525.Az

Demoqrafik böhrana aparan yol - Natəvan Abdulla yazır


 

Demoqrafik böhrana aparan yol -<b style="color:red"> Natəvan Abdulla yazır</b>

Bu gün sosial həyatda demoqrafik baxımdan gənc və orta yaşlı nəsil çoxluq təşkil edir və sosial həyatda daha aktiv mövqedə dayanırlar. Şəhərlərdə asudə vaxt keçirmək üçün lazım olan hər şey demək olar ki, bu yaş qruplarına xitab edir. Reklamlar da onlar üçün çəkilir. Demək olar ki, hər şey gənclər və özlərini gənc hiss edənlər üçündür. Yaşlılara isə biz daha çox parklardakı skamyalarda, ayda bir dəfə bankomatların qarşısında, adətən çayxanalarda rast gəlirik. Həmçinin, şəhərdən kəndlərə doğru yönəldikcə yaşlı nüfuzun artdığı müşahidə olunur. Belə olduğu üçün də hazırkı iqtisadi sistem də yaşlıları yox, məhz gənc və orta nəslin maraqlarını əhatə edəcək şəkildə formalaşıb.

Televizorda, yaxud sosial şəbəkədə neçə-neçə  "yaşlılıq sığortası" reklamına rast gəlirik? Gün ərzində neçə-neçə sanatoriya, yaşlılara baxım mərkəzi reklamları ilə qarşılaşırıq? Yaşlı nəsillə bağlı verilən tək mesaj ictimai nəqliyyatda onlara qarşı diqqətli və hörmətli olmağımızla bağlıdır. Amma bir nəzəriyyəyə görə, yüz il sonra hər şey bundan çox daha fərqli olacaq. Bu gün reklamlar necə uşaqlar, gənclər və orta yaş qrupunu əhatə edirsə, yüz il sonra artıq reklamların da, kapitalizmin digər qollarının da əsas hədəf kütləsi yaşlı nəsil olacaq. Bu nəzəriyyəyə görə, televiziyalarda uşaq bezi reklamından çox yaşlılar üçün bez reklamları görəcəyik. Bankların gənc ailələrə ipotekayla ev qazandırmaq siyasəti pensiya sığortası olaraq dəyişəcək. Digər bir çox xidmət sahəsinin də əsas hədəf kütləsi məhz yaşlı nəsil olacaq.

Bu "Demoqrafik böhran" fərziyyəsi Avropada "İkinci demoqrafik keçid" olaraq bilinir. Avropa bu keçidi əsasən qadınların cəmiyyətdəki rolunun dəyişməsi ilə əlaqələndirirlər. Ümumilikdə isə bu, iqtisadiyyat tarixində əhalinin hərəkətliliyini izah etmək üçün hazırlanmış və istifadə olunan bir nəzəriyyədir. Demoqrafik böhranın əsas səbəblərindən biri sənaye inqilablarının təsiri ilə insanların həyat tərzində və "ailə" anlayışlarında baş verən dəyişiklikdir. Dünyanın və ölkələrin əhalisində baş verən bu dəyişikliklərə aydınlıq gətirmək məqsədi ilə ilk dəfə 1750-ci ildə Avropada "Demoqrafik keçid" nəzəriyyəsi formalaşdırılıb. Bu nəzəriyyəyə görə, əhalinin hərəkətliliyi tarixən dörd əsas mərhələdən keçib. Dünya əhalisi arasında baş verən nüfuz dəyişikliyi sənayeləşmədən əvvəl, sənayeləşməkdə olan dövr, sənayeləşmiş cəmiyyətlərin dövrü və sənayeləşmədən sonrakı dövr olaraq dörd mərhələyə ayrılır. 

İlk dəfə Qərbi Avropa ölkələrində müşahidə edilən bu demoqrafik keçidlər sonradan gecikmə ilə də olsa, digər ölkələri də əhatə edib və etməkdədir.
Birinci mərhələ sənayeləşmədən əvvəl - feodalizm və lap əvvəlki ibtidai dövrlərə təsadüf edir. Həmin dövrdə iqtisadiyyatda insan əməyi böyük əhəmiyyət kəsb edirdi. Əkinçinin də, maldarın da çoxlu işçi qüvvəsinə ehtiyacı vardı. Bu da ailələrdəki uşaq sayına təsir edirdi. Doğuş və ölüm sürətinin demək olar ki, başabaş getdiyi bu mərhələ ən çox da əkinçiliyin yüksək olduğu bölgələrdə müşahidə olunurdu. Tarlada işləmək üçün işçi qüvvəsinə ehtiyacı olan kəndlilər təbii olaraq çoxuşaqlı ailələrə çevrilirdilər. Buna rəğmən, həmin dövrdə uşaq ölmləri də çox idi. Tibb elminin yetərincə inişaf etməməsi, təhsilsizlik, gigiyena haqqında məlumatın azlığı, doğuş üzərində nəzarətin olmaması və sair bir sıra faktorlar həmin dövr üçün doğuşla yanaşı, uşaq ölümlərinin sayını da artırırdı. Beləcə, ilkin mərhələdə doğuş və ölüm halları çoxalma xətti ilə ən yüksək səviyyədə idi.
Sənayeləşmənin başladığı, şəhərləşmənin sürətləndiyi bir dövrdə elmdə yeniliklərin və əhali arasında informasiyanın artması ölüm hallarının azalmasına səbəb oldu. Bu, ikinci mərhələ doğuşun çox, ölüm hallarının isə azaldığı mərhələ idi və daha çox modernləşmə dövrünü yaşamağa başlayan xalqlarda müşahidə olunurdu. Həyat səviyyəsinin yüksəlməsi, təhsilin, infrastrukturun əvvəlki dövrə nəzərən nisbətən yaxşılaşması, gigiyena ilə bağlı biliklərin formalaşması kimi təsirlər sayəsində ölüm halları azalırdı. Amma doğuş üzərində şüurlu nəzarət hələ tam formalaşmadığından insanların say artımı davam etməkdə idi. Bu da sənayeləşmə-şəhərləşmə mərhələsində dünyada "əhali bumu"na səbəb oldu.
Sənaye inqilabını tamamlamış cəmiyyətlər üçüncü mərhələyə də keçə bildilər. Üçüncü mərhələ həm doğuş, həm də ölüm hallarının minimuma düşdüyü dövr kimi xarakterizə olunur. Bu mərhələdə insanların doğuş üzərindəki şüurlu nəzarəti artmış, həm uşaq ölümləri, həm də orta yaş insanların arasında ölüm halları azalmağa başlamışdı. Bunun səbəbi də şəhərləşmə, tibbin inkişafı, infrastrukturun daha da yaxşılaşması ilə insanların həyat səviyyəsinin yüksəlməsi idi. Beləcə, demoqrafik bərabərlik azalma xətti ilə yenidən təmin olundu.

Digər tərəfdən şəhərləşmə, ağır işlərin artıq böyük dəzgahlar vasitəsi ilə görməsi, komputerləşmə insan gücünə ehtiyacı minimuma endirməkdədir. Artıq böyük fabriklərin də əvvəlki qədər işçi gücünə ehtiyacı yoxdur. Bununla bərabər, artan məktəb xərcləri, tibbi xərclər, ehtiyacların dəyişməsi böyük ailələrin getdikcə kiçilməsinə səbəb olur. Buna görə nənə-babalarımız ailədə 10-11 uşaq idilərsə, yeni dövrdə bir ailədə maksimum 2, ya 3 uşaq dünyaya gəlir. Yaşayış xərclərinin artması, insanların günün böyük bir hissəsini işdə keçirməsi də uşaq doğmaq istəyini azaldır. Beləcə, cəmiyyətlərin yaşlanma dövrü başlayır. Bu son - dördüncü mərhələdə dünya əhalisi arasında, əksərən həm ölüm halları, həm də insan artımının sürəti daha da azalıb. Post-modern dövr adlandırılan bu dördüncü mərhələdə demoqrafik tarazlıq tam təmin olunsa da, getdikcə yenidən demoqrafik böhrana aparır. 

Bu gün bır sıra Qərbi Avropa ölkələri, Yaponiya, ABŞ, Kanada kimi ölkələr dördüncü mərhələni yaşayır. İnkişafda olan ölkələrin üçüncü mərhələdə olduğu deyilsə də, bu mərhələlər bir cəmiyyətin fərqli təbəqələri arasında fərqlilik göstərə bilir. Bütün bu mərhələlərdən modernləşmiş hər bir cəmiyyət keçib. Bu gün inkişaf etmiş bir sıra Avropa ölkələri hazırda bu dördüncü mərhələni yaşayır və onun gələcəkdə səbəb olacağı iqtisadi fəsadları aradan qalırmaq üçün tədbirlər görməkdədir.

Ölkəmizdə evlilik yaşının artması, doğuş sayının azalması kimi faktorlar bizim də bu demoqrafik mərhələyə gələcəyimiz reallığını qaçılmaz edir. Məsələn, ən son açıqlanan rəsmi məlumatlara əsasən, Azərbaycanda rəsmi nikaha daxil olan kişilərin orta yaş həddi 30-a, qadınların orta yaş həddi isə 25,2-yə yüksəlib. Bununla yanaşı, son üç nəsil arasındakı ailələrdə uşaq sayını nəzərə alsaq, ölkəmizin də dördüncü mərhələnin astanasında olduğunu təxmin etmək mümkündür. Biz də həmin mərhələyə çatanda artıq sosial sahədə görülən işlər öz istiqamətini dəyişməyə başlayacaq. Məsələn, bu gün dünyanın ən qabaqcıl ölkələrində təhsil sistemində ən çox ehtiyac duyulan peşələrdən biri müəllimlik yox, yaşlı insanlara  baxıcılıqıdır. İnkişaf etmiş ölkələr özlərində yetərincə işçi qüvvəsi olmadığına görə, dünyanın dörd bir yanından yaşlılara qulluq etmək üçün bacarıqlı işçi qüvvəsi yığmaqdadır. Hazırda Danimarka, Kanada, Almaniya və bir sıra ölkələr minimum şərtlərlə üçüncü dünya ölkələrindən işçi qəbul edirlər.

Vaxt gələcək bütün dünya əhalisi arasında yaşlı nüfuzun artması səbəbilə əsas alıcı gücü də onlar təşkil edəcəklər. Bu da bütün reklamların və bütün xidmətlərin daha çox yaşlılara uyğunlaşdırılması deməkdir. Beləcə, bu günün dünyası nə qədər sürətli və cəlddirsə, yüz il sonranın dünyası o qədər yavaş və ləng olacaq. Həyat yaşlıların sürətində - yavaş axmağa başlayacaq. Əgər demoqrafik böhrana gedən bu mərhələ dövlətlər tərəfindən vaxtında tənzimlənməzsə, bu hal cəmiyyət və ölkələrin iqtisadiyyatı üçün bir sıra ciddi problemlər yarada bilər.

Məsələn, demoqrafik dəyişikliklərin ən əhəmiyyətli nəticələri cəmiyyətlərin sağlamlıq səviyyəsi və sağlamlıq xərcləri ilə bağlıdır. Əhali sayı yüksək və dinamik olan ölkələrlə yaşlı əhalisi çoxluq təşkil edən ölkələr arasındakı xəstəliklər də, tibbi tələbatlar da, alıcılıq gücü də çox fərqli olacaq. Bu da bəzi ölkələrin iqtisadiyyatının sürətlə geriləməsinə səbəb ola bilər. 

Bu səbəbdən demoqrafik baxımdan əhali sayının düzgün tənzimlənməsi, təşfiq planlarının həyata keçirilməsi həm sosial həyatda, həm iqtisadi baxımdan ölkələr üçün qaçılmaz strategiya olaraq görünür.
 

 





12.10.2021    çap et  çap et