525.Az

Su hövzələri ekoloji fəlakətlə üz-üzə Sosial şəbəkədə yazılanlar - Sosial şəbəkədə yazılanlar


 

Su hövzələri ekoloji fəlakətlə üz-üzə Sosial şəbəkədə yazılanlar -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

 Etibar Əliyev, millət vəkili:

- Bakı Ekspo Mərkəzində Beynəlxalq kitab sərgisində iştirak etdim. Yüksək səviyyədə təşkil olunmuş bu sərgidə nəşriyyatlar, Ali məktəblər və müəlliflər kitablarını təqdim etdilər. Məni düşündürən bir məqamı paylaşmaq istərdim. Universitetlərin nəşrlərinə yalnız "kafi" qiymətini vermək olardı. Dünyanın tanınmış ali məktəblərindən danışmıram, Bizim ali məktəblərin bütövlükdə nəşrləri Rusiyanın "Vısşaə şkola gkonomiki" ali məktəbinin çap etdiyi elmi ədəbiyyatların heç 5 faizini təşkil etmir. 20 il olar ki, bu Ali məktəbin Elmin populyarlaşdırılması, təhsil, sosiologiya, fəlsəfə, psixologiya və s. sahələr üzrə Ali məktəbin alimlərinin və qeyd etdiyim sahələr üzrə dünyada tanınmış tədqiqatçıların tərcümə kitablarını alıram. Biz tələbəyə seçdiyi ixtisas üzrə ədəbiyyatlar verə bilmiriksə, ondan hansı bilikləri tələb edirik? Tələbəyə deyə də bilmirik ki, buna gücümüz çatmır. Bunu bacarmırıq. Ali məktəblərin stendlərini seyr etdikcə dəhşətə gəldim. 

Buna baxmayaraq, optimist ovqatla ayrıldım. Minlərlə insan sərgiyə gəlmişdi. Onları bu məkana kitab gətirmişdi. Kitabın təbliğatı gündəlik olmalıdır. Ali məktəblər burada seyrçi mövqe tutmamalıdırlar. Onlar kitabları ilə oxucunun qarşısına çıxmalıdırlar. Dünya təcrübəsi də var. Sadəcə maraqlanan yoxdur... Universitet reytinqinin əsas kriteriyalarından biri kitabxanadır. 

P.S. Sonra da deyirik ki, müəllimlər tələbələrə ötən əsrin mühazirələrini oxuyurlar.

***

Taleh Şahsuvarov, jurnalist:

- SOS! Su hövzələrimizdə ekoloji fəlakət yaşanır!

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə məktub

Surəti: Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın bütün üzvlərinə

Çox hörmətli Muxtar müəllim! 

Mən 25 ilən artıqdır ki, jurnalistika sahəsində fəaliyyət göstərirəm və peşə fəaliyyətimə görə, ölkənin siyasi elitasını yaxından tanıyıram. İstər deputat olduğunuz dönəmdə, istərsə də nazir təyin olunduqdan sonra Sizin də fəaliyyətinizi diqqətlə izləmiş, doğrusu, hər zaman təqdir etmişəm. Müşahidələrim Sizin dərin intellektə, uğurlu bioqrafiyaya və yüksək vətənpərvərliyə malik olduğunuzu deyir və bu yöndəki qənaətlərimi Sizi şəxsən tanıyanlar da təsdiq edirlər. Baş redaktoru olduğum AzNews.az analitik- informasiya portalı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında yaxşı əməkdaşlıq münasibətləri mövcuddur. Açıq desəm, bəzi digər dövlət qurumlarından fərqli olaraq Sizin rəhbərlik etdiyiniz nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadan, - Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsindən fərqli olaraq -,  əməkdaşlarımız istənilən suala, informasiya sorğusuna vaxtında və əhatəli cavablar alır, keçirilən mətbuat konfranslarında fəal iştirak edirlər. Odur ki, ilk növbədə bu açıq və qısa məktubun Sizə və rəhbərlik etdiyiniz nazirliyə dərin hörmətlə yazılmasına şübhə etməməyinizi xahiş edirəm. 

Cənab nazir! 

Mənim hobbilərimdən biri ovçuluqdur. İşdən macal tapanda balıq ovuna çıxmağa, informasiya zənginliyinin yaratdığı stressi aktiv istirahət vasitəsi ilə dəf etməyə, Azərbaycanımızın gözəl təbiəti ilə ünsiyyətdə olmağa çalışıram. Ölkəmizdə balıq resursları ilə zəngin Xəzər kimi əsrarəngiz dəniz, Kür və Araz başda olmaqla neçə-neçə çay, xeyli göl və kanal var. Ancaq bu qədər geniş su hövzələrində tilovla ovuna icazə verilən ölçülərdə balıq tutmaq ya mümkün deyil, ya da həddən artıq böyük təsadüfdür. Buna səbəb isə, qanunsuz balıq ovu, qanunsuz balıq ovuna qarşı mübarizənin ancaq kağız üzərində olması, yaxud gözdən pərdə asmaq üçün aparılmasıdır. Dünən Salyan rayonunun ərazisindən keçən kanallarda rast gəldiyim mənzərə isə, təkcə bir balıq ovu həvəskarı kimi deyil, fəal vətəndaş və ekoloji problemlərə həssaslıqla yanaşan insan kimi böyük hiddətimə səbəb olub. Kəsə desəm, biabırçılıqdır! Şəxsən özüm şahid oldum ki, Salyanın Sarvan kəndinin yaxınlığından keçən kanalda onlarla qayıq mövcuddur, yüzlərə tor qurulub, gecədən səhərə, səhərdən axşama qədər həmin qayıqlar və torlar vasitəsi ilə hövzədəki balıqların sözün əsl mənasında kökü kəsilir. 

Balıq ovu həvəskarları hər zaman bir-biri ilə ünsiyyətdə olur, yaxşı ovlaq soraqlayırlar. Tanış balıq ovu həvəskarlarının dediyinə görə, hazırda təsadüfən tilovuna bir-iki iri balıq düşə biləcək Azərbaycanın bütün su hövzələrində insanlığa və ekologiyaya qarşı açıq cinayətlər törədilir, suya elektrik buraxaraq bioloji resursları qəddarlıqla məhv edirlər. Elektriklə bu cür amansızlıqıa balıq ovlayanların adları eynilə narkotacirlər kimi, Azərbaycanın bütün rayonlarında hamıya bəllidir. Onlar ayrı-ayrı vəzifəli şəxslər tərəfindən himayə olunur, çünki "ovladıqları" balıqların ən iriləri və dadlıları məhz onların süfrəsi üçündür. Qalanları isə, restoranlara və kafelərə satılır.  

Bütün bunlara baxmayaraq, ekoloji müfəttişlər iri və gur sulu çaylarda, kanallarda quraşdırılmış torları görməzlikdən gəlir, elektriklə balıq tutanlara isə, əksər hallarda göz yumur və təbii ki, bütün bunları təmənnasız etmirlər. Nəticədə, həm Azərbaycanın su hövzələrində ekoloji fəlakət reallaşır, həm də gənclərimiz asudə vaxtlarını normal keçirə bilmədiyindən, alkoqolizmə və narkotizmə yuvarlanır, təbiət və cəmiyyət anormallaşır. 
Azərbaycanda təxminən aktiv 100 min nəfər balıq ovu həvəskarı olsa və onların hər biri müxtəlif su hövzələrindən ayda 5 ədəd çəki ("sazan") balığı tutsa (çəkinin sudan çıxarılması ovçulara əsl həyacan yaşadır), bu, 500 min ədəd balıq edir. 500 min işdən agah olmayanlara böyük rəqəm görsənə bilər, amma bu, cəmi iki-üç orta məhsuldarlığa malik ana çəkinin suya tökdüyü təxmini kürü sayıdır. Lütfən diqqət edin, cənab nazir, Azərbaycanın su hövzələrində vəziyyət o qədər dərin fəlakət həddindədir ki, cəmi iki-üç ana balıqdan törəyə biləcək çəkilər belə, ovçuların tilovuna düşmür. Azərbaycanda tilovla balıq ovuna, gənclərin və yaşlıların asudə vaxtının səmərəli təşkilinə, daxili turizmin inkişafına nail olmaq üçün ölkəmizdəki bioloji müxtəliflik şəraitinə uyğun olan cəmi bir neçə min ana balığın su hövzələrimizdə qala və arta bilməsi lazımdır. 

Odur ki, Sizdən Azərbaycanda qanunsuz balıq ovuna qarşı ən sərt formada mübarizə tədbirlərinin həyata keçirilməsini təşkil etməyi, Xəzərin sahil hissələrində, çay və kanallarda torla balıq ovlanmasına qarşı medianın və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ardıcıl reydlər gerçəkləşdirilməsini, elektriklə balıq ovlayanların 10 ildən az olmamaqla azadlıqdan məhrum edilməsi üçün Cinayət Məcəlləsində dəyişiklik edilməsi üçün rəsmi qaydada parlamentə təklif göndərməyinizi vacib hesab edirəm. Eyni zamanda, xahiş edirəm ki, daha geniş təkliflərimi təqdim və müzakirə edə bilməyimiz üçün məni şəxsən qəbul edəsiniz.    

***

Azad Aliyev, jurnalist:

- Biz İranı tənqid edəndə hər şey bu qədər üzə çıxmamışdı. Amma düşünən beyinlər hər şeyi görür və hər məsələni anlayırdı. İndi İranın bütün xəbisliyi pünhandan aşkara çıxıb. Yox, əgər yenə özü-özünü aldadan qalıbsa, onda bunun adı xəyanətdir. Vətənə, onun şəhidlərinə, qazisinə, əsgərinə xəyanət. Bəsdir illərdir özünüzü aldatdınız. Yetər!

***

Zaur Əliyev, hüquqşünas:

- 2021-ci ildə Nobel Sülh Mükafatını Rusiyanın müstəqil "Novaya Qazeta"sının baş redaktoru Dmitri Muratov aldı. 44 günlük müharibə dövründə Azərbaycana media dəstəyi verən Muratov erməniləri susdurmuş, ölkəmiz barədə əsl həqiqətləri dünyaya çatdırmışdı.

Azərbaycan bayrağı fonunda şəkli isə erməniləri dəli etmişdi müharibə dövründə, Nobel Sülh Mükafatı alması isə onlara əməlli başlı od qoydu.

***

Bəhruz Həsənov, siyasətçi:

- Dəhşətli faktlar ortaya çıxır. Sən demə, müharibənin 20-ci günü Araz boyunca əzmlə irəliləyən, Vətən torpağını erməni işğalçılardan təmizləyən əsgərimizin qarşısına gözlənilməz düşmən çıxıbmış...

Bəli, Xudafərin körpüsündən keçən İran əsgərləri beton bloklardan sədd yaradaraq Azərbaycan ərazisində Azərbaycan əsgərinin qarşısını kəsiblərmiş. Hansı ki, müharibənin o qızğın çağında bir saniyə belə həlledicidir. Ümumiyyətlə, savaş əsnasında zamanın ekvivalenti qandır.
Təfərrüat bəllidir, nəticə olaraq erməni ordusu bir gün vaxt qazanıb, yəni o istiqamətdə ordumuzun irəliləməsi bir gün ləngiyib...

24 saat ərzində özünə gələn, qüvvə toplayan, möhkəmlənən düşmən isə kim bilir neçə əsgərimizi məhz İranın qazandırdığı zamandan yararlanaraq şəhid edib, yaralayıb, şikəst buraxıb...

Əslində, fars sərbazının qəfildən torpağımıza soxulmaqda məqsədi təkcə əsgərimizi ləngitmək yox, məhz əsgərimizlə döyüşmək, yeni cəbhə yaratmaq olub. Beləliklə, qüvvəmiz ikiyə parçalanar, erməni ordusu nəfəs almağa imkan tapardı...

Yaxşı ki, rəsmi Bakı zamanında soyuqqanlı davranılıb, dövlət ağlı yeni münaqişənin yaranmasının qarşısını alıb... Provakasiyanın qarşısı diplomatik yolla alınıb.

Kim bilir, hələ açıqlanmayan neçə xəyanət hadisəsi baş verib...

İranın müharibə və postmüharibə dövründə ölkəmizə qarşı davranışlarının sadəcə bir adı var - namussuzluq!

Namussuzluq!

İran "İslam" Respublikasının etdikləri yalnız Azırbaycana xəyanət deyil. İslam dininə də, şiə məzhəbinə də, hətta Allaha da ən böyük xəyanətdir!
Ümumiyyətlə, nəinki dini məsələlərlə bağlı İranla hesablaşmaq, hətta bu ölkəni İslam Əməkdaşlıq Təşkilatından uzaqlaşdırmaqla bağlı məsələ qaldırmaq lazımdır.

Mövcud Tehran rejiminin İslam dini ilə nə əlaqəsi var?

Hansı müsəlman ölkəsi ilə normal əməkdaşlıq edir, terroru bəsləməkdən savayı?

Məzhəbdaş Azərbaycanı  Ermənistana satan zehniyyət hansı dini həmrəylikdən bəhs edə bilər? 

Ümumiyyətlə, İran müsəlman ölkəsidirmi?

Tanıdığım Güney azərbaycanlıların əksəriyyəti ya ateistdirlər, ya da din dəyişiblər.

İslamı belə sevdirirlər?

Qısacası, İranla bağlı dövlət siyasətimizdə ciddi korrektələr etməyin zamanıdır!

Məşhəd və ya digər ziyarətlər üçün İrana ölkəmizdən zəvvar axınının qarşısı alınsa, yaxşı olar.

Qiymətlər uyğun olsun, bilet və digər məsələlər razılaşdırılsın,  ziyarət etmək istəyən Həcc ziyarətinə maddi çətinlik çəkmədən gedə bilsin.

Vətəndaşlarımız üçün İranda təhsil məsələsi isə birdəfəlik yasaqlanmalıdır.
 

 





12.10.2021    çap et  çap et