525.Az

Murakami üçün təsəlli - Nihat Pir yazır...


 

Murakami üçün təsəlli -<b style="color:red"> Nihat Pir yazır...</b>

Hər il Nobel mükafatının təqdim olunma mərasimindən sonra mükafat sahibinin kimliyi bir yana, medianı daha çox başqa sual düşündürür: Murakami yenə mükafatsız qaldı?

Yəni mükafat üçün ən real namizədlərin adlarının açıqlandığı gündən etibarən, mükafat sahibinin adı açıqlanana qədər, hətta ondan sonra da Murakami adı və onun uğursuz "Nobel yolu" müzakirələrə səbəb olur.

Murakami adını namizəd kimi 2000-ci illərin əvvəllərindan tez-tez eşitsək də, onun favoritlər siyahısına düşməsi halı daha çox 2010-cu il və sonrakı illərə təsadüf edir. Ortada bir göz qırpımında ötüb keçən 11 il var və bu 11 ilin, demək olar ki, hamısında Murakami heyranları eyni ümidi qorumaqdadırlar.

Hətta mükafatın təqdim edildiyi gün Yaponiyanın bir çox yerlərində Murakami heyranları mərasimi birlikdə izləmək və gözlənilən qələbəni birlikdə qeyd etmək üçün müəyyən məkanlara toplaşırlar. Daha çox "futbol azarkeşliyi"ni xatırladan bu fanat sevgisi bütün uğursuzluqlara rəğmən, ildən-ilə daha da alovlanmaqdadır.

İşin ən acınacaqlı tərəfi ondan ibarətdir ki, artıq bu uğursuz tendensiya bəzi sosial media və şəbəkə nümayəndələri tərəfindən lağlağı mövzusuna çevrilir. Məsələn, bir neçə il öncə məşhur yapon tviter səhifələrindən biri "Qışın gəldiyini Murakaminin Nobeli uduzmağından bilirəm" deyərək müəllifi məsxərəyə qoymuşdu.

Yaxşı, bəs Murakaminin favorit olmasına rəğmən, həmişə eyni uğursuzluğu yaşamasının səbəbi nədir?

Bəzi bukmeykerlərin iddiasına görə, mükafat sahibləri yaradıcı təfəkkür və istedadla yanaşı, həm də müəyyən intellektə sahib olmalıdır. Eyni zamanda, Murakami yapon olmasına baxmayaraq, milli mədəniyyətdən çox-çox uzaq düşüb, hətta bu uzaqdüşmənin səbəbi onun qərb mədəniyyətinə daha çox meyl etməsinə gətirib çıxarıb. Bu isə İsveç Akademiyası nümayəndələrinin "gözündən yayınmır".

Maraqlıdır ki, Murakami mükafatı bir çox hallarda adı favoritlər sihayısında heç vaxt hallanmayan namizədlərə uduzur. Məsələn, ötən ilin Nobel mükafatı lauretı Luiza Qlük imzası mükafatı qazanana qədər ad olaraq çox da hallanmırdı. Amma...

Sosial şəbəkə aktivlərini və ümumən Murakaminin "halından xəbərdar" olan kəslər müəllifin heç olmasa, namizədlikdən imtina etməsini gözlədiyi bir halda, Murakaminin iddiasını sürdürməsi növbəti qıcıq və gülüş mövzularından biridir. Murakami bu günə kimi sadəcə 2018-ci ildəki namizədliyini geri çəkməsi ilə yadda qalıb ki, bu da daha çox həmin ildəki "jüri qalmaqalı" ilə bağlı idi. Baxmayaraq ki, müəllif bunu yaradıcılığına daha çox vaxt ayırmaq istədiyini deyərək ört-basdır eləmişdi. Amma fikrimcə, bu, Murakaminin sadəcə fürsətdən yararlanması idi.

Oktyabrın 7-də isə bu ilin Nobel mükafatı laureatının da adı bəlli oldu və bu imza yenə də gözlənilməyənlərdən biridir:  tanzaniyalı Abdulrazak Gurnah.

Bu ilin namizədləri sırasında Kundera və Salman Rüşdi kimi nəhəng imzaların da olması Murakamini əvvəlki illərə nisbətən daha az müzakirə və lağlağı mövzusu olmasına səbəb olsa da, fikrimcə, bu, Murakaminin namizəd kimi sonuncu iştirakı olacaq. Ən azından, ümid edirəm...

Drayzer, Artur Miller, Corc Oruell, Mark Tven kimi imzaların belə bu mükafatı almadığı bir həqiqətin fonunda Murakamin aşağıdakı açıqlaması, yəqin ki, özü üçün ola biləcək ən yaxşı təsəllidir:

"Nobel mükafatı lotoreya deyil. Mən mükafat almaq istəmirəm. Mükafat tükəndiyiniz mənasına gəlir. Mənim üçün hər şeydən əvvəl yaxşı oxucularımın olmasıdır. Hansısa mükafatı, nişanı, ya da müsbət reaksiyanı alsam da, olar, almasam da. Öz cibindən pul verib kitablarımı alan insanların yanında bütün bunların, bu mükafatların heç bir mənası yoxdur..." 
 

 





08.10.2021    çap et  çap et