525.Az

Zəfər dastanı - Əflatun Amaşov yazır


 

"QARABAĞ ŞİKƏSTƏSİ"NİN YENİ NÖVRAĞI

Zəfər dastanı -<b style="color:red"> Əflatun Amaşov yazır</b>

Cəngi tipli mahnıların ahəngi də el əhval-ruhiyyəsi ilə bağlı olur. Nə etsən də, fikir-zikir psixologiyasını istər-istəməz üstələyir. Bir ildən çoxdur ki, Qarabağımızda da şikəstəmiz dərddən-qəmdən uzaqdır. Yalnız bir gözəlin həsrətini çəkir ki, o da düzələn məsələdir. "Şuşa, sən azadsan", "Şuşa Azərbaycandır!", "Qarabağ Azərbaycandır!" sözlərini təkrar-təkrar vurğulayan xalq cəmi 44 günə 30 il sinəsindən  asılan ağır yükü kənara atıb.

Bir il əvvəl məsələnin belə sürətlə həll olunacağını heç kim gözləmirdi. Bunu tarix də gözləmirdi. Qarış-qarış azad etdiyimiz torpaqlara birdəfəlik sahiblənmişik. Ötən il oktyabrın 4-də Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin düşmən tapdağından təmizlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətində vurğulanan xoş xəbər ildırım sürətilə yayıldı, insanların qələbə əzmini artırdı. Adamlar bu ümidi yarımçıq yox, sonadək yaşamaq istəyirdi. "Öldü var, döndü yoxdu" çağırışı ilə irəli şığıyanlar düşmənə ölümdən də betər tale yaşadırdılar.

Gəncənin, Mingəçevirin, Bərdənin, Tərtərin dinc sakinlərini hədəf götürənlər özləri nişangaha çevrildilər. Qələbə bütün parametrləri ilə sübut etdi ki, rəhbərimiz, xalqımız buna layiqdir. Çünki biz sözün əsl mənasında müasir tələblərə uyğun müharibə aparırdıq. Söz sənətimiz də silahlanmışdı. Həm süngü, həm də silah-sursatla.

İndi "Qarabağ şikəstəsi"ni necə qürur və vüqarla dinləyirik. Çünki qalib ordunun əsgəri olmaq ikiqat şərəfdir. Onun Ali Baş Komandanı olmaq isə yüksək sevinc və qürur hissidir. Yadımıza düşmən tərəfin məğlubiyyəti etiraf edən sülh müqaviləsinə səssiz-küysüz imza atarkən necə miskin görkəm aldığını salaq. Cənab İlham Əliyev isə Qalib Ordunun zəfərli Ali Baş Komandanı kimi məğrur görkəmdə dayanmışdı.

Müharibədə ədəbiyyatımız da sınaqlardan üzüağ çıxdı. Nədən və necə yazmaq üzərində düşüncə bizə nəsillərə örnək ola biləcək canlı müasir nümunələr qoydu. Gənclərimiz bir əlində silah, digərində qələm boş dayanmadılar. Əvvəl barıt qoxulu illərin yaddaşını yeni dövrə daşıyanlar təcrübələrindən faydalandılar. Müharibə dövrünün müasir ensiklopediyalarının ilk nümunələri kitab rəflərini bəzəməyə başladı. "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" adlı fundamental əsərlər toplusu hamı üçün ərməğan oldu. Onu da deyək ki, kitab Qarabağ zəfərinin atası, Ali Baş Komandan, ərazi bütövlüyü bərpa olunmuş Vətənimizin Prezidentinə həsr olunub.

Nəşr 528 səhifədir. İdeya müəllifi Xalq yazıçısı Anar, redaktoru və ön sözün müəllifi Yazıçılar Birliyinin sədr müavini Rəşad Məciddir. Dastanlar adətən yaxın, uzaq keçmişi retro kimi ağuşuna alıb olub-keçənlərdən bəhs edərlər. Bu yurddan söhbət açanda əvvəl söz, musiqi, sənət, sonra sevinc, kədər, dostlar, tanışlar, ümidlər, nəhayət xatirələr yada düşər. Kitab 32 hekayədən, 67 şeirdən və Anarın 11 xatiratından ibarətdir. Belə bir kitab barədə haradan başlayıb mövzunu necə yekunlaşdırmaq məsələsi gündəmdə dayanır. Gəlin tələsməyək. Diqqətlə oxuyaq və nəticə çıxaraq. Bəlkə bu zəfər dastanları ordan-burdan götürülmüş sinə dağlayan lövhələrdir, yaxud zəfərə köklənən xatirələrdir. Əsla yox. Mövzuları diqqətlə oxuduqda dünənimizdən yaxın keçmişimizədək bir-birlərini tamamlayan lövhələr görərsən. Bu ülvülüyün təminatçısı rolunu Anarın "Qarabağ şikəstəsi" tənzimləyir. Dastanda yazıçının ötən və zəfər günlərinin yazıları və qələbədən sonrakı xatirələri cəmləşib.

Sənətkar dünyanın dürüst vaxtlarının hekayələrini xırdalayır. Oxuyursan, adamın təsəvvürünə belə gəlmir ki, top-tüfəng səsini sovet dönəmində nadir halda eşidib. Yazıçı və jurnalist həmkarımız Aqil Abbas demişkən, uşaqlar Qarabağ şikəstəsinin səs-sədası ilə yuxuya dalıblar. "Qarabağ şikəstəsi"ni, "Şuşanın nisgili"ni, "Qədim xalq havaları"nı oxuyarkən sual doğur, axı kimsəyə hansı pislik etmişdik ki, yurd-yuvamıza 30 il həsrət qaldıq.

"Qarabağ şikəstəsi" Anarın hələ gəncliyindən yaşıdları və daha cavanların sevdikləri stilistikadır. O zamanlar gənclərin çoxunda kaş onun kimi yazaydıq arzusu baş qaldırardı. Diqqət edək. Az gedib, üz gedib, dərə-təpə düz gedən yazıçı Qarabağla bağlı elə surətlər yaradır ki, həm dodağın qaçır, həm istər-istəməz o obrazları böyüklü-kiçikli əbədi yaddaşına yazırsan:

"Özüm də bilmirəm Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrabam bu şəhərdə yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı gözəldir". Bəli, Anar əsl Vətən sevgisindən yazır, torpağı necə sevmənin əsaslarından yazır. Burada yaşayan qeyri-millətlərin, həmçinin ermənilərin sevgisindən yazır. Lakin yazıdan cəmi 5 il ötməmiş bu məhəbbətin əsl köklərini həyat özü üzə çıxarır. Bu sevgi eqoizmə, qatı millətçiliyə, başqa xalqları bəyənməzliyə bürünmüş vəhşilik libasını geyinmişdir.
Həyat insanı tamamilə dəyişir, "Şuşa nisgili", 2000-2001-ci illərdə yazılmış seirlər Anarın həyata tam yeni baxışıdır. Şuşa nisgilində:
 
Atıldı Şuşam,
Satıldı Şuşam.
Mən də bununla
Gərək barışam?

 
Sualın özü cavab verir: "Sarsağın biri sarsağ, Qarabağ deyil Artsağ". Sənətkar bizim xalq mahnılarını dinləyərkən bir il sonra acı təəssüratla yazır:
 
Oymaq-oymaq, qarış-qarış,
Gəzmişəm Azərbaycanı.
Qismət olmadı bircə tək
Görmədim Zəngilanı.

 
"Cocuq Mərcanlının cocuqları" hekayəsində Yazıçılar Birliyinin "Natəvan" klubunda  İlkin Şükürbəylinin və Nəsimi Faiqoğlunun tərtib etdikləri "Qətl edilmiş cocuqlar" kitabının təqdimatında iştirakdan sonra Anar yazır: "İki ayağı, iki əli, iki gözü, başı və bədəni olan insan qiyafəsində bir məxluq  uşaqlara qarşı heç bir yırtıcı heyvanın edə bilməyəcəyi qəddarlığı edə bilərmiş... Ordumuzun şücaətilə yağı tapdağından azad olunmuş kənd Cocuq Mərcanlı adlanır. Bu qədim ad indi hardasa rəmzi mənada səslənir, elə bil Qarabağda, Xocalıda məhv edilmiş cocuqlarımızın şərəfinə qoyulub". Yazıçı sözünü konkret qələmə alır: Bu kitab intiqam üçün deyil, yaddaş üçündür.

Anar ötən il "Erməni mifinin süqutu"nu, "Senatorlar və "paraşütçülər"i yazmaqla, "Yaşa Şuşa"mla qələbə nəğməsini yaddaşlara həkk edir. "Qəribədir, amma hər yerdə adını söyləyəndə inanılmaz dərəcədə kövrəlirəm" deyib övladların qəlbində bir "Qarabağ şikəstəsi" yatdığına işarə edir.

Biz eyni sözləri kitabın ön sözünün müəllifi Rəşad Məcidin sevinci, təəssüratları publisistik sətirlərə sığmayan düşüncələrində görürük.  "Şuşa gör nələr eylər"  ("Qələmsiz yazılanlar" silsiləsindən) seriyasından olan yazılarda görürük:

"Azad olunmuş Ağdamdan Şuşaya gedən maşın karvanında yol boyu sükuta dalan yazıçı, "Ədalət" qəzetinin sükanını məharətlə idarə edən Aqil Abbasın bir qarabağlı kimi çəkəcəyini çəkmək bizim üçün çətindir. "Evimi sökə bilərəm, torpağı yox" sətirlərini yazan müəllif müdrik yazıçı mövqeyini nümayiş etdirir: "Bu da bizim küçədi... Bu da bizim qonaq-qaralı evimiz... Bəli biz evimizi əvvəlkindən də gözəl tikəcəyik..."

Kitabın "Qarabağ doğma yurdum" fəslinin Xalq yazıçısı Elçinin "Şuşanın dağları başı dumanlı..." yazısı ilə açılmasında həm yaş, həm də həyat təcrübəsi baxımından bir eyniyyat gördüm. Söz sərrafı yazır: "Artıq 1982-ci ilin Şuşasındakı o qarlı-boranlı 14 yanvar günü haqqında çox yazılıb, ... çox göstərilib, ancaq deyilmişləri təkrarlamağı xoşlamasam da, bu yazını başlamaq istəyəndə həmin günü xatırladım və aradan keçən bu 39 ildən sonra o soyuq günün hərarəti (!) özü ilə doğma Şuşa ab-havasını gətirdi...". Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində Ümummilli Liderimiz Heydər Əliyev başda olmaqla respublikanın sayımlı-seçimli adamları iştirak edirdilər. Ali Sovetin sədri Süleyman Rüstəm, Yazıçılar Birliyinin sədri Mirzə İbrahimov, neçə-neçə tanınmış söz sahibi, milli musiqimizin korifeyləri özləri ilə bir dünya sevinc gətirmişdilər. Qarabağın erməni şairləri Azərbaycan dilində sərbəst danışdıqlarından zövq aldıqarını dilə gətirirdilər. Bunu  Ümummilli Liderimiz yaxşı başa düşürdü. O, Qarabağın erməni icmasının niyyətini, gələcək planlarını çox gözəl bilirdi, çünki onların söz və əməlləri heç zaman üstə düşməzdi.
Sonradan hakimiyyətə qayıdan respublika rəhbəri fundamental gedişləri ilə Azərbaycana nicat verəcək, Milli Ordu təşkil edəcək, onun müasir silahlı qüvvələrə çevrilməsini oğlu İlham Əliyevə həvalə edəcək. Bu niyyətin böyük məharətlə həyata keçirilməsi göz önündədər. Qarabağ azaddır!

Kitabda müasir Azərbaycan ədəbiyyatının imzasına haqq edən insanların bir çoxunun imzası var. Ramiz Rövşənin ("Qapısız açarlar"), Elçin Hüseynbəylinin ("Xiffət...lənət və sevgi"), Şirindil Alışanlının ("Su səltənəti Laçın") yazdıqlarını  hiss-həyəcansız oxumaq olmur.

Qarabağ demişkən, sənətsiz yaşamaq orada çox çətindir, bəlkə mümkün deyil. "Anadır arzulara hər zaman Qarabağ" sədaları üzərində gəzişmək necə xoşdur! Bu missiyanı öz üzərimizdən tanınmış alimlərin üzərinə atıb rahat nəfəs alırıq. Filologiya elmləri doktoru Vilayət Quliyevin "Qarabağ bədii ədəbiyyatımızda" yazısında Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Süleyman Rəhimov və digər böyük şəxsiyyətlər səciyyələndirilir.  

Akademik Zemfira Səfərova "Şuşa Azərbaycanın musiqi qalasıdır" yazısında diqqəti Niyaziyə, Fikrət Əmirova, Bülbülə, Rəşid Behbudova, Əfrasiyab Bədəlbəyliyə, Polad Bülbüloğluna çəkir. Tanınmış jurnalist-araşdırmaçı Vasif Quliyev "XVIII əsr Qarabağ poeziya məktəbi"nin Vaqiflə başlanan sırasını davam etdirir. Pərvin "Qarabağı vərəqləmək"lə  onun ədəbiyyatımızda yerinə və roluna nəzər salır.

Mehriban Vəzir yenə səliqə-sahmanla Qarabağın məşhur xanımlarından bəhs edir. O cümlədən, Ağabəyim ağa və Gövhər ağa Cavanşirlərin, Xurşidbanu Natəvanın  ... yaddaşlarda surətlərini canlandırır.

Görkəmli elm, sənət fədaisi Kamal Abdulla bir övlad kimi torpağı üçün öz borcunu əsirgəmir, "Müharibə və onun ədəbi-bədii əks-sədası"ndan böyük ilhamla söhbət açır, Sabir Rüstəmxanlı isə bədii sözün səfərbəredici gücündən bəhs edərək yazır: "Biz qayıtmışıq, özü də bir daha geri dönməmək üçün!"

Oxucu bağışlasın, şeir çələngini bu kitaba daxil etməyə nümunələr az deyil. Müasirimiz də var, klassikimiz də. Ona görə də iki çeşiddə ayırıb seçdik. Səməd Vurğunla başlayıb Süleyman Rüstəmi, Rəsul Rzanı, onlardan nisbətən cavan nəsillər -  Məmməd Araz, Xəlil Rza Ulutürk, Vaqif Səmədoğlu, Nəriman Həsənzadəni və nəhayət gənc nəsli bölgüdə əhatə etdik. İndi sonuncuların özləri də yaşca az deyil. Ağsaqqallığa namizəddirlər və onların yeri heç vaxt boş görünməyəcək. Deyiləndə ki, söz ölməzdir, qətiyyən etiraz etmirəm. Səməd Vurğunun müharibəsiz illərdə yazdığı "Şuşa"dan bir bənd:
 
Qoynuna girməyə qalmışdır bir az,
Könül fərəhlənib eylədi pərvaz.
Ölməyib görəydim seyrini hər yaz,
Səndə vardır başqa lətafət, Şuşa!

Rəsul Rza "Qarabağ - baba yurdum"da yazır:
 
Sənə Qarabağ dedilər,
Bəlkə, "qara bax" dedilər...

 
Bəxtiyar Vahabzadənin "Muğam" poemasında qədim muğamatımızı "Daş ürəklərdə yanıb daşları sındırdı muğam, Haqqa düşmən olanı haqqa tapındırdı muğam" sözləri onu hikmət dünyamıza  çatdırır. Qabilin "Azərbaycan əsgəri" igidliyimizi vəsf edir. Nəriman Həsənzadə "Görəsən, Ağdama yağış yağdımı" ritorik şeirini 35 il əvvəl qələmə alanda əsl boranın göy üzündə görünəcəyi şübhəsizdir. Məmməd Araz "Əlvida dağlar"ını yazanda sanki uzun müddət dost-tanışdan uzaq düşəcəyi aydın görünür.

Müharibə dövrünün reallıqları ağlımıza belə gəlməyən "Qaçqın gəlinə" şeiri Fikrət Qoca tərəfindən ipə-sapa düzülür. Ramiz Rövşən, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, dövrün əzazillərinin haqq-hesaba çəkiləcəyindən söhbət açırlar. Məmməd İsmayıl "Bu qan yerdə qalan deyil" inamını əminliklə dilə gətirir:
 
Dayanma, nə dayansa da,
Gələn vaxt-vədə yansa da,
Zülüm ərşə dayansa da,
Bu qan yerdə qalan deyil.

 
Eldar Baxış "Ocaq" kitabının müəllifinin öz cəzasını çəkəcəyinə əminliyini bildirir. Vaqif Bəhmənli "Bəhmənli himni" yaradır, Şahin Musaoğlu isə "Şuşa, mən sənə qayıtdım" deyir. Qəşəm Nəcəfzadə "Azərbaycan əsgərinə" qələbə arzulayır.

Bunlar erməni faşizmi üzərində qələbəmizə vurulmuş bir möhürdür. Onun yükü altından çıxmaq qeyri-mümkündür. "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" dünənimizin parlaq səhifələri, sabahımızın böyük uğurlara addımlayacaq yoludur.

 





10.10.2021    çap et  çap et