525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red"> Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz:

[email protected]

***

Sərhəd Fərhad oğlu Hüseynov 1996-cı il aprel ayının 21-i Füzuli rayonu Aşağı Yağlıvənd kəndində anadan olub. Doğulduğu Aşağı Yağlıvənd kəndində orta məktəbi bitirib və məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin iştirakçısı olan Sərhəd Hüseynov döyüş zamanı dəfələrlə yaralı və şəhid yoldaşlarını təhlükəli zonadan çıxarıb. O, qızğın döyüşlərin birində yaralanaraq xəstəxanaya yerləşdirilib. Lakin onda olan vətən sevgisi və qisas hissi onun yenidən döyüşə yollanmasına səbəb olur. O, könüllü olaraq döyüşlərə qayıtmaq istədiyini bildirir və arzusuna çatır. Yenidən cəbhəyə qayıdaraq döyüşlərə davam edir. Müharibənin ilk həftəsində növbəti dəfə yaralı əsgərlərimizi xilas etmək üçün irəli atılan Sərhəd 29 sentyabr 2020-ci il tarixdə qəhrəmancasına şəhid olur və öz doğma kəndində dəfn edilir.

Sərhəd Hüseynov şəhadətindən sonra "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

***

Ağamir Qüdrət oğlu Ağayev 1996-cı ildə Biləsuvar rayonunda 2 saylı çadır şəhərciyində məcburi köçkün ailəsində dünyaya göz açıb. Onun ailəsi hələ 1993-cü ildə erməni təcavüzü zamanı öz doğma torpaqları olan Füzuli rayonu Şükürbəyli kəndindən məcburi köçkün düşüb. 1994-cü il Horadiz əməliyyatı zamanı azad edilən kəndlərdən biri Şükürbəyli olduğu üçün Ağamir və ailəsi 2001-ci ildən öz ata-baba yurduna dönüb. 
Yeniyetmə çağlarını Şükürbəylidə keçirən Ağamir düşmənlə təmas xəttində böyüyüb. Ağamir erməni faşizmi haqqında faktları öyrəndikcə düşmənə olan nifrəti birə-min artıb. O, 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Ordu sıralarında kəşfiyyatçı kimi xidmət edən Ağamir Aprel döyüşlərində də iştirak edib. O, həqiqi hərbi xidməti layiqincə yerinə yetirdikdən sonra mülki həyatda çalışmağa başlayıb.

2020-ci il sentyabrın 27-də ermənilər tərəfindən törədilən təxribat zamanı əks hücuma keçən ordu sıralarında xidmət etmək üçün Ağamir könüllü olaraq döyüşə yollanıb. Füzuli istiqamətində gedən döyüşlər zamanı bir çox uğurlu tapşırıqlarda o da ruh yüksəkliyi ilə iştirak edib. 

Oktyabrın 8-də Füzuli rayon Seyidəhmədli kəndi istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 

Ağamir Ağayev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad edilməsinə görə" medalları ilə təltif edilib.

*** 

Elçin Əvəz oğlu Əzizov 1985-ci il mart ayının 31-i Cəbrayıl rayon Böyük Mərcanlı kəndində anadan olub. 

Bir müddət özəl işlərdə işlədikdən sonra 2012-ci ilin dekabr ayında Sərhəd Qoşunlarının komandanı, general Elçin Quliyevin də təklifi ilə Sərhəd Qoşunlarının çevik hərəkət dəstəsində gizir rütbəsi ilə işə başlayıb. İlk illərdən kollektivin rəğbətini qazanır. 

2016-cı ildə gedən Aprel döyüşlərində könüllü olaraq döyüşdə yollanır. Göstərdiyi qəhrəmanlıq, igidliyə görə 2018-ci il avqust ayının 15-i ölkə başçısı tərəfindən "Vətən Uğrunda" medalı ilə təltif edilir və baş leytenant rütbəsi alır. Bir il sonra eyni gündə ölkə başçısı tərəfindən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilir. 

Ümumiyyətlə, müxtəlif illərdə Elçin Əzizov uğurlu xidmətinə görə "Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi" (1918-2013) yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" (1919-2014) yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal, "Hərbi xidmətlərə görə" medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" (1919-2019) yubiley medalı, "Vətən uğrunda" medalı və fəxri fərmanlarla təltif olunub. 

2020-ci ilin sentyabr ayının 27-də başlayan müharibəyə Elçin də qoşulur və ilk olaraq Daşkəsən ətrafında olurlar. Bir müddət Murovdağ istiqamətində savaşdıqdan sonra Füzuli rayonun Böyük Bəhmənli kəndinə yollanırlar. Oktyabr ayının 13-ü yaralı yoldaşlarının köməyinə gedərkən Elçin Əzizov döyüş yoldaşı Malik Əliyevlə birlikdə Cəbrayıl rayonu ərazisində zirehli maşında düşmən raketinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 2020-ci il oktyabr ayının 15-i II Fəxri xiyabanda dəfn edilib. 

Elçin Əzizov şəhadətindən sonra "Vətənə xidmətə görə" III dərəcəli orden, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

*** 

Abdulla Əhməd oğlu Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 29-da Talış istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Abdulla Əhmədov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

*** 

Ağamalı Şamil oğlu Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. 

2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 19-da Füzuli döyüşləri zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhidlik məqamına yüksəlib. Masallı rayonunda dəfn olunub.

Ağamalı Ağayev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

*** 

Allahverdi Ələt oğlu Babayev 1989-cu il martın 24-də Mingəçevir şəhərində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Allahverdi Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhidlik məqamına ucalıb. Mingəçevir şəhərinin Şəhidlər xiyabanlnda dəfn olunub.

Allahverdi Babayev şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Asif Məhəmmədağa oğlu Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli kəndində anadan olub. 1991-1997-ci illərdə Həmyəli kənd tam orta məktəbində, 1997-2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 

Asif Azayev 2007-ci ildən "leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. Növbəti illərdə Murovdağ istiqamətində xidmət edən Asif 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda 2-ci Ordu Korpusunda Taborun Qərargah rəisi vəzifəsində xidmət etməyə başlayıb.

Azərbaycan Ordusunun mayoru olan Asif Azayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tabor Komandiri olaraq Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı dəfələrlə Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində, döyüş tapşırığlarının icrasında, həmçinin, tabeçiliyində olan əsgərlərin mühasirədən çıxarılmasında fərqlənib. O, oktyabrın 20-də Füzuli rayonu istiqamətində snayper gülləsi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Şamaxı rayonunda dəfn olunub.

Ailəli olan şəhidimizin Vətənə əmanət üç oğul övladı qalıb.

Asif Azayev şəhadətindən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Baxış İlqar oğlu Rəhimli 19 fevral 1996-cı ildə Bərdə rayonunun Bala Qacar kəndində anadan olub. 2002-ci ildə Bərdə rayon H.Xəliloğlu adına Qullar kənd tam orta məktəbinə daxil olub, 2004-cü ildən təhsilini Bərdə rayon Akademik Z.Əliyeva adına məktəb-liseydə davam etdirib.
2013-cü ildə həmin məktəbin məzunu olan Baxış 2014-cü ildə Türkiyənin Kastamonu Universitetinə qəbul olub, 2019-cu ildə "İktisadi və İdari Bilimler" fakültəsindən həmin universitetin məzunu olub.

2019-cu ildə ali təhsilini bitirən Baxış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri kimi həqiqi hərbi xidmətə başlayıb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısı olub. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da, saat 17:00 radələrində Şuşa döyüşləri zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb.
Baxış Rəhimli şəhadətindən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Cəlil Mürvət oğlu Xeyrullayev 1989-cu il mayın 16-da Quba rayonunun II Nügədi kəndində anadan olub. 1996-2007-ci illərdə II Nügədi 3№-li kənd tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Cəsurlar" komandasının üzvü olan Cəlil Xeyrullayev "Şahin" hərbi-idman oyunlarının rayon birinciliyindəki müvəffəqiyyətli çıxışlarına görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. 

2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2012-ci ildən isə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2012-2018-ci illərdə Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin, 2018-ci ildən isə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "Pələng" Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi. Hərbi xidməti zamanı o, 2012-ci ildə "Meşə qardaşları" adlandırılan terrorçu qrupun zərərsizləşdirilməsi əməliyyatlarına, həmçinin, 2015-ci ildə Qubada və 2018-ci ildə Gəncədə baş tutan iğtişaşların qarşısının alınması tədbirlərinə qatılıb.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cəlil Xeyrullayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin, Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhidlik məqamına yüksələn Cəlil nişanlı idi. O, Quba rayonunda dəfn olunub.
Cəlil Xeyrullayev şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Elgün Elman oğlu Əzizov 1990-cı il yanvarın 8-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1996-2007-ci illərdə Q.Baxşıyev adına Bakı şəhər 179 saylı tam orta məktəbdə, 2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. 

2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edib.
2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi altında xidmətə başlayıb.
Vətən müharibəsinə qədər "baş leytenant" hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elgün Əzizov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhidlik məqamına yüksəlib. Müşfiqabad qəsəbəsində torpağa tapşırılıb.

Ailəli olan şəhidimizin Vətənə və xalqına əmanət üç övladı yadigar qaldı.

Elgün Əzizov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Cəlil Ağaddin oğlu Cavadov 29 mart 1989-cu ildə Lerik rayonu Xəlifəkücə kəndində anadan olub. Atası Ağaddin Sənan oğlu Cavadov hüquqşünas olub və Lerik rayon qeydiyyat idarəsinin rəisi vəzifəsində işləyib. Cəlil 13 yaşında olarkən hər iki valideynini itirib. 

Orta təhsilini şəhid Zəfər Səfərov adına Blaband kənd orta məktəbində alıb. 2003-cü ildə orta məktəbin 8-ci sinifini bitirərək C.Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2006-cı ildə liseyi bitirərək H. Əliyev adına Ali Hərbi Məktəbə qəbul olub və 2010-cu ildə motoatıcı ixtisası üzrə bitirib. 
2010-2011-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ixtisasartırma kursunu keçib.

2011-2014-cü illərdə Ağdam istiqamətində tağım komandiri olub. 2014-2016-cı illərdə baş-leytenant hərbi rütbəsində Ağdam istiqamətində bölük komandiri, 2016-2017-ci illərdə Bərdə rayonunda yerləşən hərbi hissədə qərərgah bölüyünün komandiri, 2017-2018-ci illərdə Qazax rayonunda yerləşən hərbi hissədə tabor komandirinin maddi-texniki təminat üzrə müavini, 2018-ci idən 2020-ci ilin mart ayına qədər Qaradağ rayonunun ərazisində yerləşən N saylı hərbi hissədə uçot əməliyyat bölməsinin rəisi vəzifələrində xidmət edib.

2020-ci ilin mart ayında Qusar rayonunda yerləşən hərbi hissədə tabor komandirin müavini vəzifəsinə təyin olunub. 2020-ci ilin aprel ayında baş-leytenant rütbəsindən kapitan hərbi rütbəsinə yüksəlib.

Kapitan Cavadov nümunəvi xidmətinə görə II dərəcəli "Qüsursuz xidmətə görə", III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.

2020-ci il 27 sentyabrdan etibarən Vətən müharibəsində tabor komandirinin müavini vəzifəsində Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut istiqamətlərində cəsarətlə döyüşüb. 

Oktyabr ayının 27-də C.Cavadov 14 nəfərlik qrupu ilə Xocavənd rayonunun Cütçü kəndi ərazisindəki starateji yüksəkliyin işğaldan azad edilməsi uğrunda hücuma keçib. Cəlil qrupunda yaralanmış bir hərbçiyə ilkin tibbi yardım göstərilməsi və onun döyüş meydanından çıxarılması üçün operativ tədbir görərək yenidən döyüşü davam etdirib. Həmin döyüşdə Cəlil qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Lerik rayonunda dəfn olunub.

Cəlil Cavadov şəhadətindən sonra "İgidliyə görə", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Vüqar Xaləddin oğlu Məmmədov 1990-cı il yanvarın 23-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Vüqar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhidlik məqamına yüksəlib.

Vüqar Məmmədov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Ülvü Möhsün oğlu Hüseynov 1988-ci il aprelin 16-da Ordubad rayonunun Sabir kəndində anadan olub.

Azərbaycan Ordusunun kapitanı olan Ülvü Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Şuşa döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhidlik məqamına yüksəlib.

Ailəli olan şəhidimizin Nihad adlı övladı Vətənə əmanət qalıb. Onun şəhid olarkən şəxsi heyətindən sonra arzusu oğluna velosiped alınması olub. 
Ülvü Hüseynov şəhadətindən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Vahid Tahir oğlu Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2011-2012-ci illərdə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. 

2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri olan Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 24-də Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Vahid Əlisoltanov şəhadətindən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Yalçın Aydın oğlu Cavadov 1985-ci il mayın 19-da Şamaxı rayonunun Sabir qəsəbəsində anadan olub. 1992-2002-ci illərdə A.Alxanov adına qəsəbə tam orta məktəbində təhsil alıb. 

2003-2005-ci illərdə Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan Yalçın Cavadov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 9-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Şamaxı şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Ailəli olan şəhidimizin Vətənə əmanət bir qızı və iki oğlu qalıb.

Yalçın Cavadov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 





07.10.2021    çap et  çap et