525.Az

Birgə yaşamağın düsturu - Şahnaz Şahinin essesi


 

Birgə yaşamağın düsturu -<b style="color:red"> Şahnaz Şahinin essesi</b>

Həyatda heç nə vaxtsız olmur, yapon filosofu Suzuki demiş, tələbə hazır olanda müəllim görünür. Nə gec, nə də tez gəlir bahar, nə tez nə də gec düşür payız. Hələ yağışlar.., başladı bitməz. Dünyanın saatı çox dəqiq qurulub, əqrəblər zamanı yalnız irəliyə itələyir, geridə nə qaldısa, keçmişə aiddi, nə qayıdıb götürməyə, nə də nəyisə dəyişməyə vaxtın var. Hesabdı e, adicə hesab, sadəcə insan oğlu dərk edə bilmir, dərk etməyə həm də icazəsimi yoxdur, bilmirəm. Amma bu dəmdə yadıma bir mahnıdan müəllifini də bilmədiyim üçcə misra düşür:

Həyatı anlayanda
Həyatdan gedir insan,
Bilmirsən nədir insan?!.

Həyatda yaşadığımız sürəcə başımıza gələn və ya gəlməyən hadisələri çox zaman bəxtlə əlaqələndirirlər. Son anda ölümdən qurtaranları ağlımızdan keçirək, hərəsinin bəxti bir cürə gətirir, kimi bir neçə saat sonra göydə partlayacaq təyyarəyə gecikir, kimi labüd avtoqəzadan ötüşür, başqa biri yüksək mərtəbədən yıxılır və burnu da qanamır. Həyatda atdığı ilk addımlarından uğurlanan insanlar var, heç özü də gözləmədiyi halda yaşıdlarından, şagird və ya tələbə yoldaşlarından seçilir, qarşısında necə deyərlər, "yaşıl işıq" yanır. Sanki hansısa bir qüvvə əlindən tutub çəkir arxasınca. Hökm Tanrınındı, insan hələ də heyrətdə! 

Orta məktəbi bir oxumuşduq, bütün fənləri fərq qoymadan öyrənirdi, amma fikri həkim olmaqdı, bu, onun ən böyük arzusu idi. İkimiz də eyni vaxtda, amma fərqli günlərdə ali məktəbə qəbul imtahanı verdik, təəssüf. Yüksək hazırlaşdığına baxmayaraq, dörd ilini aldı əlindən həmin ali məktəb, qismətmi deyildi, ya nə, bilmirəm, üstündən düz 12 il keçəndən sonra tamamilə fərqli ixtisas üzrə ali təhsil aldı. Həyatımızda olanlar və olacaqlar müəyyən bir məqsəd üçündür, çünki "kainatda xaos yoxdur".

Ali məktəbdə fəlsəfə elmi bizə dialektik fəlsəfənin kateqoriyalarını öyrətdi ki, bunlardan biri də "təsadüf və zərurət" idi. Zərurət və təsadüf bir-birini doğan, yaradan proseslərdir, yəni dialektik sürətdə bir-biri ilə sıx bağlı olan bu nəzəriyyəyə görə, eyni bir hadisə həm zəruri, həm də təsadüfi olur. Əslində, hər iki proses bir-birinə təsir edir, onların arasında məsafə o qədər kiçikdir ki, ayırmaq çətin olur və təsadüf elə zərurətin təzahür forması kimi çıxır ortaya. Amma burda da mütləq bir qanunauyğunluğun mövcudluğu mütləqdir. İnsan həmişə bir sual qarşısında baş sındırmalı olub, bizım başımıza gələn-yaxşı və pis şeylər təsadüfdür, ya zərurət? Əgər təsadüfdürsə, niyə ondan qaçıb qurtara bilmirik? Axı bəzən sanki bilərəkdən o hadisələrin üstünə yeriyir adam! Bəs əgər zərurətdirsə bunca mücadilə nə üçündü? İbn Sinaya görə, fəlsəfənin əsas məqsədi də elmi öyrənməklə son nəticədə Allahı dərk etməkdir. Sən istəyəni gərək Allah da istəsin. 

Adam fikirləşdikcə başı gicəllənir, sanki sonu olmayan labirintə girib vurnuxmadayıq, nə yol tapıb çıxa, nə də əlimizi qaldırıb deyilənlərin həyatda mütləq bir qanunauyğunluğun olmasını da qəbul edə bilirik. Amma bəxt küləkləri bizi qova-qova özümüz də hiss etmədən bir oyundan digərinə ötürür, səhvlərimizlə, həqiqətlərimizlə birgə həyat adlı böyük oyunun sonuna aparır.

Bir xətt çəkdin, ömür qoydun adını,
Mən üstündə kədər yükü daşıdım.
Bir günüm də rahatlıqla keçmədi,
Qaça-qaça, qova-qova yaşadım.

Bəxt, qismət, tale, qədər.., insan zehnini həmişə məşğul edən fikirlərdir. Hər birimizin heç xəyal etmədiklərimizi də həyata keçirməyə daxili potensialımız var, amma İnsan həmişə olacaqları, gələcəkdə baş verəcək hadisələri qabaqcadan bilməyə meyl göstərib. Kimsə bu istəyini müqəddəs kitablardan, kimisi öncəgörənlərdən, bir başqası da falçı yanına getməklə ödəməyə çalışır. Y.V.Çəmənzəminli isə gələcək taleyini kitabın sətirlərinə əsasən bilməyə çalışarmış və bu, əksər hallarda da doğru olarmış. 

İnsanın ali hisslərindən biri sevgidir. Sevən qəlb gözəl olar, sevən insan heç vaxt pis düşünə bilməz, dahi Fizuliyə görə, eşq insanı ucaldan ən ali qabiliyyət, Dosteyevskiyə görə isə birini sevmək, onu Tanrının istədiyi kimi görməkdir. Amma hər ürək sevə bilmir, sevgi də özünə ən saf, pak, xıltsız qəlbi məskən seçir.

İnsanların birlikdə, bir ailədə yaşamağı üçün şərtlərin bəlkə də birincisi hesab edilən bu ali hissin həm də mühafizəyə, qorumağa ehtiyacı var. Olduqca incə, kövrək olduğundadır ki, bir acı baxışdan zədələnə bilər. Bu gün gənc ailələrin həyatın sınaq və çətinliklərinə duruş gətirə bilməməsinin, boşanma və ayrılıqların kökündə əsasən iki fərdin hələ bərkə-boşa düşməməsi, hisslərini saf-çürük etmədən tələsib nigaha daxil oması dayanır. İlk baxışdan bir-birinə xoş təsir bağışlayan gənclər bunu sevgi kimi qəbul edir, bu hissin yaratdığı illüziyalara aldanırlar. Halbuki ailə kimi nəhəng bir sistemin öz düsturu, öz qayda və qanunları vardır və həmin gənc hələ ki, bütün bunlardan xəbərsizdir.

...Bir üstəgəl birdi elə,
Eşqin bütün düsturları...

İki nəfərin izdivacından ailə yaranır və "yalnız böyük məhəbbət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldırmağa qadirdir". Bu gün uğursuz ailə həyatından əziyyət çəkən, yollarını ayırmaqda belə aciz qalan, bəzən ayrılmaq qərarı verən tərəfə (əsasən qadınlara) aqressiya göstərən, tolerant yanaşmayan, hətta tərəf müqabilinin cismani həyatına son qoymaqdan belə çəkinməyən nə qədər insanlar var. 

Halbuki ailə quran şəxslər bir-birinə həmfikir, həmdərd olmalı, sirdaş, arxadaş, dost olmalıdır. Əgər adam işdən çıxıb evinə tələsmirsə, demək, o ailədə bağlar hardasa qırılmışdır!.. Azərbaycan cəmiyyətində ailə dövlətin bir hissəsi olmaqla qanunla tənzimlənsə də, həm də yaşlı, ağsaqqal və ağbirçəklərin öyüd-nəsihətlərindən qidalanıb həmişə. Yeni ailə quranların ilk addımlarında səhv etməsi qaçılmazdır, təbiidir, məhz belə vaxtlarda bu yolu keçən böyüklərin onlara düzgün yol göstərməsi təqdirəlayiqdir.

Sevməyin nə xüsusi məktəbi var, nə də onu öyrədə bilən müəllimi. Sevginin ünvanı Allah, məskəni isə insanın qəlbidir. Heç ağlına gəlməyən yerdə dolar içinə, keçər qanına, hopar canına. Sevər, vurular və sevgisiylə də özünü vurar. Məhəbbət, illər sonra da  yenə hər gün bir-birini görmək həsrəti, sarılmaq, qayğısına qalmaq istəyidi, darıxmaqdı, hər gün eyni adamı sevə bilməkdi, gözünün baxdığın hər yerdə onu axtarmasıdı. Sevmək, özün qatlaşdığın əzabı sevdiyinə rəva görməməkdi. Və böyük məhəbbətlərin həm də böyük hörmət hissinə ehtiyacı var, axı hörmət hissindən məhrum olan sevgi yaşamaq haqqını da itirir.

Adam gedib yoldaş olur quşlara,
Yavaş-yavaş öz dilini unudur,
Yavaş-yavaş quş dilini öyrənir.
Ocaq qurub can qovurur hər gecə,
Od dilini, daş dilini öyrənir... 

P.S. Biz birgə yaşamağın düsturunu özümüz tapdıq, sevdik, inandıq, iki ömrü bir ömrə sığdıra bildik. Bu, əlbəttə, asan deyil, güzəştə də getdik, güzəşt də etdilər. Siz də o düsturu tapmağa çalışın, onda yaşamaq daha gözəl, həyat isə mənalı olacaq...
 

 





01.10.2021    çap et  çap et