525.Az

Yolunu itirən adam - Orxan Aras yazır


 

Yolunu itirən adam -<b style="color:red"> Orxan Aras yazır</b>

Otuz ildən çox Kölndə yaşayan bir dostum bir dəfə məni maşınıyla şəhər vağzalına aparacaqdı. Maşına minən kimi "naviqator"u - yol bələdçisini ayarlamağa başladı. Onun yolu təyin etmək üçün naviqatoruyla məşğul olduğunu görəndə çaşdım. "Otuz ildir bu şəhərdə yaşayırsan, vağzalın harada olduğunu bilmirsənmi?" - deyə sual verdim. Güldü. "Vallah bu naviqatorlar bizi kor etdi. Bunsuz indi heç evimi də tapa bilmirəm" - dedi.

Doğrusu, mən nə zaman Bakıya getsəm, xüsusilə Azərbaycan naviqatoruna heyran oluram. Səbəbi isə məni hər dəfəsində Bakıda gəzdirmədiyi küçə qalmır, bir sağa, bir sola yönləndirib,  gedəcəyim yerdən on kilometr daha uzağa aparıb şəhəri gözəl tanımağıma kömək edir. Əlbəttə ki, evə gec getdiyimdə naviqatora uyub yolu azdığımı heç kimə söyləmərəm. "Bu gün daha çox yerləri gördüm" deyib təsəlli tapıram.

Bu il nədənsə Bakıda yolları çox səhv salırdım. Qeyd dəftərimə "Görəcəyim yerlər" deyə yazdığımdan daha artığını gördüm. Hər dəfəsində Heydər Əliyev prospektinin yaxınlığındakı evimizi tapacam deyə gedib Bibiheybət məscidinin önünə çıxmış, oradan şəhərin işıqlarına baxaraq yorğunluğumu unutmuşdum.

Mərhum Tofiq abi - Tofiq Abdin məni həmişə qınayardı. "Yahu, xalqın mindiyi avtobusa minsənə!" - deyərdi. Bəlkə elə onun sözünə baxmadığım üçün şəhərdə bu qədər itirdim. Hər yerdə nədənsə ağlıma hey Tofiq abi gəlirdi. 

Təsadüfə baxın ki, bu səfər qaldığım ev də onunla ilk tanış olduğum yerin yüz metrliyində idi. Köhnə Tərcümə Mərkəzi və "525-ci qəzet"in olduğu yerdə nə qədər onunla söhbət etmişdik. Danışarkən sağ əlinin barmağını havaya qaldırışı, səsini yüksəltməsi, sonra uşaq kimi gülməsi hələ gözlərimin önündən getməyib. Nədənsə cəsarətimi toplayıb mərhumun həyat yoldaşı və oğlu ilə görüşə gedə bilmədim.

Bu il Tofiq abinin yerini sanki Nazim Əhmədli tutmuşdu. Hər gün iki dəfə zəng vurur, mənimlə maraqlanırdı. Mülayim, gözəl gülən, hər sözü şeiri xatırladan Nazim bəy Laçının dağlarını, dərələrini, axar sularını toplayıb şeirlərinə qatmışdı. Almaniyadan gələn oğlu Vüsal da eynilə özü kimi sənət ruhlu bir gəncdir. Onlarla görüşdüyümdə hər mövzuda rahatlıqla söhbət edirdik. Ən çox da 44 günlük Vətən müharibəsindəki zəfərdən və insanlarımızın özünə olan güvəncinin yerinə qayıtmasından danışırdıq.

Nazim bəyə də naviqatorun məni itirdiyini əsla söyləmədim. Bilirdim ki, desəm, yaşıl "Mersedes"ini hər sabah qapımın önünə sürəcəkdi. Azərbaycandan ayrıldığımın üzərindən bir aydan çox vaxt keçməsinə baxmayaraq, hər səhər oyandığımda yenə telefondan sanki Nazim bəyin səsini eşidəcək duyğusuyla telefonuma baxıram.

Bakıda görüşə bilmədiyimə ən çox peşman olduğum şəxslərdən biri də Yusif Savalandır. Onun kədərli üzü gözlərimin önünə gəldiyində Xocalı faciəsini xatırlayıram. O söhbətləri ilə sanki Xocalı müsibətinin bütün məsuliyyətini öz üzərinə almışdı. Kamal Abdullanın "Unutmağa kimsə yox" romanının almancasını istəmişdi məndən. Yanımda gətirmişdim. Bunu özünə telefonla da xəbər verdim. Məni evinə dəvət etdi. Amma ev dəvətlərindən çəkindiyim üçün onunla görüşə bilmədim. Azərbaycanda ev dəvətləri kişilərə xoş gəlsə də, evdəki xanımının durumunu gözlərim önünə gətirir, məcbur qalmasam, ev dəvətlərinə getməməyə çalışaram. Təbii ki, məni kafedə çay içməyə dəvət edən, amma maşınına minən kimi evinə aparan dostum, professor Çingiz Abdullayevi nəzərdə tutmuram.

Əlbəttə, şair dostum Əjdər Olun kölgəsini şəhərin hər küncündə görəcək, amma özüylə görüşə bilməyəkdim. Uca boyu, sərt baxışları və duru gülüşüylə indi kim bilir harada hüznlü şeirlər yazırdı... Halbuki onunla "Lo" romanı üzərində bir müzakirəni o qədər arzulamışdım ki! Bunlardan başqa, hörmətli yazıçımız Eyvaz Zeynalovla ədəbiyyatımızın ən çalışqan alimlərindən biri olan Bədirxan Əhmədovun dəvətlərini və telefon danışıqlarını Azərbaycan ədəbiyyatının mənə göstərdiyi maraq kimi qəbul etmişdim.

Nə isə... Bakının yollarını itirməyimdən başlayan mövzulardan başqa mövzulara daldığım bəlli oldu. Yenə də ən böyük itməyimi yazmadan keçə bilməyəcəm.

Bakıda son itməyimə isə tanınmış türkoloq alimimiz, professor Tofiq Məlikli səbəb oldu. Onunla illər əvvəl "Azərbaycan", "Azəri" məsələsinə görə mübahisə etmişdik. Sonra bir-birimizi daha yaxından tanımağa başladıq. Məktublaşdıq, əlimə keçən kitablarını da oxudum. Bakıda olduğumu xəbər almışdı. Şəhərin mərkəzində bir kafedə görüşdük. Musiqi səsi yüksək olsa da, əvvəlcə əhəmiyyət vermədik. Amma böyük bir iştahla sifariş etdiyimiz "şinitzel" taxta kimi çıxdığında yüksələn musiqi səsi də əsəblərimizi pozdu. Yaxşı ki, restoran sahibi mədəni insan idi. Musiqinin səsini qısdırdı, yeməklərimizi dəyişdirdi və biz şirin söhbətimizə yenidən qayıtdıq. Ətrafımıza sanki Nazim Hikmət, Əziz Nesin, Yaşar Kamal, Fazil Hüsnü Dağlarca, Orxan Kamal toplaşmışdı. Tofiq hoca şirin rəvayətləri və gülüşü ilə o günləri yenidən yaşayırmış kimi xatirələrin birini bitirib, digərinə keçirdi. Mən daha uşaqkən o, Anadoludaymış, Türkiyənin çətin günlərinin yaxından şahidi olmuş, bizimçün əlçatmaz sayılan aydınlarla yaxından görüşmüşdü. İstidən və gurultudan yorulduğumuz üçün kafedən ayrılmaq məcburiyyətində qaldıq. Söhbəti daha da uzatmaq üçün yenidən sözləşdik. Bu dəfə qorxduğum şey başıma gəldi. Məni evinə dəvət etdi. "Mən ev dəvətlərindən qorxuram" - deyincə qəhqəhə ilə güldü. "Bura ev deyil, bağdır, eynilə Türkiyədəki kimi qonaqlıq olacaq, narahat olma!" - deyib məni sakitləşdirdi. Ertəsi gün məşhur naviqatorumu verilən ünvana doğru əyarladım. Tofiq hoca mənə Bilgəhin sahil yolunu tərif etdi. Mən heç ona qulaq asarammı?! Mütləq bu şəhərdə itməli idim. Naviqator bizi şəhərin ən ucqar və qarışıq səmtlərinə aparsa da, əhəmiyyət vermirdim. Çağdaş adam, həm də Avropadan gəldiyinə görə texnikaya güvənməli idi. Hoca hər yarım saatda bir zəng vurub harada olduğumu soruşurdu. Mən harada olduğumu bilsəm, yolu tapacaqdım, amma işin pis tərəfi harada olduğumu bilmirdim axı. Tam iki saat sonra elə bir yerə gedib çıxdım ki, yol divarla bağlanıb. Naviqatora ən gözəl söyüşləri söydükdən sonra çarəsizcə ətrafa boylandım. Yaxında orta yaşlı birinin maşının yanında dayanıb telefonla danışdığını gördüm. O anda hoca yenidən zəng vurdu. Artıq hocaya "gəlirik, bir azdan oradayıq" deməkdən yorulmuşdum. Heç bir şey söyləmədən telefonu maşının yanında dayanan adama doğru uzatdım. Adam əvvəlcə təəccübləndi. Telefonu qulağına alıb hoca ilə danışdıqdan sonra məsələnin nə olduğunu başa düşdü. "Mən sizi apararam, heç narahat olmayın, gəlin dalımca" - deyib qabağa düşdü. Əvvəlcə ona harada olduğumuzu soruşdum, bəlkə Sumqayıta gəlib çıxmışdıq. Yaxşı ki, elə Bilgəhin dörd tərəfini dönüb dolaşırmışıq. "Dünya yaxşı adamların sayəsində ayaqda durur", demiş atalarımız. Elədir ki, var. Bizi ən qısa yolla hocanın evinə apardı. Ona uzatdığım pulu nə illah etdimsə götürmədi. "Qonağımızsınız", deyib geri döndü. 

Hocanın evində masanın üzərindəki yarpaq dolması bir az soyumuşdu əlbəttə ki. Amma bir müddət keçdikdən sonra o süfrə ətrafında keçirdiyimiz gözəl anlar ruhumuzu belə isitməyə başlamışdı. Tofiq hocanın ürəkdən qopan qəhqəhələri bizi gah Moskvaya, gah da İstanbula aparırdı. Yaşar Kamal ilə İstanbul boğazında boğulmaqdan son anda qurtulduğundan bəhs edən hekayəni isə bir başqa yazıda qələmə alacağam.

İnsanın sevdiyi bir şəhərdə itməsindən doymaq olmaz! Hər kəsə tövsiyə edirəm.
 

 





12.10.2021    çap et  çap et