525.Az

Azərbaycan Təhsil Şəbəkəsi: milli təhsil sisteminə səmərəli dəstək


 

 Azərbaycan Təhsil Şəbəkəsi:<b style="color:red"> milli təhsil sisteminə səmərəli dəstək</b>

Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) - ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları (Təhsil Nazirliyi və tabe qurumları) vahid şəbəkədə birləşdirən ölkənin ən böyük daxili təhsil intranet şəbəkəsidir. İcrasına 2008-ci ildə başlanılıb.

ATŞ-ə hazırda 4299 təhsil müəssisəsi qoşulub və ölkə üzrə təhsil müəssisələrinin 92 faizi əhatə olunub. Hazırda 2021-ci ilin sonunadək şəbəkə çərçivəsində ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 təhsil müəssisənin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində işlər aparılır.

2020-ci ilədək ölkə üzrə 277 mindən çox şagirdi və 19 min müəllim heyətini əhatə edən 203 təhsil müəssisəsi artıq sürətli fiber-optik bağlantı ilə şəbəkəyə qoşulub.

Təhsil Nazirliyindən bildirilir ki, Azərbaycan Təhsil Şəbəkəsinin ən böyük üstünlüklərindən biri də təkcə internetə çıxışın deyil, eləcə də müəssisədaxili və müəssisələrarası lokal şəbəkələrin - internetin təmin edilməsindən ibarətdir. Bu isə o deməkdir ki, təhsil müəssisələrində internet trafik istifadə etmədən Təhsil Nazirliyinin Məlumat Mərkəzində yerləşən Azərbaycan dilli elektron təhsil resurslarından faydalanmaq, şəbəkə daxilində məlumatları operativ ötürmək və qəbul etmək mümkündür. ATŞ-nin nəinki təhsil müəssisələrini, təhsil idarələri və şöbələrini də əhatə etdiyi nəzərə alınsa, vahid internet şəbəkəsinin mövcudluğu ümumilikdə ölkənin təhsil sistemi daxilində sənəd dövriyyəsinin elektronlaşdırılması və audio-vizual rabitənin effektiv təşkili baxımından da xüsusi əhəmiyyətə malikdir.  

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş təhsil müəssisələrində elektron təhsil resurslarına,  dərsliklərə, videomateriallara internet trafiki istifadə olmadan daxil olmaq mümkündür. Bu isə təhsilverənlər üçün özünütəhsil, araşdırma və biliklərin tətbiqi istiqamətində geniş imkanlar yaradır. Eyni zamanda, şəbəkə vasitəsi ilə aparıcı müəllimlərin dərslərinin digər ölkələrin təhsil müəssisələrində video nümayiş etdirilməsi imkanı vardır. Nəticədə müəllimlər digər ölkələrdən olan həmkarları ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra edir, beynəlxalq təcrübəni öyrənirlər. 

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən "eTwinning Plus" layihəsində iştirak edir. Sözügedən layihə çərçivəsində müəllimlər təhsil müəssisəsini tərk etmədən, onlayn şəkildə avropalı həmkarları ilə ortaq layihələrdə yeni bilik və bacarıqları səmərəli yolla əldə etməyi öyrənir, müxtəlif təlim və kurslarda iştirak edirlər. Sözsuz ki, bu imkanların tətbiqi və istifadəsində Azərbaycan Təhsil Şəbəkəsinə çıxışın olması mühüm rol oynayır.

Azərbaycan Təhsil Şəbəkəsini səciyyələndirən başlıca xüsusiyyətlərdən biri də onun məhz təhsilalanların ehtiyacları üçün münasib olan internetə - təhlükəsiz internetə çıxış təmin etməsidir. Belə ki, ATŞ-nə qoşulmuş bütün təhsil müəssisələrində internet şəbəkəsindən istifadə olunarkən uşaq psixologiyasına mənfi təsir göstərə bilən istənilən zərərli, qeyri-etik və yolverilməz onlayn məzmun ATŞ-nin müvafiq proqram təminatı tərəfindən avtomatik qaydada bloklanır və məktəblərdə təhsil alan şagirdlər internetdən istifadə zamanı bu cür məlumatlarla bir qayda olaraq üzləşmirlər. Azərbaycan Təhsil Şəbəkəsinin internet-süzgəcləmə xidməti hazırda onlayn axtarış sistemlərində müxtəlif dillərdə 60-dək kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və şagirdlərin arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsini təmin etməyə imkan verir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.

Layihə çərçivəsində ölkənin şəhər və rayonlarında yerləşən təhsil müəssisələrində şəbəkə və İKT avadanlıqlarına texniki dəstək xidmətləri göstərilir.

Azərbaycan Təhsil Şəbəkəsi təhsil sisteminin İKT təchizatının yaxşılaşdırılması ilə yanaşı, bir sıra mühüm sosial əhəmiyyətli funksiyaların icrasını da öz üzərinə götürmüşdür. Bu cür funksiyalardan ən başlıcası təhsilalanların tədris prosesində istifadə etdikləri internetin zərərli təsirlərindən qorunması ilə bağlıdır. Bu gün Azərbaycan Təhsil Şəbəkəsini ölkə miqyasında unikal mexanizmə çevirən ən mühüm cəhətlərdən biri, görülən bütün tədbirlərin təhsil ekosisteminin mərkəzində duran və təhsil prosesinin benefisiarı olan təhsilalanların hərtərəfli formalaşmasına xidmət etməsidir. Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində təhsil müəssisələrinə təqdim edilən internet avtomatik rejimdə bütün növ zərərli və tədris prosesinə aid olmayan məzmunlardan təmizlənərək təhsilalanların ixtiyarına verilir, beləliklə də, şagirdlər onlayn mühitin arzuolunmaz təsirlərindən mühafizə olunur.

Xidmətin iş prinsipi ondan ibarətdir ki, onlayn axtarış sistemlərində müxtəlif dillərdə onlarla kateqoriya üzrə zərərli informasiyanın axtarışı məhdudlaşdırılır və təhsilalanların arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsi təmin olunur. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir. 

Azərbaycan Təhsil Şəbəkəsinə çıxış məktəblərdə idarəetmə sistemini müasir tələblərə uyğun qurmağa imkan yaradır. Belə ki, bir sıra pilot məktəblərdə inzibati və insan resurslarının idarə edilməsi, müəssisədaxili qərarvermə, qiymətləndirmə, proqnozlaşdırma, monitorinq proseslərinin elektron formada aparılması istiqamətində işlər görülür. Əlbəttə ki, bu imkanların tətbiqi və istifadəsinin Azərbaycan Təhsil Şəbəkəsindən kənarda baş verməsi mümkün deyil. Belə ki, məlumatların şəbəkə üzərindən ötürülməsi və saxlanması üçün məhz Azərbaycan Təhsil Şəbəkəsinin resurslarından istifadə olunur. 

Azərbaycan Təhsil Şəbəkəsi milli təhsil sistemi üçün nəinki texnoloji, eləcə də elmi-intellektual müstəvidə geniş imkanlar təqdim edir. Şəbəkənin potensialı bu gün orta ümumtəhsil məktəbləri ilə yanaşı, respublikanın ali təhsil müəssisələri üçün də innovativ elmi-tədqiqat imkanları yaradır.
Belə ki, ölkə üzrə ali təhsil verən bütün müəssisələr Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq şəbəkənin resursları üzərindən GEANT beynəlxalq akademik şəbəkəsinə çıxış əldə edə və bu şəbəkənin elmi araşdırma potensialından yararlana bilərlər.

GEANT - Avropa ali təhsil, elm və tədqiqat müəssisələrini informasiya texnologiyaları (IT) şəbəkələri səviyyəsində özündə birləşdirən ümumavropa elektron elm və təhsil şəbəkəsidir. Hazırda dünyanın ən nəhəng elmi araşdırma və tədqiqat şəbəkəsi olan GEANT-ın əhatə dairəsinə müxtəlif ölkələri təmsil edən 38 milli təhsil və tədqiqat şəbəkələri daxildir. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən GEANT layihəsi bütün Avropa üzrə hazırda 10 000 elmi-tədqiqat müəssisəsini və orada çalışan 50 milyondan çox istifadəçini əhatə edir. GEANT-ın əsas şəbəkəsinin maksimal fəaliyyət gücü 500  Gigabit saniyəyədək təşkil edir. Gündəlik olaraq GEANT-ın şəbəkələri üzərindən 1000 terabaytdan artıq məlumat ötürülür.
GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır. GEANT şəbəkəsinin texniki olaraq üzərinə götürdüyü başlıca vəzifə elmi araşdırmaların aparılması üçün İKT infrastrukturunun və resurslarının təmin edilməsindən ibarətdir. Bu o deməkdir ki, vahid GEANT şəbəkəsinə daxil olan bütün elmi-tədqiqat və akademik təhsil müəssisələri bir-birinin elmi nailiyyətləri və nəticələri ilə tanış ola və onlardan yararlana bilərlər.

Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində intranet üzərindən müəssisədaxili və müəssisələrarası sürətli rabitə - video konfrans və İP telefoniya xidmətləri təqdim edilir. İP telefon rabitəsində məlumat rəqəmsal kanallar üzərindən ötürüldüyündən, telefon danışığının keyfiyyəti bir qayda olaraq daha yüksək olur. Video konfrans vasitəsi ilə isə əməkdaşlar bir biri ilə keyfiyyətli və kəsintisiz videobağlantı yarada və canlı müzakirələr apara bilirlər.

Sevinc QARAYEVA
 

 





08.10.2021    çap et  çap et