525.Az

Qaz fırtınası - Xaqani Cəfərli yazır


 

Qaz fırtınası -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Çində daş kömür qıtlığının yaratdığı enerji böhranının doğurduğu fırtına bütün dünya bazarlarını vurub və təbii qazın qiymətini rekord həddə, min kubmetr üçün 1200 dollara qədər qaldırıb. Bu vəziyyəti ötən ilin əvvəlində təsəvvür etmək mümkün deyildi. Ötən ilin fevral ayında Avropanın ən böyük qaz bazarı və bütün dünyada qiymətləri müəyyənləşdirən əsas satış məntəqəsi olan "Title Transfer Facility"də min kubmetr qazın qiyməti 95 dollara qədər ucuzlaşmışdı. Həmin dövrdə bir sıra qaz istehsalçıları, xüsusilə də Rusiyanın qaz nəhəngi "Qazprom" zərərlə işləyirdi. Həmin dövrdə əksər ekspertlər qazın qiymətinin bir daha kəskin bahalaşmayacağını proqnozlaşdırdılar. Ancaq Çində yaranmış enerji böhranı, Hindistan və Yaponiyanın qaz və daş kömürə tələbatının artması, eləcə də havaların erkən soyuması bütün proqnozları alt-üst etdi.

Təbii qazın qiymətinin kəskin bahalaşmasına baxmayaraq, onu hazırkı qiymətlə müqayisədə çox ucuza alan ölkələr də var. Məsələn, Almaniya "Qazprom"la bağladığı uzunmüddətli müqavilənin şərtlərinə uyğun olaraq min kubmetr qazı 220 dollara alacaq. Belarus isə ən ucuz qiymətə qaz alan ölkə olacaq. Rusiya müttəfiqinə qazın min kubmetrini 128.5 dollara satacaq. Ümumiyyətlə, "Qazprom" uzunmüddətli müqaviləsi olan ölkələrə qazın min kubmetrini hazırkı qiymətlərlə müqayisədə çox ucuz qiymətə, 300 dollara satacaq. Ancaq çox az ölkənin Rusiya şirkəti ilə uzunmüddətli müqaviləsi var. Uzunmüddətli müqaviləsi olmayanlar isə qazı bazar qiymətinə almalı olacaqlar.

Ancaq Avropa ölkələrini narahat edən əsas məsələ də qazın qiymətinin rekord həddə bahalaşması deyil. Avropa ümumiyyətlə, soyuq keçəcəyi gözlənilən qışda qaz qıtlığı ilə üzləşəcəyindən ehtiyatlanır. Artıq bunun ilk əlamətləri hiss olunur. Şirkətlər bağlanır, yanacaqdoldurma məntəqələri fəaliyyətini dayandırır. Baxmayaarq ki, Avropada qış mövsümü bir neçə gün öncə, oktyabrın 1-də başlayıb.

Qış mövsümünün başlamasına baxmayaraq, Avropanın və Böyük Britaniyanın qaz anbarında qaz çatışmazlığı mövcuddur. Avstriyada isə qaz anbarları ancaq yarıya qədər doldurulub. Avropa iqtisadiyyatının lokomotivi olan Almaniyada da vəziyyət pisdir. Almaniyanın qaz anbarının üçdə biri boşdur. Belə vəziyyət əksər Avropa ölkələrində müşahidə olunur. Ona görə də bütün ölkələr çıxış yolu axtarırlar.

Çıxış yolu da o qədər çox deyil. Avropa ölkələri müvəqqəti olaraq təbii qazı daş kömürlə əvəzləmək niyyətindədirlər. Avropa Birliyi Rusiyaya müraciət edərək daş kömürün ixracını artırmasını istəyib. Ancaq Avropanın bu istəyini yerinə yetirmək asan deyil. Çünki daş kömür ixracını kəskin artırmaq üçün infrastruktur yetərli deyil. Avropanın digər bir ümidi Rusiyanın yeni qaz kəməri olan "Şimal axını-2" layihəsinin tezliklə fəaliyyətə başlamasıdır. ABŞ-ın və bir sıra Avropa ölkələrinin inşasına qarşı çıxdıqları "Şimal axını-2" kəməri indi ümid yerinə çevrilib. Rusiya bu fürsətdən yararlanıb "Şimal axını-2" kəmərini işə salmağa çalışır. Danimarka Enerji Agentliyinin məlumatına görə, oktyabrın 4-də "Şimal axını-2" qaz kəmərinin operatoru kəmərin istismara verilməsi üçün bütün şərtləri yerinə yetirdiyini bəyan edib. Məlumatda o da qeyd olunur ki, "Şimal axını-2" qaz kəmərinin ilk xəttinə qaz doldurulmağa da başlanıb.

Ekspertlər isə hesab edir ki, yaranmış gərginliyi bazar iqtisadiyyatının şərtləri və iqlim tənzimləyəcək. Ancaq istisna da ola bilər. Qış fəslində qazın qiymətinin ucuzşladığı zamanlar da olub.

Siyasi şərhçilər isə ekspertlərdən fərqli olaraq Avropada yaranmış qaz böhranının yaxın zamanlar üçün Kremlin addımlarından asılı olacağını bildirirlər. Siyasi təhlilçilər qışda Rusiyanın Avropaya qaz nəqlini azaldacağından ehtiyat edirlər. Moskva artıq bir neçə dəfə belə addım atıb. Məsələn, 2006 və 2009-cu illərdə Rusiya Avropaya qaz nəqlin azaltmışdı. Ən kəskin addımı isə Moskva 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində atmışdı. O zaman Rusiya 6 ay ərzində Avropaya qaz nəqlini yarıbayarı azaltmışdı. Baxmayaraq ki, bu addım Rusiyanın özünə də baha başa gəlmiş və 4.5 milyard dollar itirməsinə səbəb olmuşdu. Hər kəsə aydındır ki, Moskva siyasi maraqlarını həyata keçirmək istəyəndə maliyyə itkilərini nəzərə almır.

Rusiyanın Avropa Birliyinə öz şərtlərini qəbul etdirmək üçün yenə də eyni addımı atacağı istisna deyil. Baxmayaraq ki, bu addımlar Rusiyanın da, "Qazprom"un da etibarlı müttəfiq olmadığı qənaətini gücləndirir. Ancaq belə görünür ki, bu, Moskvada narahatlıq doğurmur. Rusiya öz maraqlarını təmin etməyə çalışarkən imicinin qayğısına qalmır.

Avropalı siyasətçilər isə "köhnə qitə"nin bir daha belə vəziyyətlə üzləşməməsi üçün "yaşıl enerji"yə keçidi sürətləndirməyi təklif edirlər. Avropanın əksər ölkələrində uzun illik fasilədən sonra sosial-demokratların hakimiyyətə qayıdışı, "yaşıllar"ın mövqelərinin güclənməsi bu prosesi daha da sürətləndirəcək. Belə demək olar ki, Avropada hər kəsi narahat edən "qaz fırtınası" təbii qazdan imtinanı tətikləyəcək.

 





06.10.2021    çap et  çap et