525.Az

Bakıda kitab qoxulu günlər - Gülşən Nail yazır


 

Bakıda kitab qoxulu günlər -<b style="color:red"> Gülşən Nail yazır</b>

Uzun müddət yayılan anonslardan sonra, demək olar ki, ölkənin böyük bir hissəsinin xəbər tutduğu Milli Kitab Satış Sərgisinin ardınca VII Bakı Beynəlxalq Kitab Sərgisinin açılması kitabsevərlərin lap ürəyincə alındı. Bunu demək hər nə qədər kədərli də olsa, kitab sevgisi hər kəsə qismət olmur. Bəziləri kitabı sevgisiz, yəni sadəcə görüntü üçün, digərləri də başqalarının həvəsinə oxuyur. Tozlu kitabların saralmış səhifələrindən zövq almaq onu qoxlayaraq tanımaq kimi az adama nəsib olan nemətdir. Kitabdan sənə heç bir ziyan gəlməz. Bircə səhifələrin iti ucları barmağını azca yaralaya bilər. Bu da onun yox, sənin səhvin ucbatından olar. Kitabla düzgün rəftar etmək lazımdır. Onu incitsən, o, sənə bir şey edə bilməyəcək, bəlkə. Ancaq onu incitməklə sən bilmədən özünü incidəcəksən. Çox şükür ki, millətimizin kitabla rəftar etməyi bacaran nümayəndələri var. Yüzlərlə kitabı aşağı qiymətlə əldə edə biləcəkləri bu sərgilərin təşkilinin onları nə qədər sevindirdiyini sözlə təsvir etmək mümkün deyil.

Keçirilən bu sərgilərdə kitabsevərləri tək sevindirən endirimlər deyildi. Milli Kitab Satış Sərgisinin keçirildiyi Bakı İdman Sarayına ilk daxil olanda eşidilən həzin musiqi sədalarını, alıcısını gözləyən əl işi ustalarının təbəssümünü, Şaxta babaya bənzəyən görkəmi ilə hər kəsə gülümsəmə bəxş edən Şahbaz Xuduoğlunun diqqətini, oxucusu ilə tanış olmaq imkanını əldə edən gənc müəlliflərin həyəcanını, gülərüz işçilərin mehriban münasibətini və sərgini bəzəyən yaşıl almaları qeyd etmədən keçmək olmaz. Alma Adəmin cənnətdən qovulmasına səbəb oldu, burda isə cənnətin giriş qapısında hər kəsə paylanırdı.

Bura bir-birini heç vaxt görmədən tanıyan insanların, kitab yoldaşlarının görüşdüyü yer idi. Klassik kitabları incələyən iki qadın bir-biri haqqında heç nə bilməyə bilərdi. Lakin onlar hər ikisi bilmədən eyni anda baxdıqları "Ovod"u tanıyırdılar. Onun keçdiyi həyat yoluna, şərəfli ölümünə şahid olub otağın küncündəki kresloda əyləşərkən, ya da dəmə qoyduğu çayın hazır olmasını gözləyərkən mətbəxin bir küncündə, heç kəsin görmədiyi an ağlamışdı bu qadınlar, bəlkə də. Eyni dərdə ürəyi yanan insanlar bir-birinə yad ola bilərmi?! Ya da Mirzə Cəlilin hekayələrini oxuyub millətin taleyinə ağlayaraq gülən insanlar bir-birini tanımamış ola bilərmi? Odur ki, bura yadların qarşılaşdığı deyil, uzun müddət bir-birini görməyən tanışların görüşdüyü yer idi. Bu sərginin hər kəsin ürəyində gözəl bir xatirətək qalacağına əminik.

İsti münasibəti və məkanı ilə ürəkləri fəth edən Milli Kitab Satış Sərgisindən sonra Bakı Beynəlxalq Kitab Sərgisinin təşkil edilməsi kitabsevərləri tək uşaq gözləyərkən əkizlərini qucağa  alanlar kimi sevindirdi. Hər baxımdan milli ruhunu hiss etdirən Milli Kitab Satış Sərgisindən tarın həyat bəxş edən sədaları altında çıxıb dünyanın qoxusu duyulan Bakı Beynəlxalq Kitab Sərgisində violonçelin müşayiəti ilə türk nəğmələrini dinləmək ömrü uzatmırmı? İçəri daxil olan kimi insanın burnunu qıcıqlandıran bihuşedici qəhvə qoxusunun məqsədli olub-olmadığını bilməsək də, tam auraya uyğun olduğunu əminliklə demək mümkündür. Müxtəlif ölkələrin nəşriyyatları, öz bayraqları ilə bəzədikləri bucaqları, fərqli mədəniyyətlərin özünəməxsus dilləri və danışıq tərzləri, nəzərəçarpan irqi fərqlər, qırmızı xalılarda irəliləyərkən hər tərəfdə qeyd aparan kameralar, mümkün təhlükənin qarşısını ala bilmək üçün dayanmadan fəaliyyət göstərən nəzarətçilər Bakıda yox, millətlərin qovuşduğu hansısa şəhərcikdə hiss etdirirdi. Məktəb illərindən başlayaraq adını eşitdiyimiz, əsərləri əsasında çəkilmiş filmlərə baxdığımız, bəzən bir otaqdan digərinə keçərkən  televiziya verilişlərində ötəri gördüyümüz "yaşayan" müəlliflər burada toplaşmışdılar. Onlar sağlığında qiymət verilən dəyərli insanlardır. O günün gəlməsini hər nə qədər istəməsək də, bir gün onlar da bütün insanlar kimi bu dünyadan köçəndə əldən qaçırmamaq üçün tələsik çəkdirdiyimiz şəkillər, kitabın bir bucağında adımız yazılan imzalar bizə xatirə qalacaq. Biz gələcəkdə "o müəllifin bu əsərləri olub" yox, "o müəllifin bu əsərləri var idi", - deyəcəyik, açıb imzasını göstərəcəyik. Onların xatirələrini tək beynimizdə yox, rəflərimizdə, albomlarımızda da saxlayacağıq. Məhz bu səbəblərdən hər iki kitab sərgisi həyatımızda dəyişikliyə səbəb oldu və bu şirin dəyişikliyin verdiyi xoş hisslər uzun müddət həyat yollarımızı işıqlandıracaq. 
 

 





12.10.2021    çap et  çap et