525.Az

"Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünyaya örnəkdir"


 

"Azərbaycan tolerantlıq və multikulturalizm baxımından dünyaya örnəkdir"<b style="color:red"></b>

Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. O, ayrıca götürülüb ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı, harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Multikulturalizm müəyyən birləşmiş cəmiyyət daxilində etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına və inkişafına yönələn bir siyasətdir. 

Multikulturalizm dünyada tolerantlığa, dözümlülüyə, dövlətlərarası etibarlı münasibətlərə və bütövlükdə demokratik prinsiplərin beynəlxalq münasibətlərdə bərqərar olunmasına xidmət edir. Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Artıq dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir. Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın fikrincə, bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən, tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi: "Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq məfkurəsini, tolerantlığı bir yerə toplayıb sistemləşdirmək və dünyaya nümayiş etdirmək ən mühüm vəzifəmizdir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, fəxrlə qeyd edə bilərik ki, Azərbaycan bu gün güclü dövlət quruculuğu istiqamətində möhkəm təməllər üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır. 

M.Qurbanlı bildirir ki, bu gün Azərbaycanda müxtəlif dinlər olsa da, hamısı bərabər hüquqlara malikdirlər: "Bu, sənədlərdə deyil, əməllərdə də təsdiq olunur. Bir sıra ölkələrlə müqayisədə Azərbaycanda dini münaqişələr baş vermir. Məhz Azərbaycanda dini sahəyə münasibətdə yürüdülən müdrik siyasətin nəticəsidir ki, dünya ictimaiyyəti, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatlar, habelə dünya miqyasında tanınmış dini liderlər ölkəmizin sülhpərvərliyini, tolerantlığını, başqa dinlərə dialoqa hazırlıq ruhunu etiraf edir, bunu yüksək dəyər kimi qiymətləndirirlər. Azərbaycanda bir çox sahələrdə olduğu kimi, dini sahədə də uğurlu siyasət həyata keçirilir. Aparılan siyasət beynəlxalq hüquq normalarına və tarixən formalaşmış demokratik dəyərlərə uyğundur. Ölkəmiz son illərdə dünyada dinlərarası harmoniyanın və millətlərarası münasibətlərin inkişafı məkanı kimi tanınır. Bu sahədə Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz fəaliyyətləri var. Bu gün Azərbaycandan dünyaya tolerantlıqla bağlı ciddi çağırışlar edilir".

Millət vəkili Qənirə Paşayeva vurğulayır ki, dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanın nələrə səbəb olduğunu görməyimiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq: "Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Bu gün Azərbaycan əsl dialoq məkanına çevrilir. Bütün bunlar mənim ölkəmin bütün dinlərə və mədəniyyətlərə yüksək ehtiram bəsləməsindən xəbər verir və dövlətimiz bu istiqamətdəki fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir".

Q.Paşayevaya görə, çoxmillətli, qonaqpərvər ölkəmizdə tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər. Çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar: "Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər. Müxtəlif dövrlərdə ölkəmizdə qeyri-islam dinindən olan insanlar üçün də ibadət yerləri, kilsələr, sinaqoqlar fəaliyyət göstərib və hazırda da onlar öz fəaliyyətlərini davam etdirirlər". 

Azərbaycan Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyir ki, Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin, dini cərəyanların qovuşduğu, sülh və əmin-amanlıq şəraitində yaşadığı bir məkandır. Azərbaycan xalqının digər din və mədəniyyətlərə dözümlü münasibət bəsləməsinin bir çox səbəbləri var. Bu yanaşma Azərbaycan xalqının təbiətindən, insanpərvərliyindən və xoş məramından irəli gəlir. Bu humanist ənənə bu gün də qorunub saxlanılır, ölkədə sinaqoqlar, kilsələr fəaliyyət göstərir, insanlar dini ayinlərini sərbəst yerinə yetirirlər. Odlar yurdunda bu gün Azərbaycan türkləri ilə bərabər, dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, saxurlar, avarlar, ləzgilər, qrızlar, udilər kimi etnik qruplar yaşayır: "Mən udi xalqının nümayəndəsiyəm. Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət, milli və dini ayrı-seçkiliyə yol verilməməsi burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən, udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradılıb. Udi xalqı Azərbaycanın köklü, aborigen azsaylı xalqlarından biridir. Bu etnos qədim Qafqaz Albaniyasının Uti əyalətində, XIX əsrdə isə Nuxa (indiki Şəki rayonu) bölgəsinin bir neçə yaşayış məskənində məskunlaşıb. Hazırda isə Qəbələ rayonunun Nic kəndində və qismən də Oğuz rayonunda udi xalqının minə yaxın nümayəndəsi yaşayır".

Millət vəkili Ceyhun Məmmədovun fikrincə, Azərbaycan tolerantlıq və multikulturalizm ideyalarının təbliği və tətbiqi baxımından dünyaya örnək olan bir ölkə kimi tanınır və qəbul edilir. Təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin, dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin mövcud olduğunu deyən C.Məmmədov ölkədə çoxlu sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin, təmir edildiyini diqqətə çatdırıb: "Qafqazın ən böyük ibadət yeri olan "Heydər məscidi"nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir".
Millət vəkili bildirib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixboyu öz mədəniyyətini qoruyub və inkişaf etdirib. Azərbaycan xalqı digər mədəniyyətlərə və millətlərə münasibətdə tolerantlıq, mehribanlıq nümayiş etdirir. Azərbaycan dövləti bu mədəniyyəti qorumaq üçün geniş şərait yaradıb və multikulturalizmi dövlət siyasəti kimi qəbul edib: "Dinlərə münasibətdə tolerantlığı, sünni və şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. O, bu faktı mütərəqqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri deyib: "Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib". 

Azərbaycan xalqı müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib və qonaqpərvər ev sahibi simasında ölkəyə gələn bütün digər xalqların nümayəndələrinə qucaq açıb. Bununla bağlı Azərbaycanda yaşayan dini icmaların liderlərinin fikirləri də əhəmiyyət kəsb edir. Onlar Azərbaycan xalqının öz təbii dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər.

Sevinc QARAYEVA
 

 





07.10.2021    çap et  çap et