525.Az

Təhsildə inkişaf və innovasiyalar: kim nə təklif edir?


 

Təhsildə inkişaf və innovasiyalar: <b style="color:red"> kim nə təklif edir?</b>

Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi"nin nəticələri açıqlanıb. Müsabiqəyə "Ümumitəhsil müəssisələri kateqoriya"sı üzrə 230, "Fərdi kateqoriya" üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında "Ümumitəhsil kateqoriya"sı üzrə 47, "Fərdi kateqoriya üzrə" 132 layihə olmaqla, ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.

Bakı şəhər 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, Beynəlxalq Coğrafiya Olimpiadasının (İGEO) ölkə üzrə təmsilçisi Yaşar Seyidəliyevin V qrant müsabiqəsində qalib olmuş layihəsi də aktuallıq baxımdan diqqət çəkir. Belə ki, "Şagirdlərin Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlığı - III modul" layihəsi  coğrafiyadan beynəlxalq müsabiqələrə (iGeo və eGeo) hazırlıq təşkil edir.  

Y.Seyidəliyevin sözlərinə görə, 2020-ci ildə ilk dəfə olaraq şagirdləri Avropa Coğrafiya olimpiadasından (eGeo) iki bürünc medal gətirib. Bu medallar ölkə təhsilində beynəlxalq coğrafiya müsabiqəsində şagirdlər tərəfindən əldə olunan ilk medallardır. Məhz təhsildə qrant vəsaiti hesabına təmin olunmuş hazırlıq dərsləri ilə ölkəmizi coğrafiya üzrə təmsil edən məktəblilər ölkə təhsilində coğrafiyadan ilk dəfə Avropa Coğrafiya Olimpiadasında (eGeo) uğur qazanıblar: "Beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq davamlı prosesdir. Bu səbəblə biz olimpiadaya hazırlıq dərslərini sadəcə layihə müddəti ilə məhdudlaşdırmırıq. Layihəmizin icra müddəti başa çatsa da, biz olimpiada gününədək dərslərimizi davam etdiririk. Coğrafiyadan xüsusi istedadı ilə seçilən bölgə şagirdləri də bu imkandan yararlana biləcəklər. Beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq sahəsində böyük təcrübə və bazaya malik olan layihəmizin əsas məqsədi iGeo və eGeo-da ölkəmizi təmsil edəcək şagirdləri müəyyən etmək və onların hazırlıqlarını ən yüksək səviyyəyə çatdırmaqdır. 

Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlıq dərsləri beynəlxalq coğrafiya kurikulumuna uyğun olaraq ingilis dilində keçirilir. Bu olimpiadalar üç hissədən ibarətdir: 1 - cavabı yazılı olan test, 2 - multimediya testi və 3 - çöl işi. Layihəmizin vəzifələri arasında orta məktəbdə keçilməyən mövzuların tədrisi, çöl işi vərdişlərinə yiyələndirmək, coğrafiyadan istedadı olan şagirdləri iGeo və eGeo-da tələb olunan praktik təcrübələrə hazırlamaq və çöl işlərinin aparılma qaydasını öyrətmək, coğrafiya üzrə ölkə təhsil kurikulum standartlarında olmayan, iGeo və eGeo-nun proqramında (kurikulumda) olan mövzuları keçmək də var. Layihənin sonunda şagirdlər beynəlxalq coğrafiya olimpiadalarına düşən suallara cavab verə bilmək və çöl təcrübələrində tələb olunan bacarıqları əldə edəcəklər. Layihəmizin məqsədi həm də Azərbaycandan coğrafiya fənni üzrə beynəlxalq olimpiadalara komanda yaratmaq üçün metodologiya və bazanın təşkilidir.

Qeyd etmək istərdim ki, layihəmiz çox böyük və məsuliyyətli bir işi öz çiyinlərinə götürmüşdür. Bu məsuliyyəti layiqincə icra etmək və yerinə yetirmək üçün bizə dəstək verən hər kəsə öz dərin təşəkkürümü bildirirəm".

V qrant müsabiqəsində "Ümumtəhsil" kateqoriyası üzrə qalib gəlmiş Bakı şəhəri Məktəb-Lisey Kompleksinin layihəsi "Ümumtəhsil müəssisələrində şagirdlərin fiziki, mənəvi, sosial və psixoloji zorakılıqdan və qısnamadan müdafiəsinin təmin edilməsi" probleminə həsr olunub. Məktəb-Lisey Kompleksin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini Aytən Sadıqova deyir ki, şagirdlərin təhsilə başladığı və təhsili davam etdirdiyi dövr psixoloji inkişafın əsas mərhələlərini əhatə edir. Bu dövrlərdə yaşadıqları hər hansı psixoloji narahatlıq, stress, zorakılıq (növündən asılı olmayaraq) irəlidə ciddi problemlərin yaranmasına səbəb olur. Ümumiyyətlə, bu yaş dövründə uşaqlara yönəlik fiziki, mənəvi, sosial, psixoloji zorakılıq və qısnama bullinq termini ilə ifadə olunur. UNİCEF-ə görə, bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır: "Təqdim olunan layihənin məqsədi, intiharların qarşısının alınması, uşaqların psixoloji maarifləndirilməsi, məktəb psixoloquna yönəlik öhdəliklərin müəyyən olunması, məktəbdə psixodiaqnostik, psixokorreksion və psixoprofilaktik tədbirlərin görülməsindən ibarətdir. Psixoloji maarifləndirmə ilə bağlı şagirdlərin, müəllimlərin, məktəb rəhbərliyinin, məktəb psixoloqunun və valideynlərin maarifləndirilməsi istiqamətində seminarların təşkil olunması, intiharların qarşısının alınması və intihar törətməyə meyilli olan şagirdlərin tərbiyəsində məhz empatiya hissinin yaradılmasına nail olunması da layihənin əsas hədəfləridir. Bu səbəbdən empatiya bacarığının inkişaf etdirilməsi yolları, empatiya və simpatiyanın fərqi və empatiya haqqında məktəb psixoloqlarına praktik təlimlərin (workshop) keçirilməsi, məktəb mühitində qısnama və zorakılığa məruz qalan və bullinq törədən şagirdlərin müəyyən olunması, onlarla bağlı statistikaların hazırlanması və dinamikasının   tədqiqinin aparılması nəzərdə tutulur".

A.Sadıqova bildirib ki, bu hədəflərə nail olmaq məqsədilə məktəb heyətinin maarifləndirilməsi üçün praktik təlimlərin keçirilməsi; məktəb psixoloqlarında empatiya hissinin formalaşdırılması istiqamətində praktik dərslərin keçirilməsi, şagirdlərin psixoloji maarifləndirilməsi, valideynlərlə bullinqin nə olduğu, qarşısının alınması yolları ilə bağlı məlumat xarakterli iclas və seminarların təşkili nəzərdə tutulub. Həmçinin,  psixodiaqnostik testlər vasitəsilə şagirdlərdə aqressiya, stressə meyillilik, antisosial davranışların təyin olunması, əldə olunan nəticələrə əsasən müvafiq klinik müsahibənin keçirilməsi, psixodiaqnostik və klinik müsahibənin nəticələrinə əsasən statistikanın çıxarılması və dinamikanı izləmək vacibdir. Məktəb heyəti və valideynlərlə təşkil olunacaq təlim və seminarlar onlayn, təhsilalanlarla isə onlayn maarifləndirmə işlərindən sonra xüsusi ehtiyac duyulan şagirdlərlə fərdi və qrup terapiyası təşkil aparılacaq.

Layihənin icrasından gözləntilər şagirdlərdə bullinq dinamikasının nəzarətdə saxlanılması, məktəb psixoloqlarının mütəmadi valideyn və məktəb heyəti ilə əməkdaşlığının gücləndirilməsi, şagirdlərin bir-birilə empatik ünsiyyətinin və effektiv dinləmə bacarıqlarının inkişaf etdirilməsi, məktəb mühitində sağlam psixoloji iqlimin formalaşdırılmasına nail olmaqdır.

Balakən şəhər 1 nömrəli tam orta məktəbin kimya müəllimi Leyla Hacıyevanın V qrant müsabiqəsində qalib olmuş "İnnovativ və həvəskar kimyaçılar klubu" layihəsi şagirdlərin elmi biliklərə marağının daha da artırılmasına hədəflənib.

L.Hacıyevanın dediyinə görə, son dövrlərdən başlayaraq ümumtəhsil məktəblərində kimyadan tədris proqramlarının və dərsliklərin dəyişdirilməsi, digər fənlərlə zəif əlaqədə olması və digər səbəblər kimyanın tədrisində müəyyən problemlər yaradır. Şagirdin gözündə kimyanın çətin bir fənn kimi görünməsinin səbəbləri müxtəlifdir. Kimyanın asan öyrənilən fənn hesab edilməməsi, ekoloji problemlərin səbəbkarı kimi görünməsi, eksperimental bir elm olan kimyanın şagirdin qarşısına qaydalar toplusu şəklində çıxarılması, praktiki məşğələlər, təcrübələrin imkanlar xaricində olması kimi səbəblər şagirdlərin kimyanı qavraması və gələcəkdə elmə töhfə vermək imkanlarını azaldır. "İnnovativ və həvəskar kimyaçılar klubu" layihəsi Balakən rayonunda kimya fənninə marağı olan şagirdləri ortaya çıxarmaqla onların təcrübə, praktik məşğələ və intellektual oyunlar və s. metodlarla hazırlığını yüksəltməyi qarşısına məqsəd qoymuşdur. Bu məqsədə çatmaq üçün layihə müddətində şagirdlərin klub ətrafında təşkilatlanmasını təmin etmək, müxtəlif təcrübə, praktik məşğələ və intellektual oyunlarla şagirdlər arasında kimyaya maraq yaratmaq, "Kimyaçı" intellektlərin mübarizəsi adlı intellektual oyununu təşkil etmək, tədqiqat layihələrində ortaq mövzulardan istifadə etməklə kimyanı biologiya, coğrafiya, fizika elmləri ilə əlaqəli (inteqrativ) şəkildə öyrənməni təmin etmək, həyata keçirilən fəaliyyətləri KİV-də dərc etməklə digər şagirdləri də bu fəaliyyətə qoşulmağa sövq etmək planlaşdırılır.

Sevinc QARAYEVA  
 

 





11.10.2021    çap et  çap et