525.Az

Kirpi dilemması... - Türkan Turan yazır


 

Kirpi dilemması... -<b style="color:red"> Türkan Turan yazır</b>

Bir-birinin şifrəsini öyrənmək üçün dəridən-qabıqdan çıxmaq, mesajlarını oxumaq, cangüdən kimi qarabaqara izləmək, harda, kimlə olduğuna dair mütəmadi sorğuya çəkmək, "oturduğun yerdən şəkil çək göndər" demək və s. aradakı sərhədin kobud şəkildə pozulması deməkdir.

Münasibətlərdəki qırıcılıq, dağıdıcılıq, bir-birinin "ərazilərini" işğal etmək halları çoxumuza məlumdur. Vəziyyətin bu həddə çatmağının səbəbini axtarırıq. Halbuki insan münasibətləri şüur formalaşandan bəri belədir. Yüz illər əvvəl yazılan kitablar, şeirlər, romanlar, dildən-dilə keçib gələn məsəllər, atalar sözləri də göstərir ki, sakitlik və anlayış içində davam etməkdə çətinlik çəkirik. Buna dair ən gözəl ikicildli kitablardan biridir Arthur Şopenhaurun qələmə aldığı, "Parerga və Parapomena və ya qısa fəlsəfi esselər". Filosof münasibətlərdə həddi aşmağı "Kirpi dilemması" olaraq izah edib. Şaxtalı bir qış səhəri kirpilər donmamaq üçün bir-birinə yaxınlaşırlar. Bir az isindikdən sonra oxlarının bir-birinə batdığını hiss edir, tez uzaqlaşırlar. Çox keçmir ki, yenidən üşüməyə başlayır və birləşirlər. Oxların daha sərt şəkildə batdığını görür yenidən kənara çəkilirlər. Proses xeyli davam edir, axırda həm soyuqdan donmayacaqları, həm də oxlarının bir-birinə batmayacağı məsafəni müəyyən edərək bir-biriləri ilə qalmağı bacarırlar. Bu, yaxınlığın və uzaqlığın acınacaqlı olduğunu kirpilərin davranışıları əsasında göstərən bir nəzəriyyədir. Bu nəzəriyyəyə görə, əskiklik yaşadığımız və daxili boşluq üzərində qurduğumuz münasibətlərdə həddən artıq yaxınlaşaraq bir-birimizi narahat etməyə başlayırıq. Filosof kirpinin məruz qaldığı soyuğu insanın içindəki uçurumla, digər kirpilərlə yaxınlaşma istəyini başqalarında axtardığımız təsəlli və sağalma gücünə bənzədir. Oxlar isə bir-birini incidən, məsafə istəyini heçə sayan bir çox xüsusiyyətlə qarşılaşdıra bilərik.

Zidliklər, dözümsüz yanaşılan xətalar adamları bir-birindən uzaqlaşdırır. Amma sonda eyni yerdə var olacaqları, nəzakət və anlayışın müəyyən etdiyi nöqtədə birləşirlər. Həmin nöqtədə ətrafın istiliyini hiss etmək arzusu qismən təmin edilir, tikanların verdiyi ağrı hiss edilmir. Daxili istiliyi çox yüksək olanlar isə nə sıxıntı vermək istəyir, nə də eynisini yaşamağı arzu edir, sadəcə uzaqlaşmağı seçirlər.

Siqmund Freydin Kirpi dilemması da qaynaq göstərilən nəzəriyyə idi. Amerikaya nifrət etməyinə rəğmən, kirpi tapmaq və bu mövzuda seminar vermək üçün bu ölkəni ziyarət etmişdi. Freyd deyir ki, "Heç kim qonşusuna həddən artıq yaxınlaşmağa qatlana bilmir". Bununla birlikdə o da cəmiyyətləri bir-birinə isinmək üçün yaxınlaşan kirpilərə bənzədir. İnsanların bir-birindən nə qopa bildiyi, nə də zidd fikirləri bir-birinə sırımaqdan əl çəkə bildiyini dilə gətirir. Məsafəsiz, sərhəd bilmədən "ərazi bütövlüyünə" hörmət etməyən insanlar sonunda böyük xəyal qırıqlığı yaşadıqları dəyişməyən bir gerçəkdir. Nə qədər həlim, anlayışlı olsaq belə, kimsəylə hesablaşmayacağımız, sərbəst, əngəlsiz yaşamağı haqq görürük. Təbii ki, doğru olan budur! Başqalarından asılı olmayan həyat insanı güclü edir, dözümlülüyünü artırır. Ona görə də, doğru məsafəni təyin edə bilmək vacibdir. Hər bir şəxs digərinə görə anormal xüsusiyyətlər daşıyır, həddən artıq yaxınlıq bu özəlliklərə gərəyindən artıq məruz qalmağımız anlamına gəlir. İnsanları bir araya gətirən ehtiyaclar var. Bu ehtiyaclar bəzən ümumi, bəzən fərdi ola bilir və hər birimizi sosial həyata sövq edir. Ən pisi isə sosiallaşma zamanı düşüncələrimizi zorla qarşıdakının beyninə yeritmək, şəxsi fikri və həssasiyyətinə baxmayaraq, bizim kimi düşünməyə məcbur etməklə ruhunu və beynini zədələyirik. Tarixə nəzər yetirəndə insan münasibətlərini qaydaya salmaq və sağlamlaşdırmaq üçün xeyli hüquqi və mədəni davranış qaydaları tətbiq edildiyini görürük. Buna yontulmaq deyilir, amma təəssüf ki, tamamilə cilalanmaq mümkün deyil. İncə rəftar, kültür səviyyəsi, ən əsası özümüz üçün müəyyən etdiyimiz sərhəd münasibətlərimizin formalaşması üçün xüsusi önəm daşıyır. Bütün bunlar özünə hörmətlə bütünlük təşkil edərsə, daha uğurlu münasibətlər qura bilərik. Məsafə həm də təkbaşına qalmağı gözə almaq deməkdir. Bax, elə qorxduğumuz da budur; tək qalmaqdansa kiməsə söykənmək istəyirik. Bu vaxt da yıxılmaq qaçılmaz olur. Paskalın möhtəşəm bir sözü var, "Bədbəxtliyin tək səbəbi, insanın otağında səssizcə necə oturacağını bilməməsidir". Bunu bacardığımız zaman başqaları ilə doğru nöqtəni də müəyyən edəcəyik. Nə çox uzaqlaşıb donacağıq, nə çox yaxınlaşıb "yanacağıq". Həyatın gerçəyi budur: Kirpi dilemması!
 

 





02.10.2021    çap et  çap et