525.Az

Qlobal rəqəmsal çöküşün verdiyi dərslər - Osman Gündüz


 

 Qlobal rəqəmsal çöküşün verdiyi dərslər -<b style="color:red"> Osman Gündüz</b>

Feysbuk, instaqram və votsap-ın çökməsindən hansı nəticələr çıxarmaq lazımdır?

1. Baş verən qlobal rəqəmsal çöküşdən sonra məlum oldu ki, bu tip qlobal resurslar artıq yetərincə rəqabətsiz və alternativsiz mühit formalaşdırıb. Belə mühit dünya iqtisadiyyatı, ölkələr və cəmiyyətlər üçün ciddi təhdidlər yaratmağa başlayıb.

2.Yalnız feysbuk, instaqram, votsap deyil, quql, "Apple", "Amazon" kimi qlobal resurslar rəqəmsal bazara daxil olan digər resursları alaraq, özlərinə qatmaqla nəhəg şirkətlərə çevrilir. Baş verənlər də onu göstərdi ki, belə təmərküzləşmə artıq ciddi təhlükələr yaradır.

3.Bu tip təhlükələr, çağırışlar yeni deyil. Əvvəllər də bir sıra ölkələr, xüsusilə də ABŞ bu cür təhlükələrin aradan qaldırılması üçün uzun-uzadı araşdırmalar aparıb, hesabatlar hazırlayıblar.

Xatırlayıram ki , sonuncu dəfə, 2020-ci ildə bu tip problemlə bağlı ABŞ Konqresi 500 səhifəlik bir hesabat hazırlamışdı.

4. Düşünürəm ki, adıçəkilən hesabatlarda və araşdırmalarda qeyd olunduğu kimi feysbuk, quql, "Amazon", tviter, "Apple" və digər bu tip qlobal şirkətlərin ayrı-ayrı qurumlara parçalanması istiqamətində addımların atılması doğru olardı. 

Yəni bu tip qurumlar üçün bazar payı ilə bağlı rəqəmlər müəyyən olunmlıdır, məsələn, votsap və instaqram feysbuk-dan, yutub quql-dən ayrılmalı və s.

5. Bu tip qurumlara rəqəmsal bazara daxil olan digər yeni, oxşar qurumları almaq, necə deyərlər, özlərinə qatmaq qadağan olunmalıdır. Onlar yeni qurumları alaraq bazarda alternativsiz, inhisarçı mühit formalaşdırır, inkişafa mane olurlar. Rəqabətli və alternativli mühit formalaşdıran, inhisarçılığın qarşısını alan şərtlər hazırlanmalıdır.

6. Qlobal sosial media qurumlarının səlahiyyətlərini məhdudlaşdıran, konkret səlahiyyət çərçivəsi müəyyən edən, ikili standartları aradan qaldıran tənzimləmələr tətbiq edilməlidir.

7. Baş verən verən çökmə həm də onu göstərdi ki, lokal, yerli rəqəmsal bizneslər daha ehtiyatlı olmalı, ehtiyat variantlar hazırlanmalı, rəqəmsal biznesdə risklər qabaqcadan nəzərə alınaraq addımlar atılmalıdır.

8. İnformasiya münasibətlərinin və biznesin bir neçə sosial media üzərində olması, bir neçə sosial media resurslarına inteqrasiya, qabaqcadan təhlükəsizlik tədbirlərinin görülməsi, təhlükəsizlik üçün investisiyaların qabacadan ayrılması daha doğru addım olardı.

9. İstənilən asılılıq, tibb mütəxəssisləri demiş, artıq xəstəlikdir. Elə etmək lazımdır ki, sosial media resurslarından istifadə asılılıq səviyyəsinə gəlib çıxmasın. Xüsusilə də valideynlər uşaqları bununla bağlı diqqətdə saxlamalıdırlar.

P.S. Çoxsaylı media qurumlarının bu məsələlərlə bağlı suallarını və zənglərini yetərincə cavablandıra bilmədiyimdən, çalışdım ki, bunları yazaraq əvəzini, az da olsa, çıxa bilim.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb
 

 





07.10.2021    çap et  çap et