525.Az

Görkəmli alim, fədakar naşir - Rüfət Rüstəmov yazır


 

Görkəmli alim, fədakar naşir -<b style="color:red"> Rüfət Rüstəmov yazır</b>

Xalqımızın maariflənməsi yolunda yazılan hər bir kitabın bu işdə öz rolu vardır. Yaşadığımız bu dünya böyük bir məktəb, həm də tərbiyə ocağıdır. Fəxrlə deyə bilərəm ki, Azərbaycan xalqının maariflənmə işinə ömür həsr edən son dərəcə istedadlı, fədakar oğulları vardır. Bunlardan biri də görkəmli alim-naşir, bu sadə yazının qəhrəmanı Nadir Baloğlan oğlu Məmmədlidir. 

O, görkəmli alim olmaqla bərabər, Azərbaycanımızda bir naşir kimi çox böyük nüfuz sahibidir. Bu işə zərgər dəqiqliyi ilə diqqət yetirir. "Nurlan" və "Elm və Təhsil" nəşriyyatları, sözün əsl mənasında, zəhmətkeş, kasıb alimlərin ümid yeridir. Nadir Məmmədli geniş ürəkli xeyriyyəçi, naşir, görkəmli alim olmaqla bərabər, həm də publisistika sahəsində söz sahibidir. Onun həmişə işlətdiyi bir müdrik kəlamı var: adamın sözü doğru olanda qılınc kimi daşdan keçər. Biz də belə düşünürük ki, inamsız bir həyat, həyat deyildir. Həyata inamla baxmaq, müdriklik əlamətidir. Həqiqətdən xəbər verən belə bir kəlam var, əgər elmin qapıları ziyalı üzünə taybatay açıqdırsa, o qapıdan girərkən arxana bax, büdrəmə. Hər mənəm-mənəm deyən oğulun bəzən o qapıya tərəf baxmağa cürəti çatmır. Lakin istedadlı insanlar üçün cənnət qapılarına oxşayan elm qapıları həmişə açıqdır. Gözəl ziyalımız Nadir Məmmədli elm qapılarını özünün ibadət yeri hesab edir. Mənəm-mənəmlikdən uzaq duran bu görkəmli alim düşünür ki, ağıllı insan eşitdiyi hikmətli sözün də təsiri ilə qılıncı qına salır, bununla da özünə hörmət etmiş olur. Müdriklər deyir ki, qılınc qınında gərək. 

Professor Nadir Məmmədli bir sıra şərəfli titullara sahibdir. O, Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olmaqla bərabər, respublikamızda fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1. 06 Dissertasiya Şurasının üzvüdür. 

N.Məmmədlinin çoxşaxəli yaradıcılığı, onun şəxsiyyəti, ziyalılığı və müsbət əməlləri mənim də bir ziyalı kimi həmişə diqqətimi çəkib, onunla dostluq etməyimin nə qədər qiymətli olduğunu çoxdan anlamışam. Onunla halal duz-çörək kəsməyim mənim üçün çox dəyərlidir. Belə dostla fəxr etməyə dəyər. Bəri başdan deyim ki, mən təbiət vurğunuyam. Bir gün kəndimizdə dincələrkən evimizin arxasında çürümək üzrə olan bir ağac diqqətimi çəkdi. Bir qohumdan o ağacı kəsməsini xahiş etdim. Qohum mişarını gətirib ağacı dibindən kəsmək istəyərkən, ağacın yuxarı gövdəsində bir deşik diqqətimi çəkdi, elə bu anda yuvadan "pırr" edərək bir quşun çıxdığını və ağacın ətrafında dövrə vuraraq həyəcanlı səslər çıxararaq uçmağa başladığını gördüm. Qohumdan xahiş etdim ki, o, yuvaya baxsın; o mənim bu istəyimi yerinə yetirib: "Əmi, o uçan quş yumurta üstə yatır, yəqin bir neçə gündən sonra bala çıxaracaq, ağacı kəsmək olmaz, günahdır" - dedi. Mən qohumun dediklərini çoxdan başa düşmüşdüm. Fikrimdən daşındım, ağaca toxunmadıq. Aradan bir neçə gün keçmişdi ki, quşun yuvası diqqətimi çəkdi. Yuvadan quş balalarının səsi gəlirdi. Bir tərəfdə oturub o gözəl mənzərəni seyr etməyə başladım. Erkək quşla dişi quşun növbə ilə balalarını yorulmadan yemlədiklərini seyr etməyə başladım. Bu mənzərə oxunmamış bir kitabı xatırladırdı. Yemlənərkən quş balalarının bir-birindən xəbərsiz çıxartdıqları həyəcanlı səs bir orkestri xatırladırdı. Bir sözlə, yem üstündə mübarizə gedirdi. Bir anlığa xəyala daldım, ilahi, bu dilsiz-ağızsız hesab etdiyimiz quşların hərəkətləri, elə mənim özümün və tanıdıqlarımın ailəsi üçün min cür zəhmətə qatlanmaları ilə uyğunluq təşkil edirdi. Nadir Məmmədli ocağında iki görkəmli alimin əl-ələ verib övladları üçün fədakarlıq göstərərək, onların gündəlik həyatlarının xoş keçməsi yolunda nə qədər zəhmətə qatlandıqlarının şahidiyəm. 

Elm yolunda fədakarlıq göstərən, bütün gücünü elmə, naşirliyə həsr edən Nadir Məmmədlinin namizədlik mövzusu"Azərbaycan dilində feili sinonimlər", doktorluq işi isə "Azərbaycan dilində alınma terminlər" mövzusuna həsr edilib. Müəllifin çox məsuliyyət tələb edən bir sahəyə müraciət etməsi onun elmi sanbalından xəbər verir. "Əsərdə terminlərin tarixi, onların mənşəyi, sistem-struktur tipləri, pradikmatik, sintaqmatik, formal məna münasibətləri sosiolinqvistik və linqvistik əsaslarla müəyyənləşdirilir, terminalma prosesinin obyektiv şərtləri, perspektivləri şərh edilir, "alınma söz" və "alınma termin" anlayışları müasir elmi-intellektual analitik-funksional təfəkkür mövqeyindən dəqiqləşdirilir. Bu görkəmli alim 17 kitab (bunlardan 7-si monoqrafiya, 3-ü ali məktəblər üçün dərslikdir), 130-dən artıq elmi, 200-ə yaxın publisistik məqalə müəllifidir. Müəllifin Tehranda nəşr olunan "Məfaxeri-Azərbaycan: şaeran, nevisendeqanü xoşnevisan" (Azərbaycanın fəxrləri: şairləri, yazıçıları və xəttatları) adlı ensiklopediyada (1997) XIX əsrdə Moskva Şərq Dilləri İnstitutunda çalışmış azərbaycanlı alimlər haqqında 2 məqaləsi çap olunub. 2004-cü ildə Türkiyə Cümhuriyyətinin Qazi Universitetində (Ankara), 2012-ci ildə Çin Xalq Respublikasının (Anxoy vilayəti) Konfutsi Universitetində alınma beynəlmiləl sözlərlə bağlı ekspress-mühazirə oxuyub. Dünyanın ən nüfuzlu Beynəlxalq Konfranslarında çıxış edən Nadir Məmmədlinin əsərləri Təbriz (İran), Trabzon, İstanbul, Ankara (Türkiyə), Oş, Bişkek, (Qırğızıstan), Perm, Ufa, Mahaçkala (Rusiya), Quvahati (Hindistan), Okinava (Yaponya), Oluvil (Şri Lanka) və başqa şəhərlərdə nəşr olunub. 2016-cı ildə Yaponiyada Dilçilik və Orta əsrlər Şərq ədəbiyyatı üzrə Beynəlxalq konfransda uğurla çıxışdan sonra Yaponiya Higher Education Forumunun daimi üzvlüyünə qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1noyabr 2018-ci ildə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" verilmiş Fərmanına əsasən, respublika Təhsil Nazirliyinin tövsiyəsini rəhbər tutaraq bakalavr pilləsi üçün 2 cilddən ibarət "Azərbaycan dili və nitq mədəniyyəti" dərsliyinin yazılması professor Nadir Məmmədliyə həvalə edilib. Bu məqamda qeyd etmək istəyirəm ki, dilçilik sahəsində özünün dəst-xəttilə tanınan Nadir Məmmədli dilçiliyin tədrisində, təbliğində və inkişafında müstəsna xidməti olan fundamental əsərlərin müəllifidir. Bu əsərlərin adlarını sadalamağa və yazmağa ehtiyac duymuram. Onların hər biri barədə Azərbaycanın çox nüfuzlu alimləri müsbət fikirlərlə çıxış edərək bu əsərlərin çapına zəmanət vermişlər. Bu əsərlər bu gün də Azərbaycan auditoriyalarında gənc nəslin maariflənməsində xüsusi rol oynayır. Professor N.Məmmədlinin Təhsil Nazirliyi tərəfindən məsləhət görülən "Azərbaycan dili və nitq mədəniyyəti" fundamental dərsliyi müasir dövrün tələblərinə cavab verir. 

O, yenilikçi alimdir. Dostum N.Məmmədlinin xarakterini və elmi səviyyəsini dərindən bildiyim üçün dahi Ziya Paşanın bu hikmətli fikrini bu ürəkdən gələn yazıya əlavə etməyi özümə borc bildim:

"Ayinəsi işdir kişinin, lafa baxılmaz, Şəxsin görünür rütbeyi-əqli əsərində".

Bu hikmətli fikirdən həm də onu göstərir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyun 2021-ci il tarixli F-366 saylı əmrinə əsasən ali məktəblərin bakalavr səviyyəsi üzrə bütün ixtisasları üçün nəzərdə tutulmuş "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" dərsliyinin yazılması heç də təsadüfən professor Nadir Məmmədliyə həvalə edilməmişdir. Bu dərslik barədə söz demək mənim üçün ikiqat fəxrdir. Çünki bu dərslik respublikamızda təhsil alan gənc kadrların hərtərəfli maariflənməsində xüsusi rol oynayacaq. Adıçəkilən dərslik elmi tərəqqi yolunda atılan uğurlu addımlardan biri kimi çox qiymətlidir. 

Müəllif haqlı olaraq qeyd edir ki, işgüzar ünsiyyət insanların ictimai həyatının bütün sahələrinə durmadan, həm də çox aktiv şəkildə nüfuz edir. Bu sahənin geniş tətbiqi bir sıra fundamental elmi araşdırmaların nəticələrinə əsaslanır. İşgüzar ünsiyyət nəzəriyyəsini daha dərindən araşdırarkən məlum olur ki, bu sahə əsasən sosial psixologiya, etik normalar və nitq mədəniyyətini öyrətməyə xidmət edir. Daha dərindən nüfuz etsək, məlum olur ki, kommunikasiya universal mexanizmlərlə ünsiyyətin quruluşunu, eyni zamanda elmi-informasiya mübadiləsinin elmi yolla qanunauyğunluğunu öyrənən bir sahədir. 

Biz bu görkəmli alimin yuxarıda sadaladığımız elmi və publisistik fəaliyyətini araşdırarkən, bu onun elmi səviyyəsi, səriştəsi, eridusiyası və dünyagörüşü zəngin olan bir alim-naşir kimi tanımağımıza əsas verir. Bu vətənpərvər alim-naşir fəaliyyətinə görə 1995-ci ildə Təhsil Nazirliyinin hümanitar sahə üzrə təsis etdiyi "Gənc alimlər müsabiqəsi"nin laureatı olub, Mahmud Kaşqari Fondunun mükafatına, Rəsul Rza adına, Bəxtiyar Vahabzadə adına mükafatlara, 2000-ci ildə "Alınma terminlər" monoqrafiyasına görə Təhsil Nazirliyinin "Ən yaxşı elmi iş" müsabiqəsinin qalibi adına layiq görülüb. Eyni zamanda bu görkəmli elm adamı çox sayda beynəlxalq simpoziumların iştirakçısı olub, yüksək tribunadan günün tələbinə cavab verən mövzularda çıxış edib. 

Nadir müəllimi yaxından tanıyanlar onun elmi fəaliyyətindən başqa bir ziyalı kimi son dərəcə ailəcanlı olması, xalqının adət-ənənəsinə sadiq bir insan kimi qurduğu şərəfli ocağının, necə deyərlər, tüstüsünün düz çıxması, o ocağın əbədi yanması yolunda canını fəda etməyə hazır bir insan olduğuna şahiddirlər. Üç övlad böyüdən bu xoşbəxt ata, övladdan söhbət düşəndə elə ruhlanır ki, qanadı olsa, pərvazlanıb uça bilər. 

Əziz dostuma, görkəmli alimimiz Nadir Məmmədliyə möhkəm cansağlığı, daimi ailə-övlad xoşbəxtliyi, çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayıram!
 

 





06.10.2021    çap et  çap et