525.Az

"Bu kitab haqqı" - Rəhman Mirzəlizadə yazır


 

MİLLİ KİTAB SATIŞ-SƏRGİSİNİN AÇILIŞINDAN YIĞCAM REPORTAJ

"Bu kitab haqqı" -<b style="color:red"> Rəhman Mirzəlizadə yazır</b>

"525-ci qəzet"də təcrübəyə gələn Sevda Qasımlı ilə Bakı İdman Sarayındakı Milli Kitab Satış-Sərgisinin açılışına tələsirik. Bu gün orada həm də 44 günlük Vətən müharibəsinə həsr edilmiş "Qarabağ Dastanı" kitabının təqdimatı olacaq. Səsucaldıcılarda Üzeyir bəyin "Sənsiz" romansı səslənir. Tədbiri "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu açır və tədbirin fəxri qonağını təqdim edir: yazıçı, tərcüməçi, tarixçi Əlisa Nicat. Hamının diqqəti mikrofonu əlinə alan bu Tarix-Adama yönəlir. 

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək satış-sərginin əhəmiyyətini, ümumiyyətlə kitabla bağlı bu cür tədbirlərin önəmini vurğulayır. 

Yavaş-yavaş tanış simaları görürəm. Şahbaz bəy az qala referendumsayağı təklif edir:

- Tədbirin davamını yuxarı zalda keçirək, ya elə burada davam edək?

Yuxarı zala keçirik. Əlisa bəy Səfəvilər dövründən danışır. Belə baxıram ki, tədbir yekunlaşana qədər Cümhuriyyət dövrünə qədər gəlib çatar.
Sevda soruşur:

- Reportaj yazacağımız tədbir monoton keçərsə, neynəmək olar?

- Bax, məsələn, indi Əlisa Nicata bizimçün də maraqlı olan bir sual verəcəm.

Bir az qabağa gəlirəm:

- Əlisa bəy, Azərbaycanın 100 ən böyük şəxsiyyətinin sırasını hazırlamışdınız. Üzeyir Hacıbəyli o siyahıda birinci idi. Mircəfər Bağırov da vardı orada... İndi həmin siyahıda dəyişiklik etməmisiniz ki?

Tədbir canlanır. Əlisa bəy sualımı cavablayır:

- Bəli, o siyahıda çox dəyişikliklər etmişəm. Amma Üzeyir bəy mənimçün bütün zamanların birincisidir.

Bir az sonra yenidən Rəşad Məcidlə qarşılaşırıq:

- Hə, gənclər, hazırsınız? "Qarabağ dastanı" kitabının təqdimatı başlayır indi...

Yuxarı zala qalxırıq. Qonaqlar gəliblər artıq: Seyran Səxavət, Mehriban Vəzir, Cavanşir Yusifli, Elçin Hüseynbəyli.

Rəşad müəllimin giriş sözləri ilə açılır təqdimat. Kitab haqda danışdıqdan sonra sözü yazıçı Seyran Səxavətə verir. Seyran müəllim mikrofonu qəbul etmədən danışır:

- Səsim elə də cəlbedici deyil, amma danışacağam. 

Qonaqlar gülüşür.

Seyran müəllim "Qarabağ Dastanı" kitabından danışır:

- Bu kitab Zəfər Kitabıdır. Əslində, bizim xalqa kitab çox lazımdır. Ümumiyyətlə, kitab müqəddəsdir. Hətta fikir verin, bəzən and içəndə "Bu kitab haqqı" deyirik.

Rəşad Məcid tədbirdən xəbər, reportaj yazan jurnalistlərə səslənir:

- "Bu kitab haqqı" - jurnalistlərə yaxşı başlıq verdiniz, Seyran müəllim...

Cümləni tez qeyd edirəm. Reportajın başlığı bu cümlə olacaq. 

Mehriban Vəzir "Qarabağ dastanı" kitabına görə AYB-nin sədri Anara xüsusi təşəkkürünü ünvanlayır.

- Qarabağ bizim nəsilçün təkcə torpaq deyil. Sanki ürəyimizdi, varlığımızın bir parçasıdı. Biz onu bütünlüklə hiss etmişik. Nəcəf bəy Vəzirovdan, Yusif Vəzir Çəmənzəminlidən gələn bu sevgi bizim qanımıza hopub.

Elçin Hüseynbəyli kitabda gedən yazılardan, müəlliflərdən, kitabın vacibliyindən danışır.

Tədbir yekunlaşır. Aşağı zala düşürük. Burada pulsuz kofe verirlər. Təəssüf ki, kofe növbəsi gözləyən insanların sayı kitab gözləyənlərdən çoxdur...
 

 





04.10.2021    çap et  çap et