525.Az

Hadruta bayrağımızı sancarkən şəhid olan Səidin son sözü… - Video


 

Hadruta bayrağımızı sancarkən şəhid olan Səidin son sözü… -<b style="color:red"> Video</b>

60 yaşlı bir ata düşünün. Bu yaşına kimi arzusunda olduğu xoş xəbəri 30 illik həsrətdən sonra məhz zabit oğlundan eşitsin. Təəccüblənərək ondan “Necə yəni, oğlum? Həqiqətən siz Hadrutda, Şişqayadasınız?!”, - deyə soruşsun.

1990-cı illərdə Füzulidə ərazi müdafiə qərargahının rəisi kimi döyüşən həmin atanın həmin yerlərlə bağlı həsrətinə baş leytenant olan oğlu Səid Rəşidzadə və müzəffər Azərbaycan əsgəri son qoyub. Strateji və xüsusi əhəmiyyət daşıyan Hadrutun azad edilməsindən iki gün sonra, yəni oktyabrın 11-də isə ata oğlunun Hadrutdan şəhid xəbərini alıb. 

525.az xəbər verir ki, “Qafqazinfo” düşmənin snayper gülləsinə tuş gələrək şəhadətə yüksələn zabit Səid Rəşidzadənin ildönümü ərəfəsində onun ailəsini ziyarət edərək atası, Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı N. Qasımovla söhbətləşib. 

“2 yaşında uşaq 28 il işsiz qalan atasını hər gün görüb. Əksinə, o, müharibəyə getməməli idi. Deyə bilərdi ki, atama iş verməyiblər, illərcə işsiz qalıb. Ancaq o getdi. İndi o böyükdür, yoxsa mən?! O məndən də böyükdür. Mən də ona deyə bilməzdim ki, sən bunları et. Deyərdi ki, nə dövlət, nə hökumət?”, - deyə danışan atanın bu fikirləri müsahibənin ən təsirli hissələrindən biri kimi yadda qaldı.

“Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilən S. Rəşidzadə ordudan ehtiyata buraxılsa da, könüllü olaraq sentyabrın 27-dən ön cəbhədə bölük komandiri kimi səngərə yollanıb.   

Nofel Qasımov sözlərinə belə davam edir: “Baxaq görək, bu hadisələrdə hansı icra başçısının oğlu gedib yaralanıb? Bəlkə də sizin dediyiniz tale filan, bunu Allah edib. Oğlun böyüyüb gedib Hadruta bayraq sancır, sənə də xəbər edir. Mənim 60 yaşım var. Mənə bu yaşıma qədər ürəyimin içindən keçən o xoş xəbəri Səiddən başqa heç kim verməyib. Necə yeni Hadrutda Şişqayadayıq?! Mən də inana bilmirəm e, ancaq yalan da deyə bilməz. Axı o əraziləri görməyib. Böyüklüyü o edib, mən yox. Amma biz millət olaraq ümumi ağlaya bilərik. Hərə özünkünə ağlasa, gülməli olar. Dərdi bölüşdürəndə isə adama az düşür. 

- Səidsizliyin bir ili tamam olur. Bu il ailəniz üçün necə keçdi

- Valideyn üçün övlad itkisi başqa şeydir. Bunu özüm bilərəm, o bilər. 1992-ci ildə mən özüm 125 şəhid dəfn etmişəm. Bəs 30 ildə onlar necə keçib? Bu bir ildə elə keçir. Mən o vaxt gözümün qabağına gələn şəhidləri heç vaxt unutmamışam. Səidi də elə eyni vəziyyətdə fikirləşirəm. Bir ilim belə keçib. Mən Səidin otağında yatıram. 

Amma ümumən götürəndə ortada Vətən, bir zabitin nəticəsi var axı... Ağrı ilə o gəlib bərabərləşəndə nəticəyə üstünlük verirsən. Axı bu yolu Səid özü seçib. Səidi bir il idi ki, uyğunsuzluqla ehtiyata buraxmışdılar. Siz təsəvvür edirsinizmi? Səid kimi bir çox zabitləri belə ehtiyata buraxmışdılar. Amma bunlar gedib Vətən torpağını işğaldan azad etdilər. Uyğunsuzluqla ordudan qovulanlar getdilər hamısı qəhrəmanlıq etdilər. Səid də düz etdi və vaxtında da müharibəyə getdi. 

İndi siz təsəvvür edin ki, Hadrutun azad edilməsində Səidin köməyi olmasaydı, hər halda oranı işğaldan azad etmək çətin olacaqdı. Çünki Səid birinci gündən zabit olaraq döyüşə səngərdən başlayıb. İlk orduya gedən gündən elə səngərdə olub. Ona görə də təcrübəsi olub. Aprel döyüşlərində iştirak edib. Sadəcə yenə də deyirəm övlad itkisi ilə Vətən, Qarabağ gözünün qabağına gəlir, səni artıq başqa cür olmağa qoymur. Bu, reallıqdır, müharibə olub, zabit də gedib üstünə düşəni edib. 

Səid müharibəyə bir gün gec getdi. Onu çağırmamışdılar. 27-si dedi ki, müharibəyə getməlidir. Səfərbərliyə zəng etmişdik, orada bizi tanıyırlar. Dedilər ki, zabitlərin getməsi üçün gərək əmr olsun. Bu məsələ xoşuna gəlmədi. Mənə dedi ki, yəqin sən onları öyrətmisən. Dedi ki, nə qədər adam könüllü şəkildə müharibəyə gedir, onlar da təcrübəsizdir, ona görə müharibəyə tez getməlidir. Onların başında olmaq, öyrətmək lazımdır. 

Axı doğrudan da müharibəyə könüllü çox getdi. Biz Atatürk parkı tərəfdə yaşamışıq. Mən o parka gedə bilmirəm. Orada gördüyüm yaraşıqlı oğlanlar indi yoxdur. İndi şəhərdə yaxşı oğlanlar azalıb. Bir neçə ilə hamısı böyüyəcək. 

Səid “Həmlə” qrupunda idi. “Həmlə” qrupu da bilirsiniz ki, ölüm deməkdir. Könüllülər deyəndə o könüllü çağırışa getmir e, onlar könüllü olaraq ölümə gedir. O qrupu da bir həftə hazırlaşdırıb. Horadiz əməliyyatında ermənilər əks-hücuma keçməli idilər. Burada tabora kömək lazım idi. 50 nəfərlə Səid köməyə gedib. Həmin tabor da neçə gündür döyüşüb, şəhidləri, yaralıları var imiş. İndi taborun komandiri mənə deyir, Səidgil elə vaxtda gəldi ki, onunla da döyüşdə dönüş yarandı. 42 km irəliləyiblər. Sonra Səid müharibəyə taqım komandiri kimi qoşulur. Daha sonra onların bölük komandiri şəhid olur. Səidi bölük komandiri elan edirlər. 

Mənlə danışdığı üçün bunu bilirdim. Mənə deyiləndə ki, Səid şəhid olub, bilirsiniz, ilk olaraq nəyi soruşdum? Bəs indi bölüyü kim idarə edir? Mən axı özüm də bunları yaşamışam, görmüşəm. Siz təsəvvür edin ki, bir bölükdə bəzən 80-90 əsgər olur. İndi bunların komandiri şəhid olur, bəs, onları kim idarə edir? Bu, çox ağırdır. Ermənilər də bunu bilirlər. Səidin əsgərləri də mənə danışırlar ki, o, həmişə onlara deyirdi ki, kim şəhid olsa, ancaq bir nəfər çıxarmaq üçün gəlsin. Çünki düşmən görür. Hamı toplaşanda minomyotla atırlar.

Bir əsgəri var, mənlə getdi Səidin şəhid olduğu yerə. O dedi ki, Səid bizə ən çox şəhidi necə çıxarmaq lazım olduğunu öyrədirdi. Deyir, tale elə gətirdi ki, Səid şəhid oldu, onu çiynimdə mən çıxartdım.

Bunun adı müharibədir, ona real yanaşmalıyıq. Düzdür, 30-40 il müddətində dünyanın heç yerində müharibədə belə silahlardan istifadə etməmişdilər. Hətta Amerika Əfqanıstanda dağlarda ərazilərə yaxınlaşmırdı. Türkiyə də görürsünüz ki, vertolyotla filan vurur. Ancaq bizimkilər hər yerə giriblər. Məsələn, Səidgilin aldığı Şişqayada ermənilərin hər şeyi olub. Oğlan deyir ki, Səid oranı qrantomyotla vurub dağıtdı. Ancaq ikinci yer qayanın içərisindədir, görünmür. Oranı alandan sonra düşüb qaçıblar. Elə ondan sonra Səidi snayperlə vurublar. Bizim uşaqlar bütün Qarabağ cəbhəsi boyu hər yerə toxundular. Erməni bir yerdə belə gizlənə bilmədi. Müharibənin nəticəsi olanda qalibsən. 

- Səid oktyabrın 11-nə kimi müharibədə döyüşə bilib. Döyüş yoldaşlarının dediklərindən də xatırlatdınız. Başqa nələr danışıblar onun haqqında

- Oktyabrın 9-u Səid mənə zəng etdi. Onun olduğu yer mənim yaralı yerimdir. 1992-1993-cü ildə həmin ərazilərə cavabdeh mən idim. Ərazi müdafiə qərargahının sədri idim. Səid şəhid olan yerə biz üç dəfə hücum etmişik. İtkilər vermişik, amma ala bilməmişik. Çünki ora SSRİ-dən qalma rus bazasının yeri idi. 9-u mənə zəng etdi ki, filan yerdəyik. Səid oraları görməyib. Biz rayondan çıxanda onun üç yaşı olub. Ora sağ tərəfdən baxanda Hadrut görünür, sol tərəf isə Cəbrayıl rayonunun kəndləridir, qarşı tərəfdə isə Ərgünəş dağıdır. Birinci ona dedim ki, əsgərlərini qoru. Çünki onlar həmin ərazidən Tuğ yoluna nəzarət edirlər. Bunlara deyiblər ki, gedən erməniyə dəyməyin, amma kömək gələndə vurun. Sonra mən deyirəm ki, orda soyuq su filan içməyin. Heç demə, bunlar içməyə su tapmırlarmış. Sevindim, çox adama zəng etdim ki, Hadrutu almışıq. Yenə də deyirəm, alınan yerlərin hamısı önəmlidir. Ancaq 1991-ci ildən bəri həmin yerlərə bir dənə də olsun Azərbaycan əsgərinin ayağı dəyməyib. Hadrutda etnik qruplar yaşayırdılar. Guya Dağlıq Qarabağın ərazisidir, ora yaxın getmək olmaz. 

Ancaq Hadrut alındı, Şuşa yolu açıldı. Ona görə bizimkilər görün nə qədər ağıllı hərəkət etdilər. Hadrutu alıb oradan Şuşaya qalxdılar. Laçın koridorundan, Ağdərə, Kəlbəcər istiqamətindən getmədilər. Həmişə deyirlər ki, erməninin sonrakı ağlı. Ancaq bizim həm indiki, həm sonrakı ağlımız. 

Səid elə də çox danışmazdı. Mən onun Aprel döyüşlərindəki iştirakından da hələ indi bilirəm. Üstündən 5 il keçir. Özü danışmayıb ki... Nə qədər soruşurduq, deyirdi ki, müharibədir də neynəməli idik? Getdik döyüşdük. Başqalarını tərifləyirdi, özündən deməzdi. 

Bu dəfə şəhid olduğu yerə getdim. Kombatı ağladı. Səidə aslanım deyirdi. Bir oğlan var xüsusi təyinatlıdır, deyir mənim övladım olsa, adını Səid qoyaram, ondan sonra bəlkə təskinlik taparam. Döyüş yoldaşları deyir ki, Səid irəli getmək üçün gəlmişdi. Bayrağın asıldığı yerə bir snayper, bir əsgər, bir də Səid qalxıb. Bu zaman bizim snayperi ermənilər vurub. Bunlar da atıblar sakitçilik olub. Deyir, Səid heç 15 dəqiqə gözləmədi. Deyib ki, erməni bayrağının altında uzana bilməz, zabitdir, ona görə də çıxıb bayrağı dəyişməyə. Ordan asdığı bayrağı da özüylə gəzdirib. Bayrağı çıxarıb dirəyə yaxınlaşanda snayperlə vurublar. 15 dəqiqədən sonra kömək gəlib. Özləri bayrağı qaldırıblar, adını üstünə yazıblar. Təbii ki, bölük komandirinə əmr veriblər ki, filan yeri almalısan. Prezident özü əli ilə göstərir ki, filan yüksəkliyi almasaq, Hadrutu almaq çətin olacaqdı. 

- 1990- ci illərdə müharibə iştirakçısı olmusunuz. Və o zaman müəyyən səbəblərdən dolayı ərazilərimizi itirdik. Heç düşünürdünüzmü ki, nə vaxtsa ataların bir növ itirdiyi əraziləri heç o yerləri görməyən övladları geri alacaq? 

- Biz həmişə deyirdik ki, gələcəkdə bu millət torpaqlarını qaytaracaq ki, gələcək nəslə qalmasın. Amma tale elə gətirdi ki, bizim övladlarımız Qarabağı geri qaytardı. İndi bizim uşaqlar 44 günə Beyləqandan Şuşaya getdilər. Xəritə ilə götürəndə 284 kilometrdir. Bəs həmin 284 kilometri ermənilər 1990-cı illərdə neçə ilə qət etmişdilər? 4 ilə. Onların qabağını o vaxt hər gün döyüşənlər alırdılar. Ermənilər də 44 günə gələrdi də. O zaman da hər qarış torpaq uğrunda mübarizə gedirdi. İndi fərq zamanda və bir də müasir silahlardadır. Döyüşdə heç kimi heç kimdən seçmək olmaz. Ancaq bu dəfə könüllü getmək istəyən odəfəkindən çox oldu. İnanmıram ki, dünyada belə bir qısa vaxtda bu qədər könüllüsü yığılan ikinci bir millət olsun. 

Həm də qeyd edim ki, ermənilər də döyüşdülər, fərariləri ona görə çox oldu ki, artıq müharibənin sonuna yaxın İrəvandan gələnlər böyüklərinin müəyyən işlər gördüyünü başa düşdülər. Ona görə qaçdılar. Onlarda itki daha çox oldu. Ona görə ki, biz PUA-lardan, bayraqdarlardan istifadə etdik. Səidi sol gözündən snayperlə vurdular. Nə qədər zabiti də elə minomyotla vurublar. Ermənilər 30 ildir oradadır, hər yeri bilirlər. 

- 30 ildir Qarabağı görməyən əsgərlərin qəhrəmanlıqları, onların döyüş taktikaları haqda kitabların, filmlərin keyfiyyətindən razısınızmı?

- Mən istəyərdim ki, bu barədə hər gün yazılardı. Ancaq ciddi şəkildə yazılmağını istəyirəm. Kitab hər bir fərdin üzərində qurulanda daha yaxşı olacaq. Mən deyirdim ki, o uşaqlar 3-4 gün susuz qalıblar. Onun qəhrəmanlığı haqda yaza bilərsən. Hərbçilər Hadruta gedənə qədər 4 kəhriz, bir çay, 12 bulaq keçiblər. Amma oraları tanımırlar deyə bilməyiblər ki, bulaqdır. 

Nə əmr verilibsə, hamısını döyüşçülər yerinə yetirib. Xüsusi təyinatların qarşısında əmr qoyulmuşdu ki, 2 saatdan sonra filan yerdə olmalısınız. Saatına qədər hamısı dəqiqliklə olub. Heyf ki, mən danışa bilsəm də, yaza bilmirəm.

Mən elə bilirdim ki, müharibədən sonra bizim qazilərimizi dünyanın ən bahalı sanatoriyalarına müalicəyə göndərəcəklər. Qoy dünya onları görsün. Varlılar gedib hər yerdə villa alıblar. Elə bildim bunları, qalib zabitlərimizi görəcəklər. Artıq bəzi həkimlər bunları təhqir edirlər. Olmaz belə. Bunlar yığışdırılmalıdır. Mən Səidi şəkildə görürəm, onunla döyüşənləri isə həyatda görürəm və pis oluram. 

- Oğlunuzun şəhid xəbərini sizə kim verdi?

- Oktyabrın 11-də bir nəfər mənə zəng vurdu, başqa biri haqqında məlumat almaq üçün. 9-u Səidlə danışmışdım, 10-u zəng vurdum götürmədi. Saat 1-də mən o adama kömək etmək üçün başqa birinə zəng edirəm ki, öyrən gör filan əsgər haradadır? Dostum mənə zəng etdi ki, Füzulidə həkimlər deyir ki... Daha sonra Səid dedi, ağladı. Dedim, Qabil ağlama, başa düşdüm, artıq bildim. Amma kim sənə deyib? Deyir filankəs. Mən rayona gedəndə qohumlar artıq bilirmiş, mənə deməyiblər. Döyüş yoldaşı deyir ki, döyüşdən bir gün qabaq Səid deyibmiş ki, görərsiniz, sabah mən şəhid olacağam. Biz Səidi Babı kəndində dəfn etdik. Kəndimiz erməni işğalında olub. Horadiz şəhərində yaşamışıq. Babı kəndində anamı, qardaşımı, qohumlarımızı da dəfn etmişik.

- Vətən müharibəsində 2907 şəhidimiz var. Hər valideyn demək olar ki, övlad itkisini ürəkağrısı ilə qarşılayıb, bu hissi büruzə verib. Siz isə övlad itkisini öz hisslərinizdə büruzə vermədiniz, sanki belə olmalı imiş kimi davrandınız. Məğrurluğunuzu bir ata olaraq necə qoruyub saxlayırsınız?

- Mən müharibəni Səid yaşında olanda görmüşəm axı. Bəlkə də ondandır, bəlkə də xarakterdən. Bu məsələdə özümü kənara qoyuram. Ortada Səidin böyüklüyü var axı. Əvvəla, Vətən uğrunda şəhid olan zabitə heyif deməzlər. Bəs torpağa kim yiyə durmalıdır, düşmən gəlir e üstümüzə. Deyirlər, ağlın yoxdur, ağlım var. Amma Səidin patriotluğu mənim ağlımdan da üstündür. Səidi xaricə çox çağırmışdılar. Müharibə dövründə bir dostu Türkiyədən gəlmişdi, hətta sentyabrın 15-nə bilet də alıblarmış ora getmək üçün. Sonra Səid onu aldadıb və deyib ki, sən get, mən 15 günə gələcəyəm. Bu insan müharibə gözləyirmiş. 

- Nəzərə alaq ki, bu, sizin üçün ikinci övlad itkisidir. 9 aylıq körpənizi də o zaman müharibə dövründə qərargah rəisi olarkən xəstəlikdən itirmisiniz...

- Bəli, o vaxt mən rayondan çıxsaydım, deyəcəkdilər ki, rayon əldən getdi. Rayondan çıxa bilsəydim, onu həkimə gətirə bilərdim, xaricə aparardım. Anasına dedim ki, özünüz hara aparırsınızsa, aparın.  

- Səidin yarımçıq qalan hansısa arzusu varmı ki, onu gerçəkləşdirməyi düşünürsünüz?

- Səidin və mənim ən böyük arzum Azərbaycan Ordusunu istədiyim kimi görməkdir. Çünki nədənsə ən yaxşı uniforma bizimkilərə yaraşır. Səhər- səhər əsgərləri sıraya düzürlər, baxırsan ki, hamısı yaraşıqlıdır. Müharibə həmişə olacaq. 4 tərəfimiz düşməndir. Biz sadəcə həmişə hazır olmalıyıq. Bunu görsəm elə biləcəyəm ki, Səid də sağdır. 

Atamın 98 yaşı var. Mənə deyir, indiyə kimi deməmişdim ki, məni o torpaqda dəfn edin. Nəvə babasının kəndini azad edir ki, babası orada dəfn olunsun. Mən Səidə borclu qaldım. Onun heç bir arzusunu yerinə yetirə bilmədim. Səidin asdığı bayrağı gətirmişəm, onun ünvanı Zəfər muzeyi olacaq. 

 

 





11.10.2021    çap et  çap et