525.Az

Sözün vaxtı - Əlisəfdər Hüseynov yazır


 

Sözün vaxtı -<b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

Bu yaxınlarda arxivimdə 1992-ci ildə qələmə aldığım bir yazının əlyazmasını tapdım. Xalq yazıçısı Elçinin "Azərbaycan" jurnalında dərc olunmuş absurd hekayələrindən aldığım təəssürat əsasında ona ünvanladığım açıq məktubun mətni idi və görünür, o vaxt özümü belə bir janrda sınamaq haqqım olmadığını düşündüyümə görə bu yazını üzə çıxarmağa cəsarət etməmişdim. Amma aradan 30 ilə yaxın vaxt keçəndən sonra  həmin yazını təkrar oxuyanda gördüm ki, onun çapına aparan yolun bu qədər uzun olmasında nə isə bir qanunauyğunluq var imiş - sanki məktub özü gözdən-könüldən uzaq bir məkana çəkilib səbrlə öz vaxtını gözləyirmiş ki, bir para ədəbiyyat dəllallarının "Azərbaycanda alternativ mətni, bədii formaları biz yaratmışıq", "Yeni ədəbiyyat bizdən başlayır" - deyə  öyündükləri indiki çağımızda həm də onlara cavab statusunda meydana girib hər kəsə öz yerini göstərsin.

Bu məktubun da taleyi bu cür yazılıbmış... 

YAZIÇI ELÇİNƏ AÇIQ MƏKTUB

Hörmətli Elçin müəllim!

"Azərbaycan" jurnalının builki 5-ci nömrəsində dərc olunmuş  hekayə-dialoqlarınızı oxuyandan sonra ürəyimdə baş qaldıran və ilk növbədə sizinlə bölüşmək istədiyim fikirləri yazıya almaq qərarına gəldim. Əvvəlcədən xahiş edirəm ki, bu qeydlərdə bölüşdüyüm fikirlərlə, bu gün ədəbi diskussiyaların mərkəzində görmək istədiyim mövzularla bağlı düşüncələrinizi siz də yaxın vaxtlarda ədəbi ictimaiyyətin müzakirəsinə təqdim edəsiniz.   Ədəbi prosesin problemlərinə həssas münasibət bəsləyən və coşqun yaradıcılıq temperamentinə malik bir qələm sahibi olduğunuzdan bu xahişi cavabsız qoymayacağınıza əminəm.

Mənə elə gəlir ki, çap etdirdiyiniz hekayə-dialoqlar ilk növbədə ədəbi prosesi canlandırmağa, diskussiyalara "bəhanə" axtaran yazıçı Elçinin ədəbi vicdanının səsi, harayıdır və bəzi yazıçılarımız öz passivliyinə haqq qazandırmaq üçün bəhanələr axtardığı vaxtda qələmi yerə qoymadığınıza, ziddiyyətli, mürəkkəb, anlaşılmaz proseslərin öz mahiyyətindən irəli gələn yeni bədii forma axtarışları yönündə cəsarətli addımlarınıza görə oxucu minnətdarlığımı qəbul edin.

Çox vaxt yazıçı cəsarəti hansısa bir fikrin ifadəsində ötkəmlik, sosial pafosun vüsəti kimi başa düşülür. Amma məncə, yazıçı cəsarəti təkcə bu deyil. Ədəbi cəsarət bəzən yaradıcılığın bədii formasında, sözün deyiliş tərzində, yazıçının söykəndiyi estetik dəyərlər sisteminin yeni keyfiyyətində təzahür edir. Sizin yeni hekayələriniz də ən əvvəl məhz bu keyfiyyətləri ilə maraq doğurur. Təkcə ona görə yox ki, hekayələrdən ikisinin ("Hövsan soğanı", "Mehmanxana nömrəsində görüş") sərlövhəsi altına oxucularımız üçün qəfil, gözlənilməz olan bir söz yazmısınız - Absurd! Hərçənd  elə bunun özü də xırda məsələ deyil. Absurd sənət, absurd yaradıcılıq uzun illər bizim estetika nəzəriyyəçilərinin qınaq, istehza hədəfinə çevirdikləri antisənət etalonu olub. İnsan mənəviyyatının, insan həyatının mürəkkəb, hətta mən deyərdim ki, qorxulu, sarsıntılı, həyəcanlı tərəflərinə işıq tutan, insanın hiss və ağıl dünyasını daim məşğul etsə də, heç vaxt üzə çıxmayan, qəlbin künc-bucağında ilişib-qalan mübhəm həqiqətləri bədii obrazların dili ilə çılpaqlaşdıran bu təfəkkür hadisəsi bizim sənət, yaradıcılıq haqqındakı təsəvvürlərimizə tamam yad bir kateqoriya idi. Marksist-leninçi menodologiya mövqeyindən insafsızcasına (və həm də miskincəsinə) tənqid edilən simvolizm, surrealizm, eksistenzializm və sairə yaradıcılıq hadisələrinə  qısqanclığı bu yaradıcılıq hadisələri üçün baza olan təlimlərin yararsızlığı ilə pərdələmək məqsədi ilə qurduğumuz estetik model isə heç şübhəsiz ki, dünyanı, dünyanın sənət xarüqələrini bütün çalar rəngarəngliyi ilə görməyə imkan verə bilməzdi. Əsərin ideya, məzmun və bu məzmundan irəli gələn forma planları barədə təsəvvürlərimiz ona görə genişlənə, zənginləşə bilmirdi ki, yaradıcılıq əzmini, bədii təfəkkürü qısır vəziyyətdə saxlayan normaların özü ideoloji məna kəsb edirdi. Həmin normalarla çərçivələnmiş ədəbi müstəvidə  isə yalnız əsl istedadlar dəyərli əsərlər yarada bilirdilər. Bu, yazıçılarımızın xidmətidir. Bəs nəzəriyyəçilər, sənət barədə təlimlərlə məşğul olanlar hara baxırdılar? Oxucunu,  tamaşaçını, dinləyicini dünya estetik fikrinin nailiyyətləri ilə heç olmasa cüzi şəkildə də olsa tanış etmək üçün cəhd göstərirdilərmi? Qətiyyətlə deməliyik ki, yox! Estetik tərbiyənin ideoloji tərbiyə kimi başa düşüldüyü bir mühitdə başqa cür də ola bilməzdi. Bəlkə elə buna görə oxuduğu əsərdə çılpaq, necə deyərlər, ilk baxışdan gözə girən ideya, mənfi, müsbət qəhrəman axtaran oxucunu qınamağa tələsmək lazım deyil. Əgər azərbaycanlı oxucu, deyək ki, E.İoneskonun absurd dramlarının oxuyub "bu müəllif normal adam deyil" deyirsə, onun təəccübünü başa düşmək lazımdır. 

Elə sizin hekayələr də absurd sənətlə, onun estetik prinsipləri ilə tanışlığı olmayan oxucuya sakit səmada qəfil çaxan şimşək effekti təsiri bağışlaya bilər. Amma Elçin müəllim, siz nə yaxşı ki, oxucunu düşündürmək, onu silkələmək üçün "Hövsan soğanı", "Mehmanxana nömrəsində görüş" kimi absurd hekayələr yazmağa özünüzdə qüvvə taparaq insan psixologiyasının, insanın özünüdərk prosesinin bədii inikası imkanlarının genişliyini, tükənməzliyini bədii formada əyaniləşdirmək yönündə maraqlı söz deyə bilmisiniz. Axı absurd da həyatı, insan mənəviyyatını əks etdirməyin bir formasıdır! Mənanı - mənasızlığın, məntiqi - məntiqsizliyin, paradoksların dili ilə göstərmək məgər istedadın göstəricisi deyilmi? 

Əgər bizim ədəbiyyatşünaslar gözlərinə daha şəffaf şüşəli "eynək" taxsaydılar, Mirzə Cəlilin "Ölülər" dramını  ədəbiyyatımızda absurdun ilk nümunələrindən biri kimi kəşf edib onu bu kontekstdə təhlil edərdilər.

Çox heyif!..

Janrını hekayə-dialoq kimi müəyyənləşdirdiyiniz bu nümunələri əslində, birpərdəli pyeslər də adlandırmaq  olar. Hərçənd onların hər ikisində gözümüzün öyrəşdiyi ənənəvi süjet-kompozisiya elementləri yoxdur. "Hövsan soğanı" bir-biri ilə heç bir məntiqi bağlılığı olmayan sintaktik vahidlər üzərində qurulub və müasir avanqard incəsənətdə ön plana keçmiş kollaj üslubunu yada salır. Əsərdə hadisələrin baş verdiyi məkan - qatar kupesi Sizin yaradıcılığınızda yeni obraz deyil. Amma bu məkanda baş verən hadisələr, sərnişinlərin əlaqəsiz nitq və monoloqları bədii sözün imkanları, funksiyaları haqqında bir də düşünməyə sövq edir. Gözlərimiz qarşısında bir kupedə yol gedən, müxtəlif əhval-ruhiyyələri, psixoloji temperamentləri əks etdirən, buna görə də müxtəlif intonasiya ilə, avaz ilə danışan personajlar canlanır və mənə elə gəlir ki, bu qatarla, bu qatarın içindəki qeyri-adi, anlaşılmaz və haradasa cəfəngiyyat təsiri bağışlayan ovqatla bizim bu gün yaşadığımız, dərk etməyə, anlamağa can atdığımız ziddiyyətli günlərin psixoloji xaos arasında yaxın bir əlaqə var.

Eyni sözləri "Mehmanxana nömrəsində görüş" barədə də demək olar. Əsərdə bədii əksini tapan situasiya absurd xarakter daşıyır. Ezamiyyətə gəlmiş birinci qonaq həsrətində olduğu azadlığa, rahatlığa qovuşmaq üçün iki şüşə "Gəncə" konyakını rüşvət verib mehmanxanada lüks nömrə alır. Amma qeyri-adi şəkildə peyda olan ikinci qonaq onun dünyanın dərd-möhnətindən əl çəkib heç olmasa bir gün yaxşıca dincəlmək istəyinin reallaşmasına mane olur, özünün dəyişkən, rəngdən-rəngə düşən ruhi-psixoloji əhvalı ilə birinci qonağı az qala dəli olmaq dərəcəsinə gətirir. Eyni situasiya bir neçə dəfə təkrarlanır və biz personajlardan növbəti mərhələnin başlanğıcında ayrılırıq. Oxuduğu əsərdə hansısa mətləbin müəllif tərəfindən əsaslandırılmış, müəyyən bir fəlsəfi biçimə salınmış qəliblərini gözləyən oxucu bu əsərdə də dolayı yolla deyilmiş mətinaltı eyhamlar axtarmaq həvəsinə düşə bilər. Amma buna ehtiyac yoxdur, çünki əsərdə obrazların taleyi, daxili dünyası ilə bağlı mətləblər ayrı-ayrı detalların simvolik yozumunda yox, personajların öz nitqində verilib. Mənə elə gəlir ki, birinci qonağın düşdüyü bu cəfəng, əsəbi vəziyyət ilk baxışdan onun əlinin altındakı rahatlıq, dinclik şansının real olduğu qədər də qeyri-real olmasına dəlalət edir. Bəli, insan həmişə hansısa bir arzunun zirvəsinə çatanda bu zirvəyə gətirən yolu yenidən qət etmək, yenidən arzulamaq lüzumu  yaranır, çünki insan üçün əbədi xoşbəxtlik anlayışı yoxdur. Ona görə də ikinci qonaq öz inadkarlığından əl çəkməyərək, arzu ilə reallıq arasında dishormoniya yaradan qara qüvvə kimi birinci qonağı hər yerdə kölgə kimi izləyəcək.

Bu sətirləri yaza-yaza düşünürəm: Mən düzmü fikirləşirəm? Əsərin ötürdüyü informasiyanı düzmü anlayıram? Bəlkə bu hekayədə mənim duya bilmədiyim başqa məqamlar  da var, bəlkə ayrı bir qavrayışda bu əsər tamam başqa cür mənalanacaq?

Təbii suallardır. Çünki absurd normal məntiqin qanunlarından kənardadır, absurd situasiya səbəbi ilə nəticəsi arasında bağlılıq olmayan və buna görə də mənasız, cəfəngiyyat təsiri bağışlayan situasiyadır. Fəqət insan bu mürəkkəb dünyada öz taleyinə yazılan neçə-neçə anlaşılmaz qismətin əsiri kimi yaşadığından xəbərsizdir. İnsan yüz il sonra onu gözləyən sualların da cavabını bilmir, çünki özünün bugünkü qayğıları, sevincləri ilə yaşaya-yaşaya keçmişindən də, gələcəyindən təcrid olunub. O, öz əcdadını, babasının babasını tanımır və eləcə də gələcəkdə öz övladlarının törəmələrinin neçənci nəslinin də yaddaşından tam silinəcəyindən narahat olmur. "Xüsusi sifariş" hekayəsinin mərkəzində dayanan problem də elə bu həqiqətdən irəli gəlir: Təbiətin qanunlarını doqmaya çevirib "özünüqurban" kompleksinə təslim olan, özünü xoşbəxt gələcək ilğımı ilə aldadıb əzablı, əziyyətli həyatını rahatlıq kimi qəbul edən xoşbəxtdirmi? Bu suala aralarında yüzillik məsafə olan iki kişinin dialoqunda cavab axtarılır. Gələcəyin sakini öz ulu babasını mənasız, primitiv, cəfəng bir ömür yaşadığına inandırmağa çalışır, uşaqların laboratoriyada istehsal olunduğu, övlad, ata-ana nigarançılığının aradan qalxdığı, tarix muzeylərinin əyləncəli kompüter oyunxanalarına çevrildiyi, yaddaşın, mənəviyyatın kompüter düyməsi ilə idarə olunduğu azad bir cəmiyyətin əbədi xoşbəxtlik təminatlarından danışır və onun bu vahiməli nitqi buna bənzər nitqlərin məstedici şirinliyi ilə aldadılmış insanın içini yerlə-yeksan etsə də, hər halda fikirləşmək, nəticə çıxarmaq, qənaətə gəlmək üçün də müəyyən impuls verir. Birinci kişi "Bəlkə bir azdan siz olmayacaqsınız?" - deyə özünə təskinlik verir və biz də hekayəni başa çıxıb yenidən əzabları, ağrıları, aldanışları ilə rahat olan dünyamıza qovuşuruq.

Hörmətli Elçin müəllim!

Yaradıcılıqda böyük sıçrayış yaradacağına sadəlövhcəsinə inandığımız azadlıq şərbətinin boğazımızda ilişib qaldığı bir vaxtda Sizə ünvanladığım qeydləri başa çatdırmaq istəyirəm. Arzu edərdim ki, mənim azdırdığım mətləblər haqqında deməyə sözü olanlar susmasınlar. Mənə elə gəlir ki, ədəbi prosesin süstlüyünə göz yummaqdan, bununla barışmaqdansa, bu süstlüyə müharibə elan etmək, sükutu dağıtmaq üçün yollar axtarmaq daha düzgün yoldur. Sizin yeni hekayələrinizdə də mən ilk növbədə məhz bu istəyin təzahürünü gördüm.

Dərin hörmətlə:
Əlisəfdər HÜSEYNOV 

 

 





08.10.2021    çap et  çap et