525.Az

Ad günün - Şəhadətin


 

Ad günün - <b style="color:red"> Şəhadətin </b>

Hər şəhid bir bayraqdır,
Hər şəhid bir vətəndir.
Qaldırın göy üzünə!
Çiyninizin üstündə
Göyə dua göndərin!
O göyün duasıdı.
Ruhumun, mənliyimin,
Qələbə havasıdı!

Həm bu dünyadakı, həm də cənnətdəki evini nişan örpəyinə dönən üçrəngli bayraqla tanıdan şəhidlərimiz...Vətəni özlərinə ana, sevgili seçən oğullar. Haqqınız ödənərmi?

Daha bir vətən bayrağının, daha bir şəhidin cənnət qoxulu iziylə özümü odlu-alovlu savaşın içində gördüm. Onlar danışdı, mən yaşadım. Amma onların yaşadıqlarını heç vaxt yaşaya bilməzdim. Bir anını təsəvvür etmək belə çətindi, dəhşətlidi. Azad olan torpaqların hər qarışını qəhrəmanlıq dastanına döndərən igid oğullarımızdan biri də Elvindir. Nənəsi Nəcibə xanımın dediyi kimi minarə boylu, şəkil kimi, üzündən qəhrəmanlıq yağan bir bala idi Elvin.

Onların bu dünyadakı evləri ayrı-ayrı məkanda olsa da, cənnətdə hamısı bir ocağın insanı sayılır. Eyni məqsəd, eyni amal, eyni sevgi uğrunda şəhid olanların o dünyaları da eyni yerdədi.

Məmmədov Elvin Etibar  oğlu-1997-ci il oktyabrın 1- də Babək rayonunun Nəzərabad kəndində dünyaya göz açıb. Üç qardaşın sonbeşiyi olan Elvin 2004-cü ildə Babək rayonunun Didivar kənd orta məktəbində təhsil almağa başlayır. Uşaqlıqdan arzusu hərbçi olmaq olur. Buna görə də idmana böyük həvəs göstərir. Muxtar respublikada keçirilən cüdo üzrə yarışlarda dəfələrlə layiqli yer tutaraq diplomlarla təltif olunur. Balaca ürəyindəki vətən sevgisi onu 2012-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə oxumağa gətirib çıxarır. Artıq ilk addım atılır. Bu müqəddəs yolu davam etdirmək, daha güclü hərbi biliklərə yiyələnmək üçün Bakı şəhərindəki Cəmşid Naxçıvanski adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul edilir. Hərbçi peşəsi o yolu seçənlərdən səbr, dözüm, məsuliyyət, çeviklik, ən başlıcası vətənə hədsiz sevgi tələb edir. Bütün bunların hamısı Elvində vardı. Üstəlik ailəsinə bağlı, mehriban, gülərüz, qəlbə dəyməyən, böyüyün-kiçiyin yerini bilən biri kimi yaddaşlara köçüb.

Elvindən böyük olan iki qardaşı da hərbçidi. Baş leytenant Zaur Məmmədov və çavuş Seyfullah Məmmədov hal-hazırda vətənə hərbi xidmətlərini davam etdirirlər. Bir ailədə vətəni qoruyan üç igid oğul yetişibmiş. Elvin Məmmədov 2019-cu ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra təyinatına görə Beyləqan rayonunun N saylı hərbi hissəsində leytenant hərbi rütbəsilə xidmətə başlayır. Hələ ermənilərin 2020-il iyulun 12-də törətdikləri növbəti təxribat nəticəsində başlanan döyüşlərdə iştirak edən Elvin general Polad Həşimovun və digər döyüş yoldaşlarının ölümü ilə heç cür barışa bilmirdi. İçindəki intiqam alovu getdikcə alovlanırdı. Hər gün özünə “bəs nə vaxt, nə zaman olacaq?” deyə sual verərdi.
  
Zaman artıq yetişmişdi. Düşmən qarşılaşacağı həmlədən xəbəri yox halda öz alçaq, çirkin niyyətlərini davam etdirirdi. 2020-ci ilin sentyabrın 27-də düşmən növbəti dəfə atəşkəsi ciddi şəkildə pozur. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatlarına yollanan Elvin qırx dörd günlük müharibənin ilk hücum edənlərindən olur...
   
Danışdıqca gözləri dolanhərbçi, bununla belə oğlu haqqında fəxrlə danışan Etibar müəllim üç oğlu ilə hər zaman qürur duyduğunu söyləyir. Elvindən isə həsrətlə, sinəsi qabara-qabara söz açır:

-Elvin bu yolu özü seçdi. İki oğlum hərbçi olduğu üçün onun başqa peşəyə yiyələnməsini istəyirdim. Amma o məqsədindən dönmədi. Oxudu, özünü peşəkar hərbçi kimi yetişdirdi. Müharibə başlanan ilk gündən ön cəbhədə oldu. Sentyabrın 26-sı anası ilə danışmışdı. Onunla bütün ürək sirlərini paylaşardı. Mənimlə pərdəli dolanırdı. Bizi ayrı yerə aparacaqlar, dedi. Elvin müharibəyə gedəcəyini bilib, sadəcə əhvalımızı pozmamaq üçün demədi.

Anası:- Hə, balam mənə ürəyini açdı. Sevdiyi vardı. Uzaq olduğu üçün atasını güclə yola gətirmişdim ki, təki sevib xoşbəxt olsunlar. Mənə dedi ki, ana, sağ ol ki, atamı yola gətirdin. İnşallah, tezliklə gələrəm, nişan da olar, toy da. Sevdiyi qızın gözünü yollarda qoydu. Təzə maşın almışdı. Doyunca sürmədi. Arzuları ürəyində qaldı balamın.

Atası: - Deyir, sən saydığını say, gör fələk nə sayır. Bizim balamız şərəfli bir yolda canını qurban verdi. Vətən torpağının azadlığı üçün. Allah canını, qanını vətənə fəda edən bütün qəhrəman oğulların, şəhidlərimizin məkanını cənnət eləsin. Bir özümü ondan ötrü bağışlaya bilmirəm ki, Elvin son dəfə bizimlə sentyabrın 30-da telefonla danışdı. Artıq bilirdik ki, o müharibə bölgəsindədi. Özünüzə yaxşı baxın, sağlıq olsun görüşərik, dedi. Səhərisi, oktyabrın biri onun ad günü idi. Təbrik eləmək üçün nə qədər zəng vurduq... Telefona cavab verən olmadı.. Kaş ki, ayın 30-u balamın doğum gününü təbrik etsəydik....Demə, biz ona zəng vuranda artıq o şəhid olubmuş. Özünün ad gününə ən böyük hədiyyəsi –ŞƏHİD adı qazanması oldu...

Bəli, taleyin belə ağrılı  və eyni zamanda şərəfli təsadüfləri də olur.  Vətən müharibəsinin ilk şəhidlərindən olan Elvin Məmmədovun döyüş yolu Füzuli və Cəbrayıldan başlayır. Həm ailəsini, həm də onu tanıyanları dinlədikcə, gözümün önündə vətən üçün özünü sipər edən bir oğul, bir qardaş, bir dost, bir əsgər, bir qəhrəman heykəli ucalırdı.

Dostu, zabit və döyüş yoldaşı leytenant Novruz Bədəlov: Elvin haqqında danışmaq mənim üçün çox çətindi. Çünki bir yerdə oxumuşuq, bir yerdə işləmişik, bir otaqda qalmışıq, bir yerdə döyüşmüşük. Mənim qardaşım yoxdu, onu özümə qardaş bilirdim. Elvin ürəyi təmiz insan idi. Həqiqi bir dost idi. Öndə gedən zabit idi. Hər hansı bir tədbir olanda, harasa bir nümayəndə göndərmək lazım gələndə Elvini göndərərdilər. O zabit kimi çox bacarıqlı idi.  Biz həmişə onunla söhbət edirdik. Hamımızın içində olan vətən sevgisi onda da çox güclü idi. Torpaqları işğaldan nə zaman azad edəcəyik deyə həsrətlə gözləyirdik o günü. Demək ki, bu günləri görmək bizim qismətimizdə varmış. 27-si səhər- səhər döyüşə girəndə Elvin gülə-gülə dedi ki, qardaş, Allah qoysa, torpaqları alacağıq. Döyüşə də gülə-gülə girdi. Müharibə dəhşətləri başqa bir şeydi. Hər an ölümlə üz-üzə qalırdıq. Mən ondan qabaq yaralandım. Axırıncı dəfə onu döyüş maşınında gördüm. Başımdan yara almışdım. Nə oldu deyə soruşdu. Vuruldum, dedim. Allah qurtarıb, dedi. Mən də ona özünü qoru deyib, ondan ayrıldım. Və bir daha görmədim... Bugünkü qələbə sevincimizi Elvin kimi şəhidlərimizə borcluyuq. Allah ruhlarını şad eləsin! Onunla bağlı o qədər xatirələrim var ki.... Elvin bizim çatmadığımız bir zirvəyə yüksəldi...

Sentyabrın 27-dən oktyabrın birinə kimi düşmənin xeyli canlı və hərbi qüvvəsini məhv edən Elvingil mühasirədə qalırlar. Onunla birlikdə döyüşdə olan leytenant Məhəmmədəli Səfərli minamyot atəşi nəticəsində ayaqlarından yaralanan Elvini müalicə məqsədilə BTR-82 zirehli transportiyora qoyub Füzuli rayonunda yerləşən Əhmədbəyli hospitalına göndərir. Amma verdiyi itkilərdən azğınlaşmış erməni vəhşiləri yolda tankı raketlə vururlar. İgid qardaşımız elə doğulduğu gündə, oktyabrın 1-də də ən böyük arzusuna, şəhadətinə qovuşur. 6 oktyabr 2020-ci ildə anadan olduğu Nəzərabad kəndində son mənzilinə yola salınır.

 Son anında sevdiyi qızla və qardaşları ilə halallaşıb. Ən böyük arzusu torpaqlarımız azad olandan sonra sevdiyinə qovuşmaq idi. Amma vətən aşiqi şairimiz Abbas Səhhətin misralarını ürəyinə həkk etdi nakam şəhidimiz:
Könlümün sevgili-məhbubi mənim
Vətənimdir, vətənimdir, vətənim!

Anasına “Müharibədi, ana, hər şey ola bilər. Allaha təvəkkül!”- demişdi Elvin... Bəli, bu müharibədə hər şey oldu. Ən başlıcası Qələbənin nə qədər gözəl, möhtəşəm, qürurverici bir hiss olduğunu yaşadıq, gördük. Bu hissi bizə yaşadanların qarşısında baş əyirik. Sonunda zəfər qazandığımız müharibə bizə minlərlə igid oğullarımızın qanı bahasına başa gəldi. Hər gün televiziya ekranlarında, sosial şəbəkələrdə və elə canlı olaraq gördüyümüz yarıcan, vətən bütöv olsun deyə, ona baş, göz, əl, ayaq olan qəhrəmanlarımızın sağlığı bahasına qazanıldı. 

Evimin sonbeşiyi,
Minarə boylu oğlum.
Nişanı gözü yolda,
Yarımçıq toylu oğlum.

Əsgər, hərbçi olmaq
Uşaqlıq arzun idi.
Ömrün qış görməmişdi,
Baharın, yazın idi.

Döyüşə gülə-gülə
Girib kama çatanım.
Dəmir yumruqlarıyla
Düşməni ağladanım.

Vətəni yarı bilən,
“Və” yi “tən”ə çatdıran.
Torpağa həsrətlini
Sən,vətənə çatdıran. 

Səndən deyib danışır,
Döyüş, can yoldaşların.
Bir gündə şəhid olub,
Sənlə qan yoldaşların.

Bu dünyada eviniz
Ayı-ayrı olsa da.
Cənnətdə qovuşdunuz
Bir məkana, bir ada.

Sən vətənin övladı,
Ananın Elvin oğlu.
Ad gününə hədiyyən
Mərd şəhid adı oldu.

Eyni gündə doğulub, 
şəhadətə yetənim.
Xarıbülbülə dönüb
Qarabağda bitənim.

Hər bir vətən övladı şəhidlərimizə olan borcunu bir yolla ödəməyə, onların xatirəsini hər zaman əziz tutmağa çalışır. Nurüzlü şəhidimizin xatirəsinə Sənan Mehdioğlunun ifasında “Şəhidim-Elvinim” adlı mahnı yazılıb, oxunub. Elvin Məmmədov ölümündən sonra ölkə Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunması uğrunda” və “Vətən uğrunda” medalları ilə təltif olundu. Ən böyük mükafatı isə mənsub olduğu xalqı öz bütövlüyünə, azadlığına qovuşdurması oldu... Məkanın cənnət, ruhun şad olsun, ŞƏHİDİM!
                                                                                                                                               

ŞƏHİD ANASI

Gözlərində öğlunun şəklini gördüm, ana,
O hələ körpə idi, hələ dil açmamışdı.
Səni “ana “ çağıran sözdən xəbəri yoxdu,
Öz evindən qırağa bir addım atmamışdı.

Qaragilə gözləri hər baxana gülürdü,
Dostunu, düşmənini tanıtmışdın ona sən.
Oyuncaq silahıyla “düşmənə “- Atəş!- deyir,
Deyirdin, dost sözünü, gəl vaxtında sına sən.

Geyindirib məktəbə yola salırdın onu.
Böyüdükcə arzular, əməllər böyüyürdü.
Üst-başı qara torpaq evinə dönən zaman
Içində vətən adlı bir təməl böyüyürdü.

Daha boyu ucalmış, boyun bərabəriydi,
Əsgər olub vətəni qorumağa getmişdi.
Düşməndən qisas almaq vətəninə sözüydü,
Qanayan yaraları sarımağa getmişdi.

Qulağın səsdə qaldı hər zəng səsi gələndə,
Bəlkə bir xəbər ola evinin çırağından.
 Soruşdun dostlarından, əsgər qardaşlarından,
Qalmısan şəhid olan bir bala sorağında.

Indi sənə baxdıqca yanır, qovrulur ürək,
Gözündəki həsrətin odu yandırır məni.
Analar şəhid olur oğul şəhid olanda,
Buküldüyü bayrağın adı qaldırır səni.

Mən qürurla baxıram ağ saça, qırış üzə,
Gözünlə “Mənim oğlum dünyaya tən” deyirsən.
Danışıram səninlə, sözlərin od püskürür,
Hər sözünün əvvəli, sonu “Vətən” deyirsən..

Hər adını çəkəndə qəlbin deyib- gülürdü.
Sən oğluna nə gözəl ad qoyub, çağırırsan.
Şəhid olub adını “ŞƏHİD ANASI” qoydu,
 Bu adı gözlərində qürurla daşıyırsan.

Təranə Arifqızı
 

 





01.10.2021    çap et  çap et