525.Az

Mollanın xəyanəti, Mirzəyanın öpüşü və... - Kamran Nəzirlinin hekayəsi


 

DARÇIN XALANIN QARĞIŞI

Mollanın xəyanəti, Mirzəyanın öpüşü və... -<b style="color:red"> Kamran Nəzirlinin hekayəsi</b>

(“Karantin hekayələri” silsiləsindən)

Qulaq hər gün bir söz eşitməsə, kar olar; əgər o söz mənim ayağımın altına sabun sürtürsə, onda elə qulağım kar olsa yaxşıdı. Sizdən nə gizlədim, neçə gündü, ding demədən dingildəyən ağaların yalanı və böhtanı məni cin atına mindirib; gah əzilmiş pamidor kimi, gah da qoltuğunda yumurta bişən cavanlar kimi özümdən çıxır, dəiqanlı oluram. Qulaq müsafiri də olmaq istəmirəm və heyrət edirəm qulaqlarıma ki, ötən il Gəncəyə atılan erməni bombasından nə əcəb kar olmadılar! Kaş elə kar olaydılar, nə o bombanın gurultusunu, nə də millətin ah-naləsini eşidəydilər! Amma mənim qulaqlarım Andronikin qulaqları kimi uzun deyil ki, kəsib atsınlar, millət kimi onlar da dözdü! Əsas millətin bərkiməyiydi – bərkidi, bərkidi, millət ayağa qalxdı, millət qalib gəldi. İndi o kədərli və zəfərli günlər arxada qalıb, görürəm, yenə qulaqlarım cingildəyir, bərk cingildəyir! Əcayib-qərayib səslər eşidirəm. Bu dəfə o səslər müsəlman molla “qardaş”lardan gəlir (nə əcəb Gəncə, Bərdə bombalananda cınqırlarını çıxartmadılar?!), özü də məni cırnadan səslər: “Mirzə, yan, kül ol, biz sənin acığına adını oğurlayan Mirzəyanla qucaqlaşıb öpüşürük!” (Vay, vay, vay! Heç biri də maska taxmayıb! Virusdan da qorxmurlar e!). Özgə olsaydı, məni bu qədər yandırmazdı, bunlar guya Peyğəmbərimizin nəslindən olan şəriətmədarilərin, seyidlərin, üləmaların, mollaların səsləridir, qardaş səsləridir, dindaş səsləridir, müsəlman səsləridir ki, qulaqlarımı deşir, cızdağım çıxır! Heç Cordano Bruno o cür yanmamışdı, mən yandım töküldüm! İndi neynəyim, təpəmə cin vuranda ağlıma min cür fikir dolur, adımı belə eşitmək istəmirəm! Bu gün səhər işə gedəndə də pis fikirlər başıma dolmuşdu, hirsimi, acığımı çomaq edib tutmuşdum çoban kimi əlimdə, inan Allaha, kim mənə “Mirzə” desəydi, baxmazdım cinsinə, ilişdirəcəkdim təpəsinə. Görün qabağıma kim çıxdı da! 

- Sabahın xeyir, ay Mirzə!- qonşum Darçın xala gülümsədi.

- Mənə Mirzə demə!- qəflətən elə çımxırdım ki, arvad diksindi, məndən bunu gözləmirdi axı!

- Bismillah! Allahü əkbər! Niyə, ay Mirzə?

- Demədim mənə Mirzə demə? Adımı dəyişdirəcəm!

- Allahü əkbər, sübhan allah! Lənət şeytana! Noolub axı, ay Mirrrr... ay qonşu? – gördüm arvadın rəngi ağardı, dili topuq vura-vura danışır, gözlərini də bərəldib matdım-matdım baxır üzümə.

- Heçççç...- bir az yumşaldım deyəsən (Yazıq arvadın nə günahı var!). Dünəndən bəri başımı gic eləyən adımın mənasını yadıma saldım, dedim:

-    “Mirzə” ərəbcə eşşək arısı deməkdi...

-    Buy, başıma xeyir! - Darçın xala güldü. – Bunu kim dedi, ədə? Ərəb dili hardan ağlına gəlib? Min ildi bizim dildə “Mirzə” böyük, hörmətli yazı-pozu adamına deyirlər! Rəhmətliyin oğlu, elə buna görə adamı arı kimi sancırsan səhər-səhər?

-    Yox e, o Mirzəyana görə! Adımı oğurlayıb, sanımı-dadımı, musiqimi, adətimi, ənənəmi... hər şeyimi oğurlayıb, torpağımı, evimi də oğurlamışdı. İndi də mənim adımla gedib Tehrana, mollanın damağına şəkər əzməklə məşğuldu. Düşüb üləmaların, şəriətmədarların ayağına, başlayıb yalvarmağa ki, bəs, rusdan, fransızdan bizə qardaş çıxmadı, gəlin siz qardaşlıq eləyin bizə. Dinimiz ayrı olsa da, siz bizi heç vaxt darda qoymamısız, bərk ayaqda həmişə yanımızda olmusuz. Ağayi Molla da  Mirzəyanı bağrına basıb, qucaqlayıb və deyib:”Biz o türklərə yerini göstərərik! Yəhudilərlə, İslamın düşmənləri ilə dostluq edirlər! Biz onlara göstərərik, ağayi Mirzə-yan!” 

Darçın xala bir anlıq udqundu, başını bulayıb dedi:

- A bala, o Mirzəyan kimdi ki?

- Ermənilərin xariciyyə vəziri!

- Eh, ay Mirzə, burax bu boş söhbətləri. Mirzəyandı, Babayandı, Muradyandı, Allahverdiyandı, İmanverdiyandı... bunlar heç kimdi. Bunların dərsini vermişik necə lazımdı. Qarabağı da azad eləmişik, get kef elə. Sən, görünür, tarixi yaxşı bilmirsən. Ən qorxulu düşmən o ağayi Molladı! Yadında saxla, bunu mən deyirəm sənə - nə o Molla rejimi, nə də ondan əvvəlki İran şahları heç vaxt Azərbaycanı müstəqil dövlət kimi görmək istəməyiblər. Sən onların əmmamələrinə baxma, mənim doxsandan çox yaşım var, heç vaxt onların əsl müsəlman olduqlarına inanmamışam. İslama və Qurani-Kərimə yaraşmayan hərəkətlərinə görə! Birinci Qarabağ savaşında da, İkinci Qarabağ müharibəsində də susdular; öz din qardaçlarını müdafiə etmədilər, düşmənlərimizə kömək etdilər. Mən müharibə vaxtı bunu sizə deyirdim axı, inanmırdınız! Rus yalandı, erməni ilə cici-bacı olan molla yüz ildi plan cızır, məqsədləri Azərbaycanı məhv eləməkdi, onu dövlət kimi gözü götürmür, vəssalam! Yəhudi-məhudi bəhanədi! Qırx ildi Təbrizdə, Ərdəbildə, Urmiyədə… cavan-cavan bacı-qardaşlarımızın başına oyun açırlar, analarının gözü qabağında qanına qəltan edirlər, heç nəyin üstündə qaldırıcı kranlardan asırlar, edam edirlər, zindanlarda çürüdürlər, ana dilində oxumağa qoymurlar, dünyanın da vecinə deyil! Belə müsəlmançılıq olar? Belə İslam olar? Xocalıda ermənilər qətliam törətdi, Qarabağda nələr eləmədilər, insanlığa qarşı, İslama qarşı cinayətlər törətdilər! Heç gör səslərini çıxartdılar o molla dediyin ağalar? Yox! Əlbəttə, o molla Peyğəmbərin şəriətini amansızlıqla təhqir edən ermənini öpər də! Ondan nə desən gözləmək olar!

(Vallah, bu arvad məndən çox bilir!)

Darçın xala əlini yellədə-yellədə “müqəddəs Qurani-Kərim onların gözünü tutsun!” qarğış elədi və çıxıb getdi. Mən də başımı aşağı salladım, deyəsən bir qədər özümə gəlmişdim; başımdakı qaranlıq suallara cavab tapmışdım. Mirzəyanın Tehranda İRNA agentliyinə dediyi “dünyada cəmi iki dənə qədim sivilizasiya var - biri Ermənistandır, biri də İran!” məntiqsiz hökmü barədə düşünürdüm; düşünürdüm ki, görəsən mənim qədim adımı hələ də üstündə gəzdirən Mirzəyan o çadralı müxbir qadının güldüyünü gördümü? Görə bilməzdi axı! Müxbir qadının təkcə gözləri görünürdü, siması görünmürdü, çünki qara çadradaydı, qara çadrada! Mənim heç vecimə də deyil, cəhənnəmə-gora çadradadı! Arvaddır, eybi yox, əsas odur ki, ağayi kişilər çadrada olmasın. Əgər onlar da qara çadrada olsalar, yüz faiz əminəm ki, tarixi saxtalaşdırmaqda mahir ermənilər İslama da əl qatıb deyəcəklər: bu dini də biz yaratmışıq! Görəsən o zaman ağayi molla erməniylə yenə öpüşəcək?

...Ədə, bəndədən utanmırsan, heç olmasa, Allahdan utan!

Bakı, 6 oktyabr, 2021-ci il
 

 





07.10.2021    çap et  çap et