525.Az

Gürcüstanda yeni siyasi vəziyyət - Xaqani Cəfərlinin siyasi şərhi


 

Gürcüstanda yeni siyasi vəziyyət -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilərin əsas mərhələsi başa çatdı. Ancaq hələlik 20 şəhərin, o cümlədən, ölkənin beş böyük şəhərinin rəhbərlərinin kimliyini seçkinin ikinci turu müəyyən edəcək. Paytaxt Tbilisi ilə yanaşı, Kutaisi, Rustavi, Zuqdidi və Batumiyə rəhbərlik uğrunda hakim partiyanın təmsilçiləri əsas müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın təmsilçiləri ilə rəqabət aparmalı olacaqlar. Bu şəhərlərin bəzilərinə rəhbərliyin müxalifətin əlinə keçəcəyi ehtimalı da yüksəkdir. Çünki Rustavi, Zuqdidi və Batumidə bələdiyyə şuralarına seçkini müxalif  "Vahid Milli Hərəkat" qazanıb. Bu iki şəhərlə yanaşı, iqtidar partiyası Dmanisi, Qardabani, Rustavi, Telavi, Xulo, Tsxaltubo, Senaki, Axmeta və Tsalendija bələdiyyə şuralarını da uduzub. Bütün bu məğlubiyyətlərə baxmayaraq, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası bələdiyyə seçkilərində qarşısında duran əsas vəzifənin öhdəsindən gələ bildi. Hakim partiya 43 faizdən artıq, 46,69 faiz səs qazanmaqla erkən parlament seçkilərinin keçirilməsindən yayına bildi.

Son parlament seçkilərindən sonra yaranmış siyasi böhranın aradan qaldırılması üçün Avropa Birliyinin təmsilçisi Şarl Mişelin vasitəçiliyi ilə iqtidarla müxalifət arasında əldə olunmuş razılaşmaya görə, bələdiyyə seçkilərində "Gürcü arzusu" 43 faizdən artıq səs qazanmayacağı halda erkən parlament seçkisi keçirilməli idi. Artıq hakim partiya belə bir aqibətdən xilas olub. Ona görə də "Gürcü arzusu"nu qalib hesab etmək olar.
Hakim partiya ilə yanaşı, əsas müxalifət partiyası "Vahid Milli Hərəkat" da uğur qazanıb. Müxalifət partiyası əsas vəzifəsinə, "Gürcü arzusu"nun 43 faizdən az səs qazanmasına nail ola bilməsə də, bələdiyyə seçkisində uğur qazana bildi. Təxminən 10-a yaxın bələdiyyə şurasına və bir neçə şəhərin bələdiyyə başçısı vəzifəsinə seçkini "Vahid Milli Hərəkat"ın təmsilçiləri qazanıb. Paytaxt Tiflisin bələdiyyə şurasında hakim partiyanın mövqelərini zəiflədə bilən müxalifət mövqelərini gücləndirib.

Yeri gəlmişkən qeyd edək ki, Gürcüstanda şəhər bələdiyyə şuraları Sakrebulo adlanır. Tiflis Sakrebulosunda bundan öncə hakim partiya 50 yerdən 39-na sahib idi. Bu seçkidə isə hakim partiya paytaxt bələdiyyəsində əvvəl malik olduğu yerin ən azı 10-nu itirib. Bu isə onu müxalifət partiyasından asılı vəziyyətə salıb. Ümumiyyətlə, "Vahid Milli Hərəkat" ötən parlament seçkisi ilə müqayisədə bələdiyyə seçkisində daha çox səs alıb. "Vahid Milli Hərəkat" ötən seçkidə 27.14 faiz, bu seçkidə isə 30.7 faiz səs qazanıb.

Gürcü ekspertlər "Vahid Milli Hərəkat"ın bu uğurunu partiyanın qurucusu və mənəvi lideri Mixeil Saakaşvilinin seçkidən bir gün öncə sürpriz şəkildə Gürcüstana qayıdışı ilə izah edirlər. Ekspertlərə görə, Saakaşvili seçkidən öncə Gürcüstana qayıtmaqla tərəfdarlarının səfərbər olmasına stimul verdi. Soydaşlarımızın yaşadığı və ya çoxluq təşkil etdiyi bölgələrdə "Vahid Milli Hərəkat"ın uğuru da Saakaşvili ilə bağlıdır. Gürcü ekspertlərə görə, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü siyasətçilər arasında sabiq prezident Mixeil Saakaşviliyə xüsusi rəğbət bəsləyirlər. Çox güman ki, bu, İkinci Qarabağ müharibəsi zamanı Mixeil Saakaşvilinin birmənalı şəkildə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsidir. Gürcüstanda yaşayan ermənilərin "Vahid Milli Hərəkat"ın əleyhinə olaraq "Gürcü arzusu"nu dəstəkləməsi də Mixeil Saakaşvilinin Qarabağla bağlı tutduğu mövqe ilə əlaqəlidir.

Gürcüstana qayıdaraq tərəfdarlarının kiçik də olsa uğur qazanmasına səbəb olan Mixeil Saakaşvili hakimiyyəti də qorxuya salıb. Üçüncü prezidentin qatı cinayətkar kimi həbs edilməsi də hakimiyyətin qorxduğunu göstərir. Gürcüstan vətəndaşlığından çıxarılmış, hazırda Ukrayna vətəndaşı olan Mixeil Saakaşvilinin uzun müddət həbsdə saxlanılması yeni siyasi böhrana səbəb ola bilər. Hələlik isə Gürcüstanda yeni siyasi vəziyyət yaranıb. Bu yeni siyasi vəziyyəti xarakterizə edən əsas göstərici iqtidarın zəifləməsi, müxalifətin isə güclənməsidir.


 

 





06.10.2021    çap et  çap et