525.Az

"Əyalət mollaları"na xəbərdarlıq


 

ARAZ ÇAYININ SAHİLİNDƏ İTTİHAMLARA CAVAB

"Əyalət mollaları"na xəbərdarlıq<b style="color:red"></b>

Gorus-Qafan avtomobil yolunda buraxılış-nəzarət məntəqəsinın yaradılmasından az sonra  Ərdəbilin İmam Cüməsi Seyid Həsən Amilinin bununla bağlı dilə gətirdiyi səfsəfə dolu fikirlər, ittihamlarındakı qıcıqlandırıcı məqamlar Azərbaycan cəmiyyətində, haqlı olaraq, böyük narazılıqlarla qarşılandı. Görünür, iranlı sürücülərin Qarabağa qanunsuz yük daşımasının qarşısının alınması Ərdəbil mollasını əməlli-başlı narahat eləmişdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl səfəri zamanı çıxışında bu məsələyə toxunaraq səsləndirdiyi fikirlər həm fars rejiminin nifaqa meyilli birləşmələrinə, həm də digər böhtançı Ermənistan müttəfiqlərinə ciddi və sanballı xəbərdarlıq idi.

Prezident heç bir əsassız ittihamın cavabsız qalmayacağını bəyan etdi və bu sözləri Araz çayının kənarında səsləndirdiyini xüsusi vurğuladı. Arazın o tayındakı iranlılar, yəqin ki, məkan və zaman anlayışlarını yaxşı dərk elədilər.

Elə də ciddi fiqur olmayan İran mollasının fitnə dolu xütbəsi bir qrup insanın beynini azərbaycanlılara qarşı zəhərləməyə hədəflənmişdı. Amma onun danışdıqlarının və sözünün elə bir kəsəri olmasa da, hər halda, İran hökuməti münasibətləri sabit saxlamaq istəyirsə, Seyid Həsən Amilini və onun kimi təxribatçıları susdurmalıdır. Azərbaycanın dövlət başçısının çıxışında da bildirildiyi kimi, "...hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. Odur ki, əyalət mollasının çıxışı Azərbaycan hökumətinin maraq dairəsində deyil. Amma müəyyən bir ölkə rəsmisinin fikirləri Azərbaycana böhtan atmağa hesablanıbsa, artıq bu, yolverilməz təhrifdir". 

Hələ müharibə vaxtı Azərbaycanın mübarizəsinə kölgə salmaq istəyən bəzi təxribatçılar iddia edirdilər ki, guya bu mübarizə kənar qüvvələrin müdaxiləsi bahasına başa gəlir. Həmin dövrlərdə də Azərbaycan Prezidenti bu ittihamlara lazımi cavablar verirdi. İndi yenə bəzi qüvvələr həmin iddiaların formasını dəyişərək yenidən dezinformasiyalar yaymaqla məşğuldular. Amma bu dezinformasiyalar heç bir real fakta əsaslanmır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də səsləndirilən ittihamların sübutsuz olduğunu qeyd etdi: "Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun".
Ali Baş Komandanın apardığı müqayisə isə, xüsusən əhəmiyyətlidir. Ermənistana müttəfiq olan, onun maraqlarını müdafiə edən, uydurduğu yalanlara inanan, mütəmadi yardım edən dövlətlərin sayı kifayət qədərdir. Amma Azərbaycan tərəfi, İran da daxil olmaqla, bu dövlətlərin heç birinə qarşı ittihamlar səsləndirməyib, onların suverenliyini tam qəbul edib. Təkcə elə bu müqayisədə siyasi düzgünlük prinsipinin hansı tərəf üçün ali olduğu aydın görünür. Azərbaycan Prezidenti, haqlı olaraq, Azərbaycan tərəfindən göstərilən hörmət və etimadın qarşılığını tələb etdi: "Axı, biz Ermənistan ilə sıx dostluq əlaqələri olan ölkələrə qarşı iddia qaldırmırıq. Görün, Ermənistanın nə qədər havadarı var, İkinci Qarabağ müharibəsi bunu göstərdi. Görün, bu gün Ermənistanı dəstəkləyən nə qədər ölkə var. Yəni biz bu ölkələrlə düşmən olaq? Yox. Bu, ölkələrin suveren hüququnu biz qəbul edirik. Onların suveren işidir".

Artıq İranla sərhədimiz Azərbaycanın şanlı ordusu sayəsində erməni təcavüzkarlarından təmizlənib. Bununla da yeni iqtisadi-siyasi əlaqələrin inkişafına şərait yaranıb. Bu fürsəti düzgün qiymətləndirmək əvəzinə, təxribata əl atanlar isə mütləq uduzacaqlar.

Prezident İlham Əliyevin çıxışındakı başqa bir məqam da İranı düşündürməlidir. Prezident çıxışında qeyd etdi ki, biz 30 il müddətində işğaldan azad olunmuş ərazilərdə gedən prosesləri araşdırırıq. Bu, qarşı tərəfə ötürülən siyasi mesaj - xəbərdarlıq idi. İşğal dövründə Qarabağda bəzi ölkələrin qanunsuz addımları isə Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu yanlışlıqların bərpası naminə, ölkələrarası münasibətləri daha da pisləşdirməyə yox, siyasi əlaqələri gücləndirməyə cəhd göstərmək lazımdır.

Nadir YALÇIN
 

 





07.10.2021    çap et  çap et