525.Az

Müharibə ədəbiyyatın mühakiməsində... - Nihat Pir yazır...


 

Müharibə ədəbiyyatın mühakiməsində... -<b style="color:red"> Nihat Pir yazır...</b>

Yazıçı Yusif Səmədoğlunun "46-cı ilin oyunları" hekayəsində belə bir giriş var: "Mühasirəyə düşmüşdülər. Çıxış yolu yox idi. Başıaşağı oturmuşdular. Hər üçü ölümlə üz-üzə dayanmışdı. Lakin heç biri: nə Siyavuş, nə Kərim, nə də Nazim ölmək istəyirdi".

Bu aldadıcı cümlələr, əslində, uşaqların özləri üçün oynadığı "dava-dava" oyununun təsvirindən başqa bir şey deyil. Lakin Yusif Səmədoğlu özünün qeyri-adi təxəyyülü nəticəsində bu giriş səhnəsi və sonradan məhz bu giriş üzərində qurulmuş sujetlə müharibə və onun törədə biləcəyi fəsadları özünəməxsus şəkildə təqdim etməyi bacarır. Ən əsası isə, oxucunu "Niyə bu yaşda uşaqlar məhz dava-dava deyir?" sualı üzərində düşünməyə məcbur edir. 

Müharibə mövzusu bütün dövrlərdə ədəbiyyat üçün xammal rolunu oynayıb. Nə qədər insafsızcasına səslənsə də, ədəbiyyat yaradıcılıq deməkdir və yaradıcı olmaq "mövzuya münasibət" anlayışı ilə düz mütənasib olduğu üçün yazıçıya görə hər bir hadisənin bir bədii tərəfi və bir də bədii həlli vardır. Yəni müharibə iqtisadi, sosial və hərbi baxımdan kimləri nə dərəcədə maraqlandırırsa, ədəbi mühiti və yaradıcı insanları da bir o qədər maraqlandırır və düşündürür. 

Ədəbiyyatın müharibəyə "qatqısı" daha çox münasibət rolunu oynayır və ədəbiyyat özünün humanist mövqeyinin yol verə bildiyi qədərilə müharibənin fəsadlarını yeri gəldikdə yumşaqcasına, yeri gəldikdə isə qəddarcasına oxucuya çatdırır.

Məsələn, Aleksandra Kaveliusun "Leyla" romanı müharibə və onun qaranlıq, eyni zamanda, acımasız tərəflərini mümkün ən qəddar şəkildə çatdırmaqdadır.

16 yaşlı Leyla həyatının və gəncliyinin ən yaxşı vaxtında özünü birdən-birə müharibənin mərkəzində tapır. Qəhrəmanın başına gətirilən müsibətlər Balkan yarımadası hadisə və faciəsini Leyla obrazının simasında ən yaxşı və ən qəddar şəkildə nümayiş etdirir.

Yeri gəlmişkən, romanın ümumi sujeti Qarabağ münaqişəsi ilə də səsləşir.

Yaxud son dövrlərdə olduqca populyarlıq qazanan əfqan əsilli Amerika yazıçısı Xalid Hüseyninin romanlarında müharibə həqiqətləri və müharibənin əfqan insanının, əfqan uşaqlığının iztirabları fonunda öz əksini tapmasını qeyd edə bilərik.

"Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur..."

Ədəbiyyatın vəzifəsi də məhz budur. O, müharibə qurbanını (eyni zamanda, müharibəyə səbəb olanı - məsələn, "Qacar") götürərək onun üzərindən hadisəyə münasibət bildirir, onu mümkün detallarla ədəbi müstəviyə çəkir. Bu müstəvidə daha çox ittihamın şahidi oluruq ki, bu da ədəbiyyatın tərənnümləri siyahısında müharibə anlayışının olmamasını bir daha sübut edir.

Hüseyn Cavid deyirdi ki, əgər bir millətin ədəbi və fəlsəfi düşüncəsi, tamamilə, həssas, xəyalpərvər və humanizm notları üzərində bərqərardırsa, şübhə yoxdur ki, o millət həmişə eyni yoldan gedəcək və mütəmadi olaraq eyni bəlalarla qarşılacaqdır.

Yəqin, razılaşarsız ki, bu fikri azərbaycanlı olaraq dönə-dönə oxumaqda fayda var.

İkinci Dünya müharibəsi dönəminin ədəbi tarixini nəzərdən keçirdikdə belə nəticə hasil olur ki, o dövrün, demək olar ki, əli qələm tutan hər bir fərdi müharibə haqqında hansısa bir əsər yazıb. Yəni istənilən halda, müharibə elə bir qüdrətə və gücə malikdir ki, ədəbiyyatı belə öz təsiri altına salır və müəyyən mənada idarə edir. 

Müharibə mövzusunda yazılan əsərlər daha çox iki istiqamətdə özünü göstərir: ön cəbhə və arxa cəbhə. Bunu əyani olaraq Azərbaycan ədəbiyyatında da görmək mümkündür. Məsələn, Mehdi Hseynin "Fəryad"ı, yaxud da Ənvər Məmmədxanlının "Ulduz"u sırf döyüş ruhu, döyüşə, mübarizəyə çağırış və inam motivini əks etdirirsə, Mir Cəlalın "Anaların üsyanı"nda adından da göründüyü kimi daha çox müharibənin doğurduğu fəsadlar və o fəsadlara arxa cəbhədəki reaksiya təsvir olunur.

Bütövlükdə götürəndə ədəbiyyat dövrün insanı və onun gələcək nəsli üçün həm də genetik yaddaş səciyyəsi daşıyır. Çünki reallıq budur ki, bu günün oxucusu sabah müharibənin hansısa bir parçasına çevrilə bilər. Ya əzən, ya da əzilən tərəf kimi. Yuxarıda da qeyd etdiyimiz kimi, ədəbiyyat humanist mövqedən çıxış edərək müharibəyə qarşı olsa da, eyni zamanda, müharibə həqiqətlərinin aydın və bədii dillə göstərməklə həm də oxucunu yaşadığı coğrafiya və onun siyasi taleyi ilə tanış edir.

Sözsüz ki, müharibə dairəsində olan bir oxucu üçün müharibə məzmunu və müharibənin acı tərəflərinin ədəbiyyatda əksi daha maraqlıdır, nəinki ömrü boyu silah səsindən, mərmi səsindən uzaq birisi üçün. Yəni bir gecənin içində evinin, kəndinin altının üstünə çevrildiyini, yaxınlarının gülləbaran edildiyini görən, duyan birisi yazıçının nə demək istədiyini daha yaxşı qavrayar və qavramalıdır. 

Elə bizim kimi... 
 

 





01.10.2021    çap et  çap et