525.Az

Vətən oğlu - Şəhid Əli Cəfərovun xatirəsinə


 

Vətən oğlu -<b style="color:red"> Şəhid Əli Cəfərovun xatirəsinə</b>

2020-ci il noyabrın 4-də şəhid olan kəşfiyyatçı Əli Bəyulla oğlu Cəfərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Əli Cəfərov 1993-cü il avqustun 29-da Astara rayonunun Maşxan kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsinin şəhidi Nizami Əliyev adına Maşxan kənd tam orta məktəbi bitirib. Uşaqlıqdan sərbəst güləşlə məşğul olub, müxtəlif yarışların qalibi kimi bir çox mükafatlara layiq görülüb. 

Həqiqi hərbi xidmətə 2011-ci ilin oktyabrında yola düşüb. Ağdamda xidmət edib. Xidmət müddəti bitdikdən sonra 2013-cü ilin aprelində doğma kəndinə qayıdıb. Sonra Bakıya gələrək Xırdalanda yerləşən "Abşeron Taxıl" MMC şirkətində operator vəzifəsində işə düzəlib. Əli Cəfərov işlədiyi müddətdə kollektivin rəğbətini qazanıb, sevimlisi olub.

"Abşeron Taxıl" MMC-nin şöbə rəisi Abdulla Abbasovun dediklərindən: "Əli kollektivdə hamının hörmətini qazanmışdı. Yaxşı işçi idi. O, şəhid olmazdan əvvəl də bizim üçün çox dəyərli idi. İndi də əzizdir bizim üçün. "Abşeron Taxıl" MMC-nin ərazisində kollektivin təşəbbüsü ilə Əli Cəfərovun xatirəsinə bulaq açmışıq. Rəhbərliyin göstərişi ilə 2021-ci ilin sonuna kimi Əlinin maaşı hər ay maaş kartına köçürülür. Bütün şəhidlərimiz əzizdir. Biz onları unuda bilmərik və unutmamalıyıq".   

Əlini kimsə unuda bilmir: nə dostları, nə qonşuları, nə də qohumları. Hamı üçün doğma olub. 

Xalası Mehriban xanımın dediklərindən: "Sonbeşik bacımın sonbeşiyi idi Əli. Beş bacının bir qardaşı. Bizim qardaşımız Azər Əsədullayev də Birinci Qarabağ savaşının zabiti, baş leytenant olub. Əli həmişə deyərdi ki, dayım kimi şəhidlər olub Qarabağ savaşında, onların qanını yerdə qoya bilmərik".

Qeyd edək ki, Mehriban xanımın oğlu Vüqar Hüseynov da Birinci Qarabağ savaşında iştirak edib. Döyüşlərdə ağır yaralanan Vüqarın səhhətində hələ də ciddi problemlər var. Hələ də müalicə olunsa da, halal haqqı olan qazi statusunu ala bilmir.

Şəhid Əli Cəfərovun bacısı Ayselin dediklərindən: "Əli bizim üçün o qədər əziz idi ki... Beş bacının bir dənəsiydi. Müharibə başlayanda dedik ki, səni aparmazlar, tək oğlansan. Demə, Tovuz hadisələri zamanı dostuyla birlikdə könüllü kimi qeydiyyatdan keçibmiş. Heç biri də evdə deməyib. Müharibənin ilk günlərində aparmadılar onu, oktyabrda çağırdılar. Özü can atırdı getməyə. Biz müharibəyə gedən gün xəbər tutduq.

"Kəşfiyyatçıyam, kəşfiyyatçılara ehtiyac var, getməliyəm" dedi. Getdi. Noyabrın 1-dən sonra xəbər tuta bilmədik. 4 noyabrda səhər şəhid olub. 4 noyabr gecəsində kəndimizdə torpağa əmanət olundu Əli".

Əli Cəfərov həqiqi hərbi xidmətini kəşfiyyatçı kimi başa vurduğundan müharibədə kəşfiyyaçılara ehtiyac olduğunu bilirdi. Dostu ilə birlikdə qeydiyyatdan keçmişdi. Birlikdə də savaşa yola düşmüşdülər.

İkinci Qarabağ savaşının cəsur kəşfiyyatçılarından olan Şahin Məmmədzadənin dediklərindən: "İkimiz də kəşfiyyatçı olmuşduq. Cəbhəyə birlikdə yola düşdük. Əvvəl Mingəçevir şəhərinə, ordan da Birinci Ordunun kəşfiyyat rəisi ilə N saylı hərbi hissəyə getdik. Ayrı-ayrı taqımlara düşdük. Mən hücum taqımında idim. Əli tək oğlan olduğu üçün onu təminat taqımına saldılar. Çox qayğıkeş idi. Hər dəqiqə təminatımızla maraqlanırdı. Çox da şən, qorxusuz adam idi. Əslində, ailənin tək oğullarını döyüşlərdə önə buraxmırdılar. Əli elə hey deyirdi ki, mən döyüşməliyəm. İstəsəydi, döyüşə getməzdi. O qədər Vətənə bağlı idi ki, öz istəyi ilə döyüşə qatıldı. Talış, Suqovuşan, Murovdağ, Ağdarə uğrunda döyüşlərdə olduq. Ağdərənin azadlığı uğrunda döyüşdə minamyotlarla vurdular bizi, Əli də o döyüşdə şəhid oldu".

Qeyd edək ki, Şahin Məmmədzadə də öz igidliyi ilə fərqlənib savaşda. Noyabrın 10-da ağır yaralanıb. "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

Əli Cəfərovun anası Telli xanımın dediklərindən: "Qardaşım Azər Əsədullayev Birinci Qarabağ savaşının igidlərindən idi. Elə döyüşüb ki, ermənilər başına pul mükafatı təyin ediblər. Başından snayperlə vurublar, 29 yaşında şəhid oldu. Əli də işğal olunmuş ərazilərdən danışanda dözmürdü. "İgid oğul dayısına oxşayar, mən də torpaqlarımız uğrunda şəhid olaram" deyirdi. Cəbhəyə könüllü getdi. Hər zəng edəndə deyirdi ki: "Ana, qorxma, mən yaxşıyam, heç bir narahatlığım yoxdur. "Mənim igid əsgərimsən" - deyirdim ona".

Tək Telli xanımın deyil, hamımızın igid əsgəri idi Əli. Əli Cəfərov təkcə beş bacının tək qardaşı deyil, bütün Vətənin əzizi, doğmasıdır. 

Ruhu şad olsun!..
 

 





08.10.2021    çap et  çap et