525.Az

İrandan bu taya sürünən qatı qaranlıq... - Nadir Yalçın yazır...


 

İrandan bu taya sürünən qatı qaranlıq... -<b style="color:red"> Nadir Yalçın yazır...</b>

Şeyx Nəsrullah Kefli İsgəndərdən də ağıllı, uzaqgörən idi. Bir kəs ki, gecə-gündüz zikr edib Quranı hər tövr oxuyan bir para namaz əhlini özünün bəlağətinə ram edərək yalan-palanına inandırmışdı, o, heç vədə ağılsız ola bilməzdi. Şeyx yaxşı bilirdi ki, bunların imanı var, amma kamil deyil. Şəksiz, bu binəva hacıların içində dolanan iki "inteligent" dahi Mirzə Cəlilin oxucuya ötürdüyü əsas mesaj idi. Mən həmişə yəqin eləmişəm ki, Şeyx Nəsrullah o iki "inteligent"lə gizli əlaqədə olub və bu adamların hansı dinə-məzhəbə qulluq etdiklərini onlardan öyrənib.

İran da Şeyx kimi çox ağıllı davranır. Nəyinə lazım xərc çəkə, minnət götürə, özünə əziyyət verib fitva verə, öz şirin aşına zəhər qata. Elə ki görür ara qarışır, verir yaşılbaş sonaları, üzr istəyirəm, mollaları - saqqallı, əmmaməli siyasi xadimləri qabağa. Onlar da başlayır həcvə: Ona lənət, buna lənət! 

Bir qrup fağır fars da başını yelləyib deyir: Bərəkallah, türkə lənət!

Yaxşı, bu həmlə nə həmlədir?

İran elə rahat yol tapıb ki, heç tayı-bərabəri yoxdu. Din adı altında hamını əlində saxlayıb. Deyirlər: ölün! Ölürlər... Qalın! Qalırlar...

Amma elə bilirlər ki, cəhalətləri heç kimə əyan deyil. Bu cahillik elə murdar şeydi ki, birinci suyun üzünə o çıxır, əvvəl-əvvəl görünən o olur. İranın naqisliyinin ən böyük baiskarı da elə budur. 

Hərdən öz aramızda da o cahilliyə aqillik donu geyindirib çəpik çalırlar. Bizim yaşılbaş sonalarımız, üzr istəyirəm, cahil xurafatçılarımız nicatı İrandakı "din xadimləri"ndə görürlər. Səd heyif, aldanıblar!

İran Şeyx Nəsrullaha bənzər, üzdə Allah qulu, içdə quyruq qulu... İran da Şeyx kimi həm burda, həm orda bəzilərinin nazik damarını əla tutub. O damarı qollarına bürüyüb. 

İndi gəlin qulağınıza bir şey pıçıldayım: Ay qardaşlar, İran o damarı kəsəndə başınız üstündə duanı hansı dildə oxuyaq, türkcə, ya farsca?

Yaxın günlərdə yenə həcv edirdilər. Şirdən, fildən, milçəkdən danışırdılar. Deyirdilər, nə bilim ordumuz belə, qüvvəmiz elə. Bilinmirdi ki,  Seyid Həsən fitnə deyirdi, ya  xütbə deyirdi. İran gərək ki, Seyidə hökumətdə ali vəzifə versin, məscidlərdə xarab olur, əsl siyasi xadimdi, deyilmi?
Məscidi murdarladılar, üstəlik, Ərdəbili də...

Bu iranlıların millətçiliyi təzə babət deyil, köhnə hamam, köhnə tasdı. Fars şovinizminin çarxına su tökən Firdovsi "Şahnamə"sində özlərinin məkrini açıq-aşkar göstərib. Necə ki, Seyid Həsən hər sözünün başı İranın qüdrətli ordusundan bəhs edirdi, Firdovsi də mifik qəhrəmanlarının qeyri-adi gücünü qələmə almışdı. Seyid Həsən fildən, şirdən, milçəkdən bəhs edirdisə, Firdovsi dəvə sidiyindən, kərtənkələ ətindən nəql edirdi. 

Heç olmasa, Firdovsi tövbə yoluna qədəm qoyub "Yusif və Züleyxa" poemasında "Şahnamə"də yazdıqlarını inkar, peşmanlığını etiraf etmişdi. Elə ona görə də, "Yusif və Züleyxa" İranda yasaqlanmışdı...

Bəs Seyid Həsən, ümumən, İran böhtançıları nə zaman öz şər əməllərinə peşman olacaq? Firdovsi bunlardan yaxşı kişi imiş...

Böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin "Yaşılbaş sona" hekayəsində bir yaşıl əmmaməli şarlatan gedib Aşqabadda camaatın gününü qara eləyir, gözü bir üzüqırxıq adama sataşır, deyir, nə baxırsan üzümə, bilmirsənmi mən kiməm? Mən peyğəmbərin qılıncıyam! Haqverdiyev yazır ki, Molla Pənah Vaqif  orda olsaydı, belə cavab verərdi: "Yalan deyirsən, sən peyğəmbərin qılıncı ola bilməzsən. Bəlkə Şimir Zilcovşənin xəncərisən! Şimir İmam Hüseynin başını bir dəfə kəsdi. Amma sən, İmam Hüseyn yolunda can verdiyi haqqı gündə bir batil edib onun başını hər gün kəsirsən".

İnandıqları o tüfəngli "əyalət imamı" haqqı, düzlüyü, halallığı baltalayan, şər-böhtanla məşğul olanlar Şimirin əlinə çöp verər. 

İrandan bu yana yaxşı şey gəlməz. Neçə il Araz iki qardaşı həsrət qoydu. Aradakı məftillər əllər qanatdı, ürəklər yaraladı. Hələ, lap əvvəlki tarixi demirəm. Azərbaycanın haqq savaşında da İran əlini yenə mundarladı, çirkli yaxalardan yapışdı. Üzdə bir oldu, dalda bir. 

Ay qardaşlar, yığışın, bəlkə gedək İrana hürriyyət paylamağa? 

Gecənin bir aləmi Seyid Həsəni silkələyib ayıldaq, deyək, özünə oxşayan yaşılbaş sonalara, üzr istəyirəm, molla qardaşlarına da xəbər elə, gedək qapı-qapı düşüb onlara hürriyyət verək.

Seyid Həsən də, yuxulu-yuxulu cavab verəcək, o hürriyət nə mənə şeydi, yeməlidi, suludu, ya qurudu?

İrana hürriyyət gəlib!

Bəli, bu məqamda Mirzə Cəlilin "İranda hürriyyət" hekayəsini xatırlayıram. Orada Kərbəlayi Rza deyir:

"Yaxşı, Pərinisə, mən kağızı sabah aparıb oxudaram. Qoy Kərbəlayı kağızı göndərsin, amma vallah genə axırda mən deyən olacaq; çünki axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin. O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək... belə zadlar gələr; yoxsa, vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ".

Həəə, tamam doğrudur, ancaq siyahı bununla bitmir. Çünki o yandan bu yana həm də zülmət qaranlıq gələr, qatı şər gələr, böhtan gələr, çirkin həcv gələr, yersiz hədə-qorxu gələr, xülasə ki, bircə yönlü söz gəlməz...

Vaxtilə fədakar maarifçilərimiz bu barədə çox yazdılar, pozdular. Mirzə Fətəli Axundzadənin İranın "Millət" qəzeti münşisinə məktubundan hiss olunur ki, böyük ədibimizin, həqiqətən, İrana canı yanır, ordakı cahilliyə üzülür və tərəqqisi üçün öz məsləhətlərini əsirgəmir. Qəzetə vurulan məscid şəklini namünasib görür. Bilir ki, bu yolla maarifçilik mümkün deyil. Uzun sözün qısası, bütün iradlarını ard-arda bildirir. Məktubunun əvvəllərində "Süruş" təxəllüslü bir şairin yazdığını bərk tənqid edir, yazır ki, onun haqqında məlumatın, yazdığı zəif qəsidəsinin iranlılara heç bir xeyri yoxdur. Bu mətləbdən sonra uzun-uzadı təhriflərdən bəhs edir. Məktubun sonuna yaxın yazır: 

"Süruşa da de ki, bundan sonra bir də bu cür işlər görməsin".

Əgər Axundzadənin ailəsi Xamnə qəsəbəsindən qayıtmasaydı, Mirzə Fətəli də olacaqdı "yaşılbaş sona", üzr istəyirəm, Molla Fətəli... Yaxşı qutarmışıq...

İndi, ey İran hökuməti, İran başbilənləri - yəni ümumən mollaları! Siz də o Seyid Həsənə deyin ki, bir də bu cür işlər görməsin.

Qayıdaq Şeyx Nəsrullahla əlbir olduqlarını zənn etdiyim iki "inteligent"ə. Ağacı qurd içindən yeyir. Sonra mişarı gətirib kəsirlər. Yox, İranın mişarlamağa hünəri çatmaz. Amma içimizdəki qurdları, İranın din qardaşlığına, şiə təəssübkeşliyinə inanları ağıllandırmalıyıq. Yoxsa, o "inteligent"lər kimi Arazdan gələn hər zərərli "hay"a "hay" verərlər.
 

 





09.10.2021    çap et  çap et