525.Az

Müharibə üçün sərmayə - Xaqani Cəfərli yazır


 

Müharibə üçün sərmayə -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiyanın gələnilki dövlət büdcəsinin xərclər hissəsində hərbə ayrılan vəsait ən çox pul ayrılan ikinci sahə olacaq. Koronavirus pandemiyasının davam etdiyi, Rusiya iqtisadiyyatının durğunluq keçirdiyi bir zamanda hərbi xərcləri artırmaq ancaq müharibəyə hazırlıq kimi dəyərləndirilməlidir. Rusiya iqtisadiyyatı isə çox çətin dövrünü yaşayır. Neft və qazın qiyməti yüksək olduğu üçün iqtisadi problemlər hələlik sarsıntılara səbəb olmur. Ancaq sənaye məhsullarının istehsalı ilə bağlı statistik məlumatlar Rusiya iqtisadiyyatının ciddi böhran ərəfəsində olduğunu göstərir. Rusiyanın ən yaxşı universiteti hesab olunan Ali İqtisad Məktəbinin İnkişaf Mərkəzinin məlumatına görə, bu ilin 8 ayı ərzində sənaye müəssisələrində artım cəmi 0.2 faiz təşkil edib. Elə bir vəziyyət yaranıb ki, Rusiya sənaye mallarının istehsalına görə Çexiya kimi kiçik ölkədən də geridə qalır. Ancaq buna baxmayaraq, hərbi xərclər iqtisadiyyata ayrılan vəsaitdən çoxdur. İqtisadiyyata 3.46 trilyon rubl, hərbi məqsədlər üçün isə 3.5 trilyon rubl (təxminən 50 milyard dollar) ayrılıb ki, bu da büdcənin 15 faizi deməkdir.

Rusiyanın ciddi hərbi müdaxilə təhlükəsi ilə üz-üzə olmadığı halda hərbi xərclərə iqtisadiyyatdan daha artıq pul ayırması bir neçə səbəblə izah olunur. Siyasi təhlilçilər hərbi xərclərə böyük həcmdə büdcə vəsaitinin ayrılmasını Rusiya hakimiyyətinin siyasətinin əsasına çevrilmiş "Patruşev doktrinası" ilə izah edirlər. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin adı ilə bağlı olan doktrinanın əsasına görə, Rusiya ABŞ-la ehtimal olunan nüvə müharibəsinə hazır olmalıdır. Rusiyanın hakim dairələrində belə rəy formalaşıb ki, Sovet İttifaqının rəhbərliyi ABŞ-la nüvə müharibəsindən qalib çıxa bilməyəcəkləri qorxusu altında Vaşinqtonla strateji rəqabəti uduzublar.

Siyasi təhlilçilərə görə, Çin Rusiyanın hakim dairələrinin ABŞ-la nüvə müharibəsi qorxusundan sui-istifadə edir. Çinin kommunist rejiminin sərt nəzarəti altında olan mətbuat orqanlarında belə məlumatlar yayılır ki, ABŞ strateji bombardmançılarını Rusiya sərhədlərinə göndərir. Bu xəbərlərlə bağlı şərhlərdə isə çinli təhlilçilər belə bir sual verirlər ki, ABŞ nə üçün strateji bombardmançılarını Çinin sərhədlərinə deyil, Rusiya sərhədlərinə göndərir? Bu suala özləri də cavab verirlər ki, ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar istənilən nəticəni vermədiyi üçün Vaşinqton Moskvaya qarşı müharibə hazırlıqlarına başlayıb. Strateji bombardmançıların Rusiya sərhədləri boyunca uçuşlar etməsini isə nüvə müharibəsinə hazırlıq kimi dəyərləndirirlər. Məlum olduğu kimi, ABŞ-ın B-52 strateji bombardmançıları əsasən nüvə müharibəsi üçün nəzərdə tutulub. Çin mətbuatı B-52 strateji bombardmançılarının Rusiya sərhədləri yaxınlığında təlim və kəşfiyyat xarakterli uçuşlar keçirməsi haqqında məlumatlar yaymaqla Moskvanın nüvə müharibəsi əndişəsini dərinləşdirir. Bu əndişənin təsirlərilə də Rusiya hərbi xərclərini artır. Rusiyanın hərbi xərclərini artırması paralel olaraq Qərb ölkələrini də eyni addım atmağa sövq edir. Bu isə yeni silahlanma yarışı doğurur. Moskva ilə Vaşinqton arasında birinci silahlanma yarışı Sovet İttifaqının müflis olmasına səbəb olmuşdu.

İndi yenidən Rusiya ilə ABŞ və onun müttəfiqləri arasında silahlanma yarışı başlayır. ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ildə hərbi məqsədlər üçün 778 milyard dollar ayrılması ilə bağlı qanun layihəsini demək olar ki, yekdilliklə qəbul etdi. Halbuki Co Bayden administrasiyası Konqresdən hərbi məqsədlər üçün daha az, 752,9 milyard dollar ayrılmasını istəmişdi. Konqres isə bu rəqəmi 23 milyard dollar artırmağı uyğun hesab etdi. Co Bayden administrasiyasının təklifi ilə Konqresin qəbul etdiyi qanun layihəsində üst-üstə düşən məqam isə Pentaqona 715 milyard dollar ayrılmasıdır. Yerdə qalan 63 milyard dollar əsasən ABŞ-ın müttəfiqlərinin müdafiə qabiliyyətinin yüksəldilməsinə yönəldiləcək. Bu sırada bir sıra postsovet respublikaları da var. Məsələn, Vaşinqton Ukraynanın müdafiə qabiliyyətini artırması üçün 300 milyon dollar ayıracaq.

Hərbi xərclər üçün ən çox pul xərcləyən ölkələrin sıralamasında ABŞ-la Rusiyanın arasında isə Çin və Hindistan yer alır. Çin gələn il hərbi xərclər üçün 252 milyard dollar sərf edəcək. Son illər Çin sürətlə silahlanır və bunun üçün hərbi büdcəsini kəskin artırıb. Çinlə sərt rəqabətdə olan Hindistan da geri qalmamaq üçün hərbi xərclərini artırmaqda davam edir. Dehli gələn il hərbi məqsədlər üçün 70 milyard dollar xərcləmək niyyətindədir.

Avropa Birliyindən çıxdıqdan sonra daha fəal siyasət yürütmək istəyən Böyük Britaniya da hərbi xərclərini artırmağa başlayıb. London hərbi məqsədlər üçün Rusiyadan bir qədər az, 49 milyard dollar xərcləməyi planlaşdırır.

Hərbi xərclərin artırılması ilə paralel olaraq silahların gücünün artması prosesi də gedir. Bu da təbiidir. Çünki hərbi xərclərin önəmli hissəsi yeni və ya daha güclü silahların yaradılmasına və istehsalına sərf olunur. İki il öncə Rusiya hipersəs raketi ilə bağlı məlumatlar yaymışdı. İndi isə ABŞ-ın hipersəs raketini uğurla sınaqdan çıxarması haqqında məlumatlar var. Bundan başqa, ABŞ-ın beşinci nəsil F-35 təyyarəsindən atom bombasının atılmasını uğurla sınaqdan keçirdiyi haqqında məlumat yayıldı. F-35 təyyarələri radarlara yaxalanmadığı üçün istənilən ölkənin ərazisinə daxil ola və nüvə zərbəsi endirə bilər. Belə olduqda rəqibin cavab zərbəsi endirmək üçün imkanı olmayacaq. Son zamanlar ABŞ F-35 təyyarələrini müttəfiqlərinin ərazisində yerləşdirməyə başlayıb. Belə görünür ki, müharibə hazırlıqları bütün gücü ilə davam edir və dövlətlər bu sahəyə sərmayə qoymaqda xəsislik etmirlər.

 





10.10.2021    çap et  çap et