525.Az

Xankəndiyə, yoxsa Xankəndinə? - Möhsün Nağısoylu yazır


 

Xankəndiyə, yoxsa Xankəndinə? -<b style="color:red"> Möhsün Nağısoylu yazır</b>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun möhtəşəm zəfəri kimi tarixə düşmüş, dastana dönmüş 44 günlük Vətən müharibəsi zamanı erməni işğalçılarının caynağından azad edilmiş Xankəndi sözünün ismin yönlük halında işlənməsi ilə bağlı son dövrdə sosial şəbəkələrdə, televiziya kanallarında, mətbuatda fərqli vəziyyətlə rastlaşırıq. Belə ki, bu toponimin ismin yönlük halında həm Xankəndiyə, həm də Xankəndinə şəklində işlənməsi müşahidə olunur. Bunu nəzərə alaraq məsələyə öz münasibətimizi bildirmək qərarına gəldik.

Bəri başdan qeyd edək ki, bizim fikrimizcə, sözügedən toponim yönlük halda "n" bitişdirici samiti ilə işlənməlidir: Xankəndinə gedirik.

Fikrimizi konkret nümunələrlə əsaslandırmağa çalışaq. Məlum olduğu kimi, hər hansı bir mübahisəli məsələnin düzgünlüyünü sübut etməyin, həqiqəti ortaya qoymağın ən asan yolu müqayisədir. Həqiqət müqayisə zamanı meydana çıxır. Biz də Xankəndi toponiminin yönlük halda işlənməsi ilə bağlı yaranmış problemin həlli üçün müqayisə üsulunu ən doğru yol sayırıq.

Öncə Xankəndi toponiminin tərkibindəki kənd sözünə dair aşağıdakı nümunələrə nəzər salaq: xan(ın) kəndinə, öz kəndinə, doğma kəndinə, dağ kəndinə, aran kəndinə... Göründüyü kimi, bu nümunələrdə kənd sözü yönlük halda "n" bitişdirici samiti ilə işlənmişdir.

Məlum olduğu kimi, Xankəndi ikinci növ təyini söz birləşməsi əsasında yaranmış toponimdir. Dilimizdə eyni üsulla yaranmış çoxlu sayda coğrafi adlar vardır. Onların bəziləri bitişik, çoxu isə ayrı yazılır. Əvvəlcə bitişik yazılan aşağıdakı coğrafi adlara nəzər salaq: Bazardüzü (Azərbaycanla Dağıstan sərhədində dağ), Dəyirmanyanı (Laçın rayonunda kənd), Dəyirmandərəsi (Dəyirmanyanı kəndinin keçmiş adı), Qaladərəsi (Şamaxı rayonunda kənd), Küdürdüzü (Ağsu, Kürdəmir və Şamaxı rayonları ərazisində dağ)... Bu nümunələr də yönlük halda "n" bitişdirici samiti ilə işlənir: Bazardüzünə, Dəyirmanyanına, Dəyirmandərəsinə, Qaladərəsinə, Küdürdüzünə.

İkinci növ təyini söz birləşməsi əsasında yaranmış, lakin ayrı yazılan coğrafi adlar isə qeyd etdiyimiz kimi daha çoxdur. Məsələn: Arza çayı, Cıdır düzü, Xəzər dənizi, İsa bulağı, Kəpəz dağı, Mil düzü, Muğan düzü və s. Bu coğrafi adlar da yönlük halda "n" bitişdirici samiti ilə işlənir: Araz çayına, Cıdır düzünə, Xəzər dənizinə, İsa bulağına, Kəpəz dağına, Mil düzünə, Muğan düzünə.

Qeyd edək ki, saitlə bitən Daşaltı, Qalaaltı, Qızılqaya kimi coğrafi adlar isə yönlük halda işləndikdə "n" yox, "y" bitişdirici samiti işlənir: Daşaltıya, Qalaaltıya, Qızılqayaya. Bunun səbəbini, fikrimizcə, aşağıdakı kimi izah etmək olar. "N" bitişdirici samiti ilə işlənən yuxarıda qeyd olunan nümunələrdə məna baxımından hardasa bir müəyyənliyin, konkretliyin olmasını təsəvvür etmək olar. Məsələn, Xankəndi dedikdə, aydındır ki, ilk növbədə Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xanın saldırdığu yaşayış məntəqəsi göz önünə gəlir. Yönlük halda "n" bitişdirici samiti ilə işlənən digər nümunələr də bunun kimidir. Daşaltı, Qalaaltı, Qızılqaya kimi nümunələrdə isə bu cür müəyyənliyi, konkretliyi təsəvvür etmək çətindir. Qeyd edək ki, bu nümunələrdə müəyyənlik, konkretlik anlayışı ortada olduqda vəziyyət dəyişir, yəni "n" bitişdirici samiti işlənir. Məsələn: Daşın altına əqrəb girdi. Vaxtilə bu qalanın altına gedən gizli yol var imiş...

Bundan əlavə, dilimizdə Xankəndi toponimi kimi tərkibində mənsubiyyət şəkilçisi olan çoxlu sayda mürəkkəb ümumi isimlər də vardır ki, onlar da yönlük halda "n" bitişdirici samiti ilə işlənir. Məsələn: adadovşanı, adaətrafı, bağayarpağı, balıqqulağı, baramaqurdu, dağkeçisi, dağkeşnişi, dağkəli, dağqoçu, dağlaləsi, daşçapı, dəvədabanı, quşüzümü... Bu mürəkkəb isimlərin hamısı yönlük halda "n" bitişdiricisini qəbul edir:

adadovşanına, adaətrafına, bağayarpağına və s.

Qeyd edək ki, yönlük halda "y" bitişdiricisi ilə işlənən oxşar quruluşlu mürəkkəb sözlər də vardır. Məsələn: ayaqqabı-ayaqqabıya, dəvəquşu-dəvəquşuya, itburnu-itburnuya... Maraqlıdır ki, bu mürəkkəb sözlər III şəxsin təkində olduqda "n" bitişdiricisi işlənir. Məsələn: Onun ayaqqabısına. Onu da əlavə edək ki, bizim ötəri baxışımıza görə, "n" bitişdiricisi ilə işlənən mürəkkəb isimlərin sayı dilimizdə ikincilərlə müqayisədə nəzərə çarpacaq dərəcədə çoxdur. 

Düşünürük ki, Xankəndi toponiminin yönlük halda işlənməsi ilə bağlı bu kiçik qeydlərimiz kifayət edər. Onu da qeyd edək ki, Xankəndi sözü yerlik və çıxışlıq hallarında işləndikdə də "n" bitişdirici samitinin işlənməsi məqsədəuyğundur: Xankəndində, Xankəndindən.

Sonda onu da vurğulamaq istəyirik ki, məsələ ilə bağlı fərqli baxışlar da ola bilər. Onları da dinləməyə, fikir mübadiləsi aparmağa hazırıq.  
 

 





30.09.2021    çap et  çap et