525.Az

Nobel mükafatı kimlərə verilir? - Xaqani Cəfərli yazır


 

Nobel mükafatı kimlərə verilir? -<b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Nobel Sülh mükafatı Rusiyanın yeganə müstəqil qəzeti "Novoya qazeta"nın Baş redaktoru Dmitri Muratov ilə Rappler saytının təsisçisi və Baş direktoru filipinli Mariya Angelita Ressaya verilməsi çox geniş müzakirələr doğurub. Nobel Sülh mükafatının 2021-ci il üzrə laureatları məlum olduqdan sonra bu məsələ Rusiya mediasının və sosial şəbəkələrin rusdilli seqmentinin əsas müzakirə mövzusudur. Ümumiyyətlə, kimya, fizika, fiziologiya və tibb, eləcə də iqtisadiyyat üzrə Nobel mükafatçıları müzakirə mövzusuna çevrilməsələr də, ədəbiyyat və sülh nominasiyası üzrə laueratlarla bağlı tamamilə əks yanaşma müşahidə olunur.

Bu il də Nobel mükafatının ədəbiyyat və sülh nominasiyası üzrə laueratları qızğın müzakirələrə səbəb oldu. Ədəbiyyat üzrə Nobel mükafatının tanzaniyalı yazıçı Əbdülrəzak Qurnaya təqdim olunması geniş müzakirələr doğurub. Əbdülrəzak Qurna müstəmləkəçiliyin Afrika mədəniyyətinin formalaşmasına təsirlərini əks etdirən əsərləri ilə məşhurdur. Ancaq Əbdülrəzak Qurnanın Nobel mükafatına layiq görüləcəyi son ana kimi inandırıcı görünmürdü. Hətta onun adı  Ədəbiyyat üzrə Nobel mükafatına iddialar arasında ilk onluqda belə çəkilmirdi. Əksəriyyət mükafatın builki qalibinin yapon yazıçı Haruki Murakami olacağını gözləyirdi. Nobel mükafatı istisna olmaqla ədəbiyyat üzrə demək olar ki, bütün mükafatları almış Haruki Murakaminin əsas iddiaçı olması təbii görünürdü.

Əbdülrəzak Qurna isə Haruki Murakamidən başqa rusiyalı yazıçı və ssenarist Lyudmila Ulitskaya, norveçli şair və dramaturq Yun Fosse, kanadalı yazıçı və tənqidçi Marqaret Etvud, postmodernizmin ən böyük yazarlarından Tomas Pinçon və digərləri ilə müqayisədə əsas iddiaçı hesab olunmurdu. Buna görə də Ədəbiyyat üzrə Nobel mükafatının tanzaniyalı yazıçı Əbdülrəzak Qurnaya verilməsi ədəbiyyat tənqidçiləri arasında geniş müzakirələrə yol açıb və İsveç Akademiyasının tənqidlərə məruz qalmasına səbəb olub. Hətta Əbdülrəzak Qurnanın lauerat olması ilə bağlı elanın bir dəqiqəlik sükutla qarşılandığı ilə bağlı məlumatlar da var.

Bütün bunlara baxmayaraq, Ədəbiyyat üzrə Nobel mükafatının tanzaniyalı yazıçı Əbdülrəzak Qurnaya verilməsi mükafatın sülh nominasiyası üzrə laureatları qədər müzakirə doğurmayıb. Xüsusilə Nobel Sülh mükafatının Rusiyanın yeganə müstəqil qəzeti "Novoya qazeta"nın Baş redaktoru Dmitri Muratova verilməsi Rusiya ictimaiyyətində birmənalı qarşılanmayıb. Bu mükafatlandırma ilə bağlı aparıcı rəy ondan ibarətdir ki, Nobel komitəsi Rusiya müxalifətinin lideri, hazırda həbsdə olan Aleksey Navalnını seçməkdən çəkindiyi üçün mükafatı Dmitri Muratova verib. Qeyd etmək lazımdır ki, Vladimir Putin hakimiyyətə gəldikdən sonra Dmitri Muratovun başçılıq etdiyi "Novoya qazeta"nın altı əməkdaşı - İqor Domnikov, Yuri Şekoçixin, Anna Politkovskaya, Anastasiya Baburova, qəzet əməkdaşlarının hüququnu qoruyan vəkil Stanislav Markelov və qəzetlə əməkdaşlıq edən hüquq müdafiəçisi Natalya Estemirova qətlə yetirilib. Rusiyada yeganə müstəqil qəzet hesab olunan "Novoya qazeta"nın adı əvvələr də Nobel Sülh mükafatına iddiaçılar arasında çəkilib. Əgər bu il Nobel Sülh mükafatı qəzetin Baş redaktoruna deyil, qəzetin kollektivinə verilsəydi, bu qədər müzakirə doğurmazdı. Çünki bütün repressiya və çətinliklərlə üzləşən qəzetin kollektividir. Dmitri Muratov isə özü bu günə kimə ciddi bir repressiya ilə üzləşməyib. Bütün bunlar Nobel Sülh mükafatının builki laueratlarının seçiminin ədalətli olmadığı, Nobel komitəsinin siyasi səbəblərdən belə bir seçim etmək məburiyyətində olduğu qənatində olanların əsas dəlilləridir. Çox maraqlıdır ki, 1990-cı ilin 20 yanvarında Bakıda Sovet hakimiyyətinin törətdiyi qırğından sonra Nobel Sülh mükafatına layiq görülən Mixail Qorbaçov "Novoya qazeta"nın redaksiya heyətinin üzvüdür. Dmitri Muratovun namizədliyinin də məhz Mixail Qorbaçov tərəfindən irəli sürüldüyü haqqında iddialar var. Məlum olduğu kimi, Nobel mükafatı laueratlarının namizəd irəli sürmək hüququ var.

Rusiyadakı rejim müxalifətinin bəzi təmsilçiləri isə hətta Nobel Sülh mükafatının bu il Aleksey Navalnıya verilmək əvəzinə Dmitri Muratova verilməsini Rusiya xüsusi xidmət orqanlarının başarılı əməliyyatı kimi dəyərləndirirlər. Ancaq Nobel Sülh mükafatının layiqli şəxslərə verildiyini müdafiə edənlər də var. Bəziləri Norveç Nobel komitəsinin üzvlərinin də fərqli fikir və düşüncə hüququna malik olduqlarını, buna görə də seçimin nəticələrinə hörmətlə yanaşılmasını təklif edirlər.

Bütün bu fikir və iddialarda həqiqət payı ola bilər. Amma Nobel mükafatının missiyasının yalnız uğur qazanmış şəxsləri mükafatlandırmaqdan daha çox, uğurlara sövq etmək olduğunu nəzərə alanda Nobel mükafatının sülh nominasiyası üzrə laueratları ilə bağlı seçimi tam dəstəkləmək mümkün deyil. Bu mövzuda fikir bildirənlərin böüyük əksəriyyətinin qənati ondan ibarətdir ki, Norveç Nobel komitəsi azad söz uğrunda mübarizəni deyil, bütövlükdə azadlıq uğrunda mübarizə aparanları mükafatlandırmalı idi. Bu zaman isə Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə yanaşı, Çində uyğurların hüquqları uğrunda mübarizə aparan hüquq müdafiəçisi və tanınmış iqtisadçı İlham Tohti və Belarusda Avropanın sonuncu diktatoru Aleksandr Lukaşenko rejiminə qarşı mübarizənin öncüllərindən Mariya Kolesnikova Nobel Sülh mükafatçıları olmalı idilər. Bu şəxslərin üçü də hazırda həbsdədir və Nobel mükafatına layiq görülmələri onların həyata qalmalarının zəmanəti ola bilərdi. Ancaq belə fikirlər də mövcuddur ki, bu şəxslərin Nobel mükafatına layiq görülmələri onların həyatda qalmalarının zəmanəti olmaya bilər. Necə ki, bu mükafat Karl fon Osetskini faşizmin ölüm maşınından qoruya bilmədi. Lakin çox güman ki, Çin, Rusiya və Belarus hakimiyyətləri adlarının Hitlerlə bərabər anılmasını istəməz və Nobel mükafatçısının həbsxanada ölməsinə imkan verməzdilər.

Nobel Sülh mükafatının Aleksey Navalnı, İlham Tohti və Mariya Kolesnikovaya verilməsi bu şəxslərin həyatlarını qorumaqla yanaşı, Belarusdan Çinə kimi çox geniş coğrafiyada insan hüquqları uğrunda mübarizənin keyfiyyət və kəmiyyətcə yeni bir mərhələyə keçməsinə təkan verə bilərdi. Nobel Sülh mükafatının Dmitri Muratov ilə Mariya Angelita Ressaya verilməsini tənqid edənlərin əsas dəlili də budur. Bu dəlillə razılaşan, ancaq builki mükafatlandırmanı da doğru hesab edənlər də var. Bu mövqedə olanlar hesab edirlər ki, Norveç Nobel komitəsi 2023-cü ildə başladılması gözlənilən prosesi qabaqlamaq istəməyib.
 

 





13.10.2021    çap et  çap et