525.Az

Yeni təhsil konsepsiyası - FİKİRLƏŞMƏK - Hikmət Əlizadə yazır


 

Yeni təhsil konsepsiyası - FİKİRLƏŞMƏK  -<b style="color:red"> Hikmət Əlizadə yazır</b>

Hikmət ƏBDÜLOĞLU - ƏLİZADƏ
BDU-nun professoru

Uzun illər məktəbdə dərs məlumatvericilik episentri üzərində qurulmuşdu. Təlimin əsas məqsədi şagirdə biliyin verilməsi və onu tətbiq etməyi öyrətməkdən ibarət idi. 

XX əsrdə aparılan psixoloji tədqiqatlar inandırıcı şəkildə göstərdi ki, təhsil təfəkkürün inkişafına xidmət etməlidir. Bu, təhsilə yanaşmanı dəyişdi, analiz və sintez təlim məqsədlərinə çevrildi, dərsdə fikirləşməyi öyrətmək konsepsiyası bərqərar oldu. Fikirləşmək - böyük konsepsiyadır. 
Hər bir insan həyatda istənilən bir məsələni həll edəndə fikirləşib və qərar qəbul etməlidir. Görəsən, bütün insanlar qarşılarına çıxan məsələni həll edəndə fikirləşir? 

Aktual sual: Fikirləşmədən qərar qəbul etmək olar?  

Fikirləşmədən qərar qəbul etmənin faciəsi

Azərbaycanda fikirləşmək konsepsiyanın fəlsəfəsi XX əsrdə böyük yazıçımız Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasında açılıb. Komediyada böyük fırıldaqçı Şeyx Nəsrullah savadsız kütlənin fikirləşmədən qərar qəbul etmək psixologiyasına malik olduğunu bilərək, onlara bəxşiş müqabilində ölülərini diriltməyi təklif etməsi təsvir edilir. Hamı öz "ölüsünə" dərin hörmət və sevgi bəslədiyi üçün, onun dirilməsinin mümkün olduğunu eşidəndə sevinir, fikirləşmədən təkliflə razılaşır və bəxşişi verir. 

Bundan sonra ədib xaricdə təhsil almış, özünə savadsız əhali arasında yer tapa bilməyən, dərdini unutmaq üçün gününü sərxoşluqla keçirən, yüksək düşüncə tərzinə malik olan İsgəndər obrazı vasitəsi ilə bu insanlar qarşısında problem qaldırır.  Məsələn, sənin ölmüş qardaşın dirilib gələndən sonra ona nə cavab verəcəksən, axı sən onun malına - mülkünə sahib çıxmısan... İsgəndər öz monoloqu ilə ölüsünü diriltmək sevdasına düşən insanların nöqsanlı əməlini ifşa edir, necə deyərlər, "açır sandığı-tökür pambığı" və adamları problem qarşısında qoyur. 

Nəticəni fikirləşmədən qərar qəbul edən insanlar öz eybəcər əməlləri ilə üz-üzə qalanda və həmin əməllər fonunda qəbul etdikləri qərarlar haqqında fikirləşməyə başlayanda nələr baş vermir?.. Cəlil Məmmədquluzadə fikirləşmədən qərar qəbul edən insanların faciəsini psixoloq kimi dəqiq qiymətləndirərək, böyük ustalıqla qələmə almışdı

Haşiyə: "Müsəlmanın sonrakı ağlı" misalı görünür, belə hadisələrin fonunda yaranıb. 

Qərbli ilə şərqlinin fərqi

Belə bir məsuliyyəti üzərimizə götürüb, qərbli ilə şərqlinin fərqini təsnif etmək fikrində deyilik. Əslində, hər bir insan öz məntiqi ilə qərblini şərqlidən fərqləndirən cəhətləri müxtəlif meyarlar əsasında asanlıqla sadalaya bilər. 

Haşiyə: Bu fərqlərin hansının pozitiv, hansının neqativ xarakter daşıdığını da bilirik. Amma qəribədir, həyatda daha çox neqativdən faydalanırıq, pozitivə az əhəmiyyət veririk. 

Nədənsə birdən-birə yadıma Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" əsərinin (bu əsərin motivləri əsasında "Dərviş Parisi partladır" filmi çəkilib) personajı Hatəmxan ağa düşdü. O, qərbli ilə şərqlini öz meyarları əsasında, maraqlı tərzdə səciyyələndirir. Onların hamısını təkrar etməyəcəyik, amma onun dediklərindən birini xatırlatmaq istərdik: - "Onlar heç zada inanmır, biz hər zada inanırıq". 

Qəribə fərqdir, deyilmi? Hatəmxan ağanın bu fikrini analiz etsək, məlum olur ki, inanmaq avamlıq əlamətidir. Axı insan "hər zada" (oxu: - deyilən sözə, fikrə) necə inana bilər? Məgər insan deyilən hər bir sözün, fikrin düz və ya səhv olmasının fərqində olmamalıdır? Məgər insanın öz mövqeyi olmamalıdır?

İnanmamaq isə deyilən söz üzərində fikirləşmək, onun düz və ya səhv olduğunu təhlil etməyi özündə ehtiva edir. 

Qərblinin hər bir məsələ üzərində fikirləşməsinin səbəbi nədir? Bu səbəblər çoxdur. Onun biri, bəlkə də əsas olanı, təhsil ilə bağlıdır. Təhsil verəndə insana fikirləşməyi də öyrətmək lazımdır. 

Antik dövrün təhsil möcüzəsi

Antik dövr təhsil sistemi natiqlik qabiliyyəti aşılamaq üzərində köklənmişdi. Natiq bəlağətli çıxış etməli, səlis, aydın və intonasiyalı danışmalı idi. Bu, natiqliyin forma əlamətləridi. 

Nitqini məntiqli qurmaq, fikri analiz və sintez etmək, arqumentlərlə sübut etmək və qulaq asanları inandırmaq isə natiqliyin məzmun əlamətləridir. Antik dövrün natiqlik məktəbində həm forma, həm də məzmun əlamətləri şagirdlərə aşılanırdı. İmperiyaların məhz natiqlərin sözünün qüdrəti ilə idarə olunduğu bu gün heç kimə sirr deyil.  

Antik dövrün böyük mütəfəkkirləri Demosfen, Sokrat, Aristotel, Platon və başqaları natiqlik qabiliyyəti aşılamağın yolunu tapmışdılar. Onlar öz pedaqoji təcrübələrində sual-cavab, dialoq metodundan istifadə edərək şagirdlərini fikirləşməyə sövq edir, onlara fikri əməliyyatlardan (analiz və sintezdən) istifadə edərək, həqiqəti üzə çıxarmağı və sübut etməyi öyrədirdilər. Həqiqəti üzə çıxarmaq və sübut etmək üçün fikirləşmək lazımdır. Fikirləşmə analiz ilə başlayır, sintez ilə yekunlaşır.

Haşiyə: Müasir təhsil konsepsiyaları da fikri əməliyyatlardan (analiz və sintez) istifadə etməyi öyrətməyi tələb edir.

Şərqli mentalitetinə çevrilmiş həyat təcrübəsi

"Fikirləşməyi öyrətmək" ifadəsi altında çox şey durur, insan fikirləşərək qərar qəbul edir. İnsanın qəbul etdiyi qərarlar onun həyat-fəaliyyətinin uğur səviyyəsini müəyyən edir. 

Aktual sual: Görəsən, insana yalnız fikri əməliyyatları (analiz və sintez) öyrətməklə ona qarşısına çıxan məsələni həll etməyi öyrətmək olar?
Yəqin ki, həyatda eyni problem qarşısında qalan iki uşağın müxtəlif qərar qəbul etdiyinin şahidi olmusunuz. Onlar hətta eyni fikri əməliyyatlardan istifadə etdikdə belə qəbul etdikləri qərar səviyyəcə müxtəlif olur. Görəsən, bunun səbəbi nədir?

Haşiyə: Hətta eyni bir vəzifədə işləyən iki insanın əldə etdiyi uğurlar da müxtəlif olur. Eyni bir məsələnin həllində də insanlar müxtəlif mövqelərdə olur.   

İnsanın fikirləşməsi və məsələni həll etməsi üçün təkcə fikri əməliyyatlardan istifadə etmək kifayət etmir, bunun üçün onun biliyi və sosial təcrübəsi olmalıdır. İnsan fikirləşərkən bilik və sosial təcrübəsinə əsaslanır. 

Hər bir şagird biliyi məktəbdə alır. Məktəbdə isə yaxşı oxuyan şagirdlərlə yanaşı, aşağı qiymətlərlə oxuyan şagirdlər də az deyil (bəlkə də çoxdur). Bir təhər qiymət alıb sinifdən sinfə keçən şagirdin bilik əldə etməsi haqqında necə danışma bilərik? Sinifdə verilən qiymətlərin sinif şagirdlərinin səviyyəsinə uyğun yazıldığını nəzərə alsaq, real mənzərə daha aydın görünər. Məktəb liberallıqdan əl çəkməsə, bu məsələni həll edə bilməyəcəyik. Bu məsələdə dünyanın qabaqcıl təcrübəsini öyrənməyə ehtiyac var. 

İnsan sosial təcrübəni məktəbdə, ailədə və cəmiyyətdə əldə edir. Məktəbdə müəllim şagirdi, evdə isə valideyn uşağı fikirləşməyə, qarşısına çıxan məsələni həll etməyə qoymur, özü onun yerinə qərar qəbul edir. Belə halda o, necə təcrübə toplaya bilər? Hamıya bəllidir ki, insan müstəqil fəaliyyəti prosesində həm bilik, həm də təcrübə toplaya bilir. Bilik və təcrübə toplayanda insan uğursuzluğa da düçar ola bilər. Uğursuzluq insana daha çox şey öyrədə bilir, hətta gələcək həyatını daha uğurlu qurmağı da. Bizim süni şəkildə təşkil etdiyimiz uğurlar isə onun gələcək uğursuzluqlarına yol açır. Bəlkə uşağın müstəqil fəaliyyətini genişləndirsək, daha yaxşı olar?  

Daha bir səhvə diqqəti cəlb etmək istərdik. Həm məktəbdə, həm də evdə uşaq sual verəndə, həm müəllim, həm də valideyn suala o dəqiqə cavab verir, amma uşağın həmin sual üzərində fikirləşərək, özünün cavab (tam və ya qismən) tapması üçün şərait yaratmır. Bəlkə uşağa onu maraqlandıran sualların cavabını tapmağa kömək edək, belə yaxşı olmazmı? 

Haşiyə: Şərqdə uşağı çox istəyirlər, şərq ailəsində uşağın özünün məxsusi yeri var. Bəlkə də, buna görədir ki, onu əziyyət çəkməkdən, çətinliyə düşməkdən sığorta etməyə çalışırıq. Suala cavab axtaranda da, məsələ həll edəndə də, qərar qəbul edəndə də... bütün yükü öz üzərimizə götürürük. Bütün bəlalar buradan başlayır. Əsrlərin süzgəcindən keçməyə nail olan bu təcrübə mentalitetə çevrilib. Reallıq isə başqadır, insan əziyyət çəkməyəndə, fikirləşməyəndə, özü müstəqil qərar qəbul etməyəndə "böyümür", yəni ağıllanmır, yəni intellekti formalaşmır, yəni həyatda uğur qazanması üçün zəruri olan bilik və sosial təcrübə əldə edə bilmir,  yəni...

Benjamin Blumun təhsil konsepsiyası

XX əsrdə psixoloqların (Jan Piaje, Lev Semyonoviç Vıqotski, Abraham Maslou və b.) tədqiqatları nəticəsində intellektin inkişaf  modeli formalaşdı. Nəticədə, keçən əsrin ortalarında dərsin məlumatvericilik missiyası öz erasını başa vurdu, intellektin inkişafı problemi gündəmi zəbt etdi. Dünyanın müxtəlif alimləri psixoloqlar, pedaqoqlar, metodistlər, qabaqcıl müəllimlər intellekti inkişaf etdirməyin yollarını axtarmağa başladılar. Amerika psixoloqu Benjamin Blum bu məsələni asanlıqla həll etdi. O, təlim məqsədlərinin ierarxik quruluşunu (bunu taksonomiya adlandırdı) təkmilləşdirdi. Əvvəllər təlimin məqsədi biliyin verilməsi, anlama və tətbiq etmə idi. B.Blum bu məqsədlərə analiz, qiymətləndirmə və sintezi əlavə etdi. 
Haşiyə: B.Blum müəyyən zaman kəsiyində iki taksonomiya hazırlayıb. Taksonomiyanın sonuncu variantında sintezi yaratma kimi mənalandırıb.
Beləliklə, antik dövrdə natiqlik qabiliyyətinin inkişafı üçün istifadə olunan fikri əməliyyatlar - analiz və sintez yenə gündəmə gəldi və yeni məzmunda - intellekti inkişaf etdirməyə qabil olan yol kimi aktuallaşdı. Biliyin verilməsi, anlama və tətbiq etmə təlimin aşağı məqsədləri, analiz, qiymətləndirmə və sintez (yaratma) üst məqsədlərinə çevrildi.  

Təlim strategiyasında baş verən bu dəyişiklik təbii ki, yeni metodlar tələb edəcəkdi. Bu metodların tapılması (oxu: kəşf edilməsi) çətin olmadı. Dünya təhsil tarixində müxtəlif dövrlərdə şagirdi fəallaşdıran, müstəqil fəaliyyətə istiqamətləndirən, düşündürən və yeni ideyalar yarada bilən metodlardan istifadə olunub. Həmin metodlar müasirləşdirilərək interaktiv təlim metodları adı ilə təhsil təcrübəsinə daxil edildi. Bu təlim metodlarının əvvəlki metodlardan fərqi şagirdə fikirləşməyə və qarşıya qoyulmuş məsələni müstəqil həll etməyə istiqamətləndirməkdir. 
Yeni təlim strategiyası əsasında yeni metodlardan istifadə edən müəllimin də təlim vəzifələri yeniləndi, o şagirdə bilik verən şəxsdən, şagirdi biliyi əldə etməyə istiqamətləndirən şəxsə (fasilitatora) çevrildi. 

Haşiyə a: Y.A.Komenski müəllimi "günəşə" bənzədirdi. Yəni uşağa bilik verən şəxs, onun həyat yoluna işıq salır. Y.A.Komenskinin yaratdığı təhsil maarifçilik konsepsiyasına əsaslanırdı.

Haşiyə b: Sokrat isə deyirdi: "Mənim anam mamaça idi, o, uşaq doğuzdururdu, mən müəlliməm, mən fikir doğuzdururam". Sokrat öz pedaqoji təcrübəsində dialoq metodundan istifadə edirdi, pedaqoji təcrübədə bu metoda "Sokrat metodu"da deyilir. Dialoq inkişafetdirici təlim metodlarından biri kimi mənalandırılır.   

Məsələ həllinin yeni yolları

İntellekt XX əsrin psixoloji tədqiqatlarının predmeti olub. Müxtəlif alimlər onu müxtəlif ölçülərlə xarakterizə ediblər. Böyük Amerika psixoloqu Horvard Qardner intellekti aşağıdakı ölçülərlə dəyərləndirir:

1.Məsələləri həll etmək qabiliyyəti;            

2.Konkret mədəniyyət xüsusiyyətləri;

3.Sosial mühitlə şərtlənən qabiliyyətlər. 

1967-ci ildə Amerika psixoloqu Co Pol Gilfordun intellektin struktur modeli dünya psixoloqlarının diqqətinə səbəb oldu. O psixologiyada, ilk dəfə olaraq, təfəkkürün iki növünü - divergent və konvergent təfəkkürü (qiymətləndirici təfəkkürü) ayırd etdi.

Konvergent təfəkkürə malik insan məsələ həll edəndə müxtəlif şərtlər çərçivəsində məsələnin yeganə düzgün həlli yolunu tapır. 
Məsələnin həlli çox variasalı ola bilər. 

Divergent təfəkkürə malik olan insan məsələnin həlli yollarını müxtəlif variasiyalar kökündə açıqlayır, problem sahəsində müxtəlif ideyaları araşdırır və gözlənilməz nəticəyə gəlib çıxır. 

Bu divergent təfəkkürün yaradıcılıq effektidir və bu zaman yeni ideyalar yaranır, məsələ həllinin yeni yolları üzə çıxır. 

Haşiyə: Gözlənilməz nəticənin əldə edilməsi uğurun təməlidir. Bizim gözümüzün önündə belə ibrətamiz təcrübələr az deyil. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ savaşında hamı üçün (oxu: dünya xalqları üçün) gözlənilməz nəticənin əldə edilməsi məsələnin heç kimə bəlli olmayan yolunun tapılmasının nəticəsi idi.       

Fikirləşmək konsepsiyası məsələ həllinin ən düzgün yolunu tapmağı özündə ehtiva edir. Təfəkkürün və təxəyyülün inkişafı insana bu imkanı verir. Müasir məktəb fikirləşmə konsepsiyasını reallaşdırması üçün təfəkkür və təxəyyülün inkişafına biganə qalmamalıdır. 

Son söz əvəzi 

Məktəb insanı həyata hazırlamaq məqsədi ilə yaranıb. Bu məqsəd şagirdi təhsilin növbəti səviyyəsinə və peşəyə hazırlamaq istiqamətində həyata keçirilir.  

Qarşısına qoyulan məqsədi məktəb müxtəlif illərdə fərqli məzmunda və fərqli yollarla həyata keçirib. Əvvəllər bilik və təcrübə insana həyatda uğur qazanmağa kifayət edirdi, indi etmir, indi yeni era başlayıb, indi tələblər dəyişib, indi insandan qarşılaşdığı hadisəni analiz edib, düzgün qərar qəbul etmək tələb olunur. Bu işi həll etmək müəllimin taleyinə yazılıb. Müəllim standart dərslə bu məsələni həll edə bilməyəcək, həll edə bilməsi üçün, gözlənilməz nəticələr əldə etməsi üçün fikirləşərək, mövcud texnologiyalardan istifadə edib, qeyri-standart dərslərə - şagirdə yeni ideyalar yaratmağı, yeni biliyi kəşf etməyi, əldə etdiyi biliyi yaradıcılıqla harada və necə tətbiq etməyi öyrədə biləcək qeyri-standart dərslərə üstünlük verməlidirlər. 

Son haşiyə: "Bayraqdar"ın kəşfi ideyası belə dərslərdə formalaşır.
 

 





11.10.2021    çap et  çap et