525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red"> Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

Hüseyn Rasim oğlu Xəlilov 27 mart 2002-ci ildə Bakı şəhəri, Sabunçu rayonu Nardaran kəndində doğulub. 295 nömrəli tam orta məktəbdə təhsil alıb. Daha sonra peşə məktəbində təhsilini davam etdirərək dülgərlik sənətinə yiyələnib. Həmçinin, idmana da marağı olub, cüdo idman növüylə məşğul olub. Müxtəlif yarışlardan qazandığı bir sıra diplom və medalları var. 

Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola düşüb. Vətən müharibəsi zamanı həqiqi hərbi xidmətdə olan Hüseyn Xəlilov Füzuli, Şuşa və başqa yerlərdə gedən döyüşlərdə iştirak edib. Gərgin döyüşlərin birində yaralı dostunu çiynində daşıyarkən başından qəlpə yarası alıb. Lakin buna baxmayaraq, döyüş yoldaşını həmin ərazidən çıxarmağı bacarıb. Ondan sonra isə huşunu itirib. 22 gün komada qalıb. Gəncə və Bakıda 6 ay xəstəxanada yatıb. Həkimlər əllərindən gələni etsələr də, həyatını xilas etmək mümkün olmayıb və 25 aprel 2021-ci ildə şəhidlik zirvəsinə ucalıb. O, Nardaran kəndində torpağa tapşırılıb.

Hüseyn Xəlilov "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib. 

*** 

Xaliq Kamil oğlu Hüseynov 20 sentyabr 2001-ci ildə Bakının Nardaran qəsəbəsində dünyaya göz açıb. İbtidai təhsilinə 2008-ci ildə 295 №-li tam orta məktəbdə başlayıb. 2017-ci ildə orta təhsilini başa vuran Xaliq çilingər ixtisasına yiyələnərək maşın ustası kimi işləyib. Arzusu işləyib pul qazanmaq və internat uşaqlarına kömək etmək olub. İdmana və hərbiyə hədsiz marağı olan Xaliq peşəsi ilə paralel olaraq idmanın cüdo növü ilə də məşğul olub.

Əsgərlik yaşına çatan Xaliq 2020-ci ilin yanvar ayında Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Elə xidmətinin ilk günlərindən əsgər yoldaşları arasında fiziki gücü və bacarığı ilə fərqlənən Xaliq bir neçə idman yarışlarında fərqlənib. Baş atıcı kimi xidmətini davam etdirib.

Karantin qaydalarının sərt dönəmində xidmət edən əsgər Hüseynov valideynləri ilə görüşə bilməmiş və hər telefon zəngində onlara qalıb orduda müddətdən artıq xidmət etməyi və işğal altında olan torpaqlarımızı azad etmək istədiyini bildirib.

Xaliq Hüseynov 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və Tərtər-Ağdərə istiqamətində düşmənlə üz-üzə vuruşub. Baş atıcı kimi Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və ərazilərin düşməndən təmizlənməsində fəal rol oynayıb.

Sağ qalan döyüş yoldaşlarının verdiyi məlumata görə, Xaliq də daxil olmaqla 6 əsgərimiz erməni postuna girib və 50 erməni hərbçisini məhv edərək həmin mövqeni düşməndən azad edib.

Əsgər Xaliq Hüseynov 16 oktyabr tarixində şiddətli döyüşlərin getdiyi Suqovuşan qəsəbəsində düşmənin minaatandan açdığı atəş nəticəsində döyüş meydanında qəlpə yarası alaraq şəhid olub. Onun nəşi ertəsi gün - 17 oktyabr tarixində doğulub böyüdüyü Nardaran qəsəbəsinə gətirilib, ailəsi ilə vida mərasimindən sonra Rəhimə xanım ziyarətgahına gətirilib və ziyarətgahın girişində dəfn olunub.

Xaliq Hüseynov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

 

Məmməd Rəhman oğlu Zamanlı 1998-ci il avqustun 3-də Şərur rayonunun Püsyan kəndində anadan olub. Orta təhsilini M.Əsgərov adına Püsyan kənd orta məktəbində alıb, daha sonra isə Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2015-ci ildə liseydən məzun olub, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 

2019-cu il iyul ayında Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə artilleriya üzrə leytenant rütbəsi ilə Vətənə xidmətə başlayıb. 1 il 2 ay verilən tapşırıqların öhdəsindən yüksək səviyyədə gəldiyinə görə "Baş zabit" rütbəsi ilə təltif edilib. 

Vətənini canından çox sevdiyini deyir yaxınları. Ən böyük arzusu isə Vətən torpaqlarını yağı düşməndən xilas etmək olub. 

27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərə əsgərləri ilə birgə qatılan komandir, düşmən tərəfindən atılan mərmi nəticəsində şəhidlik zirvəsinə yüksəlib, elə döyüşlərin ilk günü, ilk şəhidlərimizdən olub... Şəhid leytenant Şərurun Püsyan kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Zamanlı Məmməd şəhadətindən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

*** 

Busat Əfsər oğlu Qurbanov 10 sentyabr 2000-ci ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində anadan olub. Büsat orta məktəb illərində də vətənpərvərliyi ilə seçilib. Orta məktəbi bitirdikdən sonra ruh yüksəkliyi ilə hərbi xidmətə yollanan Büsat hərbi xidmətini bitirdikdən sonra yenidən orduda qalaraq, müddətdən artıq həqiqi hərbi Xidmətçi kimi Vətənin keşiyində dayanıb.

Azərbaycan Ordusunun əsgəri olan Busat Qurbanov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində ilk gündən tuşlayıcı olaraq iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub, postların yarılmasında şücaət göstərib. O, 10 oktyabr 2020-ci ildə Füzuli döyüşlərində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Busat Qurbanov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Şakir Arif oğlu Cəmilli 4 dekabr 1992-ci ildə Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub. 1999-cu ildə Araz Dilağarda kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2011-ci ildə həqiqi hərbi xidmətə yollanıb, 2012-ci ildə hərbi xidmətini başa vurub. 

2015-ci ildə N saylı hərbi hissənin nəzdində MAHHXHQ hazırlığı kursuna qəbul olunub. 2015-ci ildən 2020-ci ilədək silah təmiri bölüyünün təmir manqa komandiri vəzifəsində xidmət edib. 

2020-ci ildə gizir hazırlığı kursuna qəbul olunub. Kursu bitirdikdən sonra N saylı hərbi hissənin zirehli tank təmiri bölüyünün xüsusi işlər tağımının komandiri vəzifəsində xidmətini davam etdirib.

2016-cı il Aprel döyüşlərində Lələtəpənin azadlığı uğrunda qəhrəmancasına vuruşub, silah təmiri bölüyündə artilleriya toplarının təmirində fəal iştirak edib. Müdafiə Nazirliyi tərəfindən bir çox fəxri fərmanlar və hədiyyələr alıb.

2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində böyük şücaətlə döyüşlərdə iştirak edib, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Xocavənd, Zəngilan, Hadrut, Şuşa uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib. 

Şakir Cəmilli və qrupunun rəşadəti Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanlar, döş nişanları ilə dəyərləndirilib. 

Şakir Cəmilli oktyabrın 23-də Xocavənd döyüşləri zamanı şəhid olub.

Ailləli olan şəhidimizin iki oğul övladı vətənə əmanətdir.

Şakir Cəmilli şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

*** 

Elməddin Dəyanət oğlu Bədəlov 6 mart 2000-ci ildə Bakı şəhərində anadan olub. Əslən Füzuli rayonu Kərimbəyli kəndindəndir. 2006-cı ildə Şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində 1-ci sinifə başlayıb. 

2018-ci ildə hərbi xidmətə çağırılıb. 2019-cu il oktyabr ayının 1-də hərbi xidmətini Gədəbəy rayonunda başa vurub.

Elməddin həm də idmançı idi. O, yunan-roma güləşi üzrə Füzuli rayonunun açıq birinciliyi, şəhidlərin xatirəsini həsr olunmuş güləş yarışında, eləcə də Əliyar Əliyevin xatirəsinə həsr olunmuş yarışda da birinci yerə layiq görülüb. 

Onun uşaqlıqdan hərbiyə marağı çox olub. Ən böyük arzusu Xüsusi Təyinatlı Qüvvələr sırasında olmaq imiş. XTQ-də kursu bitirməyə bir ay qalmış möhkəm xəstələnir və kursdan xaric edilir.

27 aprel 2020-cu ildə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə kəşfiyyatçı-snayper kimi xidmətə başlayır. 

Vətən müharibəsi başlayan gündən döyüş əməliyyatlarında fəal iştirak edir. Merdinli kənd istiqamətində 16 ermənini məhv edərək yoldaşlarına yol açır. Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə beş postun alınmasında qəhrəmanlıqla iştirak edib. O, 29 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Döyüş yoldaşlarının sözünə görə, onun son sözü "mən heç bir zaman düşmən qarşısında əyilmədim" - olub.

Elməddin Bədəlov şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub. 

*** 


Adəm Elçin oğlu Əmirov 26 avqust 1999-cu ildə Ağdam rayonunun Xındırıstan kəndində doğulub. Əslən rayonun Papravənd kəndindəndir.
2017-ci ildə həqiqi hərbi xidmətə çağırılıb, xidmətinə 112 saylı hərbi hissədə başlayıb. Xidmətini 2019-cu ildə başa vurub. 15 iyul 2020-ci ildə MAXE kimi xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə başlayıb. Sonra manqa komandiri olub.

Vətən müharibəsində qəhrəmancasına iştirak edən Adəm Ağdam rayonunda şəhidlik zirvəsinə yüksəlib.

Adəm Əmirov şəhadətindən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Şəhriyar Nəsib oğlu Quliyev 1990-cı il mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində M.Füzuli adına 13 nömrəli tam orta məktəbdə təhsil alıb. 

2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2016-cı ilin 2-6 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun giziri olan Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Ailəli olan şəhidimizin iki oğlu Vətənə əmanət yadigar qaldı.

Şəhriyar Quliyev şəhadətindən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Teymur Feyruz oğlu Abbasov 1981-ci il fevralın 25-də Bakı şəhərində anadan olub. Evin ilk övladı olan Teymur siyasətçi Tural Abbaslının qardaşıdır. Ailədə üç qardaş, bir bacı olublar.

Orta təhsilini S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında alıb. İdmanı çox sevən Teymur futbol və karate ilə məşğul olub. 
Hər kəs onun hərbçi olacağını gözləsə də, o, anasının istəyilə Gəncə Dövlət Universitetinin fars ədəbiyyatı üzrə şərqşünaslıq fakültəsinə daxil olur. 

Hərbi xidmətə çağırılan zaman öz istəyilə Xüsusi Təyinatlı Qüvvələrin sırasına yazılır. Hərbi xidmətini başa vurduqdan sonra 3 ay zabitlik kursu keçir və leytenant rütbəsi alır. 

İran İslam Respublikasının Azərbaycandakı səfirliyində işləyib. 

2020-ci il iyul ayında baş verən Tovuz döyüşləri zamanı ailəsindən xəbərsiz könüllü şəkildə ordu sıralarına yazılır. 

Azərbaycan Ordusunun leytenantı olan Teymur Abbasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 12-də Xocavənd döyüşləri zamanı Hadrut istiqamətində şəhid olub. II Şəhidlər iyabanında dəfn olunub.

Teymur Abbasov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

*** 

Şirxan Xaməmməd oğlu Xaməmmədov 1998-ci il fevralın 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub.

2004-2015-ci illərdə G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində təhsil alıb.

Şirxan Xaməmmədov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib.

2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şirxan Xaməmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayper kimi iştirak edib.

O, noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Məlikçobanlı kəndində torpağa tapşırılıb.

Şirxan Xaməmmədov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 


Təbriz Məhəmmədəli oğlu Xancanov 1996-cı il iyunun 9-da Göyçay rayonunun Qəbələ Müsgürlü kəndində anadan olub.

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Xancanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.

Təbriz Xancanov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

*** 

Qoşqar Nuruş oğlu Vəliyev 12 aprel 1989-cu ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub.

2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 2010-2013-cü illərdə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə, 2013-cü ildən Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edirdi.

2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşub, fərqlənib.

Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində tankçı olaraq iştirak edib. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 2020-ci ilin oktyabrında tank partlaması zamanı aldığı kəllə-beyin travmasına görə xəstəxanaya yerləşdirilib. Müalicəsini 20-ci gündə yarımçıq qoyan əsgər Vəliyev döyüş meydanına qayıdır. O, 22 noyabr 2020-ci ildə Şuşa şəhərinin yaxınlığında qarşı tərəfin texnikasını götürməyə getdiyi zaman avtoqəza zamanı şəhid olub.

Qoşqar Vəliyev şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Laçın Rasim oğlu Alıyev 1992-ci il yanvarın 22-də Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində anadan olub. 

Azərbaycan Ordusunun giziri olan Laçın Alıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 25-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Ailəli olan şəhidimizin Aylin adında qızı və Cahid adında oğlu Vətənə və xalqa əmanət qaldı.

Laçın Alıyev şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Mahir Bəxtiyar oğlu Paşayev 1997-ci il sentyabrın 1-də Cəlilabad rayonunun Əsədli kəndində anadan olub.

2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Mahir Paşayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 9-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb.

Mahir Paşayev şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Qasım Əli oğlu Abdullazadə 27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z.Tağıyev adına 123 nömrəli orta məktəbə təhsil almağa başlayıb və 2016-cı ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurub.
2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşüb. 2019-cu ildə hərbi xidmətini tamamlayıb.

Qasım Abdullazadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı cəbhənin bir çox istiqamətlərində döyüşlərdə iştirak edərək şücaət göstərib. 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Qasım Abdullazadə şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. 

*** 

Mirzə Musa oğlu Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb.

2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən N saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də Talış istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub.

Mirzə Axundov şəhadətindən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
 

 





30.09.2021    çap et  çap et