525.Az

MEDİA-dan region mətbuatına diqqət


 

MEDİA-dan region mətbuatına diqqət<b style="color:red"></b>

Medianın İnkişafı Agentliyində (MEDİA) regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirilib.

"Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri" mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib.

Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli vurğulayıb ki, indiyədək region mətbuatından Agentliyə daxil olan müraciətlərə baxılıb, regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə intensiv ünsiyyət qurularaq problemləri əhatəli şəkildə müzakirə olunub. Qeyd olunub ki, konfransın əsas məqsədi mövcud çətinliklərin öyrənilməsi, təkliflərin dinlənilməsidir.

Görüşdə çıxış edən "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyev, "Aran" qəzetinin baş redaktoru Məhsəti Ağayeva (Mhsəti Musa), "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov, "Yeni Tərtər" qəzetinin redaktoru Tofiq Yusifov və digərləri bölgə qəzetlərinin maddi-texniki bazasının gücləndirilməsinin, yaradıcılıq imkanlarının genişləndirilməsinin, region mətbuatına dövlət dəstəyinin zəruriliyini vurğulayıblar.

Strateji planlaşdırma departamentinin direktoru Rasim Bağırov tədbirdə səslənən təkliflərin təhlil ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, Medianın İnkişafı Agentliyi tərəfindən aidiyyatı qurumlarla görüşlər keçirilir, region mətbuatının inkişafının sürətləndirilməsi istiqamətində layihələr üzərində işlənilir.

MEDİA-nın region mətbuatının inkişafı istiqamətində keçirdiyi bu görüşlə bağlı fikirlərini "525-ci qəzet"lə bölüşən Yevlaxın "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı bunları dedi: "Bu, MEDİA-nın Region mətbuatının problemləriylə bağlı atdığı ilk addım idi və mənə çox xoş gəldi. Doğrudur, dəfələrlə görüşmüş, söhbətlər etmişik, onlar da bizim təkliflərimizə böyük maraqla yanaşıblar ki, bizə kömək etmək üçün hansı işlər görsünlər. Mən də görüşdə bir daha öz fikrimi səsləndirdim və bu görüş məndə çox böyük ümid yaratdı.

Qeyd elədim ki, əgər bölgə mətbuatını dirçəltmək istəyiriksə, dövlətimizin əlimizdən tutub bizi ayağa qaldırmasına ehtiyacımız var. Əgər sözdən işə keçiriksə, rayon qəzetləri həftədə 3 dəfədən az olmayaraq nəşr olunmalıdır. Əlbəttə, dövlətin bu dəstəyi də bizə bir yerə qədər lazımdır. Biz ayağa qalxandan sonra özümüz özümüzü ayaq üstə saxlamağı da bacarmalıyıq. Yaxud, media qurumu necə, paytaxtda çıxan qəzetlərə maliyyə ayırır, bizə də o cür maliyyə ayrılsın ki, biz də qəzetimizi dirçəldə bilək.
Bilirsiniz ki, şəhər icra hakimiyyətləri heç bir maliyyə yardımı göstərə bilmirlər. Çünki qanun buna yol vermir. Ona görə də bu istiqamətdə konkret addımlar atılmalı və bunun bir yolu tapılmalıdır.

Ümumən deməliyəm ki, bu görüş mənə çox gözəl təsir etdi və özlüyümdə ümidlənməyə başladım. Gördüm ki, bu konfransın təşkilatçıları və orda MEDİA-dan iştirak edən nümayəndələr bütün suallara cavab verir və çalışırlar ki, bizə kömək üçün ən optimal yolları tapsınlar. Onlara çox təşəkkür edirəm ki, bizim problemlərimizə bu cür diqqətlə yanaşırlar.

Bu yaxınlarda "Yeni Azərbaycan" qəzetinə müsahibəmdə "can verməkdə olan region mətbuatı" ifadəsini işlətmişdim. Bu konfransdakı çıxışımda da bu ifadəni yenidən işlətdim və indi hesab edirəm ki, can verməkdə olan region mətbuatını məhz Medianın İnkişafı Agentliyi ayağa qaldıracaq".

Ağcabədi rayonunda fəaliyyət göstərən "Aran" qəzetinin baş redaktoru Məhsəti Musa da bu konfransın müsbət nəticələrinə ümidlidir: "Doğrusu, bu, bizim çoxdan istədiyi, gözlədiyi görüş idi. Problemlərimizi deyə biləcəyimiz, gələcəklə bağlı bir işıq ucu tapacağımız görüş mütləq lazım idi. Bu baxımdan Medianın İnkişafı Agentliyi tərəfindən dəvət alanda çox sevindim. Açığını deyim, təşkilatçılar tərəfindən "Aran" qəzetinin ünvanına deyilmiş xoş sözlər məni necə sevindirdisə, öz çıxışımda fəaliyyətimizlə, görülən işlərlə bağlı daha çox danışdım və verilmiş vaxt bitdiyi üçün toxunmaq istədiyim əsas çətinliklər, problemlər haqqında söz açmağa imkan qalmadı. Amma digər həmkarlar bu haqda yetərincə fikir bildirdilər. Və bölgə mətbuatının həqiqətən də çox çətin durumda olduğunu diqqətə çatdırdılar. Deyək ki, Ağcabədidə rayon rəhbəri mətbuata qarşı çox diqqətlidir, çox dəstək olur ki, rayon qəzeti yüksək səviyyədə fəaliyyət göstərsin, bunun üçün maddi və mənəvi yardımını əsirgəmir. Qəzetin saytı yaradılıb, çox qısa zamanda internet televiziyası fəaliyyətə başlayacaq, ayda 1-2 dəfə çıxan qəzet bu gün həftədə 2 dəfə, 3 min nüsxə tirajla çıxır. Amma bu kömək də yəqin ki, müəyyən yerə qədər ola bilər.

Eyni zamanda, digər bölgələrdə çətinliklər olduğu kimi qalır axı... Çıxış edənləri dinlədikcə, həqiqətən onların bu şəraitsizlikdə, bu vəziyyətdə bugünə qədər gəlib çıxa bilmələrinin özünün böyük iş olduğunu düşündüm. Burada artıq nə yazdıqları, necə yazdıqları başqa mövzudur. 

Bölgə mətbuatına diqqət ayrılmalıdır. 2-3 əməkdaşla, ayda bir dəfə, köhnəlmiş xəbərlərlə, az tirajla çıxan qəzetlər yaşamır, sadəcə yaşamaq uğrunda mübarizə aparır. Yalnız abunə gücünə böyük işlər görmək çətindir. Və hər bölgədə abunə yazılışını eyni səviyyədə təşkil etmək də olmur. Reklamlardan gəlir əldə etmək isə bölgə mətbuatı üçün keçərsizdir. Məsələn, bizim rayonda bir böyük geyim mağazası var. Hamı da tanıyır. Buna baxmayaraq, yenə də reklam üçün müraciət edirsən, deyirlər ki, İnstaqram səhifəmizdə 5000 izləyicimiz var. Əlavə reklama ehtiyacımız yoxdur. Eləcə də, qapı-qapı düşüb gəzdiyin digər obyektlər...Yəni sosial şəbəkələr bizim bu imkanımızı da əlimizdən alır. Hətta başsağlığı, təbriklər belə çox vaxt sosial şəbəkələr vasitəsilə ünvanlanır. Həmçinin, sahibkarlar vergidən yayınmaq üçün reklama çox meyl etmirlər. Ona görə də reklamlara bel bağlayıb bununla bölgədə qəzet saxlamaq fikrini qətiyyən qəbul etmək olmaz.

Əyalət qəzetlərinin maliyyələşməsi üçün müəyyən addımlar atılmalı, onların özünə gəlməsi, yenidən dirçəlməsi üçün şərait yaradılmalıdır.
Görüşdə bir fikir səsləndi. Həmkarlardan biri qeyd etdi ki, filan müəssisədə neqativ hal var, amma mən tənqid yaza bilmirəm. Çünki abunəçimizdir, yazsam, sabah o, yenidən abunə yazılmaqdan imtina edəcək. Baxırsınız, tamamilə abunəçilərdən asılı olmağın çətin tərəflərindən biri də budur. Sən sözünü deyə bilmirsən. Görürsən, amma susursan...

Ümumilikdə bu görüşdən gözləntilərimiz budur ki, səslənən fikirlər, verilən təkliflər təhlil olunacaq, dəyərləndiriləcək, bölgə mətbuatının inkişaf etdirilməsi üçün uğurlu addımlar atılacaq. Və inanırıq ki, bu görüşlər davamlı olacaq".

 





10.10.2021    çap et  çap et