525.Az

"Heç kəs "Qaya"nı dəfn etməyə tələsməsin" - Xanhüseyn Əliyev


 

XANHÜSEYN ƏLİYEV: "QAYA" VAR, "QAYA" YAŞAYIR VƏ ÜMİDVARAM Kİ, BUNDAN SONRA DA YAŞAYACAQ"

"Heç kəs "Qaya"nı dəfn etməyə tələsməsin" -<b style="color:red"> Xanhüseyn Əliyev</b>

Artıq 28 ildən çoxdur, "Qaya" mətbuat yayımı firması yerli və xarici mətbu nəşrlərin - qəzet və jurnalların ölkə ərazisində operativ şəkildə yayılması sahəsində müstəsna xidmətlər göstərir. Son illər isə ötən əsrin 90-cı illərindən bu yana mətbuat yayımı ilə məşğul olan müəssisə maddi sıxıntılar ucbatından çətin dövrünü yaşayır. "Qaya" mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyevlə söhbətimzdə də elə bu məsələlərə toxunmuşuq. 

***

- Xanhüseyn bəy, bildiyimiz qədəri ilə son dövrlər fəaliyyətinizdə bir sıra çətinliklər yaranıb. "Qaya"nın mövcud durumu nə yerdədir? 

- Doğrudur, 2-3 ildir ki, "Qaya"nın bir sıra çətinlikləri var. Hətta bəzi yerlərdə belə söhbətlər də gedir ki, "Qaya" süqut edib. Mən isə deyərdim ki, heç kəs "Qaya"nı dəfn etməyə tələsməsin. Hələ çox  tezdir. Problemlər var, ancaq normal sahibkar yaranan problemlərin həlli yollarını axtarıb çıxış yolu tapmağa çalışmalıdır. Bizim problem iqtisadi problem deyil və indi başlamayıb. Bu problemlər 2000-ci il yanvarda Hacıbala Abıtalıbov mer təyin olunandan başlandı. O, vəzifəyə təyin olunar-olunmaz "Qaya"ya hücumlar başladı, hətta məndən firmanı təhvil verməyimi tələb edənlər də oldu. Burada bir deviz vardı: "Qaya"nı sıradan çıxarmaq! Çünki o vaxt Azərbaycanda mövcud olan iki dövlət mətbuatı yayımı və bir də fərdi şəkildə işləyən "Qaya" vardı. Firmanı təhvil verməklə bağlı təklifi rədd etdiyim günün səhərisi Bakıda, Naxçıvanda və digər rayonlarda köşklərimizi yığışdırmağa başladılar. Bu, bizə birinci zərbə idi, ancaq onu vaxtında neytrallaşdıra bildik. O vaxtlar iqtisadi cəhətdən mübarizə aparmağı bacarmayanda keçirdilər məsələni siyasiləşdirməyə. Bizdə də belə oldu. Başladılar məsələyə siyasi don geyindirməyə, ancaq məsələ sırf iqtidasi məsələ idi, "Qaya"nı əlimdən almaq istəyirdilər. Fəaliyyətmizi xeyli araşdırdılar, lakin heç bir siyasi tərəf tapılmadı.

- Həmin dövrlərdə sizə kimlərsə dəstək olurdumu?

- Azərbaycanda azad rəqabəti, normal iqtisadi mübarizə şəraitinin tərəfdarı olan adamlar çoxdur. Həmin zamanlarda mənə ən böyük kömək edənlər qəzetlərin baş redaktorları oldular. Onlar "Qaya"nı qorumağı bacardılar. O vaxtlar deyirdilər ki, "Qaya" guya təkcə müxalifət qəzetlərini satır. Amma bu, yanlış yanaşma idi. Biz ömrü boyu iş prosesində qəzetin mövqeyini meyar kimi götürməmişik. Bizi qəzetin mövqeyi maraqlandırmayıb, əgər oxucu qəzeti istəyirsə, biz onu ünvanına çatdırırıq. Bizim işimiz bu idi. Bir müddət sonra hər şey üzə çıxdı və məlum oldu ki, danışılanlar hamısı sabun köpüyüdür və buna görə də tez də partladı. Lakin bu kampaniyada yığışdırılan köşklərimizin heç biri geri qaytarılmadı. 

- Yaranan maddi çətinliklə bağlı haradansa güzəşt, yaxud da yardım almısınızmı?

- İndiyə kimi biz dövlətdən nə kredit, nə güzəşt almışıq. Bəli, arada olub ki, dəstək üçün abunələr verilib. Bu, alqışlanan haldır. Ancaq mənim arzum başqadır. Qoyun "Qaya" yaşasın, işləsin. Azərbaycanın inkişafı onun  iqtisadiyyatından asılıdır. İqtisadiyyat nə qədər güclü olacaqsa, nə qədər çox iş yeri açılacaqsa, inkişaf da o sürətlə davam edəcək. Kömək əvəzinə, 5 il öncə daha bir çətinliklə üzləşdik. 2016-cı ildə Nazirlər Kabineti səhv bir qərar verdi. Qərara görə, Vergi Məcəlləsi qüvvədə ola-ola, ölkəyə idxal olunan qəzet kağızına və KİV-ə əlavə dəyər vergisi tətbiq olunmağa başladı. Mən 4 il sübut edə bimədim ki, bu haqda qanun var. Qanunun yanında qərarın heç bir qüvvəsi ola bilməz. Mən hüquqşünas olduğum üçün qanunları yaxşı bilirəm. Konstitusiyada normativ aktların ardıcıllığı var. Birinci qüvvədə olan Konstitusiyadır, ikinci qanun. Mənə dedilər ki, səhv addım atmışıq, gəlin bu vəziyyətən çıxaq. Verin məhkəməyə, hansı qərar çıxsa, onu da tətbiq edərik. Məhkəmə Gömrük Komitəsinə ƏDV-nin tələbini qadağan etdi. Ali Məhkəmə isə qərar çıxardı ki, qüvvədə olan qanuna "alqı-satqı" sözü səhvən düşüb. 
Həmin məsələ "Qaya"nı bu hala salan üçüncü addım oldu. Birinci addım məmurların "Qaya"ya qarşı qısqanclığı idi. İkinci addım 2010-cu ildən mətbuat yayımının inhisara alınması oldu. Üçüncüsü,  Gömrük Komitəsinin ƏDV tətbiqi addımı. Dördüncü və ən çətini isə pandemiyanın başlanması oldu. 

Biz abunəçilər üçün xarici ölkələrdən qəzet, jurnallar gətirirdik. Bu, dövriyyənin bir hissəsidir. Təkcə Azərbaycandakı qəzetlərdən deyil, xaricdən gətirdiyimiz mətbu nəşrləri satıb onlardan da gəlir əldə edirdik. Pandemiya başlayanda iqtisadi əlaqələr bir müddət dayandı. Qaldı bircə yerli qəzetlər. Yerli qəzetlər də satışı aşağı düşürdü, dövriyyə azaldı, bununla da gəlir azaldı. Belə olanda nəsə bir çıxış yolu tapmaq lazım idi. İşçilərin 50 faizini ixtisar etmək problemi ilə üzləşdik. İnanın ki, "Qaya"nın əməkdaşlarının 80 faizi 20 ildən artıqdır ki, bizimlə birlikdə çalışırlar. Kimi işdən çıxara, kimi ixtisar edə bilərdim, axı?!

Bu gün "Qaya"nın başlıca problemi maddi problemdir, qəzetlərə olan borclardır. Müqayisə üçün deyim ki, başqa böyük firmalara baxanda biz toya getməliyik. Ancaq mən 28 ildə belə işləməmişəm. Həmişə qəzetlərin pulunu birinci biz verirdik. İndiki vəziyyətə qəzetlərdən zəng gələndə məni vahimə basır. İstəyirəm baş götürüb qaçım. Mən qəzetləri də qınamıram, onlar da qəzet çap etməlidirlər. Bu proses zəncirvaridir. Qəzet çap olunur, satılırsa, pul da ödənilməldir. Mən qəzetlərin pulunu verə bilməyəndə onlar da nəşriyyatın pulunu, işçilərin əməkhaqqını verə bilmirlər. 

- Sizzcə, mövcud çətin durumun düzəlməsi üçün çarə nədir? 

- Bunun üçün çıxış yolu olmalıdır. Ölkədə Medianın İnkişafı Agentliyi fəaliyyət göstərir. Mən bu qurumdan da xahiş etmişəm ki, "Qaya"ya dəstək olsunlar. Nə yaxşı ki, indi qəzetlərə kömək edirlər. O kömək olmasa, heç bir qəzet öz hesabına çap oluna bilməz. Uzun müddətdir qəzetlərlə işlədiyimdən bir yayımçı kimi bilirəm ki, belə olsa, qəzetlərin də fəaliyyəti dayana bilər. Mövcud durum çox çətindir. Dəstək olmasa, çox çətindir. Bir əmlakım var, onu satışa qoymuşam. Məmnuniyyətlə onu satıb qəzetlərin borcundan öz gücümə çıxaram. Lakin alıcı da yoxdur. Bir şey bilirəm ki, mətbuat da sahibkarlığın bir növüdür. İndi dəstək verirlər, ancaq sahibkar kimi onlara pillə-pillə şərait yaradılmalıdır, reklam verilməli, tirajlar qalxmalıdır. Qəzetlərin tam müstəqil şəkildə, öz gücünə ayaqda dura bilməsinə şərait yaradılmalıdır. 

- Hazırda Bakıda Milli Kitab Satış Sərgisi keçirilir. Qəzet və jurnalların təbliği, yayımı, onlara marağı artırmaq üçün mətbu orqanları da belə sərgilərə cəlb edə bilərikmi? 

- Açığı, bu barədə heç bir təşəbbüsüm və planım olmayıb. Çünki mənim indi başlıca məqsədim qəzetlərə olan borcları ödəyib qurtarmaqdır. Ancaq sərgi ilə bağlı təklifinizi alqışlayıram. Orada bizim də stendlərimiz olsaydı, Azərbaycanda çap edilən qəzetləri ora yerləşdirərdik. Bunun üçün sərgini təşkil edənlər tərəfdən bizə müraciət olmalıdır. Bizə müraciət olunmayıb, ancaq həqiqətən şad olardıq. Bəlkə, bu, mənim səhvimdir ki, Şahbaz Xuduoğluya belə bir müraciət etməmişəm. Əvvəllər kitab sərgisi olanda biz qəzetlərin stendini qoyurduq. Ancaq təkrar edirəm, sizin təklifiniz ağılabatandır. Bu işi görmək olardı, qəzetlərlə də danışıb qəzet stendləri də orada yerləşdirmək mümkün idi. Ölkədə 50-ə yaxın qəzet dərc edilir. Bu qəzetlər bizim səhvimizdir. 

- Dediniz ki, o vaxtlar "Qaya"nın müdafiəsinə hamıdan əvvəl baş redaktorlar qalxmışdılar. İllərdir yayımçılıqla məşğul olan və qəzetlərin dərdinə şərik biri kimi ən yaxşı təşəbbüs də siz tərəfdən gələ bilər. Həmin baş redaktorlarla birlikdə bir görüş təşkil edib vəziyyətə çarə tapmaq olarmı? 

- Bəli, bu gün belə bir görüşə ehtiyac var. Mən belə bir görüşün keçirilməsini ürəkdən istəyirəm və alqışlayardım. Mətbuat Şurasının sədri Əflatun Amaşov belə bir görüş təşkil edə bilər. Əflatun müəllim belə bir təkliflə çıxış etsə, bizi Mətbuat Şurasında dəyirmi masa başında toplasa, çox şad olaram. O, bununla bizə mövcud durumu müzakirə edib, çıxış yolu axtarmağa kömək etmiş olar. Biz bütün baş redaktorlarla dostuq. İnanın, mən həmişə deyirəm ki, bizim dostlarımız çoxdur. O səbəbdən mən dostlarla birlikdə belə bir görüşün baş tutmasına çox sevinərdim. 

- Digər inkişaf etmiş ölkələrdə ənənəvi çap mediası da onlayn media ilə birlikdə paralel fəaliyyət göstərir. Bəs nə üçün bizdə ənənəvi mətbuat yayımı ötən əsrlə müqayisədə geri qalır? 

- Bu fikirlə mən də rastlaşmışam. Təqribən iki il öncə bir baş redaktorla bu haqda söhbətimiz oldu. Mən ona dedim ki, İsveçrədə bir balaca qəsəbə var, o qəsəbənin 40 min əhalisi var. Həmin qəsəbədə 30 min tirajla qəzet çıxır. İndi sual edirəm, İsveçrədə internet yoxdur? Həmin 30 min tirajın isə 70-80 faiz satılır. Bu da cavab. Yəni internet tam səbəb deyil. Bəli, insanlar lazım olan məlumatı sürətli şəkildə internetdən ala bilirlər. Ancaq çap mediasında olan məlumatlar internetdə olmur. Qəzet oxumaq istəyən insanlar var. Fikrimi deyəcəm, yenə deyəcəklər susmağı bacarmadı. Bilirsiniz, vətəndaş eyni fikri istəmir, fərqlilik axtarır. Amma bizdə qəzetləri açırsan, hamısında eyni fikir, eyni məlumatdır. Əvvəllər qəzetlərin bir mövzuya fərqli mövqeləri, təhlilləri olurdu, oxucu da alıb oxuyurdu. Bu mənada hesab edirəm ki. qəzetlərə müəyyən azadlıqlar verilməlidir. Təhlil və tənqid inkişaf deməkdir. Bundan çəkinmək lazım deyil. 

- Xüsusi bəyənib oxuduğunuz qəzet varmı?

- İnanın, axırıncı beş ildə mən qəzet oxumamışam. Təqribən 5 il əvvəl qəzetlər ƏDV ilə bağlı məsələni qabardırdı. O zaman maraqla oxuyurdum, sonra isə yox. Bunu da deyim, əgər maliyyə dəstəyi olacaqsa, qəzetlər qalacaq. Ancaq mənə elə gəlir ki, bu, nə vaxtsa dayanacaq. İndidən qəzetlər bu haqda fikirləşməli, satış, imic, reytinq məsələlərinə fikir verməlidirlər, müstəqil şəkildə ayaqda durmağa çalışmalıdırlar. Əgər onlar vəziyyətdən özləri çıxsalar, inanıram ki, "Qaya" da çıxacaq. O zaman yenidən qəzetlərə tam dəstək ola biləcəyik. İndi isə qəzetlərin yanında utanırıq. 

Mətbuat yayımı ilə redaksiyalar sırf bir-birinə bağlıdır. Bu, mənim sözüm deyil, bu, devizdir. Azad yayım olmasa, azad mətbuat da olmayacaq. "Qaya" var, "Qaya" yaşayır və ümidvaram ki, bundan sonra da yaşayacaq. Mən buradan səslənib indiki düşdüyümüz vəziyyətlə bağlı bütün qəzetlərdən üzr istəyirəm. Çünki mən son zamanlar onların etimadını doğrulda bilmədim. Ancaq təkrarən deyirəm, "Qaya" üçün acınacaqlı bir şey yoxdur və tezliklə redaksiyalarla əlaqələrimizi yenidən bərpa edəcəyik. Mən buna inanıram. 

Afaq RZA 
 

 





06.10.2021    çap et  çap et