525.Az

..."Adil Şamiloğlu" sözünü gördüm" - Qəşəm Nəcəfzadə yazır


 

DƏYƏRLİ QƏLƏM DOSTUMUN 60 YAŞINA

..."Adil Şamiloğlu" sözünü gördüm" -<b style="color:red"> Qəşəm Nəcəfzadə yazır</b>

Şəmkir rayonunun Sərxan kəndində yaşayan, elə həmin kənddə də Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən və bu il 60 illik yubileyini qeyd edən Adil Şamiloğlu uzun illərdən bəri dövrü mətbuatda çap olunan şeirləri ilə mənim düşəncəmdə özü haqqında müəyyən bir fikir formalışdırdı və güman edirəm ki, ədəbiyyatla məşğul olan bir çox adamlarda da belədir. Onun "Əyalət şairləri" şeirini oxuyanda çox kövrəldim və bu şeir məni gənclik illərimə apardı. Bakıdan gələn şairlərlə rayonda görüş keçirilirdi və axırda güc-bəla ilə raykom katibi mənə söz verdi. Sözü də belə dedi: "İndi də söz verilir yerli şairə". Yəni mənə. Nədənsə səhnəyə çatanacan kürəyimdə adamların kinayəli irişmələrini hiss etdim və o irişmələri bu günə qədər kürəyimdə hiss edirəm. Səhv etmirəmsə, Xalq şairi Sabir Rüstəmxanlının bu mövzuda bir şeiri var. Adil Şamiloğlunun aşağıdakı şeiri mənə bu qədər duyğuları xatırlada bilirsə, demək, bu şeir yaşadığımız həyatı çox dürüst şəkildə ifadə edir.

Yazarlar həm əruzda, həm sərbəstdə, hecada,
Cavan şair olarmı əlli yaşlı qocadan?
Onsuz da eşidilməz, danışmazlar ucadan,
Əyalət şairləri...

Aşağıdakı iki misrada qarşılaşdırma, müqayisə və bir də bunun üstünə gəlsək; axıcılıq, orijinal ifadə tərzi göstər ki, şair çox mətləblərdən halıdı və iki misraya qədər uzun yol keçib, həyatın bərkinə- boşuna düşüb, ömrün 60-ında mərkəzdən uzaq olsa da, özündən uzaq deyil. Elə əsas məsələ özündən uzaq olmamaqdır.

Mərkəzdən uzaqsa da, uzaq deyil özündən,
Mərkəz çap etməsə də, el danışır sözündən.

Adil Şamiloğlu ədəbiyyata xidmət edir, həm öz şeirləri, həm də işlədiyi orta məktəbdə keçirdiyi ədəbi-bədii gecələri ilə, yeni kitabların müzakirəsi ilə, şagirdlərdə ədəbiyyata maraq hissini aşılamaqla. Bu iki gözəl hissin bir canda olması insanı el-obası üçün, kənd- kəsəyi üçün, bütövlükdə götürəndə müxtəlif bölgələrdə yazıb yaradan adamlar üçün sevimli edir.

Bu ilin yayında Gədəbəyə gedirdim, hava yağışlı, dumanlı, axşama işləyən vaxt məni sıxanda qəflətən Şəmkirin Sərxan kəndinin mərkəzində gözəl şairimiz Səyavuş Sərxanlının doğma kəndində vüqarlı, həmişəki kimi saçları arxaya daranmış büstünü gördüm, elə bildim, bu qərib yerdə mənə qəmxar, dost çıxan kimsə var. Səyavuş mənə "gülümsədi", "xoş gəlmisən" dedi, mənə tərəf gəlmək istədi, ancaq peydestalı hündür olduğundan aşağı düşə bilmədi. Bununla nəyi demək istəyirəm? Qərib, uzaq bir kəndi Səyavuş Sərxanlı mənə doğmalaşdırdı. Demək, kəndin ən doğma, ən tanış, ən istəkli adamları onun şairləridir. Bir az irəli gedəndə yolu keçən bir nəfərdən Adil Şamili soruşdum, o da, sağ olsun, məni apardı Gədəbəyə gedən yolun sol sahilində yerləşən evinə. Bu da doğma bir ünvan. Nə vaxtsa bir yazıda oxumuşdum ki, şairlərin hamısı bir-biri ilə qohumdur. Elə bu yerdə gözəl şairlərimiz, bu torpaqda doğulan Məzahir Hüseynzadəni, Vasif Süleymanı, Məhəmməd Turanı xatırladım, birdən-birə hər şey mənə doğmalaşdı, yol da, yal da yamac da. Burdan isə Gədəbəyə şair dostum Sahib Camalgilə gedəcəkdim. Şairlər doğulduqları yerlərin ən işıqlı ünvanlarıdır.

Yuxarıda Adilin "Əyalət şairləri" şeirindən yarızarafat, yarıciddi bəhs edəndə içimdə bir ümid işığı parladı ki, artıq şair qardaşım Sovet dövründə xas olan "kənd şairi" deyil. Onun ölkəmizdə xeyli sayda oxuculaı var. İnternet saytlarında və sosial şəbəkələrdə onun ünvanını axtardım, şeirlərinə yazılan rəyləri gördüm. Qərarım bu oldu ki, Adil kənd yox ey, lap "mərkəz" şairdir. Yəni bu gün internet əsrində şairin fiziki mənada harada yaşaması deyil, şeirlərinin, xüsusən ruhunun dünyəvi olmasıdır. Özünün dediyi kimi:

Bu həyatı hərə bir cür yaşadı,
Mən də elə öz ömrümü yaşadım.

Amma bu ömür təkcə sənin deyil. Dünyanın kiçik bir hissəsidir ömür. Bu dünyanın hər şeylə, hər kəslə əlaqəsi var. Hətta deyərdim ki, Sakit okeanla da. Görürsən, məsələ hara gedib çıxır, lap dünyanın o başına.

Sevincim ölür içimdə,
Qəmim göz yaşımdan çıxır.

Bəlkə elə gözdən çıxan göz yaşı, yəni qəm, içdə ölən sevincin tabutudur. Sevinc ölməsə, gözdən qəm yağışları yağmaz. Necə ki, sədəf abı- neysan görməyincə, gövhər verməz. Baxın, bu kiçik bənd hansı situasiyalara gedib çıxır. Aşğıdakı bənddə olduğu kimi: 

Ömür-gün ötür, çürüyür,
Dünya üstümə yürüyür.
İçim yanır, tüstülüyür,
Alovum başımdan çıxır.

Bir hadisənin bitməsi başqa bir hadisənin başlamasına səbəbdir. Reaksiyaya girən maddələrin reaksiyadan çıxan maddələrin çəkişi ilə eynidir. Şair şeirini "olmuş"lardan və "olacaq"lardan keçirir. Poeziya da elə burdan başlayır.

Həyatda qapılar cürbəcür...
Birtağlı, çoxtağlı qapılar...
Tapılar, bilirəm, gəzdiyim
O nurlu, çıraqlı qapılar.

Nə çoxdur qapıda dayanan,
O yandan, bu yandan boylanan.
Qapılar yanaşı, yanbayan,
İznli, yasaqlı qapılar.

Yaşadığı sosial həyatın şəklini çəkən, təkcə fiziki mənada yox, şəklin arxasında baş verən hadisələri göstərən və hər gün rastlaşdığımız bu qapılar aşağı- yuxarı açılır örtülür. Əli Kərim bu qapıları bir zamanlar başqa cür yazıb: qapılar açılıb örtülür gah yerin altına, gah yerin üstünə. Qapılar təkcə bir idarə müdirinin deyil, daha geniş alnam daşıyan, dünya qapısını döyən və bu "get-gəllər"in, faniliyin, dünyadan çıxanların və dünyaya gələnlərin qapısıdır. Böyük Füzuli deyirdi ki, qocaların belə ona görə əyilir ki, onlar dünya qapısından çıxmağa hazırlaşırlar. Gözəl şairimiz Vaqif Bəhmənli də yazır: Yaşadığım kirayə evlərin qapısı alçaq idi deyə, əyildim. Baxın, bu qapı məsələsi gedib haralara çıxır.

Bu dağlar qoynunda qocalım deyə,
Əyildim, önündə ucalım deyə.
Səndən ilham alım, güc alım deyə
Hər an torpağında dizimi gördüm.

Adil Şamiloğlunun evindən o tərəfə Gədəbəyin dolayları başlayır. O dolama yolları çıxmaq nə qədər gözəldisə, elə kənardan tamaşa etmək və "küş qılmaq" bir o qədər gözəldi. Yəni güman edirsən ki, sən gözəl, mənzərəli o yolları hər ban çıxa bilərsən və çıxacaqsan. Bu mənada internetdə Adil Şamiloğlunu axtararkən onun bütün şəkillərini təbiətin qoynunda çəkildiyini gördüm. Bu şəkillərdə şair həmişə dizini ana torpağa söykəyib ayağa qalxır. Hələ ayaq üstə durmaq yuxarı qalxmaq deyil, gərək torpağa dizlərini qoyub ayağa qalxasan, onda daha güclü olursan. Şair təbiəti gəzib gələndən sonra onun füsünkarlığına şeirlər yazır. Və bir səhər iş stoluna baxır ki:

Səhər açılanda baxdım varağa,
"Adil Şamiloğlu" sözünü gördüm.

Adil Şamiloğlu 60 yaşını aşırıb 70-ə doğru irəliləməkdədir. Dünyanın ən gözəl bir kəndində doğulmaq, yazıb-yaratmaq ən böyük xöşbəxtlikdir. Və hər şeirdən sonra "Dan yeritək sökülürəm" deməyin özü də xalqınla, şeirlə, ədəbiyyatla bir olmaqdır. Mən şair dostumu 60 illik yubileyi münasibəti ilə təbrik edir, yaradıcılığında yeni-yeni uğurlar arzulayıram!
 

 





04.10.2021    çap et  çap et