525.Az

Ömrünü Vətənə qurban verən qəhrəman


 

ŞƏHİD ASƏF NƏSİBOVUN ƏZİZ XATİRƏSİNƏ

Ömrünü Vətənə qurban verən qəhrəman<b style="color:red"></b>

44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, öz qəhrəman oğullarını bir daha xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda gedən haqq savaşında şəhid və ya qazi oldular. Zəfərlə nəticələnən bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı xalqımız yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.

Belə mərd oğullardan biri də oktyabr ayının 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Asəf Nəsibovdur. Asəf 25 fevral, 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində dünyaya göz açıb. 2000-2011-ci illərdə Qaymaqlı kənd orta məktəbində, 2011-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı il Aprel döyüşlərində iştirak edib. 

Asəf olduqca istedadlı və bacarıqlı bir gənc idi. Müxtəlif vəzifələrdə çalışan Asəfin son iş yeri İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı" MMC oldu. Asəf həm doğma kollektivi, həm də əhatəsində olan digər insanlar tərəfindən xeyirxahlığı və nəcib keyfiyyətləri ilə hörmət qazandı. 

Mülayim təbiətli, xoşrəftar, qayğıkeş, sadə və səmimi bir insan olan Asəf düşmən tərəfindən təxribatların başlandığı ilk gündən etibarən heç bir tərəddüd etmədən könüllü olaraq  cəbhəyə yollandı. O, qaynar döyüşlərin getdiyi Cəbrayıl, Qubadlı və Laçın rayonlarının, müxtəlif kəndlərin, o cümlədən, bir sıra strateji yüksəkliklərinin azad edilməsi uğrunda böyük şücaətlə vuruşdu. Asəf 29 oktyabrda Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəldi.

Asəf Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə, "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Qarabağda Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Asəfin də ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalıdır. Onların keçdiyi həyat yolu insanlara nümunə olmalıdır. Vətənimizin müdafiəsi uğrunda savaşmaq və şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.

Əlbəttə, bu böyük zəfər qətiyyətli siyasi iradə və əzmin nəticəsində qəhrəman igidlərimizin canı-qanı bahasına əldə edilib. Bu qələbədə mənfur düşmənə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban verən şəhidlərimizin payı əvəzsizdir. 

Vətən uğrunda canından keçənlər ölmür. Şəhidlər əbədiyaşardır. Onlar Vətən uğrunda vuruşdular, Vətən naminə canlarından keçməyi bacardılar. Torpağı vətənləşdirən onlardır. Ən əsası odur ki, Asəfin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan digər şəhidlərimizin qanı yerdə qalmadı. 

Sonda sözlərimi Türk şairi Mithat Cemal Kuntayın bu misraları ilə bitirmək istəyirəm. 

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, Vətəndir!

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar əbədi olaraq xoş xatirələrlə anılacaqlar.

Elçin Kazımlı
"Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin mətbuat katibi

 

 





06.10.2021    çap et  çap et