525.Az

"İncəsənətdə bu günün əsas mövzusu vətənpərvərlik olmalıdır" - Qabil Ədalət


 

"İncəsənətdə bu günün əsas mövzusu vətənpərvərlik olmalıdır" -<b style="color:red"> Qabil Ədalət</b>

Vətən müharibəsi, Qarabağ zəfəri son bir ildə Azərbaycan ədəbiyyatına və incəsənətinə də təsirsiz ötüşmədi. Uzun illərdir torpaq həsrətindən, yaralı Qarabağ ağrısından yazan şair və yazıçılarımız, bu mövzunu əsərlərində yaşadan incəsənət nümayəndələrimiz artıq qələbə sevincli əsərlərini ictimaiyyətimizə təqdim edirlər. 

Onlardan biri də şair, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Qabil Ədalətdir. Qabil son bir ildə müxtəlif sənətkarlarımız və peşəkar gənc musiqiçilərimiz tərəfindən ifa olunan 20-dən çox vətənpərvəlik mahnısının sözlərinin müəllifidir. Qələbədən öncəki yaradıcılığında da daim vətənpərvəlik mövzusunun əsərlərinin əsas qayəsinə çevirən şair müharibə dövründə və müharibədən sonra yalnız bu mövzuda yazmaq istədiyini deyir. 

***

- Bildiyiniz kimi, hələ müharibədən öncə illərdir mən vətənpərvərlik mövzusunda şeirlər yazır, istər ölkə daxilində, istərsə də, ölkə xaricində layihələr həyata keçirirəm. Buna 2013-cü ildən başlamışam. Gənclər Fondunun elan etdiyi Qrant müsabiqələrdə dəfələrlə qalib olmuşam. QHT Şurası tərəfindən "Vətən sevgisi sərhəddə başlamır, sərhəddə bitmir" adlı layihə almışam. Dövlət hesabına "Bitməz könlümüzün Vətən sevgisi", "Bayat" adlı sırf vətənpərvərlik mövzulu şeir antologiyası hazırlamışam. Sərhədyanı bölgələrimizdə, Türkiyədə, Rusiyada, Dərbənddə, Ukraynada, Gürcüstanda bu cür layihələr həyata keçirmişəm. 

Ötən ilin iyul ayında Tovuz döyüşləri başlayandan isə daha çox vətənpərvərlik mahnılarına mətnlər yazmağa üstünlük verdim. Əlbəttə, yetərincə bu mövzuda mahnılarımız var. Amma mən də bir gənc olaraq bu yolu seçdim ki, yaradıcılığımı bu il məhz bu mövzuya həsr edim. Əfsanəvi general-mayor Polad Həşimovun şəhadətə ucalmasından sonra buna başladıq. "Vətən bizi çağırır" adlı ilk mahnını yazdıq və sonra davam etdik. Bu günə qədər 20-dən çox vətənpərvəlik mahnılarımız işıq üzü gördü və hazırda demək olar ki, bütün efirlərdə səslənməkdədir. İndi isə yenə də 5-6 mahnımız var ki, demək olar, hazırdır, yaxın günlərdə işıq üzü görəcək. Əsasən də 9 noyabr - Bayraq gününə həsr olunmuş "Azərbaycan bayrağı" adlı kompozisiyamız var, həmin ərəfələrdə təqdim olunacaq. İnşallah, maraqla qarşılanar. 

- Mahnı janrına üz tutmağınızın əsas səbəbi nə idi? Ehtiyac hardan yarandı?

- Əslində, bəstəkarın istəyilə oldu. İlk işlədiyim bəstəkar dr.Vaqif Yaqubov olub. Onunla ilk mahnımız "Ulu öndər" adlanırdı. Daha sonra "Vətən bizi çağırır" mahnısını yazdıq. Qazi müğənnimiz Vüqar Muradov ifa etdi. İyul ayında mahnı işıq üzü gördü, sentyabrda döyüşlər başladı. Sonra müxtəlif bəstəkarlardan təkliflər aldım. Bakı Musiqi Akademiyasının müəllimi Aytən Oqtayqızı, gənc bəstəkar Elmir Mədətoğlu, bəstəkar Fərahim Sadiqdən bu yöndə təkliflər gəldi və mən də maraqlı hesab etdiyim təklifləri qəbul elədim. 

Ümumiyyətlə, xarakter etibariylə özümü müxtəlif sahələrdə sınamağı sevirəm. Poeziyada, ictimai fəaliyyətdə, QHT sektorunda, tədbirlərin təşkili sahəsində sınadım, ölkədən kənarda layihələr həyata keçirtdim. İndi də mahnı janrında sınamaq istədim. Məncə, pis alınmayıb. 

Fikrimcə, incəsənətdə bu günün əsas mövzusu məhz vətənpərvərlik olmalıdır. Poeziyamız, nəsrimiz, publisistikamız bu mövzu ilə zənginləşib. Bu da ən gözəl təbliğat üsuludur və bunlar şəhid ailələrimiz üçün ən böyük təsəllidir. 

- Kimlər oxuyub mahnılarınızı?

- Vaqif Şıxəliyev Azərbaycan-Türkiyə dostluğuna həsr olunmuş "Qardaşlıq marşı" mahnısını ifa edib. O mahnını biz ötən ilin iyun ayında yazdıq və dərhal sonrasında baş verən hadisələr, siyasi proseslər bu mahnının necə yerində yarandığını sübut elədi. Bayaq qeyd etdiyim kimi, Vüqar Muradov "Vətən bizi çağırır" mahnısını ifa etdi. Əməkdar artist Firuzə İbadova 3000 şəhid qardaşın tək bacısı olan Arəstə xanıma həsr olunmuş mahnını oxuyub. Babək Niftəliyev "Poladlara salam olsun" mahnısını oxudu. Bu mahnı Polad Həşimovun şəhadətindən dərhal sonra yazılsa da, Vətən müharibəmizdə şəhid olmuş bütün qəhrəmanlarımız sanki bizimçün bir Polad idi və biz ümumilikdə şəhidlərimizə xitabən "Poladlara salam olsun" dedik. Daha sonra Sevinc Sarıyeva, Firuz Səxavət kimi peşəkar müğənnilərimiz oxuyublar mahnılarımızı. 

Xalq artisti Flora Kərimova "Yorğun xatirələr" adlı lirik mahnımı ifa edib. Bu, vətənpərvərlik mövzusunda olmasa da, mahnının sözləri elədir ki, bütün həyatlara və talelələrə toxuna bilir. Fikrimcə, şəhidlərimizin ruhu nə qədər əziz və müqəddəs olsa da, onların nakam taleyi hər birimizin ömründə bir yorğun xatirəyə çevrildi. Xüsusən, onların ailələri üçün. 

Ümumiyyətlə, çalışıram ki, mahnılarımız peşəkar müğənnilərimizin ifasında səslənsin. Gənclərdən də peşəkar, istedadlı ifaçılar oxuyublar. Bu yaxınlarda gənc xanəndə Suma Tapdıqovanın ayrı-ayrılıqda Mirələm Mirələmov və Fərqanə Qasımova ilə duetləri də işıq üzü görəcək.  

- Sizin sözlərinizə yazılmış mahnılardan birini də uşaqlığımızın vətənpərvərlik mahnılarının mahir ifaçısı, hamımıza o mahnıları və səsiylə vətəni sevdirən Şəmistan Əlizamanlı ifa edib. Bu, sizə hansı duyğular yaşatdı?

- Bəli, Şəmistan Əlizamanlı illərdir dilimizin əzbəri olan vətənpərvərlik mahnılarının əfsanəvi ifaçısıdır. Onun mənim sözlərimə yazılmış mahnını ifa etməsi mənimçün inanılmaz bir yuxu oldu sanki. Biz uşaqlığımızdan onun mahnılarıyla böyümüşük. Hərbi xidmətdə ikən onun oxuduğu mahnıların sədasıyla xidmət keçmişik. Hərbi xidmətdə ikən bayramlarda, əlamətdar günlərdə məhz onun mahnıları bizi ruhlandırardı. 2008-ci ildə əsgərlik günlərimdə onu dinlərkən inanmazdım ki, 12 ildən sonra mənim sözlərim də bu səsin ifasında səslənəcək. Bunu özümün ən böyük uğurlarımdan biri hesab edirəm. 

- Öz üzərinizə götürdüyünüz bu missiyanı gələcəkdə də davam etdirmək fikriniz varmı?

- Əlbəttə, var. Bu bir il ərzində məndən sevgi lirikası istəyənlər də az olmadı. Amma mən heç birini qəbul etmədim. Sırf vətənpərvəlik mövzusuna köklənmişəm. Xüsusən, bu bir il ərzində, yəni şəhidlərimizin ildönümünə kimi bu cür şeirlər, mahnılar yazmaq missiyasını götürdüm üzərimə. Demirəm ki, bununla onların borcundan çıxmaq məqsədi daşıyıram, xeyir. Çünki onlar elə bir ali zirvəni fəth ediblər ki, biz nə etsək də, onların bir damla qanının belə əvəzini verə bilmərik. Amma ən azından, bununla vətənpərvərlik mövzusunun az da olsa təbliğinə çalışıram. Təbii ki, bunu gələcəkdə də davam etdirəcəyəm. Hətta deyim ki, bizim bu sahədəki işimiz hələ bundan sonra başlayır. Hələ bundan sonra yazılmalı, oxunmalıdır bu mövzular.  

- Bir şair və söz yazarı kimi müasir Azərbaycan mahnılarının sözləri haqda nə düşünürsüz?

- Mənə elə gəlir ki, xüsusən, vətənpərvəlik mövzulu mahnılarda sözlər mütləq senzuradan keçməlidir. Çünki bir çox müğənnilərin ifasında eşidirik ki, vətənpərvərlik adı altında sadəcə söz yığını oxuyurlar. Ola bilər ki, onunla tanınırlar, reytinq qazanırlar, amma heyif ki, sənət yoxdur. Təəssüf ki, bayağı mahnılarımız çoxdur və bu gün də məşhur olan məhz həmin mahnılardır. Amma mənə elə gəlir ki, zər qədrini zərgər bilər. Çox şükür edirəm ki, mahnılarımı peşəkar sənətkarlarımız dəyər verib ifa ediblər. Bu da əlbəttə, təsadüf deyil, mənim seçimimdir. Həmişə çalışmışam ki, mahnılarımız layiqli ifaçılar tərəfindən səsləndirilsin. Elə müğənni olub ki, bəstəkar onunçün məndən şeir istəsə də, imtina etmişəm. Çünki şeirlərimin o cür bayağı musiqidə, həmin müğənninin ifasında səslənməsini istəməmişəm. Nə özümə, nə də şeirlərimə yaraşdırıram bunu. 

- Yeri gəlmişkən, mahnılarınıza müğənni seçimi necə olur?

- Çox zaman bəstəkarla bir yerdə seçirik. Bəzən olub, mənim ürəyimdən keçib ki, bu mahnını filan müğənni oxusun. Təklif olunub və qəbul edib. Bəzən də olub ki, müğənni özü təklif edib. Deyib mən bu mövzuda, bu janrda şeir istəyirəm. Yəni proses qarşılıqlı davam edir. 

- Şəhid xanım Arəstə Baxışova haqqında mahnı necə yarandı?

- Arəstə xanım şəhid olan vaxt Əməkdar artistimiz Firuzə İbadova Türkiyədə idi. Bundan qabaq onun ifasında mənim sözlərimə yazılmış "Sən deyilsən" mahnısı elə Türkiyədə işıq üzü görmüşdü. Arəstə xanım şəhid olanda Firuzə xanım mənə zəng elədi və dedi ki, günlərdir onun haqqında araşdırıram, yeganə qadın şəhidimizdir, onun haqqında mahnı ifa etmək istəyirəm. Həmin ərəfələr elə zamanlar idi ki, mən də məhz bu hisslərlə dolmuşdum və sanki bəhanə axtarırdım ki, onun haqqında olan bu hisslərimi kağıza köçürəm. Beləcə, bir günün içərisində şeir hazır oldu və Elmir Mədətoğlu musiqisini yazdı. Bir həftəyə mahnı hazır oldu və qismətdən Firuzə xanım da Azərbaycana qayıtdı. Bir ay içərisində mahnı yazıldı və ifa olundu. Yəni təklif Firuzə xanımdan gəldi. Mahnı şəhidimizin ailəsi tərəfindən də çox gözəl qarşılandı. Anası, qohumları həm mənimlə, həm də Firuzə xanımla əlaqə saxlayıb, məmnunluqlarını bildirdi. Biz də onlara dedik ki, bu, bizim borcumuzdur.

- Bəs şəhid ailələrindən müraciət edənlər olubmu ki, bizim şəhidimizə mahnı yazın?

- Bəli, olub. Bu yaxınlarda bir şəhid bacısı mənə yazdı ki, çox istəyirəm qardaşım üçün mahnı yazılsın. Təbii, sözünü yerə sala bilməzdim. Onun timsalında bütün şəhid bacılarının, qardaşların dilindən "Şəhid qardaşım" adlı mahnı yazıldı. Onların hamısı bizim hər birimizin qardaşıdır. Bu yaxınlarda mahnı işıq üzü görəcək. Bir başqa qəhrəmanımızın da ailəsinin istəyiylə şəhidimizə həsr olunmuş mahnı hazırlanır. Çox güman, Firuzə xanımın ifasında səslənəcək. Həmin mahnılarda da hansı şəhidimizə həsr olunduğu bilinəcək. 

- Vətənpərvərlik mövzusunda kifayət qədər şeirləriniz, mahnı mətnləriniz var. Bunları nə vaxtsa kitab halında nəşr etdirmək fikriniz varmı?

- Düzü, bu haqda heç düşünməmişdim, amma çox maraqlı fikirdir. İstəyərəm ki, qismət olsa, gələcəkdə həm kitab, həm də albom formasında toplamaq olar. Təşəkkür edirəm, çox maraqlı ideya verdiniz (gülürük). 

Şahanə MÜŞFİQ
 

 





07.10.2021    çap et  çap et