525.Az

Qəbələdə şəhid Tale Şirinovun xatirəsi anılıb - Foto


 

Qəbələdə şəhid Tale Şirinovun xatirəsi anılıb -<b style="color:red"> Foto</b>

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Qəbələ rayonundan olan Tale Şirinovdur. Oktyabrın 8-i şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Qəbələ Rayon İcra Hakimiyyətindən 525.az-a bildirilib ki, şəhidin ildönümü ilə əlaqədar icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi, ictimaiyyətin nümayəndələri və kənd sakinləri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Sonra tədbir iştirakçıları şəhidin ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar. Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Həmin gün şəhid Tale Şirinovun, həmçinin digər şəhidlərin xatirəsinə rayonun Çuxur Qəbələ kəndində ucaldılmış abidə-bulağın açılışı olub. Kompleksdə Tale Şirinovla yanaşı, 2020-ci ilin iyul döyüşləri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun, həmçinin Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Dağlar Yusibov və Əbülfət Məmmədovun xatirə lövhələri də yerləşdirilib.

Rayon rəhbərliyi tərəfindən bir gün əvvəl Vətən müharibəsi şəhidi, Yeni Dizaxlı kəndindən olan Tural Cəlilovun da şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar məzarı ziyarət olunub.

 





08.10.2021    çap et  çap et