutumu ayrı dildə,
Ayrı əlifbada, ya ayrı bir
musiqidə dinlədikcə
anlayıram ki,
mən yoxam...

***

Həyat

Həyat bizlə yaxşı davrandıqca
Biz özümüzlə pis davranmağa başlayırıq...
Məsələn: Ən əziz adamları unudur,
Sonra niyə unutduğumuzu xatırlamırıq...
Ona görə də, həyat bizlə bir meşşan kimi
Yalnız istəkləri uğrunda nəzakətli olur...
İnsan ömrü də bir yarpaq kimi
Düşür göy üzünün budaqlarından...
Biz solmağa başlayanda
Uşaqlarımız tumurcuqlayır...
Hardasa xatirələr təsəlli olur,
Ömrün qürub çağında.
Onu da danışmağa
Ürək qalmır, ürək...

***

30 yaşın şeiri

Qalmağa yerim yoxdu,
Getməyə bir yolum.
Ancaq keçmişlədi işim,
Nə axtarıram, nə itirmişəm,
Özüm də bilmirəm...
Bir şəkil var, o şəkildə
Bütün varlığınla yox olmusan...
Təkcə gözlərin danışır,
Əllərin susub,
Saçların susub,
Dodaqların susub
Təkliyim bir körpüdü,
Nifrət çayından keçirir məni.
Uzaqlarda, lap uzaqlarda
bir tanış səs duyulur:
daha heç kim əvvəlki kimi deyil,
daha hamı unutmağı bacarır...

***

Göyərçin dəni

Xırda pulları uğur nişanəsi kimi
Saxlayıram cibimdə...
Elə bilirəm göyərçinlər üçün
Dən yığıram...
Sonra bir parkda
O xırda pulları 
Göyərçinlərə dən əvəzi bilirəm...
"Bağışlayın, 
xırda pullar qəbul olunmur" - deyir 
satıcı xanım...
Halbuki bilmir 
O xırda pulların
Göyərçinlər üçün
Dən olduğunu...
Ölən kosmonavt qadının  son sözləri
 

 





29.09.2021    çap et  çap et