525.Az

İmperialist qonşularımız - Xətai Azayev yazır


 

İmperialist qonşularımız -<b style="color:red"> Xətai Azayev yazır</b>

Azərbaycanda digər mövzularla müqayisədə, xarici siyasət mövzusu daha səliqəli və balanslaşdırılmış şəkildədir. Qonşularla əlaqələrin balanslı şəkildə qurulması həmin ölkələrlə əməkdaşlığın stabil saxlanmasına səbəb olur. Türkiyəni çıxmaq şərti ilə, ölkəmizin digər qonşuları kimi, həmsərhəd ölkələrin ərazilərinə iddiası olmayıb. Halbuki torpaq iddiası etmək Cənubi Qafqazda ən çox Azərbaycanın haqqıdır. Çünki faktiki olaraq tarixi ərazilərimizdə dünya birliyi tərəfindən tanınan adı da, torpaqları da bizim olan Ermənistan adlanan dövlət qurulub. Bununla yanaşı, bir çox tarixi Azərbaycan torpaqları qonşularına verilib. Mənimsənilmiş ərazilərimizdə bu torpaqların həqiqi sahibləri olan türklər və digər Azərbaycan mənsubiyyəti olan xalqlar yaşasa da, Qərbi Azərbaycanda bu belə yoxdur. Milyonlarla azərbaycanlı doğulduqları dədə-baba torpaqlarına həsrətdir.

Bu müddət ərzində də Ermənistanı görməyən ermənistanlılar doğulub boya-başa çatıb. Ermənistanın Azərbaycana qarşı 20-ci əsrin sonlarından bu günə qədər açıq-aşkar düşmənçilik etməsinin səbəbi məhz buna görədir ki, həmin əraziləri türksüzləşdirməyi bacarıblar. Daxildə onlara mane olan heç bir amil qalmayıb. Bizə qərəzli mövqedə dayanan qonşu ölkələrinin birinin Azərbaycana  qarşı əlini-qolunu bağlayan amillərdən biri də mənimsənilmiş ərazilərimizdə yaşayan soydaşlarımızdır. Əlbəttə ki, məmləkət beynəlxalq arenada tək deyil. Azərbaycan cümhuriyyəti yaranandan bu günə qədər ən yaxın tərəfdaşımız Türkiyə olub. Böyük zaman kəsimində Sovet imperiyasının tərkibində qalan Azərbaycanın müstəqillikdən sonra Türkiyə ilə bu qədər yaxınlaşması, hərbi və digər sahələrdə yaxından  əməkdaşlıq etməsi imperiyanın varisi olan Rusiyanı narahat etməyə bilməzdi. Daima Ermənistan-Azərbaycan münaqişəsini qüvvədə saxlamaq və hər iki tərəfə diktə etmək, Türkiyənin Cənubi Qafqazda  barışcıl mövqeyini zəiflətmək, hər iki ölkə arasındakı münaqişəni daha da dərinləşdirmək burada söz sahibinə çevrilmək istəyindən doğur. ATƏT-in Minsk qrupunda 30 il ərzində təmsil olunan Rusiyanın, münaqişənin həllində bu vaxta qədər heç bir müsbət addımı olmayıb. Ən azından  Azərbaycana istər siyasi, istər dini, istərsə də irqi yaxınlığı olan Türkiyənin bu qrupda olmağını təmin edə bilərdilər, amma bu fikri yaxına belə buraxmadılar. İkinci Qarabağ müharibəsindən sonra artıq bu qrupun fəaliyyətinə ehtiyac qalmadı. Məsələnin həlli yolunda yanlarında görmək istəmədikləri Türkiyənin də, mənəvi-siyasi dəstəyi ilə Qarabağın böyük bir hissəsi işğaldan azad edildi.

Məsələnin digər tərəfi isə cənub qonşumuz İranın zaman-zaman Azərbaycana şovinist yanaşmasıdır. Hələ Birinci Qarabağ müharibəsindən sonra, İran Xəzər üzərində qırıcı təyarə uçurtmaqla müstəqil Azərbaycana qarşı ilk təxribatına imza atmışdı. O zaman Türkiyə qırıcılarının  cavab uçuşu ilə məsələ həllini tapmışdı. İkinci Qarabağ müharibəsində də, cənub qonşumuz Qarabağa, Ermənistan tərəfinə öz yardımını əsirgəmirdi. Dəfələrlə bu məsələni təkzib etsələr də, sosial şəbəkələrdə Cənubi azərbaycanlıların çəkdiyi tutarlı foto və video materiallar var idi. Müharibə bitdikdən sonra bu yardımların ardı-arası kəsilmədi. Həmin ərazilər qələbəyə qədər Ermənistan nəzarətində olduğu üçün faktı asanlıqla inkar edən İran, ərazilər Azərbaycanın nəzarətinə keçəndən sonra artıq bu məsələdən yaxasını kənara çəkə bilmədi. Özlərinin belə inanmayacağı açıqlamalar verməyə başladılar. Bir tərəfdən də İranın səlahiyyətli dindarları minbərlərdən Azərbaycanı absurd şəkildə danlamağa başlayıblar. İsrail ilə əməkdaşlığımızı ən ağır şəkildə tənqid edərək bizim islami cəhətdən düzgün addım atmadığımızı vurğulayırlar. Beləcə, azərbaycanlıların inanclı təbəqəsinin dini duyğularını istismar edərək onlara təsir göstərmək cəhdləri edirlər. İlk növbədə bir gerçəkliyi unudurlar: bu torpaqlarda yəhudilərlə türklər tarix boyu tolerant mühitdə yaşayıblar, ən əsası yəhudi vətəndaşlarımız din, irq ayrımı etmədən istər Birinci Qarabağ müharibəsində, istər İkinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının azadlığı uğrunda vuruşublar. Bura İran deyil ki dini, islami təriqət, irqi nüanslara görə insanlar sorğulansın. Türkiyə də hazırkı dönəmdə böyük ölçüdə islami dəyərlərə söykənən bir ölkədir. Yəhudilərlə Azərbaycanın əməkdaşlığı bəs onlara niyə mane olmur?

Xətai Azayev

 





06.10.2021    çap et  çap et