525.Az

Müəllimlər müəllimi - Həbib xan Naxçıvanski


 

BÖYÜK NƏSLİN DƏYƏRLİ NÜMAYƏNDƏSİ İLƏ BİR GÖRÜŞDƏN YADİGAR QEYDLƏR

Müəllimlər müəllimi - <b style="color:red"> Həbib xan Naxçıvanski </b>

Tariximizin şanlı səhifələrində dərin izlər qoyan nəsillərdən biri də Kəngərli-Naxçıvanskilərdir. Tam süvari generalı İsmayıl xanın oğul nəvəsi Əkbər xan Naxçıvanski də dövrünün tanınmış şəxsiyyətlərindən biri olub. Onunla bağlı ilk yazımı 2002-ci ildə yazmışam. Amma o vaxtlar Əkbər xan haqqında arxiv sənədləri tapılmadığından onun haqqında ətraflı yazmaq çətin idi. Buna görə də həmin illərdə Əkbər xanın sağ qalan varisləri ilə söhbətləşmək və öyrənmək üçün onları axtarıb tapırdım. O vaxtlar Əkbər xanın qızı Əxtər xanım Naxçıvanda yaşadığından ilk dəfə olaraq onunla görüşdüm. Yaddaşında olanları dəftərçəmə köçürdüm. Onun dedikləri sonrakı axtarışlara yol açdı. MDB məkanındakı arxivlərdən sənədlərin də tapılmasına kömək oldu. Bir az irəli gedib deyim ki, sonralar Əkbər xan Naxçıvanskinin həyatı və fəaliyyəti ilə bağlı əhatəli yazılar çap etdirdim. Amma indi təkrarən o illərə - 2002-ci ilə xəyalən qayıdıram. İstəyirəm ki, ustad pedaqoq Həbib xan Əkbər xan oğlu ilə görüşümüzü qələmə alam. 

Əxtər xanımdan öyrənirəm ki, qardaşı Həbib xan sağdır və Oğuzda yaşayır. Hazırlaşıram Həbib xanla görüşə və avqust ayının 9-da səhər Naxçıvandan təyyarə ilə yola düşürəm. Həmin günün axşamı Oğuza yollanıram. Artıq avqustun 10-da sübh yezdən Oğuzdayam. Təmiz havası var buradakı meşələrin. 

Şəhər çox xoşuma gəlir. Beynəlmiləl şəhərləri, kəndləri çox xoşlayıram. Şəhər İcra Hakimiyyətinə gedib Həbib xanın orada işləyən oğlu Yusif müəllimlə görüşürəm. Yusif müəllim deyir ki, bax, üzüyuxarı bu küçə ilə gedin, 1 №-li ev bizimdir. Mən işdə olduğumdan nahar fasiləsində gələcəyəm. Üzüyuxarı qalxdıqca Həbib müəllimin yaşadığı küçənin adını da bilmək istəyirəm. Küçənin adını lövhədə oxuyuram: Həbib Naxçıvanski küçəsi. Sevinirəm ki, həmyerlimiz Həbib xan burada o qədər məşhur pedaqoq olub ki, hələ sağlığında yaşadığı Oğuz şəhərində onun adına küçə var. 

Artıq Həbib xanın evindəyəm. Hündürboylu, ağbəniz, bir az da sarışın Həbib xanla görüşürük. Ulu əcdadlarının vətəni Naxçıvandan salamlar yetirirəm. Yanında həyat yoldaşı və 2 oğul nəvəsi səmimiyyətlə, maraqla bizim görüşümüzə baxırlar.

Doğma insanlar kimi görüşdükdən sonra maraqla Həbib xana qulaq asıram:

"Mən 1914-cü ildə, iyun ayının 15-də Naxçıvanda, Xan Dikindəki mülkümüzdə anadan olmuşam. Atam Əkbər xanın çoxlu uşağı vardı. Amma çox dövlətli olduğundan hər birimizin ayrılıqda dayəsi, süd anası vardı. Mənim 6 yaşım olanda Naxçıvanda Sovet hökuməti quruldu. Bizim var-dövlətimizi və mülkümüzü əlimizdən aldılar. Zadəganlar tələm-tələsik mühacirət edirdilər ki, bolşeviklər onları işgəncə ilə öldürməsinlər. Amma atam ailəsini buraxıb heç hara getmədi. Müsibətli günlərimiz başladı. Atamı tez-tez istintaqa çağırırdılar. Atam evə qayıdanda heç nə demirdi. Amma anam Aqiyə ilə kənara çəkilib pıçıltı ilə danışırdılar. Bir dəfə eşitdim ki, anama deyir: Aqiyə, qızlardan muğayat ol, onları qoru.

Bolşeviklər şəhərə daxil olan günün səhəri atamı həbs edib 19 gün həbsdə saxlamışdılar.

1925-ci ildə atamın sahib olduğu torpaqların hamısını əlindən aldılar. Böyük ailəmizi dolandırmaq üçün atam müxtəlif sahələrdə işləyirdi. Amma buna da imkan vermirdilər. Onun axırıncı iş yeri şəhər xəstəxanasında təsərrüfat müdiri vəzifəsi olmuşdu. 1926-cı ildə Azərbaycan Siyasi İdarəsinin göstərişi ilə atamı işdən çıxardılar. Bir neçə ay işsiz qalan atam kooperativittifaqda mərkəzi anbarın müdir müavini vəzifəsində işə düzəldi. 9 fevral 1928-ci ildə atamı yenidən həbs etdilər və onu iyun ayında Bakıya göndərdilər. 

5 sentyabr 1929-cu ilədək atamı istintaq edir və müxtəlif bəhanələr uydururdular. Bakıda atama 3 illik həbs verdilər və Sibirə göndərmək istəyirdilər. Zaqafqaziya Siyasi İdarəsi 1929-cu il noyabrın 10-da işə yenidən baxdı və göstəriş verdi ki, Sibirə yox, uzaq Şimala - Solovetsk konslagerinə göndərsinlər.

13 yanvar 1930-cu ildə həbs müddətini 5 ilədək artırdılar və Arxangelsk vilayətindəki Kotlas şəhərinə göndərməyi əmrləşdirdilər. 8 aprel 1930-cu ildə atamı Kotlas şəhərinə göndərdilər. Atam əmisi Bəhman xanın qızı Aqiyə ilə ailə qurmuşdu. Hər ikisi süvari generalı İsmayıl xanın nəvələri idilər. 1956-cı ildə atam sürgündən qayıtdı. Onu Naxçıvana buraxmadılar. Atam Oğuza, mənim yanıma gəldi, iki il bizdə qaldı. Həyat yoldaşım Şəkili Rəşid bəyin qızı Səriyyə müəllimə ona öz atası kimi qulluq edirdi.

***

Həbib xanın xalası Zivər xanım və Tovuz xalasının uşaqları Nazxanım və Allahyar xan.

***

Bir gün atam mənə dedi ki, oğul, Naxçıvan torpağı məni çəkir, hökmən getməliyəm. Ancaq onun övladlarının hamısı pərən-pərən düşmüşdü. Atam getdi Naxçıvana. 1961-cı ildə qızı Reyhanatgildə vəfat etdi. İndi gələk mətləbə. Bu illərdə mən Naxçıvanda kişilər üçün pedaqoji məktəbdə oxudum. 

Onu da deyim ki, atam çox bilikli adam idi və bir neçə dili mükəmməl bilirdi. İstəyirdi ki, balaları da yaxşı oxusunlar, yaxşı mütəxəssislər olsunlar. Atamın çox zəngin kitabxanası var idi. Ən çox Nizami Gəncəvini oxuyardı. Mən də Nizamisevərəm. Onun əsərlərini çox oxuyuram. Hətta indi sənə bəzi parçalardan əzbər də deyərəm və bədahətən söyləyir...

1927-ci ildə mən pedaqoji texnikumu bitirdim. Təyinatımı Şahbuz rayonunun dağ kəndi olan Nursa verdilər. Nurs dağların zirvəsində olan gözəl kənddir. Amma kənddə savadsız adamlar çox idi. Gənc olsam da, ömrümü həmişəlik xalqımın maariflənməsi və savadlanması işinə həsr etməyi qərara aldım. 

Çətin illər idi. Çətinlikləri aradan qaldırmaq böyük iradə tələb edirdi. Məktəbi, sinif otaqlarını təşkil etmək lazım idi. Məktəbə ən zəruri avadanlıq və tədris lövhələri gətirmək lazım idi. Elə illər idi ki, dərslik-filan yox dərəcəsində idi. Müəllim üçün proqramlar, metodik və əyani vəsaitlər yox idi. Bunların hamısını özüm hazırlamalı idim. Mən bu çətinliklərdən qorxmadım və böyük həvəslə işə girişdim və bacardım.

Az vaxt ərzində mən məktəb yaşlı oğlanları və qızları məktəbə gətirə bildim. Bu işdə işgüzarlığım və səmimiliyim mənə çox kömək elədi. Valideynlərlə dil tapa bildim. Bundan başqa, Nurs kəndinin qadın və kişilərini də savadsızlığın ləğvi kurslarına cəlb edə bildim. Getdikcə Naxçıvanda işlərimiz daha da çətinləşirdi. Anama kömək edirdim ki, bacı-qardaşlarımı bir yana çıxara bilsin. Anam və qohumlarım məsləhət gördü ki, həbs olunmamaq üçün mən Naxçıvandan çıxıb getməliyəm. Buna razı ola bilmirdim. Naxçıvan mənim əcdadlarımın ruhunun dolaşdığı bir məkandır. Necə tərk edim buranı? Doğmalarımdan ayrılım? Başqa çıxış yolu yox idi. 1936-cı ildə artıq ağır vaxtlar, dəhşətli repressiyalar başlamışdı və geniş vüsət tapmışdı.

1936-cı ildə mən uzaq Vartaşen (indiki Oğuz) şəhərinə getdim. Bir az gözdən uzaq yerə getdim ki, Naxçıvanskilərin əleyhdarlarlarının gözlərinə görünməyim.

Həmin il mən (Oğuzda) Bucaq kənd məktəbinə müəllim təyin edildim. Maarif işinə həvəsimi görüb 1943-cü ildə məni rayonda təşkil edilmiş uşaq evinə müdir müavini vəzifəsinə təyin etdilər. Burada kimsəsiz uşaqlara böyük qayğı göstərir və qürbətdə darıxmamağa çalışırdım. Bu uşaqlara əsl atalıq qayğısı göstərirdim. Maaşımı alan kimi uşaqlara çörək və paltar alırdım. Səhhətimə görə məni müharibəyə aparmadılar. Buna görə də mən həm də müharibəyə gedən müəllimlərin də əvəzinə işləyirdim. Uşaq evində böyüyən uşaqların kədərli və iztirablı taleləri var. Bu saf, məsum uşaqların gözlərinin dərinliyində elə qəm vardı ki! Baxanda o qəm ürəyimi göynədirdi. Çalışırdım ki, onların qırıq qəlblərini sevindirim. Onları sevinən görəndə elə bil dünyanı mənə bağışlayırdılar. Qeyd edim ki, qardaşım Aman (1925) də mənimlə birgə yaşayırdı. İkinci Dünya müharibəsinə getdi və itkin düşdü. 1944-cü ildə məni Padar kənd orta məktəbinə direktor göndərdilər. 1951-ci ilə rayon maarif şöbəsinə metodiki kabinəyə müdir təyin etdilər. 

Amma müəllimliyə o qədər bağlı idim ki, məktəbsiz və şagirdlərsiz qala bilmirdim. Həm də dərs deyirdim. Mən istəyirdim ki, ali təhsil alım. Ona görə də 1950-ci ildə sənədlərimi Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutuna verdim və daxil oldum. 1955-ci ildə həmin institutu əla qiymətlərlə bitirdim..." 

Biz hamımız, pedaqoqun sədaqətli həyat yoldaşı Səriyyə müəllimə, nəvələri Cəmşid, Kamran, qızı Adilə müəllimə və mən böyük maraqla qulaq asırdıq. Yeri gəlmişkən, Səriyyə müəllimə Qədimova (1922-2019, 19 oktyabr) Şəkili Rəşid bəyin qızıdır. Həbib müəllim ömrünün 60 və Səriyyə müəllimə ömrünün 40 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Onların qonaqları olduğum müddətdə hiss etdim ki, hər ikisi də insanpərvərdilər. Şəki-Zaqatala-Oğuz zonasında əsl xalq müəllimi kimi tanınan və sevilən Həbib müəllim 1957-ci ildə "Qabaqcıl maarif xadimi" adını, 1975-ci ildə "Əmək veteranı" adını və müxtəlif medallar almışdı. 1960-cı ildə isə ona "Azərbaycan SSR-in Əməkdar müəllimi" adı verilmişdi. Həbib müəllim və Səriyyə müəllimə cəmiyyətimizə layiq övladlar böyütmüşlər: Mahir, Aqiyə, Yusif, Adilə və Natəvan.

Həbib müəllim öz övladlarını vətənə sədaqət ruhunda yetişdirib. 

Xəyalən 2002-ci ilin 10 avqustuna qayıdıram. Həbib xanla görüşəndən və xeyli dərdləşəndən sonra Bakıya, oradan da Naxçıvana getməliyəm. Artıq axşamdır. Həbib xanla və yaxınları ilə sağollaşıram. Həbib xan mənə yadigar fotoşəkil bağışlayır. Fotoşəklin arxasında öz dəsti xətti ilə belə yazıb: "Naxçıvanskilərlə çox maraqlandığınız üçün sizə çox minnətdaram. Şəklimizi sizə yadigar veririk. Həbib xan və Səriyyə xanım. 10 avqust 2002".  

Oğuzdan Bakıya dönəndə, bütün yolu, gecəni Naxçıvanskilərin 87 yaşlı varisi Həbib xanla söhbətimizi təkrar-təkrar xatırlayıram. 

Həbib xan kövrəlir, ağlayır... Onun bu göz yaşlarında qəribə bir vətən həsrəti var. Ayrılanda Həbib xan dedi: "Naxçıvanı elə ürəyim istəyir ki! Ora ata-ana vətənimdir..."

Onun ayrılıq vaxtı dediyi sözlərdə qəribə kədər ladları vardı... Həbib xan Əkbər xan oğlu Naxçıvanski 2 fevral 2009-cu ildə 94 yaşında Oğuz şəhərində vəfat etdi.

Ruhu şad olsun!
 

 





04.10.2021    çap et  çap et