525.Az

Dörd saatlıq "virtual ölüm" şoku - Natəvan Abdulla yazır


 

Dörd saatlıq "virtual ölüm" şoku -<b style="color:red"> Natəvan Abdulla yazır</b>

Dərsdən çıxan kimi meqabaytı açdım. İnternet var, amma feysbuka daxil ola bilmirəm. İnstaqrama girirəm, eyni vəziyyət, votsapda yazdığım mesajlar da heç kimə getmir. Əvvəl elə bildim ki, problem təkcə məndədir. Sonra yanımdakı yoldaşlar bir-bir panikaya düşməyə başladılar: "Sənin internetin var?", "Mesaj getmədi", "Hə, məndə də işləmir", "Görən, nə baş verir?"

Yəqin müharibənin fəsadlarıdır ki, birdən vahimə bürüdü hamımızı. Hələ bir ağıllı da çıxıb dedi ki, tez "VPN" yükləyin. Bir anlıq sarımı udandan sonra ağlıma gəldi ki, zəng eləmək ki mümkündür. Bu minvalla dəqiqləşdirdik ki, İnternetə barmaq eləyən hansısa ölkə deyilmiş. Ümumiyyətlə, təkcə Mark Zukerberq çöküb, qalan hər şey qaydasındadır. Beləcə, dünyanın üç böyük sosial şəbəkəsində yaranan sistem problemi ucbatından bütün dünya nə az-nə çox, düz dörd saat öz virtual kimliyindən uzaq düşdü. 

Görünür, dünya iqtisadiyyatına 500 milyondan çox zərər vuran bu olay insanların psixologiyasına da təsirsiz ötüşməyib. Gecə saatlarında sözügedən sosial şəbəkələrin işi bərpa olunduqdan sonra feysbuka bir göz atdım ki, hamı qarışqa kimi daraşıb, hər tərəfdən status yağır. Ən çoxu da "Necəsiz?", "Salamatçılıqdır?" statuslarıdır. 

Vallah nə bilim, elə bil, ölmüşdük, yerdən götürənimiz yox idi...

Sosial şəbəkələrə necə aludə olduğumuz, telefonlarımızın üçüncü - elektron əlimiz olması reallığını hər dəfə təkrarlamağa nə hacət var ki? Onsuz da bu kəndir hamımızın boynundadır. Bir göz qırpımında keçib gedən insan ömrü sosial şəbəkələr sayəsində işıq sürəti ilə bitir. Elə feysbuk özü də ölmüş adamların profilləri ilə doludur. Hərdən tanıdıqlarım qarşıma çıxır, elə bilirəm, rəhmətliklər elə virtualda ölüb, həyatda yaşayırlar. O gün biz də toplu şəkildə bu ölümü daddıq - virtualda öldük. Bu ölüm şoku əksəriyyətimizin realda "dirilməsinə" səbəb oldu. Başqa sosial şəbəkələrə daraşanları saymasaq, feysbukda yazılan statuslardan belə qənaətə gəlmək olur ki, insanlar evdəkilərlə tanış olmaq fürsəti yaxalayıblar. Yarızarafat, yarıgerçək olan bu statuslar əslində, özümüzü canlı ünsiyyətdən necə məhrum etdiyimizin, dünya nəhəngləri olan bu üç sosial şəbəkəyə necə "əsir düşdüyümüzün" göstəricisidir. 

Əlbəttə, bu ayılma şoku insanlarda sosial şəbəkələrlə bağlı hansısa vərdişi yadırğamaq üçün kifayət deyil. Amma yenə də əksəriyyətimiz bir neçə saat da olsa, araya telefondan gələn bildirişlər girmədən bir-birimizin gözünün içinə baxaraq söhbət edə, zarafatlaşa bildik. Bir azca romantik səslənsə də, nəbzimizin atdığını hiss etdik, başımızı dik tutub normal nəfəs alıb verdik. Sonra nə oldu? Sonra sosial şəbəkələrdəki nasazlıq aradan qaldırıldı, virtual kimliklərimiz "dirildi". Realda başımızı aşağı salıb başladıq oradakı kimliklərimizlə yenidən var olmağa. 

Bu probemin bir az da uzun çəkməsini, hətta tez-tez baş verməsini arzulayanlar da var. Deyəsən, onlar da virtual varlıqlarından imtina etmək istəyənlərdir. Virtual kimliklərini yox etməyə, virtual olaraq "intihar etməyə" ürəyi gəlməyənlər istəyirlər ki, kimsə onları buradan silib uzaqlaşdırsın. Kimsə onları yox etsin buradan. Qəribə hisslərə şahidlik edirik. İnsanlar həm sosial şəbəkələrdən boğaza yığıldığını hiss edir, həm də ondan qopa, ayrıla bilmirlər. Axı, beyni hər mövzuda manipulyasiya etmək olsa da, bədənin ehtiyacları konkretdir. Bədənin intizamlı hərəkətə və dincəlməyə ehtiyacı var. Biz isə onu dinləmirik. Əllərimizi sinəmizin altında telefonla birləşdirir, başımızı sallayırıq aşağı. Sonra da yuxarı sürüşdür, aşağı sürüşdür, "like" elə, rəy yaz. Deyəsən, bir ömür belə keçəcək...

 





06.10.2021    çap et  çap et