525.Az

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Yeddi Gözəl” elektron kitabının təqdimatını keçirib


 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Yeddi Gözəl” elektron kitabının təqdimatını keçirib<b style="color:red"></b>

VII Bakı Beynəlxalq Kitab Sərgisində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Nizami Gəncəvinin “Yeddi Gözəl” elektron kitabının təqdimatını keçirib

Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyinin və Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı ilə Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabın təqdimat mərasimi keçirilib.

Müasir dövrün tələblərinə uyğun olaraq elektron versiyada tərtib olunmuş kitabı təqdim etməkdə məqsəd gənc nəsli Azərbaycanın və bütövlükdə Türk dünyasının dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin zəngin irsi ilə yaxından tanış etməkdir.

Tədbiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açaraq, Bakıda təşkil olunan kitab sərgisinin önəmindən danışıb: “Mənim üçün çox xoşdur ki, bu sevincli və qürurlu, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin qeyd olunduğu günlərdə bir yerə toplaşmışıq. Bakı növbəti dəfə Beynəlxalq Kitab Sərgi-Yarmarkasına ev sahibliyi edir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bu sərgidə öz stendini açaraq, dünyanın müxtlif ölkələrində çap olunan nəşrlərini nümayiş etdirir. Kitab - bilik mənbəyidir, bizim özümüzü və milli mənsubiyyətimizi dərk etməkdə əsas vasitədir. Kitab, eyni zamanda mənəviyyatdır. Çünki kitab oxuyaraq biz həm daxili dünyamızı, həm də cəmiyyətimizi, ətrafımızı zənginləşdiririk. Bu səpkidə Türk dünyası çox böyük bir zənginliyə malikdir. Türk dünyası “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas” dastanlarından tutmuş bugünə qədər dünya mədəniyyətinə neçə-neçə böyük şəxsiyyətlərin təkrarsız qələm nümunələrini bəxş etmişdir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məqsədi də bu dəyərləri təbliğ və nümayiş etdirmək, qoruyub saxlamaqdır. Nizaminin toxunduğu bütün mövzular aktualdır, müasirdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu il

Azərbaycanda Türk dünyasının görkəmli şairi, böyük mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Nizami Gəncəvi İli” elan edilmişdir. Bu da bütövlükdə Türk dünyası ədəbiyyatına olan böyük ehtiramın göstəricisidr. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu istiqamətdə bir çox layihələr həyata keçirmişdir. Bu layihələrdən biri də Nizami Gəncəvinin “Yeddi Gözəl” poeması əsasında uşaqlar üçün işlənmiş elektron kitabıdır. Şadam ki, biz bu layihəni Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə əməkdaşlıq çərçivəsində təqdim etmişik”.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirdə çıxış edərək, kitab haqqında məlumat verib. Şəhla Qəmbərova layihənin həyata keçirilməsindəki əsas məqsədin Nizami yaradıclığının gənc nəsil arasında təbliğ edilməsi olduğunu bildirərək, kitabı uşaqlar tərəfindən çəkilən rəngli illisturasiyalarının bəzədiyini diqqətə çatdırıb. Şəhla Qəmbərova Nizami Gəncəvinin “Yeddi Gözəl” layihəsiylə bağlı yola Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə çıxmaqdan böyük məmnunluq duyduğunu vurğulayıb.

Tədbirdə "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, ”Dünya Ədəbiyyatı “ dərgisinin baş redaktoru, şair Səlim Babullaoğlu çıxış edərək, kitab haqqında təəssüratlarını bölüşüb, layihənin önəmini qeyd ediblər.

Təqdimat gənclərin ifasında Nizami Gəncəvinin əsərlərinin səsləndirilməsi ilə davam edib.

 





09.10.2021    çap et  çap et