525.Az

"ALOVLARI GÖRÜRƏM!" - EL Roman yazır


 

"ALOVLARI GÖRÜRƏM!" -<b style="color:red"> EL Roman yazır</b>

1957-ci ildə SSRİ-nin başlatdığı kosmos səyahəti qısa müddət sonra bir yarışa çevriləcəkdi - SSRİ ilə ABŞ-ın kosmos yarışına. 4 oktyabr 1957-ci ildə SSRİ-nin "Sputnik 1"i kosmosa göndərməsilə birlikdə yarış da başlamış oldu. Bunun qarşılığında ABŞ bundan 4 ay sonra ilk süni peyki "Explorer 1"i kosmosa göndərərək SSRİ-yə bir növ cavab verdi. 

12 aprel 1961-ci ildə SSRİ dünyada ilk dəfə kosmosa insan göndərdi. Yuri Qaqarin "Vostok 1"lə etdiyi uçuşda 108 dəqiqə ərzində dünyanın ətrafında tam tur edərək yerə endi. Bu, insanlıq tarixi üçün ən böyük uğurlardan biri idi. 

SSRİ qazandığı bu uğurla birlikdə başqa ilklərə də imza atmağa davam etdi. Valentina Tereşkova 16 iyun 1963-cü ildə "Vostok 6" ilə kosmosa göndərilən ilk qadın oldu. Dünya ətrafında 48 tur vuran qadın kosmonavt kosmosda təxminən 3 gün keçirdi və Qazaxıstan-Çin sərhədindəki bir bölgədə yerə endi. Amma bəzi insanlar onun kosmosa uçan ilk qadın olmadığını düşünürdülər. 

SSRİ kosmos çalışmalarına başlayanda bu işdə ABŞ-dan öndə olmaq məqsədilə atacağı bütün addımları gizli şəkildə planlayırdı. 

"Sputnik 1" kosmosdan dünyaya radiosiqnallar göndərdi. Bu siqnallar dünyadan rahatlıqla dinlənilə bilirdi. Hamı böyük maraqla gedişatı izləyirdi. Onlardan biri də Axilles və Ciovani qardaşları idi. Bu iki qardaş bütün gedişatı həyəcanla izləyir və nəticələri araşdırırdılar. 1950-ci illərin sonunda qardaşlar öz imkanları ilə radiostansiya qurdular. SSRİ-nin "Sputnik 1" uğurundan sonra artıq kosmosa bir canlı göndərməsi planlaşdırılırdı. 3 noyabr 1957-ci ildə baş verənlərdən xəbərsiz Layka adlı it "Sputnik 2" vasitəsilə kosmosa göndəriləcəkdi. Uçuş baş verməzdən əvvəl həmin iki qardaş hamıdan xəbərsiz şəkildə sistem üçün hazırlıq gördülər, "Sputnik 2" göndərildikdən sonra ondan siqnallar almağa çalışdılar. Bir nöqtəyə kimi Laykanın ürək döyüntülərini dinləməyə başladılar. Bəlkə də dinlədikləri səs onun son anlarına aid idi. Çünki ilk yüksəlişlə bərabər temperatur 43 dərəcəyə qədər qalxmışdı. Rus mənbələri Laykanın ölümünü temperaturun yüksəlməsi nəticəsində Laykanın ürək döyüntülərinin artması ilə əlaqələndirdi. İtalyan qardaşların bu araşdırmaları ətrafındakı şəxslər arasında onlara şöhrət qazandırdı. Bunun sayəsində aldıqları maddi dəstəklə onlar "Torrebert" adlı dinləmə stansiyası qurdular. 

Həmin illərdə kosmos çalışmaları zamanı bəzi kosmonavtların yoxa çıxdıqları, baş verən qəzaların ört-basdır edildiyi düşünüldü. "İtmiş kosmonavt" ifadəsi barədə ilk mənbə 1959-cu ilin dekabrında bir çexiyalının kosmosa rəsmi olmayan uçuşlarda bir neçə kosmonavtın uğursuz cəhdlər nəticəsində öldüyü bilgisini yayması ilə ortaya çıxdı. 1961-1967-ci illərdə təqribən 11 qəza baş verdiyi və bu qəzaların onların ört-basdır edilməsinə dair dəlil və şəkillər arxivlərdə gizlədilmişdi. Şəkillərdəki bəzi insanlar sanki heç var olmamış kimi sonradan silinmişdilər. Bu silinmələr bir yox, bir neçə fərqi şəkillərdə nəzərə çarpırdı. 

28 noyabr 1960-cı ildə italyan qardaşların bir peykdən dinlədiyi siqnallar hər keçən dəqiqə azalırdı. Sanki bu peyk dünyadan get-gedə uzaqlaşırdı. Bəlkə də, gözlənilməz bir qəza onu kosmosun dərinliklərinə göndərmişdi. Bundan təxminən bir il sonra, 1961-ci ilin fevralında daha fərqli səslər eşidildi. Radiosiqnallar vasitəsilə gələn səsdə bir kişinin çətinliklə nəfəs alıb-verdiyini asanlıqla eşitmək olurdu. Bu səsin inandırıcılığını artıran məsələ isə SSRİ-nin 3 gün sonra bir pilotsuz kosmos aparatlarının düşdüyünü açıqlaması oldu. Bəlkə də eşidilən həmin səs qəzadan bir neçə dəqiqə əvvələ aid idi. 

Bu dəlillər arasında biri daha ağır və diqqətçəkən idi. Adı bilinməyən bir qadının səsi. Əlbəttə, o qadın haqqında əldə hansasa bir dəlil yoxdur. Təkcə onun eşidilən son sözlərindən başqa. Radiosiqnallar vasitəsilə eşidilən səslərdə qadın kosmonavtın dedikləri tükürpədici təsir bağışlayırdı: 
"Beş. Dörd. Üç. İki. Bir. Cavab verin... Cavab verin... Cavab verin... Dinlə... Cavab verin... Mənimlə danışın... Mənimlə danışın... Bura çox istidir... Bura çox istidir... Nə? 45 dərəcə? Nə? 50 dərəcə? Hə... Hə... Nəfəs alıram... Nəfəs alıram... Oksigen... Çox istidir... Bu, təhlükəlidir. Hər şey. Hə... Hə... Necə? Mənimlə danışın. Nə edəcəyəm? Hə... Hə... Hə... Bura çox istiləşir... İsti... Hər yerdə... İstini hiss edirəm... İstini hiss edirəm... Alovları görürəm! Nə? Alovları görürəm! İstiliyi hiss edirəm..." 

İtalyan qardaşlar bunu kosmonavt qadının son sözləri kimi şərh etdilər. O qadının başına gələnləri bir anlıq da olsa, düşünməyinizi və hiss etməyinizi istəyirəm. O kiçik hava maşınında kosmosun bir nöqtəsində təkbaşınıza qaldığınızı, heç kəsin sizə cavab vermədiyini, hava maşınının getdikcə sürətləndiyini və temperaturun inanılmaz dərəcədə yüksəldiyini fikirləşin. Üstəlik, bütün bunlarla birlikdə az sonra öləcəyinizi bilmiş olmağınız da var. Böyük bir çarəsizlikdir. Əlbəttə, bu səsin gerçək olub-olmaması sorğulana bilər, çünki verilən hesabatlarda həmin qadının adı çəkilmir. Amma SSRİ-nin həmin çalışmaları dünyadan gizli apardığı da gerçəkdir. Əgər o zamanlar belə bir qəzaların baş verdiyi xüsusilə də ABŞ tərəfindən öyrənilsəydi, bu, SSRİ üçün heç də yaxşı olmazdı. 

Bir kosmonavtı heç kəsin olmadığı ucsuz-bucaqsız kosmosa göndərmək böyük riskdir və bəzən uğurun gəlməsi üçün fədakarlıq etmək lazım olur. SSRİ-nin dağılması ilə birlikdə ortaya çıxan bir çox sənədlərdə kosmos çalışmaları nəticəsində ölənlərin olduğu və onlardan bəzilərinin gizlədildiyi öyrənildi. Bütün bunlar yalan da ola bilər, ancaq əgər doğrudursa, həmin insanlar tarixdən silindiklərini və bizim onların son anlarına şahid olduğumuzu heç vaxt bilməyəcəklər...

 





29.09.2021    çap et  çap et