525.Az

"Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir" mövzusunda konfrans keçirilib


 

ƏHMƏD İSMAYILOV: "JURNALİSTİKA PRİNSİPLƏRİNƏ ƏMƏL ETMƏKLƏ ƏNƏNƏVİ, PEŞƏKAR MEDİAYA OLAN ETİMADI GERİ QAYTARA BİLƏRİK"

"Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir" mövzusunda konfrans keçirilib<b style="color:red"></b>

"Doğru, obyektiv informasiyanın yayılması ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə etdiyini göstərir". Bunu "Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir" mövzusunda dünən keçirilən onlayn konfransda  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib. Ə.İsmayılov bildirib ki, jurnalistika etikası pozulanda cəmiyyətin normal informasiya alması da pozulur və mediaya inam azalır: "Jurnalistika prinsiplərinə əməl etməklə ənənəvi, peşəkar mediaya olan etimadı geri qaytara bilərik. İnformasiyanın düzgün mənbəyi mediadır. 44 günlük müharibə zamanı böyük qələbə əldə etmişik, bu baxımdan yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün mediamız var gücü ilə çalışır. Jurnalist etikasını itirsək, bu, geri dönməyən yol olacaq. Bunun da cəmiyyət və dövlət üçün heç bir faydası olmaz. Bu məsuliyyəti hiss etməliyik. Bu zaman media olaraq kommunikasiya funksiyamızı yerinə yetirə bilmərik. Doğru, düzgün informasiya vermək jurnalistin özünü və çalışdığı medianın nüfuzunu qaldırır və daha etibarlı sayılır. Bu isə ona gələcəkdə biznes inkişafı baxımdan da kömək ola bilər".

Ə.İsmayılov qeyd edib ki, Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən "Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir" mövzusunda onlayn konfrans Azərbaycanın bütün media subyektlərini əhatə edir. Diqqətdən kənarda qalmış region mediası da prosesə cəlb olunub. Ə.İsmayılov vurğulayıb ki, yeni hazırlanan "Media haqqında" qanun layihəsi yekunlaşmaq üzrədir: "Layihə yekunlaşmalıdır ki, onu müzakirəyə çıxarmaq mümkün olsun. Ola bilər, hansısa maddələrə dəyişiklik edilsin. Layihə yekunlaşdıqdan sonra aidiyyəti üzrə təqdim ediləcək".

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib ki, son zamanlar Azərbaycanda medianın inkişafı üçün bir sıra işlər görülməkdədir. MEDİA tərəfindən mütəmadi olaraq jurnalistlər üçün təşkil edilən təlim-seminarlar jurnalistlərin bilik və bacarıqlarının artırılmasına gətirib çıxardır. Seminarların davamlı keçirilməsi KİV-in daha da inkişafına öz təsirini göstərmiş olacaq.

Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov isə qeyd edib ki, media etikası jurnalist peşəkarlığının əsas prinsipi olmalıdır: "Jurnalist peşəsinə sadiq olmalı, təqdim etdiyi faktlar təhrif edilməməlidir. Bəzən özəl televiziyalarla bağlı iradlar tutulur. Bu iradlar bəzən haqlı, bəzən isə haqsız olur. Bununla bağlı redaktorlarla, baş redaktorlarla danışıqlar aparılır. Yaxşı olardı ki, belə halların sayı azalsın, ümumilikdə jurnalistlər, redaktorlar, sayt rəhbərləri özləri bunu tənzimləsin".

MTRŞ-nın Aparat rəhbəri Fazil Novruzov  bildirib ki, ənənəvi medianın bir sıra prinsipləri yeni mediada işləmir: "Bu proses bütün dünyada gedir. Son 20 ildə bütün dünyada media qanunvericilik sahəsinin təkmilləşdirilməsinə ehtiyac duyulur. Media qanunvericiliyi medianın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Ənənəvi media peşəkar olmasına baxmayaraq, daha az operativliyi ilə yeni mediaya bir az uduzur. Onlayn mediada isə peşəkarlıq müəyyən qədər yerini kəmiyyətə verir ki, bu da keyfiyyətin azalmasına səbəb olur. Kəmiyyət keyfiyyəti keçəndə feyk xəbər, nifrət nitqi kimi neqativ hallar ortaya çıxır. Bu səbəbdən aparıcı dövlətlərdə belə media sahəsinin tənzimlənməsinin nə qədər vacib olduğu ortaya çıxır. Media özünü tənzimləməli, yaşatmalı və inkişaf etdirməlidir".

MEDİA Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə vurğulayıb ki,  cəmiyyət qarşısında məsuliyyət daşıyan jurnalist işinə hörmətlə yanaşmalı, təmsil etdiyi orqanı təhlükə qarşısında qoymamalı, etik normaları gözləməlidir: "Cəmiyyətdə nüfuzu olan ciddi jurnalist jurnalistikanın etik kodeksində yazılanlara söz kimi baxmır, buna gündəlik fəaliyyətində əməl edir. Media əxlaqından kənarda olan jurnalistika deyil, kobud təbliğatdır. Biz öz prinsiplərimizə sadiq qalaraq fəaliyyət göstərmək deyəndə etik kodeksə əməl etməyi nəzərdə tuturuq. Jurnalist buna əməl etməyəndə ciddi medianın narazılığına da tuş gələ bilər. Bu zaman o, həm həmkarlarını, həm də ictimai dəstəyi itirə bilər. İstənilən media üçün ən vacib məsələ inamdı. Bizim yazıdığımıza cəmiyyət inanmalır, səsimizi eşitməlidir".

S.QARAYEVA
 

 





13.10.2021    çap et  çap et