525.Az

Qafqazın incisi Azərbaycan - Turizmə yeni pəncərə!


 

Qafqazın incisi Azərbaycan - <b style="color:red"> Turizmə yeni pəncərə! </b>

Zəngin tarixə və qədim mədəniyyətə malik, Qafqazın cənub-şərqindəki geniş ərazini əhatə edən Azərbaycan əlverişli təbii-coğrafi, həmçinin iqtisadi-strateji məkanda yerləşir. Bu səbəbdən ölkədə maddi mədəniyyətin təşəkkülü, inkişafı və yayılması üçün hər zaman lazımi mövcud şərait olub. Tarixən min illər boyu Azərbaycan xalqı bu zənginlikdən istifadə edərək özünün çoxşaxəli mədəniyyət sahələrini, mədəni nümunələrini yaradıb və inkişaf etdirib. Yerli əhalinin qədim köklərə malik olması, zəngin flora və faunası, əlverişli iqlim şəraiti, eləcə də maddi və mənəvi zənginliyi ölkənin etnoqrafik baxımdan daha məzmunlu olmasına səbəb olub.

Azərbaycan  iki dünya sivilizasiyasının qovşağında Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir. Bütün infrasturuktur - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və nəqliyyat yolları buradan keçir. Ölkəmizin təbii sərvətləri, rəngarəng iqlimi, zəngin tarixi-mədəni irsi turizmin inkişafına və ölkəyə daha çox turistin cəlb edilməsinə imkan yaradır. Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir.

Ölkəmizin ərazisində 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Bu abidələr turizm potensialının özəyini təşkil edir. Bunlara misal olaraq, hələ ibtidai insanların yaşayış məskəni olan Qobustan mağaraları və onların üzərindəki qayaüstü rəsmləri, islamaqədərki dövrün mərasim tikililəri - atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələlərini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial ayin və digər tikililəri göstərmək olar. Bundan əlavə, Azərbaycan palçıq vulkanlarının regionu kimi də tanınır. Dünyada məlum olan 2 mindən artıq palçıq vulkanının 344-ü ölkəmizin payına düşür. Onların əksəriyyəti Bakı və Abşeron yarımadasında yerləşir. 

Sahilini Xəzərin dalğaları döyən ölkəmizin incisi Bakı isə nəinki sosial-iqtisadi, eləcə də turizm üçün əlverişli məkandır. Burada müxtəlif dövrlərə aid çox sayda füsunkar tarixi və memarlıq abidələri var. Paytaxtın mərkəzində “İçərişəhər” yerləşir ki, buraya müxtəlif dövrləri əhatə edən 50-dən çox tarixi və memarlıq abidələri daxildir. İçərişəhər orta əsrlər Azərbaycanda şəhərsalma sənətinin nadir incilərindən sayılır. Paytaxtımızda həmçinin 18-ci əsr nümunəsi “Atəşgah” od məbədi, 12-ci əsrə aid Mərdəkan qalası, 14-17-ci əsrləri əhatə edən “Nardaran abidələri” (Hacı Baxşı məscidi, Xan hamamı, Pirsəid məscidi), 14-cü əsrə aid Mərdəkan və Ramana qalaları və s. digər müxtəlif tarixi dövrləri əhatə edən abidələrlə zəngindir. 

Şanlı Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxındır düşmən tapdağı altında qalan torpaqları azad olundu. Torpaqlarımızın azadlığı özü ilə bərabərində Qarabağdakı əsir tarixi abidələrimizi, mədəniyyət nümunələrimizi də azadlığa qovuşdurdu. Danılmaz faktdır ki, Qarabağın turizm potensialı olduqca yüksəkdir. Bu yerlərdə tarixi Xudafərin körpüsü, Xudavəng məbədi, Çıraqtəpə, Karvansaray, Ağoğlan qəsri, Şuşa qalası, Şərifan abidələri, Qəsr qalası, Hacalı qülləsi, “Qızqəbri” kurqanı, Həmzə Soltan sarayı, yüzlərlə məscid,məbəd, ziyarətgahlar və s. bu kimi daha neçə-neçə abidələri sadalamaq olar. Hər birndə böyük bir tarix yatan, lakin dağıdılan və vandalizmin qurbanı olan bütün abidələr bərpa edildikdən sonra onların turizm potensialı dəyərləndirilib, bu yerləri regionun ən fərqli turizm sahəsinə çevirə bilərik. Hesab edirəm, bərpa işləri aparılmaqla yanaşı, turizm potensialı artıq indidən dəyərləndirilməlidir. Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri diqqətçəkən formada göstərilməli və turizm bölgəsi kimi təqdim edilməlidir. 

Təbii ki, turizm potensalı təkcə tarixi abidələrin qabardılması ilə inkişaf etdirilə bilməz. Bu səbəbdən Qarabağda tarixilik ilə müasirliyin, köhnə ilə yeniliyin harmoniyasını yaratmaq və onu turizmin hər qolu üçün əlverişli ərazi etmək lazımdır. Hər bölgənin öz təbiətinə uyğun müxtəlif mədəni tədbirlər, yarışlar, sərgilər, festivallar, turizm məhsulları təqdim edilə bilər. Dağıdılan abidələrimizin bir hissəsini olduğu kimi saxlayaraq belə turistlərin marağını cəlb etmək olar. Nəzərə alsaq ki, turizmin hər ölkə üçün iqtisadi cəhəti ilə yanaşı, siyasi təbliğat tərəfi də var. Bu səbəbdən vandalizmin qurbanı olan abidələri həmin formada nümayiş etdirmək istifadə edə biləcəyimiz ən yaxşı təbliğat üsuludur.

Hazırda turizm dünya iqtisadiyyatının ən gəlirli və sürətlə inkişaf edən sahələrindəndir. Demək olar ki, bütün ölkələrin özlərini tanıtması və dövlət gəlirlərini artırması üçün turizm sahəsinə diqqəti durmadan artır. Məhz ölkəmizdə də qeyri-neft sektorunun inkişafı istiqamətində turzim sahəsinə xüsusi yer ayrılıb. Xüsusilə dövlət başçısının diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilib. Ölkəmizdə rəqabətqabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar, həmçinin turizm sahəsinin inkişafına da öz töhfəsini verib. Turizm sahəsi üçün atılan addımlara misal olaraq Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı fərmanı göstərmək olar. Bu fərmanla təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilib və turizmin inkişafı üçün strateji məqsədlər, hədəf və prioritetlər müəyyənləşdirilib. 

Bundan başqa sevindirici haldır ki, dövlət başçısının 20 aprel 2018-ci il tarixində “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılıb. Yaradılan Agentliyə ölkənin turizm sahəsində, dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq daha uzunmüddətli inkişaf strategiyasının, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması işi həvalə olunub. İlk olaraq ölkəmizdə regional turizmi inkişaf etdirmək məqsədilə Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda yenidənqurma və bərpa işlərinin aparılması üçün tədbirlər görülüb. Turzim sahəsində bu tendensiya ilə başlayan  dinamik inkişaf  davam etməkdədədir. 

Azərbaycanın zəngin turizm resurslarını analiz etdikdə aydın olur ki, respublikamızda xüsusilə yaxın gələcəkdə digər turizm növlərini inkişaf etdirmək də mümkündür. Bunlara dağ-xizəkçilik, qolf, müalicəvi-balneoloji, ixtioloji turizm (balıqçılıqla bağlı turizm), ornitoloji turizm (quşların inkişafı ilə bağlı turizm), speloturizm, etnoqrafik, ovçuluq, elmi turizm (elmi-sualtı müşahidələr, nadir dəniz flora və faunası ilə tanışlıq, elmi-vulkanoloji turlar) və s. turizmi misal göstərmək olar. 

Fikrimcə, gələcəkdə ölkəmizdə turizmin inkişafını sürətləndirmək üçün  daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək labüddür. Bunun üçün respublikamızın əsas turizm marşrutları kimi yaradılan Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara, Bakı-Qazax və əlavə marşrutlar olan Bakı-Abşeron yarımadası, Bakı- Qarabağ, Bakı-Naxçıvandan maksimum yararlanmaq və onların tanıtımını ən yüksək səviyyədə təşkil etmək lazımdır. 

Yenilənən və demək olar ki, əsasını qeyri-neft sektorunun inkişafına yönəldən dünya Azərbaycan üçün yen imkanlar yaradır. Ölkəmizin relyefi, qədim tarixi, maddi-mədəni nümunələri, iqlimi, çoxşaxəli infrastrukturu imkan verir ki, turizm sahəsini inkişaf etdirməklə o nəinki regionda, hətta dünyada bu sahənin aparıcı tərəfinə çevrilsin. Bunun üçün isə hər bir vətəndaş öz məsuliyyətini anlamalı, tarixi abidələrimizə qarşı biganə olmamalı, onları qorumalı və gələcək nəslə əlçatanlığını təmin etməlidir. 

Qeyd: Məqalə Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev

 





04.10.2021    çap et  çap et